GERİYƏ
BAXANDA: İKİNCİ DÖNƏM
LAÇIN
KEÇİDİ AZƏRİLƏR ÜÇÜN
KEÇİLMƏZ OLDU...
Zaman o Zaman idi... O Zaman ki, unudulmaz dramaturqumuz
İlyas Əfəndiyev demişdi: "GERİYƏ BAXMA,
QOCA..." Amma insan istər-istəməz geriyə baxmalı
olur və özəlliklə yazar tayfasının, şəxsən
mənim özüm zaman-zaman geriyə baxmağa məcburam.
Geridə bir o qədər şirin günlər olmasa da, bir
çox təsəlliverici şeylər
yaşanmışdır. Bu məqamları və
olanları yada salmaq həm də ibrətamiz bir ovqatın
yaranmasına səbəb olur. İstər şəxsi
yazarlıq həyatımızda, istərsə də bizdən
öncə yaradan sənətkarların yazılarında elə
anlar var ki, bu günümüzün içindən
çıxan məqamların ta özüdür. GERİYƏ BAXANDA proyektimizin İKİNCİ
DÖNƏMində də ömrün müəyyən məqamları
öz yazılarımla birlikdə, zaman-zaman klassiklərin əsərlərindən
istifadə edəcəyim yazılarda da son dərəcə
öyrədici məqamların olduğunu görəcəksiniz.
Qısa bir ön söz
Türkiyədə yaşadığım illərdə (1993-2001) TQRT kanalıyla bir film nümayiş etdirildiyini gördüm. Sonra tənbəllik eləmədim, fürsət düşmüşkən onun yaradıcıları ilə görüşməyi düşündüm. Görüşdüm və bu film haqqında bir yazı da hazırladım, həmən yazını da oxuyacaqsınız. Bu yazı filmin rejissoru UĞUR İLHAN KUBANLA bir intervüdür.
Bəri başdan söyləyim ki, Uğur İlhanın bu əsəri tarix üçün son dərəcə dəyərli bir əsər olaraq qiymətləndirilməlidir. Və bir də o baxımdan ki, mən bilən bu film çəkilənə qədər bu mövzuda bizim sənətkarlarımız hələ bir addım da belə atmamışdılar.
Bu film ağılalmaz və məntiqsiz Azəri-erməni müharibəsi haqqındadır.
Mən müharibə deyirəm, Türklər savaş deyirlər. Mənə elə gəlir ki, savaş sözünün silqəti və faciəvi ağırlığı müharibə sözündən əksikdir.
Rejissor bu filmdə Azəri-erməni müharibəsinin bir neçə gününü lentə almışdır. Və bunu göstərməklə heç də hər hansı bir tərəfin haqlı və haqsız olduğunu sübut eləmək istəməmiş və bu əsərin də mənə elə gəlir ki, üstün tərəfi də budur. Ancaq bunu unutmayaq ki, belə bir əsəri bir erməni çəksəydi tamam ayrı bir məqsəd güdərdi.
Uğur İlhan bir insan və bir sənətkar olaraq, bir sənət əsəri yaratmaq üçün həqiqətləri ortaya qoymağa çalışmış və buna nail də olmuşdur.
Uğur İlhan bu filmdə həm də əsas rollardan
birinin ifaçısıdır.
Mən bu
filmi Türk sənət dünyasının Azərbaycan
Tarixinə bir hörməti olaraq qiymətləndirirəm və
bir də düşünürəm ki, hər halda Türk sənət
dünyasının bu filmdən xəbəri belə olmasa da
şəxsən Uğur İlhanın bu addımı
heç bir tərifə sığmır. Yenə də deyirəm,
bu filmdə hər hansı bir tərəfə rəğbət
duyulmasa da və hətta bu film sənət baxımından
bir az aşağı səviyyədə
olsa da belə, qiymətsiz bir sənəddir.
Bu film Laçın keçidinin ermənilər tərəfindən
xəyanətkarlıqla zəbt olunmasına həsr
edilmişdir.
Bildiyimiz
kimi Dağlıq Qarabağa ana yol bu keçiddən
keçir və bu keçidin stratejik dəyərlərini bilən
ermənilər də buranı necə olursa-olsun elə
keçirməyə can atırdılar və elə
keçirdilər.
Filmdə bu elə keçirmənin müxtəlif
anları təsvir edilməkdədir.
Filmin
türk televizyonunda göstərilməsi bir şansdır,
çünki türk insanı bu məsələ ətrafında
geniş bilgiyə və məlumata sahib
olmadığından, bu əsərin də türk
televizyonlarında göstərilməsi müsbət bir hal
olaraq qiymətləndirilməlidir.
"Laçın
keçidi" filminin rejissoru
Uğur
İlhan Kubanla söhbət:
"AZƏRBAYCANDA
GÖRDÜKLƏRİMİ ÇƏKDİM..."
- Təbii
ki, ilk sorumuz bu filmin yaranmasıyla bağlıdır. Bildiyimiz kimi Türkiyədə yüzlərlə
rejissor var, yüzlərlə kino sənətçisi var və
bunlardan heç biri ağıl eləyib belə bir filmin
çəkilməsinə girişməmişdir. Siz nədən bunu qarşınıza bir məqsəd
olaraq qoydunuz. Əslində belə bir
çətin işin altına necə girdiniz?
- Əvvəlcə mən bu filmdə oynayan sənətçilər
və ümumiyyətlə bu filmdə əməyi keçən
dostlar haqqında danışmaq istəyirəm. Bu filmdə
yuxarı-aşağı peşəkar aktyor deyilən bir kimsə
yoxdur. Azərbaycandan çəkdiyimiz
Sahib Qulizadə də bir kino şirkətində
çalışır. Yaqub Məmmədov
Laçında döyüş komandirlərindən biri idi.
Mustafa Gülən Şahin isə yenə də
profesyonal olmayan bir türk sənətçisidir. Və bütün bunları nəzərə alsaq, mən
belə bir böyük sənət əsəri yaratmaq
iddiasıyla da bu işə girişməmişəm. Amma o da var ki, istəmişəm ki, bu əsər əsil
sənət əsəri olaraq tarixə keçsin. Və mən də tarixi və əsli olan bir hadisənin
ardınca getmişəm. Biz bu məsələni
oturub düşününcə bir də gördük ki,
artıq ermənilər Laçını işğal eləyiblər.
Mən də filmi bu keçidin uğurundakı
savaşa həsr eləmək fikrindəydim. Mənim əsas məqsədim bu ağılalmaz
savaşda kimin haqlı, kimin haqsız olduğunu göstərmək
deyil, bunu çılpaqlığıyla
tamaşaçılara göstərmək məqsədim
olmayıb və kimin haqlı, kimin haqsız olduğunu
araşdırmağı tamaşaçıların özlərinin
öhdəsinə buraxmışam. Əslində bu məsələdə
bütün kartlar ortada... Amma bunu xüsusi olaraq deyirəm: bu
o demək deyil ki, mən bu filmi çəkəndə tam tərəfsiz
olmuşam. Yox. Belə desəm
yalan olur. Filmi seyr etdikcə və buradakı hadisələri
izlədikcə, yəni bir az həssaslıqla
baxdıqca bunu görmək bir o qədər də çətin
deyil. Amma yenə də mənim bir rejissor olaraq
ana məqsədim bu ağılsız və bu məntiqsiz
savaşın, müharibənin mənzərəsini vermək
idi. Təbii indi tamaşaçılar
bilir ki, mən nə qədər müvəffəq
olmuşam, ya olmamışam.
- Belə
bir şey soruşum Sizdən. Sizin Azərbaycanla nə kimi bir
bağlılığınz var. Yəni bu filmi çəkmənizin
hansı səbəbləri var və bu filmi çəkməyə
Sizi vadar edən nədir?
- Mən
çərkəzəm. Dədələrim
Adıqey tərəflərdən gəldi buralara. Mən burada doğuldum. Bütün
türk xalqlarının taleyi məni maraqlandırır.
Ayrıca olaraq da çərkəz olduğum
üçün bütün Qafqaz türklərinin taleyi məni
son dərəcə maraqlandırır. Bu
maraq məni həmişə rahatsız etmiş və buna
görə də bir mənəvi borc var içimdə sanki.
Mən bu filmi çəkməyə başlamaq istəyəndə
Qafqazda ən təhlükəli nöqtə Azərbaycan idi. Ən qorxulu
şey də burada bir müharibənin getməsi və bu
müharibənin də səbəbinin bilinməməsi idi.
Yox, səbəb məlum idi. Amma bu səbəb o qədər ağılsız və
açıq bir səbəb idi ki, bunu bir səbəb olaraq
alıb, belə bir müharibənin başlaması qəribə
idi. Bunun nəticəsi uzun zaman bəlli
olmayacaqdı. Ən qorxulusu bu idi.
Mən
bir insan və bir sənətçi olaraq belə
düşünürəm: harda müharibə varsa, orada
haqsızlıq var demək. Mən də bu
haqsızlığı göstərmək üçün
Azərbaycana getməliydim. Və işin də
ən çətin tərəfi bu idi ki, əvvəllər mən
Azərbaycanda heç olmamışdım. Getməzdən qabaq TQRT"-də
çalışırdım və buradakı dostlarımla
söhbət elədim. Belə bir işin
altına girsəm mənə kömək eləyib-eləməyəcəklərini
soruşdum. Müsbət cavab alınca
qollarımı çırmaladım.
Bir Sabir
Rüstəmxanlı var, onunla tanış
oldum və mənə kömək eləyəcəyinə
söz verdi. Məni azəri kino sənətkarlarıyla tanış elədi. Bu
görüşlərdə və bu tanışlıqda
gördüm ki, daha geri çəkilmək olmaz. Bunu mütləq eləmək lazımdır.
İki ay yarım Azərbaycanda qaldım. Bu zaman ərzində
ssenarini yazdım. Taksi sürücülərindən
tutmuş əsgərlərə qədər hər kəslə
söhbət etdim. Komandirlərlə
görüşdüm. Çox
böyük faydalar və bilgilər əldə etdim. Bir şey mənə gün kimi aydın oldu. Müharibə buralarda, yəni, Bakıda deyil, hardasa
oralardadır. Sonra Gözəl Sənət Universitetindən
üç gənclə tanış oldum.
Müharibədən yenicə gəlmişdilər.
Biri hətta yaralıydı hələ. Bir həftə hər gün onlarla
görüşdüm. Notlar aldım.
Bütün bu işləri bitirdikdən sonra
qaldı yer məsələsi. Bilirdik ki,
artıq Laçın yoxdur və biz oralara oxşayan bir yer
tapmalıydıq, bunu da Lənkəran tərəfdə, yəni
Lerikdə tapdıq belə bir məskəni.
- Uğur
bəy, bu Azərbaycan haqqında nə
düşünürsünüz? Nələr
gördünüz? Bu Türkiyənin Azərbaycana bu
işdə nə kimi yardımı ola bilər?
- Mən
belə düşünürəm: əgər bir ölkə
öz azadlığını elan etmişsə, artıq o
heç bir ölkədən asılı olmadan
yaşamalıdır. Heç bir yerə
bağlı olmamalıdır. Nə Türkiyəyə,
nə İrana, nə Turana, nə də Amerikaya, Mamerikaya... yəni
Azərbaycan öz işini özü görməlidir.
Üç rəngli bayrağı var.
Ayı və ulduzu var.
Himni var.
Dili var.
Və bir
də gözəl bir düşüncə tərzi var:
"BİR
DƏFƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ..."
Mən bütün bunları ön planda görürəm. Və mən
də bütün bunları ön planda verməyə
çalışdım.
Mən
bir rejissor olaraq heç kimsəyə üstünlük vermək
niyyətində deyiləm, dedim bayaq. Ancaq mənə
dəhşət verən Azərbaycanda nizamlı bir ordunun
olmamasıydı. Bu mexanizma yox kimidir.
Bax, bu məni dəhşətə gətirirdi
və mən bunu heç cür anlamırdım. Əyər ordu yoxsa, bu necə bir müharibə, necə
bir savaşdır. Ordu yoxdur, amma ordu
yaratmaq havası var. Mən orada olanda hiss etdim ki, bu müharibədə
azərilərin heç bir şansı yoxdur. Azərilər bu müharibədə belə vəziyyətdə
yalnız uduzacaqlar. Mən bunları ürək
ağrısıyla gördüm və göstərməyə
çalışdım. İndi baxın, əgər
bir ölkədə həqiqətən bir müharibə
havası varsa, onda orada hər kəs ayağa
qalxmalıdır. Ayağa qalxmalı və
Ermənistana getməli, onlardan soruşmalıdırlar ki, əcaba
siz nə istəyirsiniz? Əgər
Qarabağı istəyirlərsə, azərilər də vermərik
deyirlərsə, o zaman üz-üzə vuruşmaq gərək.
İndiyə qədər üç film çəkdim. Almaniyada belə
film çəkmişəm. Amma bu qədər
çətin və heç bir şəraiti olmayan bir vəziyyətdə
ilk dəfəydi ki, film çəkirdim. Bunu
heç unuda bilmirəm. Mənə bir
ölü vertolyot da vermədilər çəkimlər
üçün. Pul, vəsait vermədilər.
Filmin yarısında geri döndüm Türkiyəyə
gəldim və kredit olaraq 10 min dollar aldım və filmi
tamamladım.
Türkcəsi:
"YeniAsya" qəzeti, avqust 1993.
Tofiq Abdin
abdin41@mail.ru
Ədalət.-2013.-14 oktyabr.-S.15.