TƏKAN
(Povest)
(əvvəli ötən
saylarımızda)
Maşın mənə çataçatda sürətini azaltdı, yavaşıdı bir az. Deyəsən içəridə bir əl eləyən də oldu. Gözlərimi ovuşdurdum. Məni qara basmır ki? Yox, əl bir də yelləndi. Arxasınca baxdım. Maşın "Yoxuşbaşı" meydanına dönsə, deməli bir işıq var. Dönməsə, hara gedir, niyə gedir, nəyimə gərək? Amma o,"Şahdağ" mehmanxanasının qabağında dayandı. Salonun arxa, sağ qapısı aralandı. Handan-hana içəridən bir əl çıxdı bayıra, sonra bir ayaq qoyuldu yerə. Dalğavari saçları dağılmış bir kişi çıxdı maşından. Barmaqlarının darağıyla saçlarını geri oturtdu. O yay kimi gərilmiş süvari ayaqları üstə dəyanətlə dururdu. Sürtülmüş cins şalvarında pırtdayan diz yerləri tennis topları kimi dəyirmiydi. Köynəyinin ətəklərini toqqasının altına keçirtdi. Əllərini belinə qoyub geri qanrılaraq azacıq irəli meyilli qamətini şaxlandırdı. Amma nə xeyri. İrəli atılan birinci addımdan sonra qamət öz əyriliyinə qayıtdı. O, qollarını irəli-geri ata-ata mənə sarı gəlirdi. Addımları inamlı, qəti, qeyzli-əsəbiydi. Əlində bir çubuq olsaydı, deyərdin kimisə çırpacaq. Yaxınlaşdıqca işıqlı gözləri böyüyür, sifəti sərtləşirdi. İlyas müəllim deyilmi bu? Bəli, özüdür ki, var.
Ah, nə gözəl! Bəxtimə gün doğdu. Qurban olum xeyirxahımı uğuruma gətirən Tanrıma. Uşaq kimi sevinirdim. Qabağına yüyürüb boynuna atılmaq istədim. Ancaq ürək eləmədim. Əsəbləşdiyi get-gedə yeyinləşən addımlarından bilinirdi. Əlbətdə, ürək yanmasa gözdən yaş çıxmaz. Məni şillələməyə haqqı var. Qayışını açıb mənə bir turşulu aş yedirməyə də ixtiyarı çatar. Çünki əsl kişidir, üzdə bir cür, sözdə başqa cür olanlardan deyil. Əqidəsində dönüklük yoxdu. Biganəliyə nifrət əsərlərində qızıl xətlə keçir. Onun "Boy çiçəyi" pyesi insanların daşlığını, quruluğunu parçalayan bir qılıncdır. Nargilənin anası özünə ər tapır. Lakin ər olacaq şəxs "Ya mən, ya da sənin qızın" deyə şərt qoyur. Ana əri seçir. Qızcığaz didərgindir. O özündən xeyli yaşlı bir zavod direktoruna sığınır. Ona ərə getməyə də hazırdır. Müəllif zavod direktoru Həsənzadənin diliylə insan mənəviyyatını gəmirən biganəliyə nifrətini, qəzəbini bildirir. Məni qolumdan tutub ayağa qaldırıb, oturuş-duruşuma göz qoyub, yaradıcılığımı izləyib, plenumlarda şeirlərimdən nimunələr gətirib. Paxıllarımınpuçunu burub. Yaradıcılıq səfərlərinə gedəndə məni öz qrupuna saldırıb. Əlbəttə, bu qarışıq saç-saqqalım, düymələri qırıq köynəyim, balaqları sürtülməkdən didilən şalvarım, burnu balıq ağzı kimi açılmış ayaqqabılarım məni alicənablar, şöhrətlilər, hörmətlilər cərgəsində görmək istəyən yazıçını sarsıtmaya bilməzdi. Ata üçün kasıblıq, əli gətirməməzlik bir müsibətdirsə övladını əfəl, nankor görmək gündə min bir dəfə ölməkdi.
Nizə baxışları gözlərimə dikildi. Bu baxışlar arxa tərəfimdəki əzəmətli "Qızıl qaya" dağına tuşlansaydı dağ parça-parça olub tökülərdi.
- Sədrəddin, burda nə gəzirsən? Sən axı gərək indi Nəşriyyatda iş-gücdə olaydın. İslam Səfərlini nə vaxt görsəm, deyir Muzqızdən qonarar almaqdan gəlirəm. O gün Sabir bağında Süleyman Rüstəmə rast gəldim. "Durna" əsərinin librettosunu göstərib gülə-gülə dedi ki, sənin o gözəl şairin Sədrəddin çap eləyib, sağ olsun. Mən də sevindim ki, işlərin yaxşı gedir. Şairlərlə müqavilələr bağlayırsan, bəstəkarlara mahnılar sifariş verirsən, nüfuzun, hörməting Dayan görək, - deyə bir addım geri çəkildi. - Bu saç-saqqal nədi? Anan Sayad bacı qıvraqdımı?
- Bəli, çox sağ olun, duaçıdı.
- Burda məzuniyyətdəsən yəqin?
- Yox, Nəşriyyatı bağlayıblar.
- Hə?- Əhə, əhə, - öskürdü iki ağız.- Deyirəm axı. Sazaq, şaxta ağac şivlərini daha tez vurur. Tatar şairi Musa Cəlil almanların ölüm düşərgəsində necə nikbin şeirlər yazıb. Sənin yaşıdın Xəlil Rza "Azadlığı istəmirəm zərrə-zərrə, qramm-qram" deyib Sovet İmperiyasını diz çökdürür. Ona güllə atırlar. Amma əqidəsindən dönmür, iradəsi qırılmır. Amma Nəşriyaat bağlanıb, sənin qol-qanadın qırılıb! Burda niyə dayanmısan bəs?
- Münasib maşın düşsə Bakıya getmək istəyirəm.
Maşının qabaq şüşələrini silən Timuçin geri çevrilərək:
- Ata, Sədrəddin Bakıya getmək istəyirsə, gəl aparaq avtovağzala, ordan da yola salaq da, - dedi.
- Yox, -
deyə bir an fikrə getdi İlyas müəllim.
Sonra da - Burada məsələ bir az
ciddidi, - deyə başını narazılıqla bulaya-bulaya
Timuçinə yaxınlaşdı. - Arşını
yüz ölç, bir biç, - deyiblər. Sən
də məsələnin mahiyyətini öyrənməyə
çalış. Tez-təcili başından eləmə!
- Qulaqlarımı şəkləmişdim. - Eşitmişəm
içkiyə də qurşanıb, - dedi. Yer
yarılsaydı yerə girərdim. - Yoxsa
Bakıya yola salmağa nə var ki. Amma bu
çıxış yolu deyil. Görək
neynərəm, ay Timuçin - deyib mənə tərəf
çevrildi. - Sədrəddin, Bakıda cırcırama
qabıq tökür. Bu istidə neyləyəcəksən
orda?
-
Yazıçılar İttifaqımızın sədri Mehdi
Hüseynlə dalaşacam.
İlyas
müəllimin nəzərlərisərtləşdi:
- Mehdi Hüseyn qartaldı. Adı gələndə bayquşlar tük tökür. Ölkəmizdəki durğunluq dövrlərində Yazıçılar İttifaqında bir "çalpapaqlar" qruppası yarandı. "Kora vermə, mənə ver, şilə vermə, mənə ver" deyirdi başçıları. "Rusiyada orta bir yazıçıya bağ evi, maşın, itə baxan, aşbaz, bağban da verir Litfond deyirdi: - Tolstoyun harası artıqdı məndən? Mənə də iki katibə ver, ildə bir dənə "Hərb və sülh" qoyum ortaya". Əlbəttə, Mehdi Hüseyn də "xox"dan qorxan deyil. İpini çəkib oturtdu yerində. Nöqsanı üzə, pisə pis dediyinə görə çoxu qanlı bıçaqdı Mehdiynən. Amma yaxşı əsər yaz, ol gözünün işığı. O gün Anarın bir povestini müzakirə etdik. Şirin dili, zəngin müşahidəsi var, dedi hamı. Mehdi də birotaqlı mənzil verdirdi ona. Əgəgə, Sədrəddin, - deyə iki ağız öskürdü - Əhə, əhə! - Amma indi bu "əhə"lər əsəbdən, gərginlikdən gələn yox, fərəh, qürur dolu "əhə"lərdi. Çöhrəsi allanmışdı. - Ay bala qoç döyüşünə qoç gərəkdi. Mehdi Hüseynlə dalaşanıma bax ey. Əg əg kimsən axı? Nəyin var? "Məktub yetişmədi", "Poçt qutusu", "Şeyx Şaban" hekayələri kimi bir hekayə, Mircəlalın "Bir gəncin manifesti", Mirzə İbrahimovun "Gələcək gün"g
Özümü saxlaya bilmədim:
- İlyas Əfəndiyevin "Geriyə baxma, qoca" romanıg
- Hə, heylə sanballı əsərlərin birini yazaydın. Yoxdu hələ, amma keçən il yeni şeirlərin rezonans doğuranda Mehdi məni təbrik elədi. Təəssübkeşliyimi o da yaxşı bilir. Onun nəyindən narazısan? Bəlkə hansı redaksiyadasa səni get-gələ salıblar? Bəlkə gedib Peredelkino, yaxud Yalta yaradıcılıq evində havanı dəyişəsən? Bəlkə Mehdi Moskvadakı "Xarici komissiya" şöbəsindən xahiş eləsin ki, səni Avropa ölkələrindən birinə ezam etsinlər?
- Yox! Mehdi müəllim bir qulluğa qoysun, bir iş versin, işləyim.
- Nə iş? Sənə iş veriblər də. Yazıçılar İttifaqının üzvüsən. Mehdi Hüseyn şəhərin mərkəzində üçotaqlı mənzil verib sənə. Yaxşı bişmiş qələmin var. Problem məsələlər qoy. Yazıçısansa demək xalqın yükünə çiyin verməlisən. Oğlanlarımız yad ölkələrə çörək dalınca qaçır, qızlarımız evdə qarıyır. Hansını deyim? İş istəyirsən, balam, yaz, yarat da.
- Yox, mən dəqiq bir əmək meydanı, front istəyirəm. Çalışım, özümü göstərim. Yaradıcılığımla fərəhlənim. Qürur hissim dəryalara sığmasın. Get-gedə artaram, ucalaram mən.
- Səni gözəl başa düşürəm, Sədrəddin - dedi İlyas müəllim. - Gələcəyin, yaradıcılığın səni narahat edir. Bu məni çox sevindirir. Sən çıxış yolu axtarırsan.
Birdən sanki qulağının dibində qırıcı təyyarə şığıdı. Diksinən kimi oldu. Başını geri ataraq:
- Topu meydandan çıxartmısan. Güvəndiyim dağlara qar yağdırmısan. Amma səni qırılmağa qoymayacağam. İstedadlı şairsən. Bəlkəhələ iliyinə tam işləməyib, qanını qaynatmır sənət atəşi? Əlindəki ağac sənə düyünlü görünür. Amma mən elə ki, bir əsərimin sonunucu nöqtəsini qoydum, sevincim yerə-göyə sığmır, məni təbrik edəcəklər, teleqramlar, telefon zəngləri gələcək. Amma bir bağlı qapı açacaqmı, kor gözə bir iynə ucu işıq olacaqmı? Əsərlərim həyəcan təbilləridir. Mən onların əks-sədalarını eşitmək istəyir,bu təbillərin daha gur səslənməsinə çalışıram. Arada İspan yazıçısı Servantesin ədəbi taleyinə küsənməyim də olur. O Servantes hələ sağlığında böyük xalq məhəbbəti qazanıb. Onun "Don Kixot" romanının qəhrəmanlarına heykəllər qoyulub. Əsər Avropa dillərinə tərcümə olunub. Bəs sən də sənətkarsan axı, ay Sədrəddin, xalqın məhəbbətini qazanıb,millətin adına şərəf gətirməkdi vəzifən. Böyük Viktor Hüqo Fransa mərkəzinin Paris yox, elə Hüqo adlandırılmasını istəyirdi. Bəlkə gələcək nəsillər böyük yazıçının həyəcan təbillərini daha yaxşı eşidər, yazıçının arzularını həyata keçirərlər. Sədrəddin, inanıram ki, sən söz sənətinin Olimp zirvəsinə qalxacaqsan. Özü də bel-külüng köməyiylə yox! Dişin, dırnağınla çıxacaqsan o zirvəyə. Get, otur maşına! - deyərək ayağının birini irəli qoydu və bu zaman qolu da yerindən oynadı deyəsən. Sifətimdə şirin bir göynərti duydum. Amma yox, o mənə əl qaldırmamışdı. Mənə elə gəldi ki, ləngisəm, ayaq sürüsəm məni qamarlayıb maşina basacaq. Ancaq təhnə daşları altında dağım-dağım olmuşdum. Mən başımı qaçırmaq istəyirdim.
- Düş qabağıma! - bunu təkidlə dedi İlyas müəllim.
Bilirdim, yaxşı başa düşürdüm ki, indi onu hövsələdən çıxaran mənim düşkünlüyüm, miskinliyimdi. Həyan olmaq, sığınana qucaq açmaq, quyudakına ip sallamaq, səhraya su, kor gözə işıq olmaq istəyi İlyas müəllimin xislətindəydi. O, mənim xətrimi çox istəyirdi. Başqası olsaydı indi bu "Yoxuş başı"nda məni toza-tüstüyə basıb uzaqlaşardı.
Amma bəzən çox gərgin situasiyalarda da İlyas müəllim birdən xəyala dalır, sonra quzu kimi sakit olurdu.
Səhnəmizə onlarla xeyirxah, insanpərvər obrazlar gətirən sənətkarın həyatı gözəl bir roman mövzusu ola bilərdi. Hələ gənclik illərində yasaqlara, qadağalara çox məruz qalmışdı. Yaxşı ki, yaxşılardan xali deyil dünya. "Kommunist" qəzetinin redaktoru Əli Vəliyev onu dəfələrlə cəlladların əlindən alıb, cəhənnəmin qapısından geri götürmüşdü. Başı bəlalar çəkən yazıçı indi mənim miskin taleyimə biganə qala bilməzdi.
Maşına tərəf gəldiyimi görən Timuçin kabinədən çıxıb mənə yaxınlaşdı. Altdan-altdan gülümsəməyindən sözlü adama oxşayırdı.
- Nərd aləmində təzə bir şey öyrənmisən bu keçən vaxt ərzində, yoxsa yenə həmən həmən - köhnə hamam, köhnə tasdı?
- Əşşi, yox ey! Ha
çalışdım ki, zərləri cütləməyi
öyrənim. Ancaq bunu özümə ar bildim. Sənin kimi əldən
qaçmağı da şəstimə
sığışdırmıram. Ancaq zəri
ovcumda atıb səni udmağa hazıram.
- Nərdin
yaradanını axtara-axtara Kislovodskidən gəlib
çıxmışam Qubaya, - deyib "yarama duz
basdı"Timuçin. Axırıncı dəfə
Masallıda Üzeyir həkimin əlli illiyində xəlvətə
salıb oynamışdıq. Bir tas
udmuşdu məni.
- Hə, əlbəttə,
biz də yerimizdə saymırıq. İnkişaf,
irəliləyiş var, dərsinə baxarıq. Qocadan
bala dağı, ilandan quyruq dağı getməz, - dedim.
Timuçin uğundu. Yanaqları
üzünə albalı şirəsi çəkilmiş
bulkalar kimi hamar və yağlı idi.
Maşına oturduq. Timuçin
ayağını qaza qoydu. Sərvlər,
çinarlar arasıyla uzanan "bulvar" arxada qaldı.
Yol ayrıcına çatırdıq. Timuçin sürəti
azaltdı və İlyas müəllimə baxdı:
-
Maşını hara sürüm, ata? Bakıya
evimizə, yoxsa burda "Baharlı" qəsəbəsində
yaşayan bibimgilə? Sən axı hərdən
raykomun qonaq evinə də düşürsən? - barmaqlarını sükan üstdə
oynatdı narahat Timuçin.
İlyas müəllim yay aylarını Kslovodsk
kurortlarında keçirirdi. Ancaq Bakıya dönərkən
yolüstü Qubada bacısı Məhbubəgildə bir
neçə gün qalır; məktəbli uşaqlarına təzə
pal-paltar, dəftər-kitab da alırdı. Sonra raykomun təşkilatçılığı
ilə Susay, Buduq, Xınalıq yaylaqlarında
sağıcılarla görüşür. Çoban alaçıqlarında gecələyir,
obaşdan durub şehli otlar üstündə ayaqyalın gəzməyi
xoşlayırdı. Qubada ləngiməyinin
başlıca səbəbi də ailəsini şimalın sərt
havasından Bakının bürkülərinə birdən-birə
atmamaq, bu yerlərətədricən uyğunlaşdırmaq
idi.
-
Maşını hara sürüm?
- Bizi
qovan var, hara tələsirsən? İki
gündü yollardayıq. Bir sərin yerdə
nəfəsimizi dərək də. Ə, Sədrəddin,
- deyə çiyninin üstündən geri qanrılanda
baxışlarımız kəsişdi. - Bu tərəflərə
sən daha yaxşı bələdsən, bir az
harda dincələk yaxşı-yaxşı? - deyə
İlyas müəllim əllərini bir-birinə
çırpıb dodaqlarını islatdı. - Heyif deyil
öz xörəklərimiz, makaron, borş, kotlet bezdirdi bizi. Hara sürsün Timuçin?
Başıma qaynayan qazan boşaltdılar elə bil. Anam
ağır xəstə, qardaşımı da yaxşı gəlirli
işdən uzaqlaşdırıblar. Evimizdə
üz ağarda bilməyəcəkdim.
Ancaq Əlməmmədin"Yol ayrıcı"
restoranında çöl ördəyi ləvəngisi,
asetirin kababı - bir sözlə can dərmanı desən
var. Mütəkkələrə söykənib mürgüləmək
də olar. Ya
da "Yuxarı park" restoranında stol
açsınlar.Klarnetçi Şirzadın ansamblıistədiyin
musiqini çalsın; puluna minnət. Amma o pul
anası ölmüş də çıxıb ceyran dalına.
Neyləyim? Necə çıxım bu yükün
altından? İlyas müəllimin -
"Bu yerlərə sən yaxşı bələdsən",
deməsi də o deməkdi ki, yəni gəl, qabağa
düş. "Bir az
yaxşı-yaxşı dincələk" deməsi də
çay qırağında elə-belə oturub ayaqları
suya sallamaq deyil. Quzu kababı şişlərdə
tüstülənə-tüstülənə gələ gərək.
Çolpa soyutması, dana buğlaması,
üzlü qatıqnan göy qutabı! Ancaq
bunları da lopuğa vermirlər. Pis yerdə
günüm axşam oldu.
Mən İlyas müəllimin qulluğunda
gözümü qırpmadan günlər nədi, həftələrlə
durmağa hazır idim. Ona görə yox ki, kitablarımı
plana saldırsın, Moskva qurultayına nüməyəndə
seçdirsin. Ona görə ki, o
sözü bütöv, haqqın tərəfində duran,
bununçun canından keçməyə hazır bir
adamdı. SSRİ Yazıçılar
İttifaqından çox dəyərli bir məktub
almışdıq. Moskva bir neçə
yazıçımızı Almaniyaya yaradıcılıq
ezamiyyətinə göndərmək istəyirdi. Təklif bizim Prezidium islasına
çıxarıldı. Və bundan sonra
da hənəklər, həngamələr başladı.
Oturuşmuş, yaxşı təmin olunmuş,
orden-medallıyazıçılar arasında "sən getmə,
mən gedim" davası düşdü. Mən İlyas müəllimin diplomatiyasınaheyran
oldum. O, birinin əlindən tutur, birinin boynunu
qucaqlayır, hamıya mehriban nəzərlərlə baxaraq: -
Ay yoldaşlar, bəlkə ezamiyyətə bir-iki gənc yazar
göndərək?! - dedi. - Öz balalarımız, gələcəyimizdilər.
Modernizm, ekssentirizm və bir çox başqa ədəbi
cərəyanlarla qaynayır bu günkü Avropa. Gənclik yeniliyi daha tez götürür. Onlar özlərindən nəsə təzə bir
şey artıra da bilərlər bu günkü inkişafa.
Nəticədə ədəbiyyat zənginləşər,
oxucu qazanar. Gəlin gənc, özü də fəal
yazıçılardan göndərək, - dedi. Təklif qəbul olundu. Ancaq elə
bircə bu gözütoxduğuna görə İlyas müəllimə
ürəyimin yağını yedirməyə hazır idim.
Qəçrəş bulağının ən
yaraşıqlı köşkündə yeri
görünürdü İlyas müəllimin. Bəs ora da necə aparım qonaqları?
Bulağın müdiri Babayla uşaq
bağçasına bir yerdə getmiş, məktəbdə
də bir parta arxasında oturmuşduq. Sonralar
Qubanın keçmiş birinci katibiylə buralara yolumuz
düşəndə, yüyürüb qabağımıza gələr
"Hə, bu Sədrəddin uşaqlıq dostumdu" - deyə
yalmanar, özünə xal qazandırıb, yerini isti eləməyə
çalışırdı.
Axı indi nə olub ki, batmışam qəm dəryasına?! Pulun
atasını yandıran araq-çaxırdı. İlyas müəllim də içki içməyib
ömründə. Mən də
canımı dişimə tutub dözəm. İçmərəm. Bu dəyirman
daşını boynumdan ata bilərəm bəlkə?! -
düşünür, özümü gərginlikdən
qurtarmağa çalışırdım. Babanı kənara
çəkibdeyərəm, - Qardaş,namusa
boğulmuşam. Qonağım hörmətli
yazıçıdı. Mənə
atalıq eləyib. Sən Allah, yola ver bizi. Çox əl-qol açıb doldurma süfrəni.
Bizə yüngül bir qəlyanaltı ver. Təzə
şeirlərimin qonararı yoldadı. Haqqını
bir-iki günə gətirib çatdıraram,-
desəm inanar, eşidər uşaqlıq dostum.Məni darda
qoymaz.
- Ay
Timuçin! Bakı nədi, sovxoz nədi?
Bu istidə camaat canını alıb
çölə, meşəyə qaçır. Əşşi, sür Qəçrəş
bulağına. Beş günlük dünyada biz də
bir gün insan kimi yaşayaq da, - dedim.
Timuçin dinmədi.
- Hə, Qəçrəş bulağı, - deyə bir an fikrə getdi İlyas müəllim. Sonra da - Gələn-gedəni, qonaq qarası çox olur o bulağın yenə? - soruşdu.
- Köşklərdə yer tapılmır! Daşların, qayaların üstündə süfrə açırlar. Bəziləri bufetin, kababçıların böyründə ayaqüstü yeyib-içirlər. Hamı doğmalaşır burda. Tanıyan, tanımayan bir-birini qonaq eləyir.
- Əhə, əhə, - astaca öskürüb, başını razılıqla tərpətdi İlyas müəllim. - Eh, varam belə elliyə-birliyə də.Camaata qaynayıb qarışanda ürəyim açılır. Xalqa nə qədər gərəkli olduğumu görürəm. - deyib Timuçini yüngülcə dümsüklədi. Maşın götürüldü. - Hə, eşitdin, nooldu birdən sənə? Şəhər içində qovma maşını. Hə, bax belə, adam kimi sür. O qabaqdakı tindən sağa burulub, doğum evinin yanından başı yuxarı gedərsən.
Maşın "Qəçrəş" bulağına tərəf istiqamət götürdü. Uzaqda ortası yəhər kimi çökək, yanlarda iki qaşı ağaran Şahdağ görünürdü. Asfalt yolun sağında və solundakı çinarlar gəmi göyərtəsində cərgəyə düzülmüş ağ-yaşıl köynəkli matrosları xatırladırdı. Get-gedə çinarlar seyrəkləşdi. Yolətrafı xəndək kənarlarında qaratikan, böyürtkən kolları sıxlaşıb keçilməz oldu. Meşəyə girdik. İri gövdəli palıd, qovaq ağaclarının enliyarpaqlı budaqları üst-üstə təpilir, günəşin şəfəqləri bu təbii talvarın üstündə əriyib itir, meşə qaranlıqlaşırdı. Palıd qozaları təkərlərin altında tir tüfənginin pistonları kimi şaqqıldayırdı. Az sonra açıqlığa çıxdıq. Ot dizdən yuxarı, baldırğanlar adam boyu. Talanın qurtaran yerində baş-başa verən ağacların arasındakı boşluq mağara ağzı kimi qaralırdı. Bu yaşıl bir tunelin girəcəyi idi.
(ardı var)
YUSİF
HƏSƏNBƏY
Ədalət.-2013.-8 oktyabr.-S.6.