Cəlil Məmmədquluzadənin ruhu məni
bağışlasın...
Bugünkü
müsahibim həm teatrda, həm də kinoda bir çox
uğurlu rollara öz imzasını atmış aktrisa, xalq
artisti Səidə Quliyevadı
- Səidə
xanım, utancaq, sadə bakılı qızı necə oldu
ki, aktrisalıq sənətini seçdi?
- Orta məktəbi bitirdikən sonra mənim sənət barədə yalnız təsəvvürlərim vardı. Onların formalaşması isə artıq universitet illərində baş verdi. Böyük sənətkarımız Adil İskəndərovun tələbəsi olmuşam. Artıq bu adın özü mənim yaradıcılığımda böyük üstünlükdü. Həm də o vaxtı Adil müəllim kinostudiyadan uzaqlaşıb, özünü yalnız pedaqoji fəaliyyətə həsr etmişdi. Mənim də bəxtim elə gətirdi ki, onun kursuna düşdüm. O da bütün əməyini bizə sərf elədi. Yəni bir aktrisa kimi formalaşmağımda rəhmətlik Adil müəllimə çox borcluyam. Mənim kurs yoldaşlarım Nurəddin Mehdixanlı, Ramiz Novruz, Bəxtiyar Xanızadə olublar. Nurəddin Mehdixanlı ilə mən bir gündə teatra gəlmişik. Bir də ki, biz Adil müəllimin axırıncı kursu olmuşduq. Və mənə belə gəlir ki, onun zəhməti hədər getmədi.
Teatra gələn gündən isə Vilyam Şeksprin "Heç nədən hay-küy" tamaşasında Hero obrazım olub. Çox böyük sənətkarlarımız Hökümə Qurbanova, Nəcibə Məlikova, Mövsüm Sənani,Vəfa Fətullayeva, Fuad Poladovla tərəf-müqabili olmuşam.
- Həm teatrda, həm də kinoda çoxlu rollarınız var. Bir aktrisa kimi bu gün kinoşünasların, teatrşünasların işlərindən, teatra olan baxışlarından razısınızmı?
- Çox təəssüflər olsun ki, mən bir-iki imzanı çıxmaq şərti ilə bu sahədən narazıyam. Çünki, indiki gənclərdə mən işləmək, araşdırmaq həvəsi görmürəm. Teatra həvəsi, marağı olan insan mütləq bu sahədə fomalaşmalıdır. Elə çox uzağa getməyək. Fərz edək ki, bir jurnalist gəlir müsahibə götürməyə, o qədər adi, bəsit suallar verir ki, adam bilmir nə cavab versin... İndi qəzetlər, jurnallar elə bil cərimə batalyonudu. Hamısında cavan, teatrdan anlayışı olmayan insanları məhz mədəniyyət sahəsinə yönəldirlər. Bu yaxınlarda bir gənc jurnalist mənə zəng vurub, müsahibə götürmək istədiyini bildirdi. Mən də gördüm cavan uşaqdı, ürəyini qırmadım, razılıq verdim. Sağollaşanda mənə dedi ki: "Səidə xanım, siz hansı teatrda işləyirsiniz?" Və mən təbii ki, həmin görüşü ləğv etdim. Bilirsinizmi, bu çox gülməli vəziyyətdi. Mənim yaradıcılığımdan məlumatsız insan mənimlə nə söhbət edə bilər axı?! Yəni araşdırmaq, öyrənmək lazımdı.
O ki qaldı teatr sahəsinə. Mən hərdən deyirəm ki, nə yaxşı ki, indiki dövrümüzdə İlham Rəhimli kimi bir təhqiqatçı yaşayır. Çünki, o, Azərbaycanda olan bütün teatrların aktyorlarına, aktrisalarına bələd olan insandı. Və hər kəsin yaradıcılığını çox gözəl bilir. Mən İlham Rəhimlinin qarşısında baş əyirəm. İnanın mənim səmimiyyətimə... Ona görə ki, bu insan çox böyük təhqiqatlar aparır. Tetarın dünəniylə, bu günüylə maraqlanan çox mükəmməl mütəxəssisdir. Daha sonra Aydın Talıbzadə, Məryəm Əlizadə də bu sahədə çox böyük işlər görürlər. Amma yenə də bir neçə insan bəs etmir.
- Bir müddət
pedaqoji fəaliyyətlə məşğul oldunuz. Sonra isə ara verdiniz. Bu
nə ilə bağlı oldu?
- Doqquz
ildir ki, mən pedaqoji fəaliyyətimi
dayandırmışam. Çünki, ildən-ilə
savadsız tələbələrlə rastlaşırdım.
Bu dəqiqə cəmiyyətimizdə çox
ciddi savadsızlıq hökm sürür.
- Belə klişe bir söz var. Aktyor
rejissordan asılıdı. Sizcə istedadlı insan kimdənsə
asılı ola bilər?
- Gəlin,
bu məsələnin bir az dərinliyinə
varaq. Çünki, aydın məsələdi
ki, aktyor həmişə rejissordan asılıdı.
Əgər bir rejissor əsər götürmürsə, kim mənə rol verəcək və mən nə
oynayacam? Bunun üçün də mən deyirəm
ki, bəli, mən rejissordan asılıyam. Əgər rejissorun götürdüyü əsərdə
mənə uyğun rol varsa, onu mənə verəcək,
yoxdursa, yox. Ola bilər ki, asılı sözü bir az başqa cür səslənir. Amma aktyor həqiqətən də rejissordan
asılıdır. Bəzən məndən
soruşurlar ki, siz filan əsərdə hansı rolu oynamaq istərdiniz.
Mən buna qəti cavab vermirəm. Çünki, rejissorun seçimi, aktyorunu hansısa
rolda görməsi çox vacib və uğurlu məsələdi.
Təəssüflər olsun ki, indi Azərbaycanda
rejissorlar aktyorlarla işləmək istəmirlər. Elə
hazır materiallar üzərində davam edirlər.
- "Bala-başa bəla"
tamaşasından sonra nədənsə rejissorlar sizi komik
rollara cəlb etməyə çalışdılar. Bu tamaşanın uğurundan yaranan vəziyyət
idi?
- Ola bilər.
Çünki tamaşaa həqiqətən də
uğurlu tamaşa idi. Amma mən bunu həm
də rejissorların, bayaq dediyim kimi işləmək, zəhmət
çəkmək istəməmələrinə
bağlayıram. Ancaq mənə elə gəlir
ki, aktyorun boynuna hər cür rol qoymaq lazımdı. Yaxşı aktyor üçün amplua söhbəti
olmamalıdır. Çünki, aktyorun
qüdrətli olması, hər rolun öhdəsindən gəlməsi
ilə ölçülür. Mən yenə
deyirəm, çox təəssüflənirəm ki,
rejissorlar mənə eyni rolları vermək istəyirlər.
Bu yaxınlarda bir jurnalist mənə zəng vurub
soruşurdu ki, bəs gənc rejissor Kənan M. M belə bir
ifadə işlədib ki, "mən film çəkdim. Dörd mindən çox adam sınaqdan keçirdim və öz filmimə
uyğun aktyor tapa bilmədim". Mən də həmin jurnalistə
dedim ki, axı Kənan kimdir ki, aktyor
seçiminə çıxır və aktyor tapa bilmir. Yəni, məni düzgün başa
düşün, mən bu kimdir sözünü onun şəxsiyyətinə
görə işlətmirəm. Çox
yaraşıqlı, cavan, ürəyi təmiz gəncdir.
Mən sənət baxımından nəzərdə
tutub deyirəm ki, o, hələ bu sahədə bir söz deməyib
ki, kimisə də bəyənə, ya bəyənməyə.
Kənan klipmeykerdi, klipləri də çox
aşağı səviyyədə çəkilən kliplər
olub. İndi kimsə iki, üç nəfər
onu tərifləyibsə, o demək deyil ki, o, bu boyda aktyor
ordusuna qarşı belə sərt fikir yürüdə.
Mənim onun yaşı qədər səhnə fəaliyyətim
var. O, bir sınaq çəkilişi təşkil edərdi və
məni çağırardı. Mən ona bir qəpiksiz
kömək etməyə hazır olardım. Və yaxud da gəlsin otursun mənim yanımda.
Mən teatrımızda nə qədər gənc,
istedadlı aktyorların olduğunu ona sübut edim. Bilirsinizmi, nə qədər ki, biz sağıq,
yaxşı olardı ki, onlar bizdən istifadə etməyi
bacarsınlar.
- Sonuncu teatr tamaşanız olan Cəlil
Məmmədquluzadənin "Anamın kitabı" əsərindəki
ana rolunuz barədə nə deyə bilərsiniz?
-
Bildiyiniz kimi həmin tamaşaya çox müraciətlər
olunub. Bir çox teatrlarda da oynanılıb.
Bizim teatrda da Firudin Məhərrəmli tərəfindən
səhnələşdirilib. Mənə də
rol bölgüsü zamanı ana rolu verildi. Sözün
düzü mənə elə gəlir ki, "Anamın
kitabı" əsəri "Dəli
yığıncağı", "Danabaş kəndinin əhvalatları",
"Ölülər" əsərləri ilə müqayisədə
hardasa bir azca zəif əsərdi. Lakin, buna
baxmayaraq bu gün klassik əsərlərə müraciət
çox düzgün yoldu. Açığı
mən qorxurdum ki, bu cür müasirləşmə,
kompüterləşmə dövründə bu tamaşa qəbul
olunmayacaq. Amma inandırım sizi ki, mən
öz fikrimdən utandım. Çünki,
tamaşa həqiqətən də çox gözəl qəbul
olundu. Və hər dəfəsi
anşlaqla davam edir. Aktyorlar çox həvəslə,
zövqlə oynadılar. Orda ananın
ölümü səhnəsində övladları
başına yığışır. İnanın,
mən səhnədə yerdə uzananda başıma
yığışan, mənim oğlanlarım rolunu oynayan
aktyorlar necə ağlayırdılarsa, mən də
özümü saxlaya bilməyib, qəhərlənirdim.
Bir söz də deyim, qoy Cəlil Məmmədquluzadənin
ruhu məni bağışlasın. Çünki, mən
həmin tamaşadakı roluma özümdən bir neçə
cümlə də əlavə eləmişəm.
- Səidə xanım, həmin əsərin
yazılmasından yüz ilə yaxın vaxt keçməsinə
baxmayaraq, yenə də analar əziyyət çəkir, mənəvi
dəyərlər ayaq altına salınır, övladlar
valideyn sözü eşitmir. Həm qadın, həm ana, həm
də bir aktrisa kimi sizcə aradan yüz il
keçməsinə rəğmən niyə bu problemlər hələ
də davam edir?
- İnanın ki, bu barədə mən özüm də
çox fikirləşmişəm ki, bütün bunlar niyə
baş verir? Axı biz millət olaraq uca millətik. Ataya-anaya, ailəyə bağlı insanlarıq.
Bizim insanımız harda, nə qədər
yaşamasından asılı olmayaraq gec-tez öz vətəninə
qayıdır. Çünki, vətənə,
torpağa bağlıyıq. Bəs onda
niyə bu qədər pis ailədaxili hadisələr, cinayətlər
günü-gündən çoxalır. Mənə
belə gəlir ki, bütün bunların kökündə
tamahkarlıq durur. Hər şey mənim
olmalıdı prinsipi ilə yaşayan insanlar da cəmiyyətdə
pis hadisələrin törənməsinə səbəb
olurlar. İnsanlar ucdantutma əşya xəstəliyinə
tutulublar. Hamı istəyir ki, ancaq o
yaxşı vəziyyətdə yaşasın və hər
şey onun olsun. Bu çox pis haldı.
Əvvəllər iki-üç ailə bir evin içərisində
çox mehriban yaşayardı, yola gedərdi.
Mən uşaq olanda qonşuluğumuzda bir rus qadın
vardı. O
peraşki bişirəndə biz hamımız gözləyirdik
ki, o, bizim payımızı gətirəcək. Və elə də olurdu. İndi
isə belə hərəkət edən insanlar qalmayıb.
- Tamaşada demək
olar ki, tərəf-müqabilləriniz gənclərdi. Gənclərlə
işləmək necədi, çətin deyil?
- Qətiyyən. Çünki, hər biri
çox yaradıcı gəncdi. Mənim qızım rolunu
oynayan Şəlalə Şahvələdqızı ilə əvvəllər
mənim heç bir ünsiyyətim olmamışdı. Amma
tamaşa zamanı mən onun necə gözəl xasiyyətli
insan olmasının şahidi oldum. Həm
insanlığına, həm aktrisalıq qabiliyyətinə
sözün əsl mənasında vuruldum. Mən burdan
bütün gənclərə tövsiyə edərdim ki,
Şəlalə kimi çalışqan olsunlar. Anar Heybətov
mənim gənclər arasında ən sevimlimdi. Və mənə
elə gəlir ki, Anar hələ bu günə qədər
teatrda öz rolunu oynamayıb. Çox istərdim ki, rejissorlar onda olan istedada diqqətlə
fikir versinlər. Aslan Şirinov özü
çox maraqlı aktyordu. Yəni gənclik
var, sadəcə olaraq onlara stimul verilməlidi. Uğurlarına sevinmək və onları inkişaf
etirmək lazımdı.
- Son illər çəkilən filmlərə
dəvət alırsınız?
-
Açığını deyim ki, yox. Axırıncı
çəkildiyim film rejissor Ülviyyə Könülün
"Vəkil nə etməlidi?" filmi olub. Heç bir filmə dəvət almamışam, heç
sınaqdan da keçməmişəm. Seriallara
dəvət alıram. Amma hər seriala da
çəkiləməyə razılıq vermirəm. Çünki, qonorar çox aşağı olan
seriallarda çəkilmək istəmirəm. Və mənə belə gəlir ki, imtina etməyə
də tam haqqım çatır.
- Ailəli
xanımsınız. Məişət qayğıları, səhnə,
iş bütün bunların öhəsindən gəlmək
asandır?
- Bəli,
ailəli bir xanımam. On yeddi yaşında bir
oğlum var. Çox sadə, orta səviyyəli bir ailəyik.
Yəni mən başımı aşağı
salıb öz işimlə məşğul olan adamam. Amma sənət adamı olsam da, çətinliklərim
həddindən artıq çoxdu. Məzuniyyət
vaxtı bəzən elə olur ki, xarici ölkələrə
gedə bilmirəm. Halbuki, zəhmətimin
müqabilində mənim yaxşı dincəlməyə,
istirahət etməyə haqqım var. Çünki, teatr
mövsümü başlayanda mən də gümrah
olmalıyam.
- Sizcə insanın arzularının
həyata keçməməsində zaman günahkardı, ya
insanın özü?
- Vallah
qızım, elə arzular var ki, onun həyata keçməsinə
insan cavabdeh olmur. Mən indiyənə qədər
heç vaxt heç yerdə deməmişəm, amma indi demək
istəyirəm. Çox böyük şəraitsizlikdə
yaşayıram. Üç otalı evim
var, üç də yataq otağım. Yəni,
mənim evimə bir qonaq gələndə onu
qarşılamağa əlavə bir otağım olmur. Evimdə yaşlı xəstəm var. Bu gün mənim
arzularımdan biri odur ki, mənim geniş bir evim olsun. İnanın ki, mən bunu özümə yox,
övladıma görə arzulayıram. Çünki,
mən bu sənətdə çox əziyyətlər
çəkmişəm. Və istəyirəm ki, bu əziyyətimin
qarşılığında övladıma nəsə bir pay
verim ki, gələcəkdə çətinlik çəkməsin.
Yəni bunu heç kim ağlamaq kimi
yozmasın. Allaha şükür, mənim başımın
üstündə damım var. Amma reallığı nəzərə
alsaq, sabah mənim övladım əməkhaqqı
ilə dolansa, aydın məsələdi ki, o, heç vaxt ev
ala bilməyəcək. Bunun üçün də ən
böyük arzularımdan biri bir az
geniş evimin olmasıdı. Mən demirəm
ki, imarət, saray olsun. Amma elə olsun ki,
gələcəkdə mən olmayanda oğlum
üçün yaşamaq nisbətən rahat olsun.
Samirə
Əşrəf
Ədalət.-2013.-9 oktyabr.-S.5.