MƏMMƏD KAZIM

("Bölgələrdə ədəbiyyat" silsiləsindən)

 

ƏDƏBİ HƏYAT

Gələn il, mayın 25-də Məmməd Kazımın 80 yaşı tamam olajaq. Doğrusu, onu tanıdığım illərdən (60-cı illərin əvvəlləriydi, onda mən məktəbli idim, dünyada ŞAİR adına tanıdığım ilk insan Məmməd Kazım oldu) ta bu günəcən Məmmədin qocaldığının fərqinə varmamışam. Mənim tanıdığım, uzun illər dostluq etdiyim, Məmməd müəllim kimi müraciət etdiyim, sonralar Məmməd əmi dediyim bu istedadlı insana heç cür qoca deməyə dilim gəlmir. Çünki Məmməd Kazım cismən yaşlaşsa da, qocalsa da, ruhu, ürəyi cavandır. Bu sözü ona kompliment kimi söyləmirəm, əslində, buna ehtiyacı yoxdu Məmməd Kazımın.

Bu saatın özündə Məmməd Kazım öz doğma kəndindədir. Masallı rayonunun Güllütəpə kəndində. Onun təsərrüfatı var, bağı-bağatı, meyvə ağacları, tərəvəz ləkləri, bostanı, gül kolları öz əliylə yaradılıb. Əzəldən bir kəndçi səliqəsi, bağban səriştəsi olub. Amma yaşının bu çağında da torpaqla əlləşən bu adam Azərbaycanın tanınan, sevilən ziyalılarından biridir. Ziyalılığı peşə ilə müəyyənləşdirəndə Məmməd Kazımın keçən əsrin əllinci-altmışıncı illərində Masallının Tatyan, Güllütəpə kəndlərində, Masallının özündə məktəb direktoru, müəllim, kitabxana müdiri işlədiyini yada salmalıyıq. Amma ziyalılığı ürəkdəki nurla, fikir və əqidədəki əməllə ölçməli olsaq, Məmməd Kazım doğrudan da sayılan, seçilən bir ziyalı idi. Masallıda hamı onu təkcə şair və müəllim kimi yox, həm də sözü ötən, rayon camaatının xeyrində-şərində birinci görünən, ağsaqqalın da, cavanın da rəğbətini qazanan bir insan kimi tanıyırdılar. O illərdə Masallıda yaxşı bir ədəbi mühit formalaşırdı və Məmməd Kazım da bu işdə əməyini əsirgəmirdi. Onu bir neçə dəfə şəhər uşaq kitabxanasında, rayon mədəniyyət evində, ədəbi-mədəni tədbirlərdə görmüşdüm. Sonralar Məmməd Kazım Bakıya köçdü. RadioTeleviziya Şirkətində işlədi, Azərbaycan tamaşaçılarının heç bir zaman yaddaşından silinməyəcək "Hünər" hərbi-vətənpərvərlik proqramının yaradıcısı kimi on ildən artıq səmərəli, faydalı işlər gördü. Azərbaycan oğullarının Böyük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqları milyonlarla insanların gözləri qarşısında canlandırdı. Unudulmuş, haqqını almamış oğullarımızın sorağıyla SSRİ-ni qarış-qarış gəzdi, Polşada və digər Avropa ölkələrində oldu, o qəhrəmanların həyatından bir neçə kitab bağladı. Doxsanıncı illərdə yenə Masallıya qayıtdı. Öz səviyyəsi ilə respublikada nəşr olunan ədəbi dərgilərdən heçgeri qalmayan "Qala" ədəbi-publisistik qəzetini təsis etdi, cəmi iki il nəşr olunsa da, bu qəzet təkcə Masallıda yox, bütün respublikada səs saldı. Bakıdan, Gəncədən, Qubadan, Şamaxıdan, Aran rayonlarından, Sumqayıtdan, eləcə də başqa bölgələrdən "Qala"ya bədii yazılar göndərildi. Çox təəssüf ki, o qəzet maliyyə ucbatından bağlandı. Məmməd Kazımın bir ayağı Xırdalanda (orada da evi-eşiyi vardı), bir ayağı da Masallıda dolandı. Necə ki, Musa Yaqub kimi (İsmayıllı-Bakı).

Mənim ədəbi taleyimdə Məmməd Kazımın müəyyən rolu olubbunu heç bir zaman unutmamışam. 1968-ci ildə, iyirmi yaşımda Məmməd Kazımın bir şeirlər kitabı haqqında resenziya yazdım və rayon "Çağırış" qəzetində dərc etdirdim. Bu, mənim ədəbi aləmdə ilk çıxışım idi. Mənim respublika televiziyasında ilk çıxışlarım da Məmmədlərlə bağlıdır. Əvvəlcə Məmməd İsmayıl, sonra da Məmməd Kazımla.

Məmməd Kazımı mən "altmışıncılar" ədəbi nəslinə aid edirəm. Olsun ki, ilk şeirlərini əllinci illərdə yazıb, amma bir şair kimi altmışıncı illərdə tanınıb, etiraf olunubsevilib. Onun şeirləri haqda söz açmamışdan əvvəl istəyirəm görkəmli sənətkarların, tanınmış alimlərin, tənqidçilərin fikirləri ilə sizi tanış edim. Birinci Xalq yazıçısı Anardan başlayaq: "Məmməd Kazım yetmiş illik ömür yolunda Yazıçılar Birliyi daxilində ad-san qazanmış yazıçıdır. Hərbi-vətənpərvərlik mövzusu onun əsərlərindən ana xətti kimi keçir. Təkcə "Leytenant Kərimov və dostları" povestini yazarkən Məmməd Kazım uzun illər böyük məsuliyyət hissilə ciddi axtarışlar aparmış və Polşa-Azərbaycan xalqlarının dostluğuna layiqli töhfəsini vermişdir". Unudulmaz Xalq şairimiz Məmməd Araz isə hələ 1965-ci ildə yazmışdı: "Məmməd Kazımovun adına 1957-ci ildən bəri respublikanın müxtəlif qəzet və curnallarında rast gəlirik. ..Etiraf etmək lazımdır ki,indi şeirdən-sənətdən başı çıxmayan gənc çox azdır. Hər gün redaksiyaların qapılarını nə qədər şeir həvəskarı olan gənc şair açır. Bunların içində çoxlu təzə nəfəslərlə bərabər, qafiyəpərdazlar, sözçülər, deyilənləri çeynəyib tökənlər də olur. Məmməd Kazımın öz utancaq təbiəti, təvazökar şair istedadı ilə yeni həyat lövhələri, səmimi və təbii fikirlər gətirir, hər təzə şeirində bir qənaət yaradır ki, o axtarır, düşünür, zəhmətə qatlaşır, dəstədən geridə qalmayan istedadlar sırasında öz yerini tapmaq istəyir". Unudulmaz Xalq şairimiz Bəxtiyar Vahabzadə, Xalq yazıçısı İsmayıl Şıxlı, şair-tərcüməçi Səyavuş Məmmədzadə və nəhayət, müasir tənqidimizin cavan və istedadlı nümayəndəsi Əsəd Uahangir də Məmməd Kazımın yaradıcılığından hərarətlə söz açmışlar. Əsəd Uahangir Məmməd Kazımın şeir və poemalarından ibarət ikicildliyinə "Hünər yolu" adlı çox geniş, həm də maraqlı bir məqalədə demək olar ki, Məmməd Kazımın ədəbi portretini canlandırmışdır.

Məmməd Kazım özünəməxsus şairdirbu özünəməxsusluq onun ilk şeirlərindən tutmuş bu günlər qələmə aldığı poetik nümunələrdə də yaşayır. Hələ altmışıncı illərdə "Lermontovlu cığırlarda düşüncələr" silsiləli şeirlərdə bu özünəməxsusluq bariz şəkildə nəzərə çarpırdı.

 

Gecə

Şirin-şirin uyuyur Maşuq.

Sükutg

Meşə susur, çiçəklər yatır.

Gecənin qoynunda bir dünya işıq,

Sükutun köksündə şimşəklər yatır.

 

Təpələr uyuyur sükut içində,

Adamsız cığırlar, izlər düşünür.

Maşuqun günəşi bulud içində,

Maşuqun köksündə günəş üşüyür.

 

Şair, böyükdür sənə ehtiram,

Məzarın önündə neçə kənd, şəhər.

Burda şeirin ilə başlayır axşam,

Burda şeirin ilə açılır səhər.

 

Qızıl sətirlərin gəzsə əl-əl,

Xalqla danışmadın azad dilində.

Sinənə sıxılan güllədən əvvəl,

Ölmüşdün sən neçə alçaq əlində.

 

Məmməd Kazım mövzuca rəngarəngliyə meyl edən şairdir. Bu mövzuların başında, zirvəsində Azərbaycan durur. Hansı şairəsə doğrudan ya yalandan "vətənpərvər şair" deyirlər, Məmməd Kazıma bu ifadəni söyləmək isə halaldır, çünki onun bütün yaradıcılığı, poeziyası publisistikası elə əzəldən vətənpərvərlik ruhunda olub. Hələ 1968-ci ildə Məmməd Kazım yazırdı:

 

Şirin xatirənlə qəlbim doludur,

Ən həzin laylamı Arazın çalıb.

Sinəmdə közərən bu ilham odu,

Sənin palıdının közündən qalıb.

 

Onun Vətənə aid şeirləri çoxdur bu şeirlərin hər biri ilhamla yazılıb: "Vətən", "Şamaxı", "Kömürgöy", "Sevdim bu yerləri", "Vətən laylası", "Xəzərin sahilində", "Dərbənd qalası", "Kənd xatirəsi", "Lerik notları", "Şəki" -bu şeirlər örnək olası nümunələrdir. Onun dünyaya göz açdığı Güllütəpə kəndi Talış dağlarının ətəyindədir. Bu kəndin təbiəti M.Kazımın şeirlərində dönə-dönə əks olunub. O öz kəndini çox sevir, xüsusilə bu kəndin payızını:

 

Yaşıl baharsa da təvəllüd günüm,

Gözümü açalı heç yaz görmədim.

Davaya, qırğına dirəndi ünüm,

O vaxtdan yolları taraz görmədim.

Sözlərdə göyərtdim dərdi-sərimi,

Payızda yazıram şeirlərimi.

 

Məmməd Kazım çoxmövzulu şair olduğu kimi (İnsan, Təbiət, Sevgi, Həyati qayğılar, Uəmiyyətin, mühitin qüsurları, eyibləri, gənclərə nəsihət s.), şeirlərində forma rəngarəngliyinə meyl edir. Heca onun sevimli vəznidir. Hecanın onbirliyində , səkkizliyində , on dördlüyündə eyni ustvalıqla qələm çalmağı bacarır, yeri gələndə səkkizliklər yazır, qəzələ biganə deyil. Burada təbii ki, onun bir şair kimi professionallığı imdada çatır.

Məmməd Kazım iyirmiyə yaxın poemanın müəllifidir bu poemalar da müxtəlif mövzularda qələmə alınıb. Budur, "Azərbaycan lövhələri"-bu poema altmışıncı illərdə yazılıb. Azərbaycan təbiətinin əçsrarəngiz gözəllikləri tutarlı, poetik siqlətli misralarda təcəssümünü tapıb. "Ya peyğəmbər" poeması doxsanıncı illərin sonlarında yazılıb, hər sətrindən dinimizin-imanımızın-müsəlmanlığımızın rəsuluna böyük ehtiram duyulur. "Fateh" poemasında isə doğrudan da FATEH olan, az qala dünyanı öz fütuhatları ilə lərzəyə gətirən, amma ömrü faciəli bir sonluqla başa çatan Nadir şahdan söz açılır. "Xəzər laylası" Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərovun əziz xatirəsinə həsr edilib bu əsərdə Məmməd Kazımın şeir ruhlu publisistikası da önəmli rol oynayır. Məmməd Kazımın "Maşuq əfsanəsi", "Sahildə ucalan palıd", "Uğur arzusu", "Torpağın töhfələri", "Sədaqət" poemaları da lirik səpgidədir bəzilərində hadisə, olay, əhvalat təsvir edilsə , lirikliyini itirmir.

Bir poema var ki, mən onun haqqında ayrıca söz açmaq istəyirəm. Bu poema barədə gənc şair Kənan Hacı vaxtilə gözəl bir məqalə yazmışdı: "Sözümüzün ağlayan yeri". Kənan o məqaləni bu cümləylə bitirmişdi: "Qarabağım-qara bağrım" poeması, heç bir mübaliğəyə yol vermədən demək olar ki, bir nəfəsə oxunan bir əsərdir. Qarabağ dərdimizin poetik salnaməsini yaradan bu üsyankar ruhlu poemanı oxuyub bitirdikdən sonra millətimizin qüdrətinin tezliklə oyanacağına inanmamaq mümkün deyil".

Düz tapıb Kənan Hacı. Doğrudan bu əsər oyandırıcı, ruhlandırıcı bir əsərdir. Üç min misradan artıq olan bu poemada müəllifin həm lirik planda düşüncələri, həm də ayrı-ayrı hadisələrlə, insanlarla bağlı təsvirləri doğrudan da birnəfəsə oxunur. Poemada əsas qəhrəman XALQDIR, MİLLƏTDİR, BAŞI BƏLALI AZƏRBAYUANDIR. Müəllif müharibəni insanların içindən keçirir. Axı, hamı müharibə ovqatı, ab-havası ilə yaşamır. Elə illərlə qarşılaşdıq ki, o illərdə müharibə Vətən satanlar, kreslo və vəzifə düşgünləri, milli mənafeyi unudub şəxsi kapitallarını artıranlar çoxalırdı. Fərarilik az qala kütləvi hal almışdı. Ona görə də, şair üzünü keçmişə tutur, Dədə Qorqudu, Koroğlunu, Dəli Domrulu haraylayır. Bu yurdu ancaq biz özümüz xilas edə bilərik! Bunun üçün hər bir Azərbaycan türkünün içində düşmənə qəzəb, nifrət, kin ocaqları çatılmalıdır. Poema gənclərə müraciətlə yazılan "Sonlama" ilə bitir:

 

Sil at, gözlərinin duman-pasını,

Qayıt ki, əslinə, ilkinə bağlan.

Çöhrəndə gəncliyin saf aynasını

Qoru inamınla, sındırma, oğlan!

 

Qənim get Şuşana od vuranlara,

Yetər od üstündə səntirləyirsən

Göstər öz zəhmini ac tiranlara,

Əlli beş milyonluq ər oğlu-ərsən.

 

Sən dəhnəsini tez bağla şərin,

Bəs edər bu xalqı uddu yer, Allah!

Özü öz bəxtinə qənim kəslərin

Özün gözlərinə işıq ver, Allah!

 

Biz sonda Məmməd Kazıma yeni yaradıcılıq səhərləri, axşamları arzulayaq.

 

Vaqif YUSİFLİ

ədalət.-2013.-5 oktyabr.-S.13.