"Sergey"

(hekayə)

 

Evə çatmağımıza iki saatdan da çox vaxt qalırdı. Sabirabadın girəcəyində atam maşını saxlayıb yaxınlıqdakı marketdən su almağa getdi. Oturmaqdan bütün sümüklərim ağrıyırdı.

Atam marketdən çıxıb maşına yaxınlaşdı. Aldığı suyu mənə verib, bir siqaret yandırıb maşına əyləşdi. O, maşını sürə-sürə güzgüdən mənə baxıb dedi:

- Ağlıma bir fikir gəlib.

- ?

- Deyirəm bəlkə yolumuzu Qaragünədən salaq?

Mən təəccübləndim:

- Qaragünə haradı?

- Bu rayonun kəndidi. Yadına gəlir, rayondan çıxanda bizi bir kişi götürüb evinə aparmışdı. Bir həftədən çox onlarda qalmışdıq.

O sözlərini bitirib mənə çevrilib baxanda, mən yaddaşımın ən dərin künc-bucaqlarını "töküşdürürdüm".

- Aradan bu qədər vaxt keçib, bəlkə başqa yerə köçüblər?

Fikrimi atama bildirəndə, o gülümsəyib dedi:

- Narahat olma. Ağlın şəhər adamlarına getməsin, rayon camaatı hələm-hələm evindən, yuvasından aralanmaz...

Qaçqınçılığın isti vaxtlarında, indi getmək istədiyimiz evin adamları bizi evlərində qonaq etmişdilər.

Anam elə hey gileylənirdi ki, bir gün onlara qonaq gedərik. Amma bu heç cür alınmırdı.

İndi yolumuz həmin rayondan düşdüyündən atam o vaxtkı simsarlarımızı dərindən xatırlamışdı.

Maşın Qaragünəyə yol almışdı.

Yarım saatdan sonra kəndin girəcəyinə çatdıq. Neçə illərdən bəri dəyişən kənd yolları, təbiət hələ ki, mənim xatirələrimi dindirmirdi.

Atam evi tapmaqda çətinlik çəkirdi. Yoldan keçən cavanlardan Abbas kişinin evini xəbər aldı. Ona sağ istiqaməti nişan verdilər.

Beş dəqiqədən sonra o, sevinclə dilləndi:

- bax, o göy darvazadı. Çatmışıq.

O maşından düşüb qapını döydü.

Qapıya iyirmi beş yaşlarında oğlan çıxdı. Sonra geri qanrılıb evdən kimisə çağırdı.

Oğlanın kürəyinin arxasından dolu bədənli, qarayanız qadın boylandı. Qadını həmən dəqiqə tanıdım. Asya xalaydı. Abbas kişinin arvadı.

Atamla hal-əhval tutduqdan sonra sevinclə maşına yaxınlaşdı.

Mən qapını açıb maşından düşdüm, Asya xala məni doğmalıqla qucaqladı.

O, qapını açan oğlanla birgə bizi içəri apardı. İkinci mərtəbəyə qalxdıq.

Yavaş-yavaş xatirələrim qımıldanırdı.

Asya xala, bayaqkı oğlanı bizim yanımızda qoyub özü çay gətirmək üçün birinci mərtəbəyə endi.

Oğlan indi bizimlə süfrə arxasında əyləşmişdi. Söhbət vaxtı bildim ki, o bu ailənin ən kiçik oğlu Cümşüddü. O vaxtlar onun yeddi-səkkiz yaşı olardı.

Bir az hal-əhval tutandan sonra Abbas kişinin qonşu kəndə dalınca getdiyini, axşam gələcəyini öyrəndik.

Atam çox təəssüfləndi ki, onu görməmiş gedəcəyik.

Ancaq elə gətirdi ki, günortadan sonra Abbas kişi gəlib çıxdı. Bizi görməyinə təəccüblənsə , çox sevinmişdi.

Atamla Abbas kişi siqaret çəkmək üçün həyətə çıxdıqları vaxt, mən Asya xalayla söhbətə bənd olmuşdum. Oğlanlarından, qızlarından danışırdı. Tez-tez anamı xəbər alırdı.

Gün batanda biz onlarla sağollaşıb, getmək üçün hazırlaşdıq.

Darvazadan çıxa-çıxda Cümşüd qoltuğunda bir qutu bizə yaxınlaşıb dedi:

- Sabir əmi, bu qutu sizindi. O vaxtdan yadınızdan çıxıb bizdə qalıb.

Atam, həyəcanla qutuya baxdı.

- qutusudu?

- Köhnə kitab, dəftərlərdi. Deyəsən Arzunundu. Deyib məni göstərdi.

Atam qutunu Cümşüddən alıb, maşının üstünə qoydu. Qutu iplə dörd tərəfdən sarınmışdı. Atam köhnəlmiş ipi qırıb qutunu içindəkiləri yoxladı. Sonra mənə baxıb gülümsündü:

- Arzu sənin kitab dəftərlərindi. Mən elə bilirdim, bunlar rayonda qalıb.

Mən atama yaxınlaşıb qutuya boylandım. Elə bilirdim ki, indicə qutunun içərisindən, on üç yaşlı arıq, sarı qızcığaz hoppanıb yerə düşəcək.

Atam qutunun ağzını bağlayıb maşının arxa oturacağına qoydu. Biz onlarla sağollaşıb, yola düşdük.

Yolboyu yanımda yırğalanan qutuya qorxaq nəzərlərlə baxırdım.

Asan deyildi. Qutuda olan əşyalar on səkkiz il əvvəlimə aid idi.

Bu həm ölən adamın uzun illərdən sonra dirilməsinə oxşayırdı.

Maşın yırğalana-yırğalana tozlu yollardan ötüb keçirdi. Atamın fikri yoldaydı. Mənim fikrimsə, qutuda.

Tozlu qutunu iplərini açıb, içərisindəkilərə göz gəzdirdim.

İçində bir neçə kitab vardı. Üstə qoyulmiş kitab Rəfiq Zəkanın şeirlər kitabıydı. Atamın kitab rəfindən götürüb oxuyurdum. Sonra nağıl kitablarımı tanıdım. Kitabların kənarında bir yığın muncuq, sırğa, bilərzik varıydı. Bakıdan qonaq gələn qohumlarımızın mənə bağışladığı hədiyyələr idi. Çoxlu bayram açıqcaları, türk müğənillərinin şəkilləri saralıb solmuş vəziyyətdə qutunun dibinə səpələnmişdi. Baxdıqlarımı kənara qoyduqca qutu boşalırdı. Küncdə saralmış kağıza bükülü balaca bağlama bir göy rəngli qalın bloknot varıydı.

Bağlamanı kənara qoyub dəftəri varaqlamağa başladım.

İlk səhifəsində bu sözlər yazılmışdı. Quliyev Sergey Sədi oğlu. 1960-cı il.

Sergey. Sergey...

Keçmişin dumanlı aynasından ahıl bir kişi mənə tərəf boylanırdı. İç çəkərək o kişini xatırladım.

Nəhəng qoz ağacının altı. Anam, mən, birSergey. Sergeyin əlində bir balaca bağlamagöy dəftərçə.

İndi bağlamadakıların daolduğunu anlamışdım.

Sergeyin məktublarıydı.

O məktubları mənə verdiyi günü də xatırlamağa çalışdım.

Həmin gündən bir gün əvvəl anamla mən səhər Bakıdan çıxan qatara mindik. Axşam hava toranlaşanda dəmiryol stansiyasına çatdıq. Gözə dəyən taksi sürücülərindən heç kim bizi rayon mərkəzinə aparmağa razılıq vermirdi. Hətta qonşumuz Tofiq dayı da getməkdən boyun qaçırıb and-aman elədi ki, rayon bomboşdu, ora getməyimizin heç bir mənası yoxdu.

Hamı təəccüblə anama və mənə baxırdı. Anamsa, heç kimi eyninə almırdı. Bir aydan çox idi ki, biz Bakıdakı dayımgildə qalırdıq. Atamsa, rayonda qalmışdı. Hər həftə iki üç dəfə onunla telefonla danışırdıq. Bu həftə isə ondan heç bir zəng gəlməmişdi.

Televiziyadan verilən xəbərlər, rayonların ard-arda alınması, camaatın axın-axın Bakıya və başqa rayonlara köç etməsi anamı qorxudurdu.

Bu gün tezdən isə o mənimlə birgə atamın dalınca rayona getməyi qət etmişdi.

Anamın keçmiş yoldaşı olan Taleh bizi görüb yaxınlaşdı. O, bizi evimizə aparmağa razılıq verdi.

Yarım saatdan sonra yaşadığımız küçəyə çatdıq. Məhəlləmizə girəndə anamın gözləri doluxsundu.

Qulaq batırıcı sakitliyi uzaqlardan eşidilən silah səsləri pozurdu.

Taleh bizi küçənin aşağısında düşürdüb getdi.

Məhləmizin bütün evləri boşalmıdı. Dəmir darvazalar, aynəbəndlərin pəncərələri açıq qalmışdı. Yolboyu sahibsiz tək-tük toyuq, cücə gözə dəyirdi.

Qonşularımızdan neçəsinin evini "qrad" hələ biz rayonda olanda uçurub dağıtmışdı. Öz evimizə çatanda anam darvazanın qıfılsız olduğunu görüb sevindi. Elə bildi ki, atam evdədi. Onu bir neçə dəfə səsləsə də, heç bir cavab gəlmədi.

Evin qapısını açıb içəri girdik. İşıqlar kəsilmişdi. Anam telefonun dəstəyini qaldırıb yoxladı. Telefon xətti kəsildiyindən işləmirdi.

Otaqda olan televizor, mətbəxdəki qaz sobası, paltaryuyan maşın yox idi. Anam dodağının altında mızıldandı.

- Yoxdu, gedib.

Mən öz otağıma girib, dibçəkdəki güllərin dibini yoxladım. Qupquruydu.

Sonra toz başmış pianinomun üstünə əl gəzdirdim. İstədim bir dəqiqəlik də olsa, qapağını qaldırıb nə isə çalım. Ancaq anamın acığına gedəcəyindən qorxurdum. Həm də indi bunun heç bir faydası yoxuydu...

...Hiss edirdim ki, bu həyəti, evi, otağımı, pianinomu bir də belə vəziyyətdə görə bilməyəcəm.

Mətbəxə keçib əşyalarımı yığmaq üçün qutu gətirəndə, anamın içini hıçqıraraq ağladığını eşitdim.

Yataq otağının qapısına çatanda, onun ağlaya-ağlaya əlindəki çantaya paltarlarımızı yığdığını gördüm.

Mən qutunu mətbəxdən götürüb otağıma qayıtdım. Gücüm çatan əşyalarımı qablaşdırıb, çarpayıda oturdum.

Kədərlənsəm də ağlaya bilmirdim. O vaxtlar acımın dərinliyini başa düşüb, anlayacaq yaşda deyildim. Bir onu bilirdim ki, rəngarəng, parıltılı, küçələri adamlarla dolu olan şəhərə can atıram.

Sonra həyətə çıxıb, bağa girdim. Bağımızdakı qızılgüllər susuzluqdan soluxub boyunlarını əymişdilər. Ağacların başındakı meyvələr yetişib yerə tökülmüşdü. Toyuq cücələr ləklərdəki soğanları, göy-göyərtiləri didib korlamışdılar. Atamın bağ-bağçaya necə zəhmət çəkməsi gözlərimin önündə canlandı.

(ardı var)

 

Samirə Əşrəf

Ədalət.-2013.-5 oktyabr.-S.7.