Moskvada Soltan Əhməd məhəlləsi

 

Azərbaycanlı aktyorların da rol aldığı "Yasmin" serialı böyük populyarlıq qazanıb

 

Dünyanın istənilən nöqtəsində Rusiyanın 1-ci kanalını-ORT-ni izləmək şansı olanlar "Yasmin" serialının yetərincə reytinq qazandığının şahididirlər. Yeni televiziya mövsümündən nümayiş olunmağa başlayan "Yasmin"in uğur qazanmasında Bakıdan dəvət edilən aktyorların da əməyi var. Serialın Azərbaycanda da maraqla izlənməsinin səbəblərindən biri isə hadisələrin Türkiyədə baş verməsidi.

Sirli-sehrli "Yasmin"

Tamaşaçıların böyük maraqla izlədiyi "Yasmin" OTR-nin növbəti irimiqyaslı layihələrindən biridi. 200 hissədən ibarət olacaq seirialı "Krasnı Kvadrat" Kino Şirkəti istehsal edir. Ssenarini Anna Kozlova yazır. Quruluşçu rejissorlar Kseniya ZarutskayaVyaçislav Kaminskidir. Serialın quruluşçu operatoru Eduard Melnikov, bəstəkarı isə Toni Laubingerdir. Quruluşçu rəssam Sergey İvanov kino həvəskarlarına "Anna Karenina" filmindəki işi ilə yaxşı tanışdır.

"Yasmin"in baş prodüseri Denis Yevstiqneyev sovet kinosunun ən məşhur aktyorlarından biri sayılan Yevgeni Yevstiqneyevin oğludu. Oğul Yevstiqneyev "Qaçış", "Boşanma" kimi uğurlu filmlərdə çalışıb.

Serialdakı hadisələr real həyata çox yaxındı. Müxtəlif yaşlı, fərqli sosial statusa malik üç rus qızı Türkiyəyə gedir. İstanbulda qarşılaşdıqları insanlar onların həyatını dəyişir. Lena, Maşa və Ksyuşanın gündəlik həyatını əhatə edən hadisələr bəzən lap 1001 gecə nağıllarını xatırladır.

Layihənin müəllifləri ssenariyə bir mistik not da qatıblar. Müasir həyatdakı hadisələrin fonunda 30 il öncə baş verən müəmmalı bir qətlin tarixçəsi xatırlanır. Serialın qəhrəmanları olan 3 rus qızından birinin çalışdığı otelin zirzəmisində 30 il əvvəl Yasmin adlı qadın qətlə yetirilib. Çılğın məhəbbətin dəlicəsinə qısqanclığın qurbanı olan Yasmin kimdi? Filmin yaradıcıları bu sualın cavabını sirr kimi saxlayırlar. Hətta serialda rol alan aktyorların özləri hələlik Yasminin kim olduğunu bilmirlər.

Şahmar Qəribli: "Sanki nağıllar aləminə düşmüşəm"

Xoşbəxtlik ardınca İstanbula gedən 3 rus qızını ekranda Katerina Krupenina (Lena), Nataliya Dvorestkaya (Maşa) Yekaterina Radçenko (Ksyuşa) yaradırlar. Dünyanın dörd bir tərəfində milyonlarla tamaşaçının izlədiyi ORT kanalında yayımlanan "Yasmin" serialında Azərbaycan aktyorları da çəkilirlər. Baş rollardan birini Bakı Bələdiyyə Teatrının aparıcı aktyorlarından sayılan İlqar Musayev ifa edir. Serialın yaradıcıları türk Mehmetin roluna çəkmək üçün 2 ay ərzində xeyli aktyoru kastinqə dəvət etsələr sonda İlqar Musayevin üzərində dayanmalı olublar. Bakı Bələdiyyə Teatrının yaradıcısı bədii rəhbəri xalq artisti Amaliya Pənahova da serialda maraqlı obraz yaradır.

"Yasmin"in müəllifləri Kamal obrazını isə tanınmış aktyor rejissor Şahmar Qəribliyə etibar ediblər. Bu günlərdə şəxsi işləri ilə bağlı bir neçə günlüyə Azərbaycana qayıdan Şahmar Qəribli ilə görüşüb "Yasmin" barədə ətraflı söhbətləşdik.

Görkəmli sənətkar Adil İsgəndərovun tələbəsi Şahmar Qəribli uzun illər Sumqayıt Dövlət Musiqili Dram Teatrında bir-birindən maraqlı obrazlar yaradıb. Doğma teatrın səhnəsində Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinə quruluş verib, "Sabah" Yaradıcılıq Emalatxanasında bir neçə tamaşanın quruluşçu rejissoru olub. İstedadlı aktyor rejissorun milli kinomuzun inkişafında da xidmətləri var. Tamaşaçılar onu "Qəzəlxan", "Fəryad", "Cavid ömrü", "Dolu", "Sübhün səfiri","Çölçü" filmlərindəki rolları ilə yaxşı tanıyırlar.

Şahmar Qəribli "Yasmin" serialında Kamal roluna çəkilmək üçün böyük bir seçim turundan keçməli olub: "Bir neçə ay öncə serialın rejissor qrupu Bakıda kastinq apardı.

"Yasmin"də çəkilmək üçün xeyli aktyor sınaqdan keçirdilər. Çəkildiyim Kamal roluna da böyük rəqabət var idi. Sonda Moskvadan zəng edib Kamal obrazına təsdiqləndiyimi bildirdilər çəkilişlərə dəvət etdilər. Teatr kinodakı təcrübəm, görkəmli pedaqoq Leonid Xeyfetsin tələbəsi olmağım görünür bu məsələdə mühüm rol oynayıb".

Həmsöhbətimiz deyir ki, qısa müddət ərzində "Yasmin"in belə uğur qazanması reytinq toplaması işlərin peşəkar görülməsi ilə bağlıdı: "Layihədə məşğul olan hər bir kəs işinə peşəkar yanaşır. İşlər saat mexanizmi kimi qurulub. Bütün məsələlər bağlanmış müqavilə ilə tənzimlənir. Aktyorun zəhmətinə necə dəyər verildiyinə elə ilk gündən şahid olursan. Uzun illərdir ki, teatrda kinoda çalışıram. Məni bu sənətdə təəccübləndirmək çox çətindir. Amma "Yasmin"də sanki nağıllar aləminə düşmüşəm. 200 seriya planlaşdırılan "Yasmin"in 50 seriyasını uğurla çəkib qurtarmışıq. 30-a yaxın seriya artıq ORT- nümayiş olunub yetərincə reytinq toplaya bilib.

Bu böyük yaradıcılıq layihəsi üzərində xeyli insan çalışır. Serialdakı hadisələrin çoxu İstanbulda baş verdiyindən "Mosfilm" kinostudiyasının paviliyonlarında təxminən min kvadrat metri əhatə edən Sultan Əhməd məhəlləsi qurulub. Fəvvarələr, türk hamamı da tikilib. Çəkiliş qrupu ən modern texniki qurğulardan istifadə edir".

"Yasmin"də Kamal obrazını yaradan Şahmar Qəribli Moskvada olduğu müddətdə daha bir neçə seriala dəvət alıb. Lakin həmin dəvətlərdən imtina etməli olub. İstedadlı aktyor bunun səbəbini isə belə izah etdi: "Milyonlarla izləyicisi olan ORT kanalında yayımlanan seriala çəkilməklə həm böyük bir kino bazarına daxil olursan. Belədə digər seriallardan dəvətin gəlməsinə təbii baxmaq lazımdı. Mənə belə dəvətlər gəlib. Serialın baş prodüseri Denis Yevstiqneyevlə bu barədə dəfələrlə söhbətimiz olub. Amma bağladığımız müqavilənin şərtlərinə görə, hələ bir il "Yasmin"də çəkilməliyəm. Bu müddətdə isə başqa filmlərdə işləməyimə qadağa qoyulub. Azərbaycanda çəkildiyim seriallardan da imtina etməli olmuşam. Bir-iki günlüyə şəxsi işlərimlə bağlı Bakıya gəlmişəm. Yenidən Moskvaya, oradakı Sultan Əhməd məhəlləsinə qayıdıram. Çünki hələ görüləsi işlər çoxdu".

 

Etibar CƏBRAYILOĞLU

Ədalət.-2013.-12 oktyabr.-S.12.