Məmməd Araz: "Milli qürur, milli
qeyrət, səninləyəm!"
Məmməd Araz - 80
Yaz
ağzı təbiət al-əlvan don
geymişdi. Sanki qüdrətdən yaranan
bütün rənglər yer üzünə səpələnmişdi.
Günəş üfüqdən bir boy
qalxıb dənizin ayna sinəsini, Kürün Xəzərə
tökülən boz-bulanıq sularını öz nuruna
boyamışdı. Çay dənizə
axdıqca sular rəngini dəyişir, zərrin şəfəqlər
altında qırçın-qırçın titrəyib bərq
vururdu.
Ətraf əsrarəngiz sükut içində idi. Elə bil təbiət
öz gözəlliyinə məftun olub xəyala
dalmışdı. Göyərtədəkilər
nəfəslərini dərib qeyri-adi mənzərəni seyr
edirdilər. Onlardan azca aralıda seyrək
çal saçları alnına tökülən şair
başını qolundan tutmuş xanımına sarı əymişdi.
Onun iti, nüfuzedici baxışları ənginliyə
dikilmişdi.
Birdən işə düşən mühərrikin səsi
sükutu pozdu.
Göyərtədəkilər şüşəbəndli
kayuta düşüb, döşəməyə bərkidilmiş
skamyalarda əyləşdilər. Xanımının
yanında rahatlanan şairə yaxın oturdum. Onun
arıq, bir az öncə solğun
görünən üzü allanmışdı. Ömür-gün sirdaşı Gülxanım
qayğılı gözlərini ondan çəkmirdi.
-
Maşallah olsun, Məmməd müəllim gümrah
görünür, - dedim.
- Hə,
elədir. Buranın havası ona düşür, deyəsən,
- qadın bir qədər fikirli halda cavab verdi.
Şair əvvəl
xanımına, sonra mənə zənlə baxıb, kayutun pəncərəsindən
görünən yaşıllığa
bürünmüş sahilə sarı əlini uzatdı:
- Gözəldir,
havası da saf...g
Səsi zəif, titrəkdi, sözləri çətin
başa düşülürdü.
Fikir iti olur. Bir anlığa tələbəlik illərini
xatırladım. O vaxtlar cavan, sağlam, gümrah şairin
özünəməxsus avazla, ürəyəyatan səslə,
bir qədər pafosla sinədən dediyi şeirləri indi təzədən
qulaqlarımda səsləndi elə bil. Sonra da səngiməyən
alqışlar...
Axırıncı kursda idim. O, ali təhsilini
başa vurmuşdu. Hələ Məmməd
İbrahimov idi. Sonra mətbuatda Məmməd
İbrahim imzası göründü. Və nəhayət,
poeziyamızın Məmməd Araz zirvəsi!
Böyük
sənətinə, qeyri-adi istedadına ehtiram bəslədiyim
şairi oxucularla görüşlərində dəfələrlə
dinləmişdim, yaradıcılığını müntəzəm
izləmişdim, amma onunla yaxından tanış
olmamışdım. Bu xoş təsadüf universiteti bitirib
Salyanda çıxan "Qələbə" qəzetində
redaktor müavini işləyəndə baş verdi.
İş gününün axırında redaksiyanın dəhlizində
rastlaşdıq: Cabir Novruzla birlikdə, özlərinin dedikləri
kimi vaxtsız gəlmişdilər. Rayon rəhbərlərindən
heç kimi görə bilməmişdilər. Mehmanxanada gecələyib səhər
görüşmək ümidində idilər. Mən onları məmnuniyyətlə evimə dəvət
etdim. Gecədən xeyli keçənədək
həmsöhbət olduq. Qonaqlarımın
təzə şeirlərini dinlədim.
Adətim üzrə səhər tezdən oyananda Məmməd
müəllimi bağçada gəzişən gördüm,
narahat olub səhhətini, erkən durmağının səbəbini
soruşdum.
- Adətim
belədir, - dedi, - gec yatsam da, tezdən oyanıram. Yerim rahatdı. Ancaq balacama
görə narahatam.
Sualımı
gözlərimdən oxuyub izah elədi:
- Öyrəncəlidir,
mənsiz gözünə yuxu getmir.
O vaxt təzəcə
ailə qurmuşdum. Hələ ata deyildim.
Qonağımın sözləri mənə
çatmadı, qəribə gəldi. İstər-istəməz
öz-özümə sual verdim: "Bəs anası?"
Mənə
xoş təsir bağışlayan həmin söhbəti
neçə illər sonra - indi gəminin kayutunda xatırlayıb
həyat yoldaşı ilə yanaşı oturan
Gülxanım anaya danışanda qayğılı halda
gülümsündü:
- Hə,
atası bir yerə gedəndə balaca qızımız
darıxırdı, ovundura bilmirdim onu.
Sözünə
ara verib köksünü
ötürdü:
- Elə
indi də elədir. Allaha şükür öz
evi-ailəsi, uşaqları, işi-gücü, di gəl ki,
yenə canı atasındadır. Elə
ata da onu çox istəyir.
Məmməd
Araz kayutun pəncərəsindən görünən
"Kür qırağının seyrəngahı"na maraqla tamaşa edirdi. O, salxım
söyüdlərin kölgə saldığı, ətrafı
yaşıllıqla haşiyələnmiş nəhəng bir
tablonu xatırladan çayın sahilinə məftun nəzərlərlə
baxırdı. Və əlvan söz çələngindən
özünəməxsus gözəl poetik lövhələr
yaradan şairin qəlb titrədən misraları
yaddaşımda canlanırdı:
Günəş
elə bil ki, zirvədə yatır,
Baxıb
bir lövhəyə, heyran qalmışam:
Dağın
zirvəsində gün-günortadır,
Dərənin dibini haqlayır axşam.
Dünyaya
dağlı-daşlı, çaylı-bulaqlı,
bağlı-bağatlı kənddə göz açan,
özünün dediyi kimi əlifba kitabı təbiət
olan, orta məktəbdə meylini nəbatat elminə salıb
institutun coğrafiya fakültəsini bitirən, uzun illər
"Azərbaycan təbiəti" dərgisinin baş
redaktoru vəzifəsində çalışan Məmməd
Araz poeziyamızda yeni təbii iqlimin - çağdaş
ekoloji təfəkkürün təməlini qoyub. Canlı müşahidələrin, yüksək
poetik ilhamın məhsulu olan şeirlərində vətən
eşqi, vətəndaşlıq amalı, doğma kökə
bağlılıq, torpağa vurğunluq öz dolğun bədii
əksini tapıb. Azərbaycan
poeziyasının təkamülündə yeni mənəvi
iqlim yaradan Məmməd Araz baş redaktoru olduğu
elmi-kütləvi jurnalın yaradıcı kollektivi ilə
birlikdə təbii sərvətlərimizin keşiyində
durub. O, ekologiyamızın, ətraf mühitin,
ab-havamızın saflığı naminə bədii,
publisistik sözdən özünəməxsus ustalıqla
istifadə edib, bu çox vacib, məsul vəzifənin
öhdəsindən şərəflə gəlib.
Mən bütün bunların canlı şahidi
olmuşam, xüsusən də "Mədəni-maarif"
jurnalının baş redaktoru işləyəndə.
Redaksiyalarımız "Azərbaycan" nəşriyyatının
ikinci mərtəbəsində, qonşu otaqlarda yerləşirdi. Məmməd
müəllimin təklifi ilə "Azərbaycan təbiəti"
redaksiya heyətninin üzvü olmağım ürəyimcə
idi. Burada əsil yaradıcılıq
mühiti var idi. Jurnalın dolğun, dərin
məzmunlu, nəfis şəkildə, gözəl tərtibatda
çıxan nömrələrini oxucular intizarla gözləyir,
maraqla oxuyurdular.
Müəyyən
təcrübəsi olan peşəkar mətbuat işçisi
kimi mənim diqqətimi isə həmişə nömrənin
"kompası" sayılan, adətən ön səhifədə
dərc edilən baş redaktor qələminin məhsulu - Məmməd
Araz publisistikası cəlb edirdi.
Müxtəlif
peşə sahiblərinə, sənət adamlarına, təbiətsevərlərə,
bir sözlə oxucuya, vətəndaşa ünvanlanan, onu
düşündürən, səfərbər edən, hərəkətə
gətirən Məmməd Araz publisistikasının məkanı
- Azərbaycan təbiəti; zamanı - dünənimiz,
bugünümüz, sabahımız; ünvanı - doğma
yurdun hər qarışının qədrini bilən vətəndaş,
məramı - Tanrının bəxş etdiyi əvəzsiz təbii
sərvətlərimizin qədrini bilməyi, göz bəbəyi
kimi qoruyub, gələcək nəsillərə ötürməyi
aşılamaq; tənqid hədəfi - təbiətimizə
qazanc mənbəyi kimi, yad nəzərlə baxan sapı
özümüzdən olanlar!
Məmməd Araz qələmi belələrinə
qarşı qılınc kimi kəsərli idi. Baş
redaktorun yetirmələri - jurnalın yaradıcı kollektivi,
yerlərdə müxbirləri, çoxsaylı oxucuları təbiətimizə
qənim kəsilənlərə aman vermir, onları tənqid
atəşinə tutur, ifşa edirdilər. Bütün bunların konkret nəticəsi -
jurnalın tənqidi çıxışları ilə
bağlı görülən əməli tədbirlər barədə
oxuculara müntəzəm məlumat verilirdi. Beləliklə,
geniş oxucu auditoriyasına malik "Azərbaycan təbiəti"
ekologiyamızın və təbii sərvətlərimizin
qorunmasını təşviq, iəbliğ və təşkil
etməklə, bu çox vacib sahədə dördüncü
hakimiyyət funksiyasını ləyaqətlə yerinə
yetirən mətbuat orqanı kimi böyük nüfuz
qazanmışdı.
Redaksiya heyətinin üzvü kimi şahidi
olduqlarımı, gözlərimin qarşısında baş
verənləri yada salanda ürəyimdə xoş duyğular
oyanır.
***
"Şair
gözəlliyin göz dustağıdır", - deyən Məmməd
Araz Azərbaycan təbiətinin vurğunu idi:
Azərbaycan
- qayalarda bitən bir çiçək,
Azərbaycan - çiçəklərin içində
qaya.
Mənim
könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxır dünyaya.
Dağlarına
"baba", qayalarına "ata" deyən şairin Vətəninə
"oğul olmaq" ən böyük arzusu idi:
Vətən
mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Ulu
Tanrının səxavətlə verdiyi İstedadının,
Zəhmətinin, Əziyyətinin, İradəsinin, Qətiyyətinin
sayəsində o, bu arzusuna çatdı, amma
yaratdığı sənət inciləri müqabilində
heç bir mükafat, təltif ummadı:
Heç
bir mükafatın yetmədi mənə,
Bircə
"sağ olun" da bəsimdi, Vətən!
Bəsimdir,
hər səhər təltif yerinə,
Qapımda
küləyin əsibdi, Vətən! -
dedi və
özünü xalqının sıra nəfəri, sadə vətəndaşı
- Vətən daşı saydı. Bununla fəxr etdi, inamla
"sənətkar hökmünü" verdi:
Vətən
daşı olmayandan
Olmaz
ölkə vətəndaşı!
Vətənin şair oğluna layiq olduğu
mükafatı Ulu Öndər dühası bəxş etdi. O, oxucuların sevimlisi kimi
xalqın ürəyinə yol tapdı.
Məmməd Arazın oxucularla, sadə zəhmət
adamları ilə görüşlərində dəfələrlə
əsil Xalq məhəbbətinin şahidi oldum.
***
Kürün Xəzərlə qovuşduğu qeyri-adi mənzərəni
həyəcanla seyr edən şair oxucuları tərəfindən
böyük ehtiramla qarşılandı. Bu, adi
görüş deyil, dağ çiçəyi kimi ətirli,
dərya kimi dərin, qılınc tək kəsərli Məmməd
Araz poeziyasının bayramı idi.
Xalq
şairini öz evlərinə dəvət edənlərin
ürək sözləri, həyət qapısının
astanasında, ayaqları altında kəsilən qurban,
saç-saqqalına zamanın qarı ələnən el
ağsaqqalının xeyir-duası, əllərini
qoşalayaraq üzünü açıq səmaya tutub
Allahdan sənətkara şəfa diləməsi, nəhayət
ertəsi gün səhər böyük hörmət-izzətlə
yola salınması yaddaşıma silinməz naxışlar
vurub. Və bir də yol yorğunluğunun
maşının salonuna hopmuş sükutu. Bakıya az qalmış qanrılıb arxaya baxıram:
başını yana, xanımının çiyninə əyib
xəyala dalan şairin üzündən mərhəmlik, məmnunluq
oxuyuram. Məmməd Araz qələmindən süzülən
misralar yaddaşımda durna qatarı kimi
sıralanır:
Bu həyatdır,
əzizim,
Ömür
alan, gün satan;
Ocaqsız
bir düşərgə
Düşsə
bu baxtımıza,
Bu yolu
getməliyik;
Biz
qoşa getməliyik!
***
Poeziyamızın özünəməxsus zirvəsində
qərar tutan Məmməd Araz fenomeninin məhək
daşı yaradıcılıq və şəxsiyyətinin
vəhdəti, bütövlük, məhəbbətin, sədaqət
və etibarın bənzərsiz tərənnümüdür.
Vətənin
ağır günündə, ölüm-dirim savaşında
öz ahəngini dəyişən, Misri qılınc kimi kəsərli,
"Cəngi" sədalı şair sözü ev-ev, səngər-səngər
dolaşdı, hayqırıb Odlar yurduna nidalandı:
Nə
yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa
dur, Azərbaycan, səninləyəm!
Səninləyəm,
haqq-ədalət, səninləyəm,
Milli
qürur, milli qeyrət, səninləyəm!
Bunu sözü ürəklərdə yuva salan, biləklərə
qüvvət olan Odlar yurdunun şair oğlu deyirdi. O, Vətənin ağır
günündə ölüm-dirim savaşına
çıxanlara söz ordusunun döyüşən əsgəri
kimi özünü nişan verirdi:
Yıxın məni söz atından,
Atın məni tank altına.
Əzin məni xıncım-xıncım,
Kəsmir əgər söz qılıncım...
Didin məni
didim-didim...
Qundağdakı bir körpəni xilas edim.
Neçə "səni", neçə "məni"
xilas edim.
"Söz
qılıncı"nın kəsərindən
nigaran təvazökar şairin dillər əzbəri olan
misraları cəbhədə mərmiyə dönüb od
püskürürdü.
Nə
zaman ki, bu yer, bu yurd
Yağıları
süpürəcək, üfürəcək,
Hər əsgərin,
hər nəfərin
Nəfəsi
od püskürəcək!
Onda
dönüb görəcəksən:
Nakamların
qəlbi: Məşəl!
Qaliblərin
qəlbi: Məşəl!
Ürəyi
məşəl kimi alovlanan şair özünün
"ümid, inam qalasına", "mayası nur, qayəsi
nur" Odlar diyarına sözünü deyirdi:
Ayağa
dur, Azərbaycan!..
Çək
sinənə qayaları yamaq elə,
Bayrağını
Xəzər boyda bayraq elə!
Enməzliyə
qalxmış olan bayrağını!
Azərbaycan
bayrağını!
Gün gələcək
üçrəngli bayrağımız Odlar yurdunun əzəli,
qədim torpaqlarında dalğalanacaq, heç zaman enməyəcək,
Qələbə müjdəsindən qüdrətli sənətkarın
nigaran ruhu şad olacaq, əbədi rahatlıq tapacaq!
Əlövsət
BƏŞİRLİ
Ədalət.-2013.-12 oktyabr.-S.9.