Zaqatalada sevinc dolu yeni evlər
Təbiət bəzən insanları
sınağa çəkir. Çox vaxt qalib gələn də
təbiət olur. Amma sınaqdan üzüağ çıxan, mübarizə
aparıb bütün çətinliklərdə
qalib gələn insanlar
da var. Ötən il mayın 7-də Zaqatala rayonu təbiətin sərt sınağı
ilə üzbəüz qaldı. Zəlzələ minlərlə
insanı evsiz-eşiksiz qoysa
da, məktəblər yararsız hala düşsə də yaman günün ömrü az oldu. Fövqəladə Hallar
Nazirliyinin qurumları, tikinti
şirkətləri, dəvət olunan
mütəxəssislər və rayon rəhbərliyi
sakinlərlə birgə bütün
qüvvələrini səfərbər edib
çətinlikləri arxada qoya bildilər. Zaqatalada inşa olunan yeni evlər, məktəblər, bərpa olunan sosial obyektlər buna əyani sübutdu.
Muxax - evləri var xana-xana
Zaqatala şəhəri də daxil olmaqla rayonun 30-dan çox yaşayış məntəqəsi zəlzələdən ziyan çəkib. Muxax kəndini isə təbii fəlakətin episentri hesab etmək olar. Kənddəki 600-ə yaxın ev zəlzələdən sonra qəzalı vəziyyətə düşüb.
8 minə yaxın əhalisi olan mənzərəli Muxax bu gün daha gözəl görünür. Tikilən yeni evlər kəndə xüsusi yaraşıq verir. Muxaxın təmiz, səliqəli küçələrini gəzdikcə "ŞİNKAR" İnşaat Şirkətinin maşın və texnikası ilə tez-tez rastlaşırsan. Şirkətin mütəxəssisləri, usta və fəhlələri kənddəki hər bir evin ən əziz qonağına çevrilib. Qışın şaxtasında, payızın yağışlı günlərində, yayın qızmar istisində şirkət əməkdaşları işlərinə bir gün də olsun fasilə verməyiblər. Onların əziyyəti hədər getməyib. Qısa müddətdən sonra yeni evlərinə köçən Muxax sakinlərinin gözlərindəki sevinc, dillərindəki dualar "ŞİNKAR"-ın ən böyük mükafatıdı.
Kənd sakini Fazil Novruzov bizi "ŞİNKAR" İnşaat Şirkətinin inşa etdiyi 2 mərtəbəli, 5 otaqlı yeni evində qəbul edir. Zövqlə tikilən mənzildə hər cür şərait yaradılıb. Ev sahibi görülən işlərdən razılığını bildirir: "Sevincimizin həddi-hüdudu yoxdu. Ötən il baş verən zəlzələdən sonra evimiz qəzalı vəziyyətə düşmüşdü. Ölkə başçısı elə ilk gündən Zaqatala sakinlərinin yanında oldu. Prezidentin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi təbii fəlakətin yaratdığı problemləri tez bir zamanda aradan qaldırmağı bacardı. Heç inanmazdıq ki, çox qısa bir vaxt ərzində belə rahat mənzili inşa etmək olar. "ŞİNKAR" İnşaat Şirkətinin rəhbərliyinə, mühəndis və ustalarına ailəmiz adından təşəkkür edirəm. Rayon rəhbərliyi də bizə həmişə diqqət və qayğı ilə yanaşır".
Mömin Mahmudovun 77 yaşı var. Bu illər ərzində çox çətinliklər görüb. Zaqatala zəlzələsi onun min bir əziyyətlə tikdiyi 4 otaqlı evini dağıtdığından problemlə üzləşib. Amma indi təzə inşa edilmiş mənzilində özünü çox xoşbəxt hiss edir: "Zəlzələdən sonra elə bilirdim ki, dünyanın sonudu. Lakin dövlət bizi həmin çətin anlarda tək qoymadı. Dövlətimdən, onun rəhbərindən, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan, nazirliyin əməkdaşlarından nə qədər razılıq etsəm yenə azdı. Tikinti şirkətinin əməkdaşlarına ayrıca təşəkkür düşür. Onların necə məsuliyyətlə çalışdıqlarını öz gözlərimlə gördüm. Əlləri var olsun, Allah onları həmişə sevindirsin. Elə bil dünyaya yenidən gəlmişəm".
Muxax sakini Kərim Əzizovun ailəsi 3 otaqlı mənzilə yeni köçüblər. Əvvəlki 3 otaqlı evləri mayın 18-də baş verən təkrar zəlzələdən sonra uçmaq təhlükəsi ilə üzləşdiyindən Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının rəyindən sonra ailə üçün təzə evin tikilməsi qərara alınıb. Kərim kişi təzə və hər cür rahatlığı olan evin tikintisində əməyi keçən hər kəsə minnətdarlığını bildirir: "Heç bir ölkədə təbii fəlakətdən ziyan çəkənlərə belə şərait yaradılmır. Göstərilən diqqət və qayğıdan narazı qalmaq mümkün deyil. Bütün işlər keyfiyyətlə və zövqlə görülüb".
Yeni inşa edilən evləri gəzdikcə, təzə mənzilin sevincini yaşayan insanlarla söhbətləşincə hiss edirsən ki, Muxaxın ötən ilki yaraları sağalıb. Kənd sakinləri 2012-ci ilin mayı haqqında yox, gələcək xoş günlər barədə düşünürlər.
Oxumaq, oxumaq,
yeni məktəbdə oxumaq
Zəlzələ fərdi evlərlə yanaşı məktəblərdə, inzibati binalarda və digər sosial obyektlərdə öz izlərini qoyub. Bu izlər artıq tam aradan qalxmaq üzrədir.
Şəhid Akif Bubuşov adına 1 saylı Muxax kənd orta məktəbi qəzalı vəziyyətə düşən binalardan biri olub.
Ötən ilin yeni tədris ilindən şagirdlər yüksək səviyyədə təmir-bərpa olunmuş məktəbdə dərs keçirlər. 480 şagirdin təhsil aldığı məktəbin direktoru Ədalət Novruzova qısa müddətdə görülən işlərdən ürək dolusu danışır: "Ötən ilin mayında zəlzələdən sonra məktəbimizin binası qəzalı vəziyyətə düşmüşdü.
Belə binada dərs keçmək hamımız üçün təhlükəli ola bilərdi. Yeni dərs ilinin başlanmasına da az vaxt qalırdı.
Heç kim inanmırdı ki, növbəti dərs ilinə kimi məktəbin binasını bərpa etmək mümkün olsun. Lakin "ŞİNKAR" Tikinti Şirkətinin əməkdaşları inanılmazı bacardılar, bina tam bərpa olundu, özü də yüksək keyfiyyətlə. Görülən bu işlərə görə müəllim və şagirdlərimiz adından inşaatçılara, xüsusi ilə iş icraçısı Ceyhun Hüseynova minnətdarlığımı bildirirəm". Ədalət müəllimə deyir ki, ötən dərs ilindən başlayaraq daha böyük həvəslə işlərini davam etdirirlər. Direktorun sözlərinə görə, bu il məktəbi bitirən 50 məzundan 16-sı tələbə adını qazanıb. Ötən il məktəbi bitirənlərdən 5 nəfəri də bu il ali təhsil ocaqlarına qəbul olunub.
Yeri gəlmişkən, "ŞİNKAR" Tikinti Şirkəti Zaqatalanın Cüdülübinə və Qarğay kəndlərinin hər birində 50 şagird yerlik məktəblər tikərək müəllim və şagirdlərin istifadəsinə verib.
(ardı gələn
sayımızda)
Etibar CƏBRAYILOĞLU
ədalət.-2013.-4 oktyabr.-S.7.