SAKİT İLKİN
("Bölgələrdə
ədəbiyyat" silsiləsindən)
ƏDƏBİ
HƏYAT
Başına döndüyüm qarlı dağların
Qayası doğmadı, daşı tanışdı.
Öpdüm dodağından qız bulaqların,
Bu dağlar dərdini mənə danışdı.
Zirvələr səslədi, yoxuşlar yordu,
Cığırlar yolumu kəsə saldılar.
Bir ağız oxudum bölünən yurdu,
Səsimi qaytarıb səsə saldılar.
Bu dağlar necə də mənə oxşayır,
Ürəyi istidi, başı somsoyuq.
Sərdi sinəsini yad küləklərə,
Sinəsi omoyuq, daşı omoyuq.
Bu dağlar dərdini mənə danışdı,
Soyuldu sinəmin yara qatları.
Gör necə dayanıb bu dağlar, Allah,
Ürəkdə bu boyda dərə çatları.
Bu şeirin müəllifi dağlarda yaşayan bir şair-Sakit
İlkindir. Yardımlıda yaşayır. Qətiyyən
şəhərə - Bakıya enmək fikri yoxdu, onunçun
o dağlar əzizdi. Yazdığı
şeirlərinə də dağların ətri, rayihəsi,
bulaqların saf suyu, çayların zümzüməsi,
yarpaqların həzin xışıltısı hopub.
Beş il bundan öncə, bir soyuq yanvar günü
hörmətli Xalq şairimiz Sabir Rüstəmxanlı mənə
zəng elədi: "Vaqif, bizim partiyanın iqamətgahında
Yardımlı yazarlarının bədii yaradıcılıq
nümunələri toplanan kitabın müzakirəsi
keçirilir, vaxtın varsa, gəl iştirak elə". Doğrusu, həmişə vaxt
qıtlığından əzab çəkmişəm, amma ədəbiyyatla
bağlı lap kiçicik bir tədbiri də etinasız
qarşılamamışam. Odur ki, o tədbirə
mən də qatıldım. Yardımlı rayonunda
doğulub boya-başa çatan şair və nasirlərin əsərlərindən
nümunələr toplanan "Dağların söz xəzinəsi"
kitabıyla da az vaxt ərzində
tanış oldum. Əlbəttə, bu qısa zaman kəsiyində
42 şairin, beş nasirin yazılarına
qiymət vermək, o yazılar barədə fikir söyləmək
çox çətin idi. Kitab Sabir Rüstəmxanlının
şeirləri ilə açılırdı və mən bu
şeirləri 41 şairin yazıları üçün bir
örnək hesab elədim. Poetik səviyyə
özünü açıq-aşkar hiss etdirirdi. Amma bu o demək deyil ki, "Dağların söz xəzinəsi"ndə
maraqlı, orijinal təsir bağışlayan şairlər və
şeirlər yoxdu. İmzaları ilə az-çox ədəbi
mühitdə tanınan Sahib Əliyev, Hafiz Rüstəm,
Əli Nəcəfxanlı, Maşallah Məftun, Rəfail
Zamin, Gülnarə Cəmaləddin, Xatirə Fərəcli, Kəramət
Əmirli, Ramiz Əkbər, Aslan Quliyev, Hafiz İmamnəzərli
ilə bir sırada bir Sakit İlkin imzasını da
gördüm.
Yardımlının dağlarla əhatə olunan Nisəqala
kəndində dünyaya göz açan Sakit İlkin əlli
yaş həddini təzəcə keçib. Dörd
şeir kitabı çıxıb. Amma gəlin
etiraf edək ki, Azərbaycan oxucularının böyük bir
qismi Sakit İlkinin şeirlərindən xəbərsizdir.
Odur ki, qaynar ədəbi mühitdən uzaqlarda yaşayan bir
şairlə, onun söz dünyasıyla sizi tanış
etmək istəyirəm.
Həmişə
kənddə yaşayan, ana təbiətlə baş-başa
verib dünyanın gözəlliklərini seyr eləyib
şeirlərinə təbii güllərin, çiçəklərin
ətrini, çayların qıjıltısını,
meşələrin şeiriyyətini, quşların nəğməsini,
fəsillərin poeziyasını, bir sözlə təbiətin
rənglərini, hələ notlara düzülməmiş səslərini
gətirən şairlərdən söz düşəndə
yadıma ilkin düşən Musa Yaqub olur. Dağlarla,
çaylarla, dərələrlə, boynubükük bənövşələrlə,
ağaclarla dil tapan Musa Yaqub. Ancaq mən Yardımlıda,
uca dağlar qoynunda yaşayan Sakit İlkinin şeirlərindən
söz açanda Səməd Vurğundan, Hüseyn Arifdən,
Hüseyn Kürdoğludan, Məmməd Arazdan, Məmməd
Aslandan, Məmməd İsmayıldan, Musa Yaqubdan gələn
o ənənənin izinə düşmədim. Çünki Sakit İlkin dağlar qoynunda yaşasa
da, hər gün gülün, çiçəyin ətrini
duysa da, çayların səsinə heyran kəsilsə də,
quşların nəğməsini dinləsə də, bir
ayrı ovqatın şairidir. Doğrudur, onun şeirlərində
təbiətin bütün atributları iştirak edir:
dağ, daş, qaya, dərə, ilin fəsilləri, gül,
çiçək, meşə, çay, duman... ancaq dağ,
daş, qaya və s. təbiət atributları bu şeirlərdə
heç də təbiəti dərk etməyə, onu sevməyə
və qorumağa, yaxud ünsiyyət qılmağa səsləmək
üçün iştirak eləmir. Sakitin
şeirlərində təbiət, torpaq, yurd... artıq dərk
edilmiş anlayışlardır. Bir
böyük VƏTƏN anlayışı var ki, təbiət
də, sevgi də, tarix də (keçmiş və bu gün)
bu anlayışın, bu qavramın içindədir. Bu
mənada Sakit İlkinin şeirlərində bizim öndər
şairlərimiz Bəxtiyar Vahabzadənin və Məmməd
Arazın şeirlərindən qopub gələn təsir
dalğalarını hiss edirik. Məhz təsir, təqlid
yox... Sakit İlikinin bir şeirinə müraciət edək:
Çıxdım
qərib dağlara,
O tay, bu tay görünür.
Vətən
nə şirin şeydi,
O tay, bu tay bölünüb,
Yarıya
Yardımlıdan.
Yarı
oğullar qərib,
Oğullar dəliqanlı.
Tikanlı
məftilləri
Qoluna
qanlı-qanlı,
Sarıyar
Yardımlıdın...
İndi dərddən yazmayan şairimiz varmı? Sakit İlkin
də dərddən çox yazır. Ümumiyyətlə,
bəşərin, insanlığın dərdi, faciəsi
yaranandan poeziyada da öz əksini tapıb. Sakit İlkin də istisna deyil. Amma hər
şairin şeirlərində QOCA DƏRDin öz məxsusi
çalarları var. Yenə onun bir şeirinə müraciət
edək:
Dağların
dərdini dərələr daşır,
Daşdarı
daşdaşır, dərələr daşır,
Dərə
divarından dər, ələ daşı,
Dərə də dərddidi, daş da dərddidi.
Ömürdü,
illəri düzülür yaş-yaş,
İllərin
qurusu üzülür yaş-yaş,
Dağların
gözünnən süzülür yaş-yaş,
Çay dağın dərdiylə daşdarı didir.
Mənə
nə dövlətdi, nə vardı dərdim,
Bağımda
nə bardı, nə vardı dərdim,
Üzünə
gülməyə nə vardı dərdin,
Daşlaya
bilirsən, daşda dərdi, di...
Alliterasiya və cinaslar üzərində qurulan bu
şeirin "baş qəhrəmanı" Dərddir. Sadəcə dərd! Və dərd burada öz-özüylə oyun
oynayır. Dağların, dərələrin,
daşların bir-birilə dilləşməsi şairin də
dərdini oyandırır. Əlbəttə,
bu şeirdə hələlik Dərdin təbiət əliylə
rəsmi çəkilir. Eynilə bir başqa şeirdə
olduğu kimi:
Baş-başa
qoymuşam dərd ilə dərdi,
Çox gözlər gözünü dərdə zillədi.
İçimdə
gülərüz dərd əzizlədim,
Saldı əziz dərdim azara məni.
Bəs Dərdin özü hanı? Məncə,
bu Dərdin çalarları çoxdu. İstəyir
ictimai dərd olsun, istərsə də könül dərdi.
Bunları seçib təsnif eləmək,
çeşidlərə bölmək fikrim yoxdur.
İçimdəki
qəm darıxır,
Saçımdakı qəm darıxır.
O tayda Vətən
darıxır...
Qarşımdakı dağdı hələ.
Mən Sakit İlkini öz "məxsusi" dərdlərinin
içinə çəkilib ya qışqıraraq, ya da
pıçıldayaraq nəsə söylədiyinin də fərqinə
varmıram. Onun qışqırmağında da,
pıçıldamağında da bizim hamımızın
içindən keçən dərdlər boylanır. Sakitlə mübahisə etmək olar. Deyə bilərsən ki, "Neyləyirəm bu
dünyanı?!" deyən şair bizi bu gözəl aləmin
gözəlliklərinə göz yummağamı
çağırır? Amma gəlin, bir anlığa həmin
şeirin içindəki köz-köz olan ürəyin
qışqırdığı naləni eşidək:
Dəlidağdan
gələn qardaş,
Deyir:
"Öləydim orda kaş".
Yandım,
Allah, yava-yavaş,
Yaramın
qurumur qanı,
Neyləyirəm bu dünyanı?
Murovdağla
Laçın ağlar,
Ürəyimi
açın, ağlar,
Ələsgərin
saçı dağlar
Məzarıtək
yandı-yandı,
Neyləyirəm bu dünyanı?!
Sakit öz təzə kitabının adını
"İçində boğulduğum SƏS"
adlandırıb. Mənası məlumdur. Dünyada səsinin içində boğulan
şairlər çoxdu. Amma bu boğulan səslər
DOĞULAN SƏSLƏRdir. Çünki mənim
anlamıma görə, SƏS ölmür, itmir. O səsin
hətta işığını da görmək olur.
Bir az da Sakit İlkinin şairlik mədəniyyəti
barədə. O, şeirlərində təmiz, saf dil mədəniyyətini
nümayiş etdirir. Ənənəvi üsluba
meyl edir. Hiss olunur ki, xalq şeirini, heca şeirini, Səməd
Vurğun, Məmməd Araz şeirini çox sevir. Ancaq bu sevgi epiqonçu şair obrazı yaratmır,
Sakit İlkinin öz şair obrazını yaradır. Bu şairi oxumaq, anlamaq, dərk etmək
müşkül deyil. Çünki onun
ürəyindən saz səsi gəlir.
Bu
dağlar köklənmiş saza oxşayır,
Sərhəd məftilləri sim, sim, dağlara.
Dağların
içində dağdı Savalan,
Bir ovuc
meh olum, əsim dağlara
***
Söykən
qaya çomağına,
Bir fikrə dal, ay dağlar.
Səndə
keçib ömrüm-günüm,
Məni yada sal, ay dağlar.
Ya
başına döndər məni,
Ya daşına döndər məni.
Yaddaşına
döndər məni,
Elə qızıl, qalay, dağlar.
Dünya
keçirdi ələkdən,
Bel büküldü, düşdüm həkdən.
Qisasımı
kor fələkdən,
Al ay dağlar, al, ay dağlar.
Təmiz gəraylı, təmiz dil. Gəraylıda klassik poeziyadan, xalq şeirindən gələn bir incəlik, poetik zəriflik var. Amma bu günün - XXI əsrin gəraylısıdır. Yeni bədii təfəkkürün məhsuludur.
Mən Sakit İlkinin sevgi şeirlərində də o təmizliyi gördüm. Hərçənd ki, o sevgi şeirlərinin bir çoxunu bəyənmədim. İstəməzdim Sakit desin ki, "Sən niyə olmadın anam gəlini?!" - çox deyiblər bunu. Yaxud, desin ki: "Göz yaşlarım selə gəldi, Sən gəlmədin" - yenə də məlum motiv. Ya da "İlk məhəbbət deyəndə" şeiri... Çalınmış havalardır. Təzə bir şey yox... Həmçinin, istəməzdim ki, Sakit lirika ilə publisistikanı qarışdırsın, ya poeziyanın odunu söndürüb publisistikaya tabe olsun, ya da onların süni calağını yaratsın. Məsələn, "Yardımlıda nə var, nə yox, qadası" şeirində olduğu kimi.
Sakit İlkin təcnis yazmağı da çox sevir və bu təcnislərdə "forma oyunu" ilə üzləşsək də, məna itmir. Bir gözəl sevgi təcnisinə tamaşa qılaq:
Dolub gözlərinə ayın işığı,
Nə gözəl görünür gözə ay, gözəl.
Ulduz nişanası, ay yaraşığı,
Gözlərin gələcək gözə, ay gözəl.
Yanıram, sənintək gözəldən sarı,
Baxıram, özümü göz əldən salır.
Dərdin saçlarıma gözəl dən salır,
Varmı sənin kimi gözəl, ay gözəl.
Düşəydi əlinə-düz ələ dünya,
Yaxşını, yamanı düz ələ, dünya.
Sən gəlsən bəlkə də düzələ dünya,
Gələ gözəl dövran, gözəl ay, gözəl.
Və sonda deyim ki... mən bir oxucu kimi Sakit İlkinin şeirlərində təkcə "içində boğulan səs"i yox (artıq o səsi eşitdim), həm də dünyanı, həyatı, gözəllikləri sevən sevən bir şairin səsini eşitdim.
Vaqif
YUSİFLİ
Ədalət.-2013.-12 oktyabr.-S.13.