MÜƏLLİMLƏR GÜNÜ

(Müəllimlərimə və bütün müəllimlərə)

 

Bütün zamanlarda insanın həmişə əlindən tutana, yol göstərənə ehtiyacı olub. Doğrudur, bir çox görkəmli şəxsiyyətlər obrazlı şəkildə bildiriblər ki, mənim müəllimim həyat olub. Mən bu fikirlə razıyam, çünki təcrübə biliyin möhkəmlənməsinə, onun öz statusunu təsdiq etməsinə həmişə dayaq olubbütün bunlar da birləşərək istənilən yolun işıqlanmasına, istənilən niyyətin gerçəkləşməsinə şərait yaradıbdır. Çünki bilik və təcrübə birləşəndə bir növ ağılla gücün birləşməsi qədər önəmli olur...

Bəli, həyatı dərk etdiyim gündən doğulduğum kənddə ən hörmətli insanların çevrəsini, sırasını yaddaşıma həkk etmişəm. Görmüşəm ki, kəndimizin ən sayılan insanları müəllimlərdi. Çünki hər kəs onlara xüsusi ehtiramla yanaşıb, diqqət göstərib. Və burada da hansısa bir göstəriş, tələbat, hətta təzyiq hiss olunmayıb, həmin o ehtiram, o sevgi içdən gəlib. Hətta mən bəzi müəllimlərdən yaşca böyük olan atamın da, anamın da az qala kiçik qardaşı, övladı yaşda olan müəllimlə etdiyi söhbəti, ona olan ehtiramı kənardan müşahidə edib öz-özümə düşünmüşəm ki, görəsən dünyada müəllimdən və ümumiyyətlə, müəllim peşəsindən dəyərli, qiymətli, uca, əlçatmaz nəsə var?!

Zaman-zaman həmin o içimdə olan və məni müəllimlərimə daha çox bağlayan istəyin ucundan tutub müxtəlif ədəbiyyatlardan, müxtəlif informasiya mənbələrindən müəllimlərə olan ehtiramın kökünü öyrənməyə çalışdım. Açığını deyim ki, köməyimə eyni mənanı ifadə edən iki söz çatdı. Onların birincisini orta məktəbdə rus dili müəllimimdən öyrəndim. Bildim ki, ruslar müəllimə "uçitel" deyir. Sonra öyrəndim ki, elə həmin mənanı verən sözü yəni "öyrətmən"i də türklər işlədir. Doğrudur, böyük Sabirin şeirində: "Mollam da döyür yazı yazanda..." misrası beynimdə ilişib qalmışdı. Amma nədənsə həmin o "öyrədən" sözü mənə daha doğma gəldi.

İllər ötdü və müstəqil həyatımın elə ilk addımımdan öyrədənlərimin mənə öyrətdikləri köməkçim oldu. Həyatın ağrılı-acılı dolanbaclarından, çətinliklərindən, sevincindən-qəmindən məni həmin o öyrətmənlər çəkib çıxartdı. Çünki məni təmənnasız öyrətmişdilər. Və beləcə günlərin bir günü mənə də "müəllim" dedilər. Əvvəl təəccüb etdim. Bu sözü özümə yaxın buraxa bilmədim. Sonra həyat yoldaşıma "müəllim" dedilər və beləcə evimdə bir damın altında olanların hamısı müəllim diplomu aldı...

Və beləcə həyatın qarşımızda açdığı bir ömür yolunun bizə nə verəcəyini, bizi kimlərlə üz-üzə gətirəcəyini əvvəlcədən müəyyənləşdirmədən seçdik bu yolu. İndigedirik o yolla. Amma mən nədənsə daha çox geriyə baxmağı, ötənləri xatırlamağı üstün tuturam. Bilmirəm bu yaşla bağlıdır, yoxsa həyatın elə öz qanunudur, ancaq onu dəqiq bilirəm ki, bu həyatda izsiz-sözsüz heçolmur, heç nə qalmır. Xüsusilə, özündən böyüyə, öz ətrafına, öz yaşadığın mühitə bir şagird gözü ilə baxanda, bir tələbə sevgisi ilə yanaşanda... onda, məhz bax, onda kimliyini də anlayırsan, özünü da dərk edirsən. Şəxsən mən həyatımı müəllimlərsiz təsəvvür edə bilmirəm.

Bu gün dünyasını dəyişən müəllimlərimin ruhu qarşısında baş əyməklə ömrünün nurani çağını yaşayan müəllimlərimə də öz sayğılarımı ifadə edərək bildirmək istəyirəm ki, müəllim təkcə sinifdə, auditoriyada olmur, müəllim həyatın bütün sahələrində, hətta yaşadığın məhəllədə, işlədiyin kollektivdə, dostlarının, tanışlarının arasında da var, sadəcə onları görmək, onlara "öyrədən" kimi baxmaq lazımdır. Məhz bu qənaət, bu istək içində hakim olsa mütləq öyrənəcəksən. Özuömrün hansı çağında olmasına baxmayaraq.

Bu yazını son günlər tez-tez xatırladığım və ruhu ilə həmsöhbət olduğum müəllimlərimin gözəl çöhrələrini, gərgin əməklərini və birişğal altında qalan məzarlarını göz önünə gətirərək yazdım. Və çalışdım ki, heç olmasa bu Müəllimlər günündə onların ruhunu şad edim. Bilmirəm, onların ruhu məni bağışlayacaq, yoxsa yox, amma birmənalı şəkildə etiraf edirəm ki, onların əsirlikdə qalan qəbirlərini, dərs dedikləri məktəbin hələ də azad olunmamasında mənim də müəyyən qədər günahım var. O cümlədən elə hamımızın. O kəslərin ki, onlar özlərini müəllimlərinə borclu bilirlər. Düşünürəm ki, borc bizimlə son mənzilə getməyəcək. Biz o borcdan çıxacağıq.

 

Əbülfət MƏDƏTOĞLU

abulfatm@box.az

ədalət.-2013.-5 oktyabr.-S.8.