TƏKAN

(Povest)

 

 (əvvəli ötən saylarımızda)

İlyas müəllim bardoçokdan çıxardığı mandarinlərdən birini mənə verdi. Nədi, yetimin başına qapaz vurub əlinə qoğal verirlər? Könlümü alır yəqin. Ancaq bu məzəmmətləri qatır nədi, heç fil də çəkə bilməzdi. Eyibimə kor olub susurdum. "Yoxuş başı"nda sifətimdə duyduğum o göynərtinin şirinliyi burda da təkrar olundu. İlyas müəllimin bir tamaşaçı üçün bütöv bir əsəri oynatmaq arzusu da, xoşbəxtliyini yaradıcılığında yox, yaşı ötməkdə olan bir qızı ərə verməkdə görməsi də, qədəhimin qırılmasıyla heç cür barışmaması da Maksim Qorkinin təbirincə "Adı qürurla səslənən insan"a hörmət və inamdan irəli gəlirdi. İçim od tutub yanırdı. Yaşıl tunelə girən kimi oranın soyuq havasını əynimə köynək kimi geyəcəkdim. Nəmişliyin səmadan tökülən sərin, zərif telləri sifətimə əllərimə çökmüş yanğıları söndürəcəkdi.

Timuçin maşını restoranın həyətinə saldı. Biz maşından düşdük. Timuçin kapotu qaldırdı. Mühərrikin yan-yörəsində qurdalanmağa başladı. Mən İlyas müəllimi əl-üzyuyana tərəf apardım. İndi dostum Baba besedkaların arasından çıxacaq, gülə-gülə qabağıma yüyürüb boynuma sarmaşaraq: "Əşşi, gəl çıx da, ay şair! Ayağında bərəkət var. Sən gələndə vallah bu meşələrin yarpağı da pula çevrilir" - deyə, qabağa düşəcək, köşklərin ən yaxşısında bizə yer göstərəcək.

Bulaq çökəkdəydi. Soyuq hava uzaqdan vururdu. Nəfəs aldıqca buzlu çisək qığılcımları içərilərimin qırışlarını açır, sinəmi genişləndirirdi. Havanı ciyər dolusu çəkdikcə gözlərimin necə açılıb böyüdüyünü də görürdüm. İşgüzar adamdı Baba. Hələ uşaqlıqdan kövrək ürəyi vardı. Yol kənarlarındakı güldanlar yenicə sulanmışdı. Həmişə boynu bükük nərgizlər indi başlarını qaldırmış, mərcimək gözlərini qonşu ləklərdən çəkmir, özlərinə sirdaş axtarırdılar. Zambaq əyri yarpağını lalənin nəlbəki ləçəyinə sürtəndə eşitdiyim kövrək sədalar Fikrət Əmirovun "Kürd ovşarı" simfonik muğamının son ahənglərini yadıma salırdı.

Aha, bu da Baba! Amma hanı bəs həmişə məni görəndə qulaqlarına çatan ağzı? Gülməkdən çəpləşən gözləri hanı bəs? Məni qucaqlayıb sinəsinə sıxan uzun, quru qolları hanı bəs? Baba candərdi, istəməyə-istəməyə mənə yaxınlaşdı. Şişmiş sifətimi, loluxlamış gözlərimi görcək kal gavalı dişlədi elə bil. Dodaqları büzüşdü. Qalın, cod qaşları baş-başa gəldi.

- Eh, lentin qırılıb, ay şair, - dedi və bu zaman qırışmış sifəti qurumuş şirə dərisini xatırlatdı. - Hə, lentin qırılıb, - deyə bozardı.

Məni cərəyan vurdu sanki:

- Lentim qırılıb nədi? Nə demək istəyirsən?

- Əşşi, nə bilim. Zər gətirməyəndə, aşıq bəd gələndə belə deyirlər. Lentin qırılıb da sənin də.

Əl-ayağım soyudu:

- Yox, hələ heç nə qırılmayıb. Qoymaram da qırıla. İlyas müəllimnən gəlmişik yanına. İçən deyil. Elə mən də "suxoy zakon"a keçmək istəyirəm. Görək nə olar! O kişi ömründə içki içməyib. Oğlu da yanında rumka götürməz. Ağır xərcə salmaram səni. Bizi yola ver, sən Allah!

- Yazıçı İlyas Əfəndiyevi deyirsən?

- Hə! Çox böyük yazıçıdı.

Baba fikrə getdi bir an. Əlini seyrək saqqalından ötürüb üzümə baxa-baxa durdu. Sonra da bic-bic gülümsədi:

- İlyas müəllim buranın sevilən müştərisidi. Ona mənim canım da qurbandı. Amma sən düz yolda deyilsən. Lentini qırmısan. Bura Yazıçılar İttifaqını yığsan da xeyri yoxdu!

Cibimdən Yazıçılar biletimi çıxardıb az qala gözünə soxdum:

- Bunu girov götür.

Baba sənədi o üz-bu üzünə çevirib çənəsinin altında yelpic kimi yellədi:

- Bir azdan dövlət bankının inkassatorları əzrayıl kimi kəsdirəcək başımın üstünü. Vıruçka istəyəcəklər. Pulun yerinə bu knişkəni verim onlara?

- Dayan! Səbrin olsun. Altıaylıq döyülsən. Gör nə deyirəm. Bax, Rostovda çıxan "Don" jurnalında şeirlərim çap olunub. Bu da onun pul kağızı, - deyə poçt qəbzini ona göstərdim. - Bu gün poçt işləmədi. İstirahət günüdü. Sabah tezdən çatdırım haqqını da.

- Yox, bu Baba ölsün, yox, - deyə üzünü astaca şapalaqladı. - Qardaş canı, yeri yoxdu. Bax, o birinci besetkada barmağını silkələyə-silkələyə danışan var ha, Xaçmazın baş prokurorudu. Müştəri heylə olar! Hələ nə araq var ortada, nə kabab. Pulu paçkaynan tökdü qabağıma. Restorana belə gələrlər. Yoxsa sənin kimi bombalaboş! Adın-sanın vardı. Pulunu balta kəsmirdi. Mən də fərəhlənirdim. Qonşuda bişirdi, bizə də düşürdü. Sənə dərs olmur ki?

- Haqlısan məni danlamaqda. Ancaq vəziyyət çox gərgindi. Heyf! Belə yerdə deyirlər ki, toxun acdan, qurunun yaşdan xəbəri olmaz, - dedim. Sənə güvənib gətirmişəm qonağımı bura! İndi bəs neyləyim, necə çıxım bu yükün altından?!

- Dayan görək, sən quru, yaş dedin. Şair, kasıbın heç nəyi olmasa da, Allahı var, - deyəndə dodaqları qaçdı. - "İkinci aylama"da quru, çıxdaş ağaclardan zaqatovka başlanıb. Motor mişarınan, nacağnan, dəhrənən necə gəldi qırıllar ağacları, maşınlarnan daşıyırlar. Bəs eşitmirsən meşədəki şaqa-şaqı? Ağac kəsənlər yaxşı pul qırırlar orda. Sən köhnə şələçisən. Təcrübən var ağac kəsməkdə. Palıdı yıxıb girdimləmək əlində su içmək kimi bir şeydi.

- Kim verir icazəni?

- Meşəbəyi Bəxtiyar dayı.

- Məni tanıyarmı görəsən?

- Eh, heç tanımasın! Keçəl halva yeyər, puluna minnət! Hə, "ikinci aylamaya" ver özünü. Kəsilməli ağacları göstərəcək. Sən də baltalayıb yıxacaqsan yerə. Qırıntısıynan işin olmasın. Gövadəsini də girdim-girdim doğrayıb yığacaqsan xaraya. Bəxtiyar dayı da doğradıqlarını kuba vurub zəhmət haqqını yerində ödəyəcək!

- Bəs balta, yekə, dəmir paz lazımdır axı.

- Özü verəcək. Dayan, əl əli yuyar, əl də üzü - deyib, iti addımlarla talvar altında tüstülənən manqallara tərəf getdi. Qaranlıqda işartı görmüşdüm. Eynim açılırdı.

"Hə, balta iti olanda ağac tez, həm də asanlıqla kəsilir. Sonra girdimləyib xaraya vurmağa nə var ki? İlyas müəllim mehmanxanada bir göz yuxu alınca qayıdar, yemək-içməkləri gen-bol sifariş verərəm", - düşünür, açılışırdım" Amma "ikinci aylama"ya xeyli yol var. Piyada getsəm bir saata ancaq çataram. Dayan, piyada niyə? Timuçinin maşınına nə gəlib" - deyə, götür-qoy eləyirdim ki, Baba əlindəki içi dolu çantanı mənə tərəf uzatdı:

- Bunu götür. Orda mişarçıların briqadiri Saşaya verərsən, - dedi.

Timuçin maşının yağını yoxlayırdı. Məni görcək kapotu qapayıb qabağıma gəldi:

- Yaxşı fürsətdi. Atam qonaq otağında dincəlir. Bax, elə bu saat ağnan qaranı ayırd eləyərik. Oturaq bu yaşıl otun üstündə. Nərdi qoyaq qabağımıza. Sənə yağlı bir tas verim? Əsəbiləşsən bir bardaq sərin su gillədərsən qurtarıb gedər!

- Hə! Nolar əşşi? Amma yadından çıxarma ki, bura Masallı deyil, doğma torpağım Qubadı. Əsatir qəhrəmanı Axillesə ayağı torpaqda olanda heç kim bata bilməyib. Qulaq ver başın üstündə çırpınan yarpaqlara. Onlar elə indidən qələbəmə əl çalırlar. Ancaq Timuçin, çox təəssüf, oynaya bilmərik. Təcili meşəyə "ikinci aylamaya" getməliyəm.

- Nədi ki? - dodaqlarını büzüb ciddi-ciddi üzümə baxdı.

- Əşşi, heç nə. Narahat olma. Baba məni başa saldı ki, yaxşı imkan var. Üzü qışa gedirik. Camaat qışa odun tədarük eləyir. Bəs anana odun lazım olmayacaq qışda? Fürsətdi, gedim mən də məsələni həll edim. Uzağı bir saata qayıdaram.

Yalan danışırdım. Amma heç kəsə ziyan gətirməyən, məğzində, kökündə mərdimazarlıq, zinalıq olmayan, ancaq bu yerdə işimə rəvac verə biləcək yalançılığıma görə Tanrımdan bağışlanmaq istədim dönə-dönə.

- Sayad xalaçındı? Bunu fikirləşərlər heç?! Gedək də. Kurortlarda da tənbəllik, süstlük basır adamı. Neçə vaxtdır idman zalında ştanq qaldırmıram, iki pudduq daşları atıb-tutmuram, boks məşqlərinə getmirəm. Meşədə əlim-qolum da açılar bir az.

Bir neçə dəqiqə sonra yaxşı tanıdığım "İkinci aylama"daydıq. İçərilərə girdikcə ağaclar qalınlaşır, sıxlaşırdı. Orda-burda baltalar ağaclara çırpılırdı. Quduz it kimi qapan baltalar "caaq-q", "ha-f" səsləriylə ürəyimi sökür, ətimi kəsirdi. Amma görəsən indi o bulaq başında yaşıl nəfəsli budaqların altında yeyib-içən bəxtəvərlərin ağacların faciəsinən xəbəri vardımı? Xeyr!Toxun acdan xəbəri olmaz. Kotan nə bilir ki, qayış nə çəkir? Bəli, elə bu anlarda da ağacların kökləri, damarları, əmici telləri də yeraltı qayaları sökür, daşlardan keçir, torpağın şirəsini sora-sora ağacları belə şux, nəğməli, bulağı seli-sulu edirdi. Heç kəs bilmirdi, bulağı belə sulu, nəğməli eləyən də burdakı ağacların kökləri, damarları, əmici tellərdi!

Bəxtiyar dayı məni görən kimi tanıdı:

- Əşşi, sən hardasan bəs? Gəl çıx da! Balaca, arıq-uruğun biriydin. İndi maşallah, gör nə boydasan! Sənə o sağlamlığı mənim meşələrim verib. Əlin-qolun hərəkətdə olub, qanın yaxşı işləyib. Yağlı-üzlü tez qocaldır. Sən bu meşələrin çır-çıpıyla böyümüsən. Yemliyin, turşəngin həm də əlası meşədədi. Sən ən tərbiyəli "kodro"larımdan biriydin. Balaca boyunla hamıdan tez tutdurdun şələni. Özü də ancaq quru şax-şulaxnan! Eşitmişəm şair olmusan? Ancaq hirs-əsəbdi yazı-pozu işi. Gəl otur yanımda. Payızda kəklik çığırtması, qışda qaban kababı. Kəs-doğra, kömür basdır, dirək yon, qapı-pəncərə bağla, pul qazan!

Saşanı odun xaralarının yanında tapdıq. Gözü-başı mişar tozunda itib-batmışdı. Əl verdi. Barmaqlarının qabarı ovcumu daladı.

- Oho, gör necə qonaqlar gəlib yanıma! - deyə gülümsədi.

Ona çatacaq hədiyyə çantasını irəli uzadıb:

- Baba göndərib, - dedim.

Saşa:

- Molodes, krosavçik Baba! Bitiy oğlandı. Blatı var böyük adamların arasında. Müştəriləri də yağlıdı, - deyə çantanın ağzını açdı. - Bəh, bəh! Krasavçik Baba. Soğan, göyərti? Bunlar nədi bəs? Kabablar, soyutma ətlər, andrekotlar. Aha, burda iki butulka "Moskovski" də var. Znaçit mən iki ağacın kəsilməsinə kömək edərəm. Sonra girdimləyib xaraya yığarıq. Bəxtiyar dayı da hesablayıb iki kubun pulunu verər sizə.

Timuçin köynəyini soyunub kolların üstünə vızıldatdı. Baltanı başının üstünə qaldırıb var gücüylə ağaca çırpırdı. Balta daşa dəyirdi elə bil, zingildəyir, geri atılırdı. Timuçinin qollarındakı, kürəklərindəki əzələlər get-gedə şişir, qurbağalar kimi atılıb-düşürdü.

Saşa əliylə Timuçini göstərərək: - Hə, maşallah, əsl Herkulesdi. Özü də yaman girişib kötüyə. Amma nəyə lazım? Kəsib yıxsa da çox düyünlüdü. Gövdəsi girdələnməyən odun, standarta girməyəcək. Babaynan şərtimiz var. Ağacları kəsmək mənim işimdi. Bax, behini də göndərib - deyə çantanı göstərdi. - Bəs burdakı araqlar, yeməklər havayı gəlib? - O butulkanı yırğalayıb işığa tutdu. Hə, giydirmə, Sumqayıt arağı deyil, təmiz araqdı. Baba tuxdovu göndərməz bura - deyərək butulkanın dəmir qapağını barmağının ucuyla qopartdı. Başına çəkib bir qurtum içdi. Qıdıqlandım. Ağzım sulandı. Hülqumum şaqqıldadı. Ürəyimdə "Oxxay! Get, sən gedən yerə dərd-bəla getməsin" deyib, butulkanın boğazından yapışdım. Saşa geri çəkildi, əlim boşa çıxdı. Onu əlimdən alanda əməlimdən xəcalət çəkdim.

- Dayan da, qaçhaqaç deyil kig Oçeredini gözlə, - çəmkirdi. Yuxudan ayıldım sanki.

Saşa:

- Bu tərəflərdə çıxdaş olunmuş, nömrələnmiş ağac-uğac yoxdu. Nə vardısa kəsmişik. Komissiya bir də sabah gələcək. Ağaclar yenə saf-çürük olunacaq. Siz də sabahı gözləyə bilərsinizmi? - soruşdu. "Ay evi tikilmiş, gözləmək nədi? Qonaqlıq başlanıb artıq. Mehmanxanada otaqlar ayrılıb. Ağır bir ziyafət verməliyəm. Babanın haqqı çatmalıdı". Fikrə getdiyimi görən Saşa: - Əlinizdə baltalarla gəlmisiniz. Deməli, ağaclar indi kəsilməli, budanmalı, girdimlənməlidi.Cavan oğlan, - deyə əlini sağ tərəfə uzatdı, - O təpədəki iki fısdığı görürsənmi? Necə də yaraşıqlıdırlar. Bəlkə hələ min il yaşayarlar. Ancaq mən onları kökündən üzüb üstünü torpaqlayacağam!

- Bəs əlin necə qalxar? Necə qıyarsan? O ağaclar havamızı saflaşdırır, gözəllikləri gözümüzü oxşayır, quşlara vətəndi budaqları, oyuqları qoquşları yurd-yuvasıdı bəzi heyvanların.

- Bəs neyləməliyəm? Biri ölməsə, biri dirilməz. Bu həyatın qanunudu. Onu da mən yazmamışam. Atayam, mənim də arzularım var. Sizin kimi fasonlu oğlanlar öz mersedeslərində gözəl-göyçək qızlarla gəlirlər bu bulaqlara. Oğluma bir velosiped ala bilmirəm. Yaxşı mebeli, samballı cer-cehizi olmayan qızlar evdə qarıyırlar! Mənimkinin adını çəkən yoxdu. Ailəmə, uşaqlarıma çörək aparmalıyam. Aldığım maaş iki çoşkanı doydurmağa çatar.

- Başqalarının bədbəxtliyi hesabına xoşbəxt olmaq insanlıq normalarından çox uzaqdı, - dedim. - O ağacların hərəsi bir qəhrəmandı. Torpaq altında kökləri bir-birinə birləşir, onlar meşəni yaşadırlar.

Mən meşədən əliboş, suyu süzülə-süzülə çıxdım. Gücsüzlüyün, acizliyin çəkilməz yükü çiynlərimdəydi. Şənlik dalınca getdim, peşmançılıq tapdım. Qonaqlığım qara gəldi. İndi mən arağın butulkasını yox, çəlləyini çəkərdim başıma. Kür dizdən, Araz aşıqdan olardı. Ancaq belədə bir də İlyas müəllimin üzünə baxa bilməzdim. Başqa çıxış yolu da tapmırdım. Qayıdım Saşanın yanına, götürüm butulkanı? Amma bəs sonrası necə olacaq?! Geri çəkilsəm əlvida Nizami zirvəsinə bayraq sancmaq niyyətim. Yaşasın "Qızıl qaya" dağının zirvəsindən əbədiyyətə atılmaq! Amma yox, intiharı Quran yasaq buyurub. Allah bağışlamır. Mən cəhənnəm əzabına dözə bilmərəm. Qoy qayıdaq bulağa. Timuçini yerinə çatdırım, - düşünə-düşünə maşına yaxınlaşdım.

Oxumun daşa dəydiyi bir dərd idisə, meşənin başına gətirilən müsibət min dərd oldu. Timuçin maşını bulağın doqqazı qabağında saxladı. Uzaqdan bizi görən Baba irişə-irişə gəlib qoluma girdi:

- Hə, işini düzəltdim də, - deyib üzünü manqallara tərəf tutub amiranə səslə: - Ay uşaqlar, o kəcavə darojkasının sağ tərəfində şəlalənən üzbəüzdə yaxşı bir stol açın. Qəlyanaltıların, içkilərin də yaxşılarından düzün ora.

Hirsimdən dişim-dişimi kəsirdi. Çənədağım partlayırdı. Uşaqlıq dostum Baba gözüm görə-görə uçuruma yuvarlanırdı.

- Meşədə güclü bir mafiyoz qrupu işləyir. Ağırlığı, faciəsi tək bizim yox, bəşərin başına düşür. Qoşulmusan o cinayət qrupuna. İlişmisən kuruçoka. Mən səni ordan çıxarmaq istəyirəm.

- Müsəlmana yaxşılıq yoxdu da. Mafioz nədi bilirəm heç?

- Oturduğun budağı baltalayıb özünü də, o budaqdakı quş yuvalarını, o budağın altından keçən qarışqa sürülərini də məhv edirsən. Ay bədbəxt, ay burnundan uzağı görməyən. Səmada Afrika boyda bir sahənin azon qatı sökülür.

- Əcəbdi vallah. Mən sökmüşəm? Mən dağıdıram o azondu, nədi onu?

- Tək sən yox! Amma sən də varsan o canilərin arasında.Yerdən qalxan karbon qazları, təyyarələrin, maşınların tüstüləri dağıdır. Sən də o siqaretinin tüstüsünü az pilə gözümə! Udduğumuz hava yarpaqların ucundan çıxır. Nə suda balıq, nə göldə quş, nə səhrada dəvə oksigensiz yaşaya bilməz. Bulaq sənə pul qazanmağa lazımdır. Ancaq mən dibindəki daşların parıltısına heyranam. Üstündən keçən buludun şəklini nə Rembrant, nə Rafael, heç Səttar Bəhlulzadə də belə canlı çəkə bilməz. Sən öz xeyrini güdürsən burda. İnsan başqaları barədə də düşünməlidi.

- Nə deyim, şairsən də. Səməd Vurğun elə-belə yerdə deyib ki, "Şair, göylərdədi yenə xəyalın?" Amma başqaları barədə fikirləşmək, əl tutmaq məsələsində dostun Tahir Sultanova heç kim çatmaz.

- Hardan düşdü yadına Tahir?

- Şoferi ağzı bağlı bir qutu gətirib dedi ki, şairə çatasıdı. Qutu da kabinetdədi. Gedək açıb baxaq.

Qapağını çəkib açdım. Burda bir dəst kostyum, bir cüt ayaqqabı, bir köynək, köynəyə yaraşan qalstuk vardı.

- Bu məktub da sənə çatır, - dedi Baba.

Zərfi götürüb fikrə getdim bir an. "Ey hər şeyin yerini, oturuş-duruşunu yaxşı bilən diplomat, siyasət adamı, xeyriyyəçi, güclü biznesmen, söz, şeir xridarıdı Tahir. Bura teatr deyil ki mən də bəzənib oturum. Burda manat, dollar, sterling, frank, tümən lazımdı. Bəlkə əyan olub sənə çətinliklərim. Yəqin burda pul da var?!". Zərfinağzını paraladım.Hanı, pul nə gəzir? Məktub vardı. "Sədrəddin - yazırdı Tahir - "Bakıdan gələn qonaqlarla oturmuşduq. Sizi maşından düşəndə gördüm. Şoferi tez qaçırtdım sklada. Bu pal-paltarı əyninə geyin. İlyas müəllim çox sanballı yazıçıdı. O torpaq adamıdı. Sənə mehr salıbsa, deməli, sənə inanır. Sağ olsun etimada görə. Ətəyindən bərk tutub ayağa qalx! Onun başını uca elə, bizi də sevindir. Bağışla, mən qonaqları təcili Bakıya aparmalı oldum".

Baba kostyumun etiketini gözünə yaxınlaşdırdı:

- Hə, ingilisindi, - deyərək pencəyi əynimə tutdu. - Hə, elə bil boyuna biçilib, - dedi. Ayaqqabıların daban yerinə baxıb höccələdi - Ag dig das. Bu da nemeslərin "Adidas" firmasınındı. Köynək, qalstuk da superdi - deyib, irişdi.

- Əşşi, Tahir yenə xəcalət verdi mənə, - deyib başımı buladım.

- Eh, xəcalətli düşmənin olsun. Varlığa nə darlıq! Dəryada bir damcıdı belə şeylər Tahirçin - deyib, qutunun ağzını bağladı.

Bu xəcalət yükünün dəyərini bilmək keçdi ürəyimdən.

- Baba, sən dükan-bazar adamısan. Alverdən başın çıxır. Qiyməti neçə olar bu dəm-dəsgahın?

- Qiymətini dəqiq bilmirəm. Ancaq Qırmızı qəsəbədə ayağı yer görməz. Barıqa Simon beş-altı yüzə göydə götürər.

(ardı var)

 

YUSİF HƏSƏNBƏY

Ədalət.-2013.-11 oktyabr.-S.6.