Uğurlar asan
qazanılmır
(əvvəli
ötən sayımızda)
Rayon ərazisində özəl sektorun inkişafında da xeyli işlər görülmüşdür. Belə ki, şəhərin M.İbrahimov küçəsində "Muğan" ticarət mərkəzinin, Heydər Əliyev küçəsində 2 mərtəbəli ticarət mərkəzinin, rayonun Təzəkənd və Ağayrı kəndlərində xeyir-şər evlərinin, Xırmandalı kəndi ərazisində 2 hektar sahədə kənd təsərrüfatı məhsulları yetişdiriləcək istixananın, Biləsuvar dolama yolunun 1-ci kilometrində saatlıq gücü 380 ton olan asfalt-beton zavodunun tikintiləri başa çatdırılmışdır. Ələt-Astara magistral avtomobil yolunun 114-cü kilometrində kənd təsərrüfatı məhsullarının saxlanılması üçün bir ədəd soyuducu anbar tikilib istifadəyə verilmiş, digər anbarların tikintiləri davam etdirilmişdir.
Torpaq bolluq-bərəkət deməkdir
Biləsuvar
rayonu aqrar rayon olmaqla iqtisadiyyatının əsasını kənd
təsərrüfatı məhsulları istehsalından gələn
gəlirlər təşkil edir və əhalinin məşğulluğu
əsasən bu sahə ilə bağlıdır.
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi aqrar sahənin inkişafına böyük təkan vermiş, bu sahədə çalışanlara əlverişli şərait yaradılmasına səbəb olmuşdur.
2013-cü ildə cəmi 45250 hektar sahədə kənd təsərrüfatı bitkilərinin əkini aparılmışdır ki, ondan 27105 hektarı payızlıq, 18145 hektarı isə yazlıq əkinlərdir. O cümlədən 4978 hektar pambıq, 2258 hektar tərəvəz, 261 hektar bostan, 225 hektar kartof, 1008 hektar günəbaxan, 617 hektar şəkər çuğunduru, 8082 hektar yonca əkinləri təşkil edir.
Hazırkı vaxtadək mülkiyyətçilər tərəfindən əkilmiş 27105 hektar sahədə taxıl biçini artıq başa çatmışdır. Ümumilikdə rayon üzrə 72 min ton taxıl məhsulu əldə edilmişdir. Hər hektarda orta məhsuldarlıq 26,6 sentner təşkil etmişdir.
Təsdiq olunmuş qrafik üzrə 2013-cü ilin 6 ayı ərzində rayonun kəndlərində 80 kilometr, o cümlədən Aşağı Cürəli, Xırmandalı, Ağalıkənd, Nəsimi, Əsgərabad kəndlərinin ərazisində kollektorların lildən təmizləmə işləri aparılmışdır və bu iş davam etdirilir. Heyvandarlıq sahəsində də xeyli işlər görülmüşdür. Belə ki, iri buynuzlu mal-qaranın baş sayı 39571 baş, xırda buynuzlu mal-qaranın baş sayı isə 136497 başa çatdırılmışdır. Həmçinin ət istehsalı 2652 ton, süd istehsüalı 13481 ton, yun istehsalı 302 ton, yumurta istehsalı 5,4 milyon ədəd olmuşdur.
Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi və əhalinin məşğulluğu baxımından kənd təsərrüfatının xüsusi əhəmiyyətini nəzərə alaraq aqrar sahəyə dövlət dəstəyi davam etdirilmişdir.
Bakı şəhər əhalisini ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədi ilə təşkil olunan yarmarkalarda Biləsuvar rayonunun fermerləri də yaxından iştirak etmişlər.
2013-cü ilin 6 ayı ərzində yarmarkalara 550 tondan çox müxtəlif növ kənd təsərrüfatı məhsulları göndərilmişdir.
Prezidentin Biləsuvara diqqəti
Ölkə başçısının qayğı və diqqəti nəticəsində rayonda əhalinin səhiyyə xidmətinə olan tələbatının daha dolğun ödənilməsi qayğısı da unudulmamışdır. Prezident 07 sentyabr 2013-cü ildə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı əsalı təmir işlərinə başlanması, tibbi avadanlıq və inventarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 1 milyon manat pul ayırmışdır.
Azərbaycan Prezidenti rayon sakinlərinin avtomobil yollarına olan tələb və arzularını da qiymətləndirmişdir. O həmin tarixdə başqa bir sərəncamla on min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Əsgərabad-Muğan avtomobil yolunun tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayırmışdır.
Bütün bunlar isə biləsuvarlıları daha yaxşı işləməyə, yaşamağa sövq edir.
Səxavət Məmmədli
Ədalət.-2013.-3 oktyabr.-S.7.