Neftçala - uğurlar, arzular ünvanı

(əvvəli ötən sayımızda)

 

Rayonun Heydər Əliyev prospektinin yenidən qurulması, yeni parkların salınması, prospekt boyunca yol kənarlarının abadlaşdırılması, tikilən rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin inzibati binasının, Bayraq Meydanının, "Şəhidlər Kompleksi"nin, Kür çayı sahilində bulvarın tikintisi uğurla davam etdirilir. Yeni, müasir saat qülləsinin inşası, uzunluğu 3,7 kilometr olan, Neftçala şəhərini iki hissəyə ayıran "Axmaz Göl"ün ekoloji cəhətdən sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi, İdman Kompleksinin tikintisi ilə əlaqədar ərazinin hazırlanması, "Şorsulu-Xolqarabucaq-Xəzərkənd" avtomobil yolunun əsaslı təmiri, Yuxarı Qaramanlı kənd 360 şagird yerlik tam orta məktəbin tikintisi bu qəbildəndir.

Ötən müddətdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri diqqət mərkəzində saxlanılmışdır. Bu müddətdə Xəzərkənd tam orta məktəbi üçün inşa edilən 260 yerlik yeni məktəb binasının tikintisi artıq başa çatdırılmışdır.

Yaxşı güzəran neftçalalıların haqqıdır

Rayon sakinlərinin sosial qayğılarını həyata keçirmək üçün silsilə tədbirlər davam etdirilir. 2013-cü ilin I yarısında pensiya və müavinət alanların sayı 13234 nəfər, ünvanlı dövlət sosial yardımı alanların sayı 1042 ailə olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir nəfər müharibə əlilinə pulsuz avtomobil verilmişdir.

Neftçala Elektrik Şəbəkəsi tərəfindən rayona 69,3 milyon kilovat saat elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 21,6 milyon kilovat saatı əhaliyə satılmışdır. Bu enerjinin dəyərinin 91,9 faizi ödənilmişdir. Bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz çoxdur. Əhali abonentlərinin sayğaclaşdırılması rayon üzrə 99,2 faiz təşkil edir.

Rayon Qaz İstismarı Sahəsi tərəfindən 6 milyon 243 min kub metr həcmində rayona təbii qaz verilmişdir. Əhaliyə satılan qazın ümumi həcmi 5 milyon 662,8 min kub metr olmuşdur ki, bunun da dəyərinin 101,6 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 99,8 faiz təşkil edir.

Rayonda qaz təchizatı sisteminin yaxşılaşdırılması məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən müxtəlif ölçüdə 4560 metr boru xətləri çəkilmişdir. Hazırda bu işlər davam etdirilir.

Rayonda rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 242,1 min manatlıq rabitə xidməti göstərilmişdir. Göstərilən rabitə xidmətinin həcmi onu göstərir ki, 2012-ci ilin ilk 6 ayı ilə müqayisədə bu göstərici 16,4 faiz artmışdır. Ümumi xidmətin 80,6 faizi bilavasitə əhalinin payına hesablanır. Hazırda rayonda hər 100 təsərrüfata 61 ədəd telefon aparatı düşür.

Tədbirlər müxtəlif, tədbirlər gözəl

Torpağa, zəhmətə bağlı olan neftçalalılar mədəni-kütləvi tədbirlərin keçirilməsində də fəal iştirak edirlər. Tarixi hadisələr, bayramlar və yubileylərlə bağlı böyük görüşlər, ədəbi-bədii gecələr, kitab sərgiləri, oxucu konfransları, konsertlər təşkil edilir. Keçən dövr ərzində diqqəti cəlb edən böyük miqyaslı tədbirlər - 20 Yanvar Faciəsi münasibətilə anım mərasimi keçirilmiş, şəhidlər məzarlığı ziyarət edilmişdir. 26 Fevral - Xocalı Faciəsinin 21-ci il dönümü ilə əlaqədar Xocalı Abidəsi önünə tər çiçək dəstələri qoyulmuşdur. Abidə önündə məktəblilərlə birlikdə hazırlanmış ədəbi-bədii kompazisiyalar keçirilmişdir. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Xatimə" şadlıq sarayında musiqili-əyləncəli tədbir, "Yurdumuza bahar gəlir" mövzusunda kütləvi teatrlaşdırılmış ümumrayon Novruz bayramı şənliyi keçirilmişdir. 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı münasibəti ilə sarayın akt zalında keçirilən tədbir alqışlarla qarşılanmışdır.

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlər yüksək səviyyədə həyata keçirilmişdir. Millət vəkili Hüseynbala Mirələmovun "Böyük adamların həyatı" kitabının təqdimatı da bu məqsədə hesablanmışdır.

Rayonun Hüseyn Cavid adına Mədəniyyət və İstirahət parkında respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı təşkil edilmişdir. Xeyli neftçalalının iştirak etdiyi tədbirin sonunda böyük atəşfəşanlıq olmuşdur.

Bundan başqa 9 May - Qələbə, 28 May - Respublika, 15 İyun - Milli Qurtuluş günləri münasibəti ilə də rayonda bir sıra maraqlı tədbirlər həyata keçirilmişdir. Cəfər Cabbarlı adına "İrəvan Dövlət Dram teatrı" özündə ötən əsrin 90-cı illərini canlı əks etdirən "Qurtuluş dastanı" adlı 2 hissəli etik-tarixi dramı ilə Neftçalada olmuşdur. Teatr rayon Mədəniyyət və İncəsənət sarayında tamaşaçılar qarşısında gözəl səhnə əsəri nümayiş etdirmişdir.

Rayonun gəncləri Biləsuvar rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Gənclərin intellektual yaradıcılıq festivalı"nda iştirak etmişlər. Festivalın rəsm müsabiqəsində Şamxal Elçin oğlu Umudov II yerə, şeir yarışmasında Lumu Ağabala qızı İmanova III yerə layiq görülmüşlər.

Göründüyü kimi, Neftçala rayonunda iqtisadi-sosial həyatla bərabər mədəni həyatın inkişafında da bir sıra nailiyyətlər əldə edilmişdir. Daha böyük uğurlar isə hələ irəlidədir.

 

Səxavət Məmmədli

Ədalət.-2013.-12 oktyabr.-S.4.