Görkəmli şərqşünas alim yad edildi
Bu
gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş
etdiyi görkəmli simalardan biri - şərqşünas alim,
pedaqoq, filologiya elmləri doktoru, professor Aida
İmanquliyevanın doğum günüdür.
Trend-in
məlumatına görə, AMEA-nın akademik Ziya Bünyadov
adına Şərqşünaslıq İnstitutunun və Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin kollektivləri cümə axşamı II Fəxri
xiyabanda görkəmli şərqşünas alim Aida
İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini
dərin ehtiramla anıb, məzarı üzərinə əklillər
qoyub, gül dəstələri düzüblər.
Tədbirdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə də iştirak edib.
Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva Aida İmanquliyevanın XX əsr Azərbaycan elminin ən görkəmli nümayəndələrindən biri olduğunu qeyd edib.
G.Baxşəliyeva bildirib ki, Aida xanım çox böyük elm və yaradıcılıq yolu keçib. O, ədəbiyyatların sintezi, onların bir-birinə qarşılıqlı təsirini öyrənən çox az sayda mütəxəssislərdən biri olub. Onun bir çox monoqrafiyaları, kitabları, tərcümələri, məqalələri işıq üzü görüb: "Bu gün demək olar ki, onların ikinci həyatı başlayıb. Onlar bir çox dillərə tərcümə olunurlar, yenidən nəşr olunurlar. Bu vəsaitlər daim istifadə olunur. Ancaq nə qədər ki, şərqşünaslıq elmi var, həmin əsərlərdən həmişə mütləq istifadə olunacaq".
G.Baxşəliyeva qeyd edib ki, Aida
xanım gözəl elm təşkilatçısı
olub. O, Azərbaycanı xaricdə
keçirilən konfranslarda, elmi tədbirlərdə gözəl təmsil
edirdi. Bununla
yanaşı, Aida xanım gözəl elmi rəhbər olub, onun şərqşünaslıq sahəsində
kadrların hazırlanmasında böyük
zəhməti olub.
A. İmanquliyevanın Azərbaycan Milli Elmlər Akademiyasında kiçik elmi işçidən institutun direktoru vəzifəsinədək yüksəldiyini xatırladan G.Baxşəliyeva qeyd edib ki, Aida xanım konkret olaraq, mühacirətdə yaranmış ərəb ədəbiyyatına rus, Qərbi Avropa və Amerika ədəbiyyatlarının təsirini öyrəb: "Aida İmanqiliyevanın tədqiqatları metodologiyası ilə də fərqlənirdi. Sovet dövründə elmi metodologiya marksist-leninizm metodologiyasına əsaslansa da, Aidə xanımın metodologiyası ümumbəşəri dəyərlərə söykənirdi. Aida İmanquliyeva elmi tədqiqatları sayəsində öz dövrünü bir neçə il qabaqlayaraq belə nəticəyə gəldi ki, Şərqlə Qərbin əməkdaşlığı ümumbəşəri dəyərlər zəminində tamamilə mümkündür. Bu təsir nəticəsində yeni-yeni ecazkar sənət nümunələri yaratmaq olar".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova böyük alimin keçdiyi həyat yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən danışıb.
Aida İmanquliyevanı Azərbaycan
qadınlarının simvolu hesab edən H.Hüseynova qeyd edib ki,
Aida xanım Azərbaycan şərqşünaslığında
yeni dövr ərəb
ədəbiyyatının ilk tədqiqatçısı
və ilk azərbaycanlı ərəbşünas
qadın olub. O, özündən sonra çağdaş ərəb
ədəbiyyatının tədqiqində yeni
bir səhifə, yeni bir yol açıb.
Aida xanımın Azərbaycan elmi üçün çox sayda ziyalılar yetişdirdiyini vurğulayan H.Hüseynova bu görkəmli şəxsiyyətin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadığını da söyləyib. Komitə sədri bildirib ki, A.İmanquliyeva hələ sovet dövründə beynəlxalq konfranslarda çıxış edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırıb.
Aida
İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində
ziyalı ailəsində anadan olub.
1962-ci
ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı
Dövlət Universiteti) şərqşünaslıq
fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə
namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını
müdafiə edib. İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunda kiçik
elmi işçidən bu
elm ocağının direktoru
vəzifəsinədək yüksəlib. O, keçmiş SSRİ-də Şərqşünaslıq
Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının
Tədqiqi üzrə Əlaqələndirmə
Şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul
olan Aida İmanquliyeva Sovet
İttifaqında və Azərbaycanda yeni ərəb
ədəbiyyatı kursunun əsas
yaradıcılarından biri olub.
İmanquliyeva
elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı
ərəbşünas kadrların hazırlanmasını diqqət
mərkəzində saxlayıb.
Üç
monoqrafiya ("Mixail Nuaymə və "Qələmlər
birliyi", Moskva,1975; "Cübran Xəlil Cübran",
Bakı, 1975; "Yeni ərəb ədəbiyyatının
korifeyləri", Bakı, 1991) və 70-dən artıq elmi məqalənin
müəllifi olan İmanquliyeva Şərq filologiyası sahəsində
yazılmış bir çox elmi əsərlərin redaktoru
olub.
Ədalət.-2013.-11 oktyabr.-S.6.