PAYIZ ÇİÇƏKLƏRİ

 

(Sevimli müəllimim Sədnik Paşa Pirsultanlı Haqqa qovuşdu...)

 

Deyirdi ki, "Aytel, mən öləndə yasıma qara geyib gələrsən". Qara geydim o gün. Bəlkə də o gün hamıdan çox ağlayan mən oldum - "Qara paltarlı qadın" - mən.

 

Dərd ürəyim oyunca,

Qurban gedim boyunca,

Eşitsən ki ölmüşəm,

Ağla məni doyunca.

 

Ali təhsilimi başa vurduqdan sonra ilk iş yerimə tələsirdim. Etiraf edim ki, özümdən çox razı bir xanım idim. Texniki universitet bitirsəm də, ədəbiyyatı sevirdim. Oxumadığım bədii ədəbiyyat qalmamışdı (əlim çatan kitabxanalardan). Hətta bir şeir kitabım da çıxmışdı - "Sevgidən doğulan işıq". Özümü şair hiss edir, şeirlərimin (qüsurlarla dolu şeirlərimin) qarşısında durmağa şair axtarırdım (gənclik elə bu deyilmi?).

İlk iş yerimdə - Gəncədə yerləşən "Pirsultan nəşriyyat və poliqrafiyası"nda Sədnik Paşa Pirsultanlı məni gözləyirdi. Onu da deyim ki, ora getməyimi şair-publisist Ramız Təmkin məsləhət görmüşdü.

Qapını döydüm, otaqdan səs gəldi: "Buyurun". Otağın yuxarı tərəfində üzərində kitab-dəftər, qələm, kağız-kuğuz olan masanın arxasında əyləşmiş nuranı bir ağsaqqal gördüm. Bəstəboylu olduğu çox tez nəzərə çarpırdı. Salam verdim, əyləşməyə yer göstərdi və dedi:

- Eşidirəm səni, qızım.

Doğrusu, bu müdir-müəllimin mənə "qızım" müraciəti çox xoşuma gəldi. Dedim:

- Mən burada işləmək istəyirəm.

Üzündə səmimi bir təbəssüm yarandı. Sifətinə baxanda ilk nəzərə çarpan qalın, gözlərinə kölgə salan qaşlarını bir-iki dəfə yuxarı dartaraq məni diqqətlə süzdü və soruşdu:

- Hansı sənətin sahibisən?

- Texniki universitet bitirmişəm.

- Qızım, axı bura ədəbiyyat adamları gəlir. Yaxşı, başqa nə iş bacarırsan?

- Heç nə.... (susdum).

- Bəs bura nə üçün gəlmisən?

Doğrusu yaman tutuldum. Bir müddət susdum və dedim:

- Şeir kitabım da var....

- Eləmi, çox gözəl. Mənə bir-iki şeir oxuyarsanmı?

Kitabımı çantamdan çıxardım və şeirlərimdən oxudum. Məni diqqətlə dinləyir, arada "afərin" deyirdi. Sonda qərar verdi:

- Sabahdan gəl işə!

Sevincimin həddi-hüdudu yox idi. Elə səhərisi folklorşünas-alim Sədnik Paşa Pirsultanlının rəhbərlik etdiyi "Pirsultan nəşriyyatı və poliqrafiyası"nda bədii redaktor vəzifəsinə təyin edildim. Elə həmin zamandan Sədnik müəllimin yaradıcılığı ilə yaxından tanış olur, Azərbaycan və dünya ədəbiyyatının incilərini onun kitabxanasından oxuyur, öyrənirdim. Onun yazılarını yazdıqca, nəşrə hazırlanan kitablarını korrektə, redaktə etdikcə məndə də folklora maraq yaranır, Türk dünyası söz tarixinə bələd olurdum.

Sədnik Paşayevin adı ilə hansı qapını döysəydin, qapılar üzünə taybatay açılırdı. Tək Gəncəbasarda yox, bütün Türk dünyasında tanınır, sevilirdi. Fəxr edirdim onunla, öyrənirdim ondan. Sonralar bizim ailələr arasında qohumluq bağları da yarandı.

Hər gün yeni-yeni şeirlər yazırdı. O zamanlar şeirlərinin "İlham pərisi" də mən idim...

Mənə "qızım" deyirdi. Və altı övladından başqa mənə də olan böyük sevgisindən xəbərdar idim...

 

Əzizim, ulu dağlar,

Çeşməli, sulu dağlar,

Burda bir igid ölüb,

Göy kişnər, bulud ağlar.

 

Elə günlər olurdu ki, gecəyarı mənə zəng edib deyirdi: "Aytel, qələm kağız götür". Bilirdim ki, təzə şeir yazıb. Yuxulu-yuxulu kağız-qələmə qaçırdım. Və bir gün bir kitablıq şeiri ona göstərdim. Onun şeirləri idi. O şeirləri beş il ərzində bir-bir toplamışdım. Və xahiş etdim ki, bu şeirlərdən ibarət kitabın adını "Payız çiçəkləri" qoysun. Onu da deyim ki, o bir kitablıq şeirlər Sədnik müəllimə əsil sürpriz oldu. Mənim o şeirləri toplamağım, kompüterdə yığaraq kitab şəklində ona təhvil verməyim, onsuz da zərif qəlbli müəllimimi çox kövrəltdi.

Deyirdi: "Aytel mən bir sözümlə adamı dağa qaldıra da bilərəm, dağdan endirə də". Düz deyirdi. O istədiyi adamı yüksəldə və bir anlıq yerə vura bilirdi. Hazırcavablığı, baməzəliyi, əliaçıqlığı, qonaqpərvərliyi dillər əzbəri idi. Siyasətə qarışmazdı. Söz düşəndə deyərdi: "Padşahla padşahlıq eləmək olmaz".

Bir gün işlədiyim redaksiyaya (baş redaktoru olduğum "Töhfə" qəzetinin redaksiyasına) orta yaşlı bir bəylə gəldi. Sədnik müəllim salam-kalamdan sonra lap aşağıdakı stulda əyləşdi. Yanındakı adam isə salam belə vermədən keçdi başa. Him-cimlə soruşdum: "Bu kimdi ki başa keçir?" Sədnik müəllim ucadan dedi: "Fikir vermə, Aytel, müəllimdi".

Yay ayları idi, Gəncədə "Xan bağı"nda bir neçə gənc xanım və Paşayev istirahət edirdik. Universitetdən yaşlı bir müəllimə bizə gözünü süzdürərək istehzalı şəkildə dedi: "Ay Sədnik müəllim, yenə cavan xanımları başına yığmısan...". Doğrusu qadının istehzalı baxışı mənim acığıma gəldi və dedim: "Ay Sədnik müəllim, o niyə elə edir? Güldü və dedi: "Aytel, eşitməmisən, xəstə yanında nar yeməzlər".

Bu kimi hadisələr o qədərdir ki, hətta Sədnik Paşa Pirsultanlının sözlərindən ibarət lətifələr kitabı da ışıq üzü görüb...

 

Əzizim, el arasın,

Cənnət say el arasın,

Ölüm yaddır o kəsə,

Ei sevsin, el arasın.

 

Daim gənclərlə olurdu. Deyirdi ki, məni cavan saxlayan gənclərin arasında olmağımdı. Toy, nişan, ad günləri və s. mərasimlərdə çağrılan yerə mütləq gedərdi. Həm də ağır, sanballı, özünəlayıq şəkildə. "Ruhani" havasını çox özünəməxsus rəqs edərdi (bu, efirlərdə belə yayınlanıb).

Dadlı yeməkləri həm bişirməyi, həm də yeməyi çox sevirdi. Bu yaxınlarda mənə zəng etdi və dedi: "Anana de, bir yaxşı xəngəl hazırlasın, yuxası çox nazik olsun haa, gəlirəm sizə". Anam tez hazırlıq gördü. Deyəsən, müəllimim bəyənmişdi xəngəli.

Son zamanlar yaman kövrək olmuşdu. Mənim Bakıya köçməyim onu çox üzmüşdü. Telefonda bir dəfə incik halda dedi: "Aytel, bə xəstələnmişəm, niyə buralara gəlmirsən..."

Ölümündən bir gün əvvəl Ramiz Təmkinə zəng edib deyib ki, "sabah gejdənnən (gəncəlilər tezdənə gejdən deyir. Həmişə bu sual məni düşündürüb ki, axı tez deməlidilərsə niyə gecdən deyirlər. Sonralar uşaq ədəbiyyatının tanınan siması Aləmzər Əlizadə mənə izah etdi ki, gejdən gejədən - gecədən deməkdi. Yəni o başdan) gələrsən mənim iş yerimə Aytelin yanına gedəcəyik". Mənə kitab verməli idi - "Pirsultan pinarı" şeirlər toplusunu. Həmişə olduğu kimi yenə də ən gözəl əsərinin sevincini mənimlə bölüşmək istəyirdi. İş yerində də deyib "Uşaqlar, Ayteli görmək istəyirəm, durun onun yanına gedək (ümumiyyətlə, Paşayev günün hansı vədəsi olur-olsun işini buraxıb ürəyi istəyən yerə gedən idi). Sonra nə qərara gəlibsə, deyib sabah gedərik (keşkə həmin gün gəlsəydi....). Səhərisi Ramiz Təmkin və idarə işçiləri onun yolunu çox gözlədilər....

Onunla axırıncı dəfə yazıçı-şair, jurnalıst Kənan Hacı Gəncəyə gələndə görüşdük. Həmin görüşün videolenti məndə durur. O qədər həyat eşqiylə, sevgiylə danışırdı, inanmaq olmazdı ölümünə. Həm də qəfil ölümünə...

85-ə yaxın idi kitablarının sayı, dedim: "Ay Sədnik müəllim, gələn il 85 illiyiniz olacaq, elə edin ki, kitablarınız da gələn iləcən 85 olsun". Dedi: "Aytel, sən nə danışırsan, doxsana çatacaq".

Son zamanlar əli qələm tutmurdu. Məncə yazar üçün bundan ağır dərd yoxdu. Gecənin bir vədəsi, hansısa misralar yadına düşür, onu kağıza köçürəmmirsən... Deyirdi: "Yaddaşımda qalanı səhər kompüterçiyə deyirəm, köçürür. Yadımdan çıxanlar isə hayıf olur...". Və bir də deyirdi ki: "Sinəmdə o qədər kitabların mövzusu var, cild-cild, qalaq-qalaq". Qismət olmadı...

Mən deyərəm ki, Sədnik Paşa Pirsultanlı kimi həyat eşqli, yorulmaz, məhsuldar ikinci bir yazar tapılmaz. Ağrıyırdı, acıyırdı, küsürdü, inciyirdi, lakin bütün bunları büruzə vermirdi.

Son zamanlar çox kövrək olmuşdu. Söhbət əsnasında tez-tez kövrəlir, pünhanca cibindən yaylığını çıxarıb göz yaşlarını silirdi. Onun nəsrindən yazdığım tədqiqatı ilk dəfə mətbuatda görəndə mənə zəng etdi və göz yaşları ilə təşəkkürünü bildirdi. Sonra "Sədnik Paşa Pirsultanlı nəsri" kitabımı çap etdirdi, çox həvəslə. Bilirdi ki, son illərdə yazdığı şeirlərindən ibarət kitab hazırlayıram - "Payız çiçəkləri" adlı şeirlər toplusuna yazdığım araşdırma kitabını. Həm də ona görə gözləyirdi ki, o kitab Sədnik müəllimin sevimli ömür yoldaşı, dünyasını vaxtsız dəyişmiş Səfurə Pirsultanlının yoxluğundan sonra qələmə aldığı ilk məhəbbət şeirlərindən ibarət idi. O şeirlər ki, doğum tarixinə, yerinə-yurduna, əyin-başına mən yaxından bələd idim. Bəlkə də o kitab Paşayevin ömrünün on ilinin xatirə kitabi olacaqdı. Çox səbirsizliklə gözləyirdi o kitabı. Kitab demək olar hazır idi, amma tənbəllik və məsuliyyətsizliyim ucbatından müəllimim o kitabı görmədi. Və bilmirəm ki, o kitabı nəşr etdirəcəyəmmi....

 

Əzizim, daşdı dağlar,

Çınqıllı, daşdı dağlar,

Sən yatıbsan naqafil,

Mehmanın köçdü, dağlar!

 

Folklora o qədər bağlı idi, onun gözlərindən baxaraq, onun ürəyindən su içərək, onun sözlərində süslənərək mən də özüm bilmədən folklorçu olmuşdum. Ayrı-ayrı yerlərə gedəndə ordakı yaşlı-başlı adamların dilindən çıxan hər bir kəlməni qələmə almağa çalışırdım.

O hətta son kitabında ("Azərbaycan ağız ədəbiyyatı bayatıları") gənc folklorşünaslara cığır da açır, bu cığırla getmək lazımdı, bu yolun başında filan sirr açılacaq deyir, hətta quş dilinin də öyrənilə biləcəyinə işarə edirdi: "Quşun lüğət xəzinəsində olan 26 sözü öyrənmək yaşlı adama çətindir. Lakin bunu cavan qarşısına qoysa məqsədinə nail olar". Və elə həmin kitabdaca bir neçə quş sözünün açarını da oxucuya - quş dilini öyrənmək istəyənlərə ərməğan edir.

O, öyrənməyi və öyrətməyi çox sevirdi. Bacarıqlı tələbəsinə fəxrlə baxır, "mənim yetirməmdi", - deyirdi (yetirmələrinin çoxusu onu son evinə yola salmasa belə...). Mənə deməsə də, ayrı-ayrı adamlardan eşidirdim ki, məndən razıdır.

Bir efirdə jurnalist mənə sual verəndə ki, ədəbiyyata necə gəldin, yardımçın oldumu, qeyri-ixtiyari dedim, yardımçım olmayıb, özüm gəlmişəm. Əslində mən uşaqlıqdan bədii ədəbiyyatı sevmişəm, oxumuşam, şeirlər yazmışam, ilk kitabım çıxıb, bütün bunlardan sonra Sədnik müəllimi tanımışam. Lakin mən onun yanında nəsrə başlamışam. Ondan bəhrələnmişəm, o mənim yardımçım olub, haqqımda yüksək fikirlər söyləyərək mənə qanad verib, müxtəlif mətbu orqanlarda imzamı tanıdıb. Və onunla çoxlu sayda deyişmələrimiz var. Hətta Paşayevin topladığı əfsanələrdən təsirlənərək yazdığım şeirlər də yaradıcılığıma daxildir.

Bu yaxınlarda Türkiyənin Muğla bölgəsində festivalda idim (Uluslararası Aktivist Sanatçılar Birliyinin təşkilatçılığı və UASB-nin Azərbaycan təmsilçisi, rəssam Nevai Metinin dəvəti ilə). Orada Sədnik müəllimin iki kitabını Muğladan seçilmiş Millət vəkili Nurəddin Dəmirə və UASB-nin başqanı Umit Yaşar Işıkhana təqdim etdim. Təqdimatı videogörüntü ilə Paşayev də izlədi. Əlbəttə, bu, mənim müəllimimə olan sevgim idi ki, burdan ora kitablarını Görüntülərə kövrələ-kövrələ baxdı...

Övladlarını, nəvələrini çox sevirdi. Böyük oğlu Səyyaf Paşayevin qəfil ölümü onun qəddini bükdü...

 

Mən aşiqəm ov deyil,

Çaxmaq deyil, ov deyil,

Qolun qurusun, ovçu,

Bu, vurmalı ov deyil...

 

(bayatılar S.P.Pirsultanlının "Azərbaycan ağız ədəbiyyatı bayatıları" kitabından götürülmüşdür.)

Deyirdi ki, "Aytel, mən öləndə yasıma qara geyib gələrsən". Qara geydim o gün. Bəlkə də o gün hamıdan çox ağlayan mən oldum - "Qara paltarlı qadın" - mən.

Öldüyü bir gündən hamı soruşurdu: "İradə, sən niyə sevimli müəllimin barədə yazmadın, niyə susdun?". Amma kimsə bilmədi ki, mən susmadım. Müəllimimlə hər gün söhbət etdim, lakin qələmə yaxın dura bilmədim. Göz yaşlarım qoymadı yazmağa...

Və mənə bir söz də deyirdi, deyirdi ki, "Aytel, mən bilirəm ki, sən məni daim xatırlayacaqsan". İndi görürəm o yenə də haqlıymış. İstəsəm də, istəməsəm də sevimli müəllimimdən - Sədnik Paşa Pirsultanlıdan danışıram...

 

İradə Aytel

27.09.13

Ədalət.-2013.-8 oktyabr.-S.6.