TƏKAN

(Povest)

 

 (əvvəli ötən sayımızda)

Evdə çörək yeyəndə dodaqaltı rol əzbərləyir, küçədə uşaqlarla "gilzlənqaç", "çiling ağac" oynayanda da hazırladığım obrazı oynayır, onun səsiylə danışırdım.

Mən dram dərnəyinin ən fəal üzvlərindən biriydim. Elə bil nə vaxtsa boylu anam səhnədə sancı çəkmiş, mamaçalar səhnədə tutmuşdular məni.

Müsabiqəyə Səməd Vurğunun "Vaqif" əsəriylə qatılacaqdıq. Ancaq bizim saydığımızı fələk saymadı. Oxumuz daşa dəydi. "Vaqif" rolunun ifaçısı, boy-buxunlu, yaraşıqlı Buğdam ağır xəstələndi. Səhnədə qartal alınlı, iti baxışlı, ucaboy Buğdamın Vaqifinə baxmağa iki göz azlıq edirdi. Ancaq yazıya pozu yoxdur. Buğdam xəstələndi.

- Əşşi, noolar ey? Buğdam xəstədi, noolar? Xoruz banlamasa səhər açılmır? Mənə nə gəlib Vaqifi oynamağa? Boyum balacadı, hündürdaban tufli geyərəm! Başım dazdı, "Otello"dakı Yaqonun parikini qoyaram - deyə, yana çıxan çənəsini barmağıyla yerinə oturdub, dərnək rəhbərinin çənəsinin altına girdi Nurağa. Dərs əlaçısıydı. Cəbrdə, həndəsədə ona çatmazdıq heç birimiz. Ancaq heçdən-puçdan mübahisə yaratmağına da heç kim çata bilməzdi. Burnu Zirəturpu kimi qızarıb şişir, gözləri hədəqədən çıxır, nəfəsi tıxanırdı dərs danışanda da.

Dərnək rəhbəri Nurağaya cavab vermədi.

Axı onun aləmində Vaqif bir ləçək titrəyişində "Rast"ın həzin ahənglərini eşidən bir bəstəkar, başı üstdən uçan durna qatarında şeir misrası görən bir şairdir. Amma Nurağa barıt çəlləyiydi. Yanından yel keçsə partlayardı. Amma haqlı cəza çəkirdi Nurağa. Paqqa-paqla qaynayan qazandan kartofun birini oğurlamaq istəyəndə balaca qardaşı, nöyüt butulkasını başına çırpmışdı. O gündü, bu gündü bir ötəri hirsləndimi, çənəsi buynuz kimi yana çıxırdı Nurağanın.

- Hə, Vaqifin sözlərini əzbər bilirəm. Mənə heç suflyor da lazım olmaz - deyə, irəli iki addım atıb dərnək rəhbərinə zilləndi. Rəhbər susurdu. Nurağa bir əliylə çənəsini tutmuş, o bir əliylə də qayışının toqqasını sıxçalamışdı. Bu görkəmdə Nurağa Napoleon Bonopart roluna daha çox uyğun gələrdi. Amma neyləsə də incə ruhlu, təmkinli, həlim şairi oynaya bilməzdi. Dərnək rəhbəri geriyə boylandı. Məşq otağında hamı qarıldaşır, ağız deyəni qulaq eşitmirdi. O:

- Ay uşaqlar, bir dəqiqə, aram olun, - dedi. Qurbağa gölünə daş atdılar sanki. Milçək vızıltısı qulaq deşərdi. - Biz müsabiqəyə aktual bir əsərlə gəlməliyik. Yəni müasir həyatımız görünməlidi o əsərdə.

Dərnək rəhbəri böyür-başı sürtülməkdən ciyər kimi ağarmış dəri portfelindən iki barmaq qalınlığında bir kitab çıxartdı:

- İndi əksər teatrlar bu pyesi oynayır - deyib, kitabı hamıya göstərdi. - "Bahar suları"dı bu əsərin adı. Müharibədən təzə çıxıb ölkəmiz. Bahara qovuşuruq. Bu bahar oynaq bir ovqat gətirib ürəklərə. Təzə ab-hava, təzə bir nəfəs gətirib həyatımıza. İndi vəzifə müharibənin vurduğu yaraları sağaltmaqdı. Kolxozlarda əmək meydanları qızışır. Taxılçılar, pambıqçılar sosializm yarışlarını gücləndirir. Məhsuldarlıq birə-beş artır. Təzə əkin sahələri ayrılır. Bahar suları Qubanın meyvə bağlarına, Lənkəranın çay plantasiyalarına, Muğanın pambıq tarlalarına bolluq gətirir. Gəlin biz də inkişafdan geri qalmayaq. Bu əsərlə tamaşaçıların ürəyindən tikan çıxardaq. "Ura", "Birinci yer bizim olacaq", "Bakıda bizi alqışlayacaqlar" - bağırdılar gənc aktyorlar. Gurultulu alqışlar titrətdiməşq otağını. Ancaq "Vaqif" roluna əli çatmayan Nurağanın gəmiləri batmışdı. Susurdu. Onun qanlı baxışları dərnək rəhbərinin gözündən yayınmadı. - Mən bu əsərin rollarını bölmüşəm, - dedi.

Biz məəttəl-məəttəl dərnək rəhbərinin ağzına baxırdıq. "Görəsən mən də olacammı bu tamaşada", - düşünür, intizar çəkirdik. Rəhbər Nurağaya yaxınlaşıb əlini çiyninə qoydu. - Özünə bir kalife şalvar tikdirərsən. Uzunqunc çəkmələrin olmalıdı. Köynəyin üstündən də bir soldat qayışı vuracaqsan. Əsərdə kolxoz sədrini sən oynayassan, - dedi.

Nurağanın aynası açıldı. Əllərini bir-birinə çırpıb:

- Əlbəttə, sonra Bakıda göstərəcəyik o tamaşanı. Məni teatrda stajyor saxlayacaqlar. Bir telefon zəngiylə instituta qəbul olunacam!

Teatr rəssamı tamaşaya orijinal tərtibat vermişdi. Səhnə arxasındakı iki haçalı Şah dağı, onun ətəklərində əriməkdə olan qar topaları! Döşlərdə bulaqlar çağlayır. Sol tərəfdə alma ağacları, budaqlara söykənmiş nərdivanlar görünür. Mən səhnə arxasındaydım. Nimdaş pərdələrin güvə vurmuş yerlərindən tamaşaçı zalına baxırdım. Zalın sağ və sol yanında dəyirmi çəlləkləri xatırladan lojalar, birinci sırayla səhnə arasında, üstünə meyvə vazaları qoyulmuş münsiflər heyətinin stolu da aydın görünürdü.

Parterdə bütün yerlər tutulmuşdu. Lojadakı xanımlar gizli-gizli güzgülərə baxır, ətirlənir, boyalanır, boyun-boğazlarındakı qızılları qaydaya salırdılar. Analarıyla gələn uşaqlar cərgələr arasında bardaş qurmuşdular. Giriş qarıları ağzında papaqları əllərində ayaq üstə duranlar da nəfəs çəkmir, pərdənin açılmasını gözləyirdilər.

Münsiflər heyətində qızğın iş gedirdi. Raykomun təlimatçısı Əli Tərtərli yoldaş barmaqları əsə-əsə proqramı o üz-bu üzə çevirir, sanki orda nə isə axtarırdı. Birdən adım xoşuna gəlməz?! Soyadımın axırında bir "bəy" sözü vardı axı?! Tamaşadan çıxarsalar neylərəm? Məni soyuq tər alıb gedirdi. Onun yanında qolunu masaya dirsəkləyib fikirli, dalğın oturana baxdım. Ancaq tanımadım. "Yəqin Bakıdan gəlib", düşündüm. Sakit, düşüncəli, həm də nədənsə çox şirin gəldi mənə. Gözü səhnədəydi. Amma üzü gülür, dodaqları səyirirdi. Qalın, dalğalı saçlarını barmaqlarıyla tez-tez daraqlayırdı. Dolu birçəkləri az qala almacıqlarını örtür, mavi gözlərindən şanı üzümünün şirinliyi səpələnirdi ətrafa. Qəribədi, pərdə açılmayıb, ancaq orada ürəkaçan nə var ki, o qonaqda belə gülür? Bəlkə əsərdə baş verənlərdən xəbəri var? Boynunda qalstuk yoxdu rəsmi tədbirə Bakıdan göndərilən bu qonağın. "Sıxıntı xoşlamır, sərbəstliyi sevəndi" -düşündüm. Dama-dama pamazı köynəyinin yaxası açıqdı.

Biz pərdələr arxasında sudan çıxmış cücələr kimi bir-birimizə qısılmışdıq. Bayaqdan bizə "Çalışın, zala baxmayın. Özünüzü itirməyin. Ucadan danışın" - deyə, son məsləhətlərini verən dərnək rəhbəri nəhayət zala qayıdıb münsiflər heyətinin sədrinə: - Biz hazırıq. Başlamaq olar, - dedi.

Sədr Quba Dövlət teatrının baş rejissoruydu. Başını razılıqla tərpədib ayağa durdu və arxaya boylandı. Səs-küy xırp kəsildi. Sonra ordan-burdan çəpik səsləri eşidildi. Sonra birdən çəpiklər dağ çayı kimi coşdu. Baş rejissorun düyünlü qaşları açıldı. Qalstukunu bir az da sıxıb zala baş əydi. Sonra üzünü səhnəyə tutaraq əllərini iki dəfə bir-birinə şappıldadıb: - Başlamaq olar, - dedi.

Mən tamaşada Uğuru oynayırdım. Uğur cəbhədən təzə qayıtmışdı. O, kəndlərində yeni yollar salmaq, uşaq bağçaları, məktəblər tikmək eşqiylə aşıb-daşan bir gənc idi.

Birinci şəkildə çıxışlarım çox soyuq keçdi. Tamaşaçıların ürəyinə yol tapa bilmədim. Sonda bir-iki çəpik çalındı. Niyə gurlamadı zal? Yer-yerdən fit çalıb təpiklərini niyə döymədi tamaşaçılar? Hanı artisti göylərə qaldıran alqışlar? Buna nail olmasam, deməli, adi bir mehəm. Amma qasırğa, tufan olmalıyam səhnədə.

İkinci şəkildə tərəf-müqabilim Nurağa idi. O, kolxoz sədri Alxanı oynayırdı. Mən Alxana yaxınlaşıb: "Maşallah, kəndi tanınmaz etmisiniz", - dedım. Alxan: "Təşəkkürü-zadı qoy cibinə. De görüm, sən əsgər gedəndən burda bir əsaslı dəyişiklik var, ya yox?" - soruşdu: "Əlbəttə kolxoz varlanıb, kəndə su çəkilib, evlərdə radio oxuyur", - dedim. Bundan sonra Alxan-Nurağa gələcəkdə baş verəcək yenilikləri sadalamalıdı. Ancaq Nurağanın çarxı döndü - tutması tutdu. Söz demək əvəzinə gözlərini döyə-döyə susdu. Ətəyini çəkdim. Cınqırını çıxarmadı. Dəhşət! Bakı Dövlət teatrındakı stajorluğuma balta çaldı Nurağa. Bir telefon zəngiylə instituta girmək şanslarım boşa çıxır, qucaq-qucaq gül dəstələrinə, qəzet səhifələrində bədənnüma şəkillərə, ən bahalı kostyumlara daha heç vaxt əlim çatmayacaq! Baş rejissor uzun əliylə köynəyinin qolunu çırmalaya-çırmalaya bərkdən öskürdü. Ancaq Nurağa özünə gəlmədi. Raykomun nümayəndəsi Əli Tərtərli uzun barmaqlarını az qala Nurağanın gözünə soxacaqdı:

- Ə...gə...g Niyə qurumusan? Ağzında qovut var? Sözünü de, dana! - bağırdı. Daşlar dilə gələrdi. Amma Nurağa susurdu. Neyləyim? Qolaylanıb bir şillə çəkim çənəsinə?! Bir səda qopdu içimdən. "Yox, belə olmaz! Özünü ələ al! Vəziyyətdən tez bir çıxış yolu tap!" Nurağanın qolundan tutub astaca silkələyərək:

- Ay Alxan əmi, - dedim, - yəni sən mənə onu deyirsən ki, kəndin ən kasıbı o Alı kişi də daha arpa çörəyi yemir? Qalmaqal Mədədin cındırından cin hürkərdi, indi kostyumun birini çıxarıb o birini geyir?

"Bakıdan gələn" - çox gözəl, - deyib yerindən sıçradı:

- Sağ ol, oğlum, - deyərək əllərini başı üstə qaldırıb bir neçə çəpik çaldı. Ürəyim yerinə gəldi. Sevincdən dağa döndü. Bəs necə? Məni alqışlamışdılar. Özü də uşaq-muşaq yox,"Bakıdan gələn", həm də münsiflər heyətinin üzvü. Zalda milçək uçsaydı səsi eşidilərdi. Nurağa aram-aram gəzişir, hərdən özünü boğur, fikrə gedirdi. Birdən səhnənin ortasında üstümə şığıdı:

- Hə, Uğur bala, hələ cavansan. Amma çox oxuyan yox, çox gəzən çox bilər. Sən faşitləri qıra-qıra dünyanı dolanıb kəndimizə qayıtmısan. İndi mənə de görək buranın gələcəyini necə görürsən?

Dərdimi təzələdi. Eh, yuxulu da, oyaq da kəndimiz deyildimi gözüm önündə geniş küçələri, hündür binalarıyla şəhərə çevrilən! Səhnədə olduğumu unutdum. Ağzım açıldı, özü də nə açıldı kig

- Ey atam, ey anam - deyə, birinci sırada bir-birinə sığınan qocalara tutdum üzümü. Mən istəyirəm ki, kəndimizdə evlər planla tikilsin. Əyri-üyrü dar dalanların yerində asfalt küçələr, meydanlar görək. Mən istəyirəm ki, elektrik yalnız evlərimizə işıq deyil, tarlalara da su versin, taxıl döysün, yük daşısın! Bağların mer-meyvəsini yığıb-yığışdırmaq olmur. İstərdim ki, kəndlərimizdə konserv zavodları, emal kombinatları açılsın.

Mən mətndən çıxmışdım. Amma bunları deməsəm ürəyim qubar eləyərdi. Bir ara özümü yığışdırmaq istədim. Amma el dərdini deyib gözdən olmağı daha vacib saydım.

- Mal-qaramızın sayı gündən-günə artacaq. Böyük bir yağ-süd kombinatı tikək. Bir binə atmaq istəyəndə daşı Bakıdan gətiririk. Özümüzün bir kərpic zavodumuz olsun.

Münsiflər heyətinin sədri karandaşını "Badamlı" butulkasına çırpır, dərnək rəhbəri mənə yumruq göstərirdi. "Bakıdan gələn həyəcanlı görünürdü. Hər dəfə udqunanda hülqumunu üstdən basan qara düymə də dartınıb gərilir, onu boğurdu. Əl atıb köynəyin yaxasını düymədən çıxartdı. Rejissor uzun qolunu irəli atıb mənə nəsə demək istədi. Lakin "Bakıdan gələn" bu qolu aşağı çəkdi. Rejissor onu tərs-tərs süzərək:

- Siz müəllifsiniz. Sizə böyük hörmətim var. Ancaq xahiş edirəm, hissə qapılmayasız.

Müəllifin ciddi nəzərlərini görən rejissor yavaşıdı:

- Axı necə deyim? Özünüz də bilirsiniz ki, teatrın öz qanunları var. Aktyor roldan çıxır. Kitabdakı mətndə belə söhbətlər yoxdur. - deyə əlindəki "Bahar suları" kitabını yellədi. - Aktyor qərəzli improvizasiyalara yol verir. Atmacalara, eyhamlara oxşayır bəzi söhbətləri. Biz rayonumuzu yıxıb-sürüməyə yığışmışıq bura?! Oturduğumuz ağaca balta çalaq? - Başının hərəkətiylə sol tərəfində oturmuş Əli Tərtərlini göstərdi, - axı, raykomun nümayəndəsi məsələmizi büroya çıxardar. Teatrı bağlatmaq istəyirsiniz?

Müəllif daha rejissoru eşitmirdi. Azacıq irəli meylli qaməti bir az da əyilmiş, fikri-zikri səhnədəydi. Onun ciddi baxışları məni bir az karıxdırdı. Nə edəcəyimi bilmədim. Amma toyuğu soyub-soyub dümbək üstə bıçaq sındırmaq istəməzdim. Elə bu an "Bakıdan gələn"in səsini eşitdim:

- Cavan oğlan, işini gör, rolunu oynamağında ol! Bir belə yanğı hardandı səndə? Muhakimələrin çox yerində, aktual, həm də həyatidi. Cəsarətli ol, qorxma! Sözünü de, rolunu oyna - deyib, məni bir az da ürəkləndirdi. Mən də ölmək ölməkdi, daha xırıldamaq nədi? Təzədən qızışdım.

- Qudyalçay kəndimizin böyründən axır. Sahilində bir Karlovı-Varıkurortu görürəm. Bir zamanlar Koroğlu keçib bu yerlərdən. Sali Süleyman, Tunc Musa kimi dünya şöhrətli pəhləvanlar bu torpaqda boya-başa çatıb. İndi onların nəvələrinindi meydan. Burada bir idman kompleksi tiksələr olimpiya yarışlarının bütün medalları kəndimizə gələr. Bizim Şahdağın ətəklərində xizək idmanı üçün gözəl, təbii şərait var. Qoy Şah dağımız yüksəliş, ucalıq simvoluna çevrilsin. Bu torpağın otları qaymaq kimi, suları bal kimi, havası yarpız ətirli, günəşinin telləri ana əlləri kimi şəfalıdır. Qolumuza qüvvət, dizimizə taqətdt hər zərrəsi. Onun tozuna da qurban! Dərəsinə, düzünə, onun özünə qurban olaq!

Zalda zəlzələ qopdu sanki. Təpiklər döşəmələri partladır, fitlər qulaq deşirdi. "Sağ olsun bu əsəri yazan", "Süngüdən də güclüdü qələm" - deyə, bağırışırdılar. Rejissor arxaya çevrilib tamaşaçılarla üz-üzə durdu:

- Sakit, sakit, yoldaşlar! Mənasız replikalarla işimizə mane olmayın!

Lakin rejissorun sözünü söz saymadı tamaşaçılar. Alqış sədalarıyla çaxnaşdı, silkələndi zal. Rejissor Bakıdan gələnə baxdı:

- Neyləyək, yoldaş müəllif? Bizi işə saldınız - deyə, mızıldadı. - Buna son qoymaq lazımdır. Çıxın səhnəyə, o Uğuru oynayanı qulağından tutub atın çölə. Ya da başa salın ki, özbaşınalıq etməsin. Yoxsa mən tamaşanı dayandırmalı olacam!

"Bakıdan gələn" iri addımlarla səhnəyə tərəf getdi. Pilləkənin qollarından tutub səhnəyə qalxdı. Əlinin içiylə çal saçlarını daraqladı. Mənə tərəf gəldiyini gördüm; qorxu düşdü canıma. "İctimai yerdə hərzə-hərzə danışmısan, işıqlı cəmiyyəti iftiralarınla ləkələmisən" - deyib, səhnədən qovsa, neylərəm? Ehtiyatla üzünə baxdım. Gözləri benqal şimşəkləri kimi qaynayır, dodaqları səyirirdi. Yanıma çatınca düz xətlə ayrılmış saçlarımı qarışdırdı.Qolumdan tutub səhnə önünə çəkə-çəkə:

- Əziz tamaşaçılar, gözünüz aydın olsun. Elə indicə, bax bu səhnədə biz qəlbi, ruhu şeir dolu, çox istedadlı və cəsarətli bu gənci kəşf etdik. Mən əsərin müəllifi İlyas Əfəndiyevəm. Müəllifin yazdığı qanundu. Ona kimsə müdaxilə elə bilməz, bir sözünü dəyişə bilməz. Amma burda Sədrəddinin əsərə artırmaları hamının ürəyindən oldu. Aktyorun yaradıcı müdaxiləsi əsərə xeyir gətirirsə, onu qəbul etməliyik. Sədrəddinin obrazı dolğunlaşdırma təşəbbüsü ümumi işə xeyir gətirdi. Əsər deyərəm ki, bax, bu Sədrəddinə görə uğur qazandı. Mən dərnək rəhbərinə, bütün kollektivə öz təşəkkürümü bildirirəm. Amma gənc aktyor Sədrəddinə - kim bilir, bəlkə gələcəyin alovlu bir şairinə, yazıçısına bu başdan müvəffəqiyyətlər arzulayıram.

Alqış sədaları zalı titrədirdi. Gül dəstələrini İlyas müəllim götürür, başının üstünə qaldıraraq hamıya göstərir, sonra qucağıma qoyurdu. Gurultulu alqışlar məni şöhrətin zirvələrini fəth etməyə ruhlandırırdı.

Baxış müsabiqədə birinci yeri götürdük. Sonra bizi avtobuslarla Bakıya apardılar. Əsəri Milli Teatrın səhnəsində oynadıq. Görkəmli teatr xadimləri ifaçılığımızı yüksək qiymətləndirib hərəmizin döşünə bir laureat nişanı sancdılar. Lakin nə məni, nə də Nurağanı teatrda stajor saxlamadılar. Bir telefon zəngiylə instituta düzəltmədilər. Ancaq hələ Qubada məni səhnə önünə gətirərək İlyas müəllim:

- Sədrəddin nadir istedaddır! Mən onun şairliyinə heyranam, - deməklə mənə həyat yollarımı göstərmişdi.

1955-ci ildə İlyas müəllim "Bahar suları" əsərini təzə redaktədə çap etdirdi. Amma həmin əsərdə oynadığım ilk rol həyatımda əsaslı rol oynadı. Məni incəsənətə bağladı, ədəbiyyata gətirdi.

Gözüm yoxuş yolunda, qulağım səsdəydi. Ha indi gələr, ha bir azdan qalxar bir maşın! - düşünür, intizar çəkirdim.

Bir azman fırtına girdabında qayığım puç qoz kimi partlamışdı. Sellərin ağzında çapalayırdım. Bir çöpə, samana güman varsa, o da yoxdu. Üfüqdə bir qığılcım qaynağı görsəydim, deyərdim, ah, nə gözəl, orda şəfəq-nizələr daşlara, qayalara çırpılır, orda torpaq var, nicat yaxındadı. Ümidimin gücü ürəyimə təpər verərdi. Dözərdim, üzərdim, çıxardım. Amma indi sanki bir səhra cəhənnəmindəyəm. İçim təndir, dilim kösöv, dodaqlarım kərpic-kərpic. Hardasan, gəl, ey Tanrım, o sehrini göstər. Qoy mübarək əllərinlə bu qumluqlarda bir "Abu-zəmzəm" bulağı çağlasın!

Buradan "Yoxuş başı"nın başlanğıcı görünmürdü. Ancaq yolun yoxuşa dirənən yerində bir maşının şaqqıltıyla ikinci "skorost"a keçirildiyini eşitdim. Bu şaqqıltı "Volqa"nınkıydı.Ya qismət! Bəlkə heç saxlamadı, dayanmalı olmadı? "Səbr ilə halva bişər" deyə özümü sakitləşdirirdim. Bəli, döngədə "Volqa"nın başı göründü. Əşşi yox. Hanı məndə o bəxt?! Əvvəla belə maşın sahibi buraların "ikinci sort" restoranını bəyənməz. Lap bir nəfəs dərməyə dayansa da, belə maşın sahibi özünə yol yoldaşı eləyərmi məni? Yox! Heç ağlım kəsmir.

 

(ardı var)

 

YUSİF HƏSƏNBƏY

Ədalət.-2013.-4 oktyabr.-S.6.