XALQIN SAĞLAMLIĞINA VƏ GƏLƏCƏYİNƏ HESABLANAN DÖVLƏT QAYĞISI

 

(mövzu əsasında IX yazı)

Paytaxtdan ucqarlara...

 

Son illər respublikamızda səhiyyənin mərhələlərlə inkişafı gələcək üçün böyük ümidlər verir. Etiraf olunmalıdır ki, paytaxtımızda mövcud səhiyyə müəssisələrinin yeni avadanlıqlarla dünya standartlarına uyğunlaşdırılması, eyni zamanda yeni klinikaların və müasir tibb mərkəzlərinin açılması sürət və keyfiyyət baxımından qarşıya qoyulmuş məqsədə zəruri önəm verir.

Azərbaycan səhiyyəsi gerçəkdən özünün yüksək dövrünü yaşayır. Bu gün paytaxtla yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır. Ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin regionlarda da inşası Azərbaycan dövlətinin vətəndaşlarına göstərdiyi qayğının təzahürüdür.

Prezident: "Böyük bölgələrdə yeni xəstəxanalar, diaqnostika mərkəzləri tikilir..."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionlara səfərində, bütün görüş və çıxışlarında sosial-iqtisadi inkişafın effektiv nəticələri kimi əhalinin sağlamlığına göstərilən qayğını xüsusi vurğulayır. Prezident deyir: "Azərbaycanda bütün sahələr kimi, səhiyyə sahəsi də inkişaf edir. Həqiqət ondan ibarətdir ki, son illərdə bu sahəyə qoyulan sərmayə bir neçə dəfə artmışdır. Dövlət büdcəmizdə səhiyyə məsələlərinə ayrılan xərclər bir neçə dəfə artmışdır. Bu vəsaitin hesabına bütün bölgələrdə xəstəxanalar, müalicə-diaqnostika mərkəzləri tikilir... Gərək bu mərkəzlərdə, xəstəxanalarda yaxşı tibbi xidmət göstərilsin.

Onun üçün həkimlərin həm peşəkarlığı yüksəlməlidir, həm də onlar öz biliklərini artırmalıdırlar. Eyni zamanda beynəlxalq əlaqələr də genişlənməlidir. Bizim həkimlər xarici klinikalarda təcrübə toplamalıdırlar. Eyni zamanda biz dünyanın aparıcı tibb mərkzlərindən Azərbaycana həkimlərin ezam edilməsi məsələləri ilə məşğuluq..."

... Əsas istiqamətlərdən biri də kənd rayonlarında səhiyyənin inkişafıdır

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı respublikamızın hər yerində olduğu kimi, Göyçay rayonunda da uğurla həyata keçirilir. Xüsusilə son illər Göyçay rayonunda inkişaf tempi daha da artaraq insanların rifah halı və maddi vəziyyəti yüksəlir. Təbii ki, bu inkişafın əsas istiqamətlərindən biri də səhiyyə sahəsidir.

Xeyli vaxtdır ki, rayonda bu sahəyə təcrübəli həkim və bacarıqlı təşkilatçı Famil Zeynalov başçılıq edir.

Burada maraqlı bir faktı xatırlamaq lazım gəlir. Göyçay kimi səhiyyə istiqamətli özünəməxsusluğu olan bir rayonda baş həkimin ikinci dəfə eyni vəzifəyə gətirilməsi presidenti olmayıb.

Bu mənada əsas səbəblərdən biri budur ki, Göyçayda hələ keçmişlərdən üzü bu yana səviyyəli kadr məsələsində problem yaranmayıb. Böyük təşkilatçılıq bacarığı ilə fərqlənən Famil Zeynalovun Göyçay səhiyyəsinə təkrar başçılığı isə bu mənada nadir istisnalardandır.

Yüksək səviyyəli kadr və nümunəvi idarəetmə həlledici amildir

Buradaca bir az keçmişə ekskurs etmək zərurəti yaranır. Müharibədən sonrakı dövrlərdə, xüsusilə keçən əsrin altmışıncı illərində Göyçay rayonunda səhiyyənin inkişafı diqqət çəkirdi.

Xüsusilə kadr potensialı ilə. İstər respublikada, istərsə də respublikadan kənardakı ali tibb müəssisələrində oxuyub təhsil almaq istəyənlərin sayı, digər ixtisas sahələrini üstələyirdi.

Təbii ki, həkim olmaq xoşbəxtliyi hamıya nəsib olmurdu. Çətinliklər bütün mənalarda digər institutlara qəbullardan çox idi. Buna baxmayaraq, Göyçaylı kadrlar həm rayon üçün, həm də respublikanın digər yerlərindəki tibb müəssisələri üçün səviyyəli həkimlər kimi yetişirdi. Sözsüz ki, daha yaxşı və bacarıqlı olanları. Elə bu səbəbdən də Göyçay rayonunun pediatorları, daxili xəstəliklər üzrə mütəxəssisləri, cərrahları, hətta stomatoloqları Şirvanda məşhur idilər.

Qonşu rayonların sakinləri, Ağdaş rayonu istisna olmaqla indinin özündə də həkim müayinəsi və bir sıra müalicələr üçün Göyçaya üz tuturlar. Hələ sovet dövründə Şirvan bölgəsində ilk müasir rayon xəstəxanası, uşaq xəstəxanası, stomotolji poliklinika və digər zəruri səhiyyə müəssisələri Göyçayda inşa edilmişdi.

 

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2013.- 8 oktyabr.-S.7.