Akademikə akademik təbrik

 

Atamgilin həyətində iki dağdağan ağacı var. Atam evimizin xımı qazılanda bu qoşa dağdağanın balaca şitillərini meşədən gətirib həyətimizə əkib. Ev tikilib, dağdağanlar da böyüyəndə o ağaclardan birinin altına stol-stul qoyduqyay, yaz , payız bizim evin sakinlərinin ən çox sevdiyi yer ora oldu. O biri dağdağandan da atam nəvələri üçün yelləncək asdı. Hər yay kəndə gedəndə kölgəsində oturub dünyanın ləzzətini daddığım o dağdağanı gördüyüm bütün ağaclardan çox sevirəm. O dağdağan, sözün əsl mənasında, mənim üçün müqəddəs ağacdır.

 

Kəndimizdə başqa həyətdə də belə bir dağdağan ağacı var. Ancaq o ağacın yaşı yüzdən çox olar. Çünki Bəhram dayım deyir , mən gözümü açandan o dağdağanı həyətimizdə görmüşəm. Babam əkibmiş - Mehralı babam. Və yaxşı bilirəm ki, Bəhram müəllim üçün Əhmədabad adlanan kənddə iki müqəddəs yer var : həyətinə dağdağan kölgə salan evləri və ata-anasının uyuduğu qəbristanlıq.

Heç vaxt bioloji qohumluğa üstünlük verməmişəm. Mənim nəzərimdə insanlar ruhən yaxın olmalıdırlar, onları düşüncələri və dünyagörüşləri yaxın, qohum edə bilər. Ancaq bioloji qohumuna sonsuz sayğı duymağın özününbir ayrı sevinci var. Mən Bəhram müəllimlə həmişə fəxr etmişəm. O, mənim üçün həmişə mayakdır. Uşaqlıqda hər yayı intizarla gözləyirdim ki, dayım gəlib "bu il məktəbi necə qurtardın?",-sualını verərkən, -Əla.- deməyə əsasım olsun. Və o anda fəxrlə dönüb atamın qürur dolu gözlərinə baxmağın sevincini yaşayım. Atam və dayım mənim üçün oxumaq stimuludur, uşaq vaxtı da, indi də.

Bəhram Əsgərov 5 oktyabrda indi həm də Müəllimlər Günü kimi qeyd etdiyimiz gündə Tovuz rayonunun Əhmədabad kəndində doğulub. Məncə onun məhz bu gündə doğulmasında da hardasa bir qanunauyğunluq var. O, anadangəlmə müəllimdir. Bunu Bəhram müəllimin tələbələrindən çox eşitmişəm.

Bəhram müəllim BDU-nun fizika fakültəsinə 1952 -ci ildə qəbul olunub. 1962-ci ildə isə indiki Sankt-Peterburq , o vaxtkı Leninqrad şəhərində "Güclü maqnit sahəsində yarımkeçiricilər və yarımmetallarda termomaqnit effektlər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, 1968-ci ildə dosent elmi adı almışdı.

1974-cü ildə Bəhram Əsgərov Leninqradda "Nauka" nəşriyyatında çap etdirdiyi "Yarımkeçiricilərdə kinetik effektlər" adlı monoqrafiyasına görə elmtexnika sahəsində Azərbaycan Dövlət mükafatına layiq görülmüşdü.

Bəhram müəllim 1971-ci ildən indiyədək Bakı Dövlət Universiteti fizika fakültəsinin "Bərk cisimlər fizikası" kafedrasının müdiri işləyir.

1960 - 1966 - cı illər Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutu elmi işçisi. 1966 - 1971-ci illər Bakı Dövlət Universiteti "Molekulyar fizika" kafedrasının dosenti işləyib.

1971-ci ildə yenidən Leninqrad şəhərində "Yarımkeçiricilərdə kinetik effektlər" mövzusunda doktorluq dissertasiyası müdafiə edir.

1972-ci ildə Azərbaycan Dövlət Universitetinin professoru seçilir.

Bəhram müəllim 2000-ci ildə isə Azərbaycan Respublikası Əməkdar Elm xadimi fəxri adına layiq görülüb. 2001-ci ildə "Fizika" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həmin ixtisas üzrə həqiqi üzvü seçilib.

140 elmi məqalə, 4 monoqrafiya, 7 kitab 1 patentin müəllifidir.

2004-cü ildə Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Akademik Bəhram Əsgərov onlarla elmlər doktoru , elmlər namizədi, magistirlər yetişdirib.

Doğum gününüz qutlu olsun, Bəhram müəllim!

 

Şahnaz Kamalova

Ədalət.-2013.-5 oktyabr.-S.12.