OQTAY XALLOĞLU

(LAYLA DE LAYLA)

 

 

İnsan Mənzərələri

Qəfil başlayan yağışın şüşələrə çırpılan səsi onu xəyallarından ayıra bilmədi. Özü də biliridi ki, sükan arxasında fikirli oturub maşını idarə etmək çox təhlükəlidi. Buna baxmayaraq özünü ələ ala bilmir, çox zaman instiklə idarə olunan maşın onu tanımadığı yelərə aparıb çıxarır, buralara hansı yollarla, necə gəlib çıxdığına təəcüb edirdi. Onun dünyası başına uçmuşdu. Bir ildən artıqdır ki, viran olmuş arzuları, param-parça olmuş sevgi dünyası, gözü yaşlı mələşən iki ciyərparasının ürəkləri dağlayan mələşmələri, ümidsiz-ümidsiz, lal-dinməz gözlərinə zillənmiş qubar, nisgil dolu yar baxışları onu bircə an belə tərk etmir, yaşamaq eşqiylə alışıb-yanan ruhunu üzüb əldən salırdı, harada olduğunu, nə işlə məşğul olduğunu belə anşıra bilmirdi.

Yağmurlu hava olduğundan içəridəki istilikdən maşının şüşələri tərləyir, şüşətəməzləyicinin aramsız olaraq işləməsinə baxmayaraq qarşı tərəfi görməyə çətinlik yaradırdı. Baharın leysan gurşadı küləklə pəncərələrə çırpılaraq üz-gözündən qəm yağışları sellənən sürücünü xəyallardan ayıra bilməyir, zolaq-zolaq şaxələnən damcılar alın şüşənın üzərindən sürüşərək damar-damar olub yayılır, aramla işləyən şüşətəmizləyicinin qollarıyla sağa-sola daranırdı.

İnstiklə idarə olunan maşın Salahlı kəndindən sola burularaq İncə Dərəsinə tərəf yol aladı. Hara getdiyini, harada olduğunu unudan sürücü, sol əliylə gözlərini, alnını ovuşdurdu, şüşətəmizləyicinin aramsız hərəkətindən, sağa-sola burulduqca tükürpədən, yeknəsək cığıltı səsindən zinhara gətirmiş kimi əllərini sükana çırparaq dodaqaltı mızıldanmağa başladaı.

İncə dərəsinə uzanan dolama, kələ-kötür yolların çuxurlarını yağış suları doldurmuş, şüşə parçalarına oxşayan irili-xırdalı gölməcələr əmələ gətirmişdi.

Qəfil başlayan yağış, qəfilcə də kəsmişdi. Hərbi geyimdə olan sürücü yuxudan ayılmış kimi nə düşündüsə maşını yolun sağ tərəfindəki, yola baxan üzü qandax, beli isə dəvənin belini xatırladan təpənin yanında saxladı.

Görünür bu yanları yağış az tutmuşdu. Hava tamam açılmış, ara-sıra düşən damcıları nəzərə almasaq göy üzü dumduru durulmuş, Cüryəlli, Kirkitdi tərəfdən günəşin parlaq şüaları səmanın bir üzünü əlvan şəfəqlərə qərq etmişdi. O, əvvəlcə başını qaldırb avazımış göy üzünün bir tərəfdən açılıb mas-mavi rəng almış ənginliyinə, sonra isə o biri təfəfdən Aveyin başı üzərindən sıyrılıb Vəlixan meşələrinə tərəf sürünən qara buludlarının arxasınca baxdı. Göy üzünü seyr etdikdən sonra dəvə belinə oxşayan təpəyə yaxınlaşdı. Yovşanların ətri çil-çirağa bənzəyən yağış damlalarının arasından pöyxurub ruhu oxşayan doğma qoxusuyla yolçunu məsti xumar etdi, bir anlıq dünyanı ona unutdurdu.

Təpənin qandax tərəfində Qizdarquşlarının oyaraq düzəltdikləri yuvalara xeyli tamaşa etdi, sonra yorğun addımlarla təpənin üstünə qalxdı. Dodağı səyridi, azacıq gülümsəyərək, Akif Səmədlə bu təpənin üstündə balaca süfrə açıb araq içdiyi o axşamüstünü xatırladı.

Bakıdan gələrkən kəndə catana qədər amanı qırılan Akif bu təpəciyi ona göstərib demişdi ki, arkadaş, o aldığın araqların birini çıxar, bu təpənin üstündəcə elə boğazından başımıza çəkək. Heç vaxt sevimli dostunun bir sözünü iki eləməyən Oqtay başını bulayaraq buradaca bir süfrə açmış, pendir, kolbasa, çörəklə yarımlitirin birini öldürmüşdülər.

Təpənin üstündən yolun sol tərəfindəki taxıl zəmisinə baxdı. Yamyaşıl zəmi yağış suyunda çimib, saçlarını darayan mələklər kimi nazlanaraq koksunu al-qırmızı rəngə boyamış lalərin rəngindən rəng almağa can atırdılar. Yol kənarı ilə göyərib bir boy qalıxmış ala qanqallar yaşıl bur zolaqla yol boyunca uzanıb gedirdi. Təpədən aşağı düşüb taxıl zəmisinə yaxınlaşdı, dizi ustə çöməlib qıpqırmızı badələrə oxşayan lalələrin içində gizlənmiş yağış damcılarına baxaraq barmaqları ilə ləçəklərə toxundu. Ləçəklərin arasından süzülən damcılar barmaqlarının arasından biləkləri aşağı axıb canına bir sərinlik bəxş etdi. Köksü qabardı, sanki, dəli bir ozan olub tüğyan eləmək istədi...

Hərbiçi olmasına baxmayaraq, anadan şair kimi doğulmuşdu Oqtay Xalloğlu. Gəncliyindən davakür, çılğın, coşqun bir urək sahibi olduğundan, tay-tuşlardan fərqli olaraq həm gücü, həm bacarığı, həm saz çalıb oxumağı, həm də ara-sıra qımqımılar uydurmağıyla hamının diqqətini cəlb edirdi. Atası Xəlil müəllim Astanbəyli kəndinin ən urvatlı, mötəbər, nur-ipək kişilərindən biri idi. Seyidovlar şəcərəsinin daşyıcılarından olan Xəlil müəllimin kökü, zatı Şeyx Hacı Mahmud Əfəndinin səcərəsinə məxsusdu.

Seyidovlar səcərəsi nəinki İncə dərəsinə, eyni zamanda Azərbaycana və Böyük Türk dünyasına Əhməd Seyidov, Fikrət Seyidov, Səməd Seyidov kimi böyük şəxsiyyətlər bəxş etmişdir. Ümumiyyətlə bu səcərənin daşyıcılarının demək olar ki, hamısı digər sahələrdə də, istər hərbidə, istər elmdə, istərsə də igidlikdə böyük hünər və uğurlar qazanmış insanlardı.

Oqtay Seyidov 27 yaşında ikən Goranboy rayonunun hərbi komissarı olmaqla ölkənin ilk ən gənc hərbi komissarı olaraq adını Milli ordumuzun tarixinə həkk etdirmişdi.

Bu çılğın təbiətli hərbiçinin demək olar ki, tale üzünə gülmüş, az bir zaman kəsiyində ölkədə, el-obada, dost-tanış, qohum-əqraba yanında şöhrəti, səxavəti göylərə ucalmışdı. O, xaraktercə əsil İncəli kişisi idi. Ən sevimli əyləncəsi aslan biləkli qaplan itlər saxlamaq, qartal dimdikli, hertı xoruzlar bəsləmək, onları döyüşdürərək qələbələr qazanmaq və hənişə qalib kimi baş dik gəzmək idi. Məğlub olmaq işi onun həyat kredosunda yox idi.

Sazı da özünə məxsus çalardı. Ara-sıra qələmə aldığı şeirlər dərhal aşıqların repertuarında özünə yer alar, oxuyanlar isə Oqtayın özünün bəstələdiyi ləmsdə oxumağa cəhd edərdilər.

Maşın "Plakata"(İncə dərəsinin girişində "Astanbəyli" yazılmış lövhə) yaxınlaşanda mavi rəngə çalan gözləri qarşısında doğma bir mənzərə canlandı, köksü qabardı, dərindən bir nəfəs alıb, "Doğma yurdum, İncə dərəm, bu dünyada səndən gözəl bir Cənnət görmədim" - deyib, dodaqaltı zümzümə etməyə başladı:

 

Qayaların əli qalıb qaşında,

Yola baxır hər xırdaca daşın da.

Günahkaram, öləsiyəm qarşında,

Ölənmirəm, İncə Dərəm, incimə.

 

M. İlqar

 

Evlərinə dönən körpüyə tərəf baxıb maşının sürətini yavaşıtdı. Ürəyində anası Səba anaya səlam söyləyib üzür dilədi: " Bağışla, ana, mən gözü yol çəkənimə öncə baş çəkəcəm. O məni hamıdan çox gözləyir, o əlacsızdı, o əlsiz-ayaqsızdı, onun dərdi hamının dərdindən böyükdü. Birinci ona baş çəkəcəyəm, ana, birinci onun sovqatını verəcəyəm, göz yaşlarında qərq olub, göz yaşlarımda cimizdərəcəm onu..." - deyib, maşının sürətini artırdı.

Kəndin arasından ötərkən ona əl edən dost-tanışları belə görmürdü gözləri. Göy rəngli "Jiquli" markalı avtomabil Kəmərli kəndinin baş tərəfində yerləşən darvazaya yaxınlaşıb dayandı.

Bir xeyli maşından düşməyə cəsarət etmədi. Bilirdi ki, qulağı səsdə, gözü yolda qalan sevgili nigarı dustaq yatağında onun yolunu gözləyirdi. Çox əlaçsız idi sevgili nigarı, nə qarşısına çıxa, nə atılıb boynuna sarıla, nə də qucaq dolu gətirdiyi hədiyyələri görüb sevincindən atılıb-düşə bilmirdi.

Darvazanın qapısını açıb içəri girdi. İstər-istəməz gözləri bağın ortasında bitmiş həmin gavalı ağacına sataşdı. Həyət-bacada gözə dəyən yox idi. Əlindəki bağlamanı qapı ağzındakı masanın üstünə qoyub titrək addımlarla gavalı ağacına yaxınlaşdı. Yenicə çiçəkləmiş gavalı ağaşı utandığından tərləmişdi sanki. Yarpaqlarindan, çiçəklərinin qönçələrindən süzülən yağış damcıları titim-titim titrəşirdilər. Günahsız olduğunu göz yaşlarıyla sübuta yetirirmiş kimi, yerindəcə donub qalmış gavalı ağacının bu işdə günahı varıydımı görəsən...

Sərt bir ailəyə ürcah olmuşdu Oqtay. Sevgilisi Vəzzuhəni ona vermək istəmirdilər. Amma onlar bilmirdilər ki, bütün qadağalar, təhlükələr, aşılmaaz keçidlər, bəndlər-bərələr onun inadı qarşısında aciz idi. İnadkar olduğu qədər mübariz, məqsədi uğrunda son nəfəsəcən savaşan, məğlubiyyətin nə oduğunu ağlına belə gətirməyən bu İncəli ərəni nəyin bahasına olursa-olsun sevgilisinə qovuşmalıydı. Nəhayət son qərarını verib təklülə tüfəngini götürdü, birbaşa sevgili mələyi Vəzzuhə xanımgılə gələrək təkbaşına qızı alıcı tərlan quşu tək atın yəhərinə atdı, özü də ata sıçrayıb, bir anın içində yoxa çıxdı. Bu cəsarətə heyran qalan Əhməd kişi məğlubuyyəti ilə barışmış, qızı Vəzzuhəni onun igidliyinə halal etmişdi.

Aylar-illər ötmüş, onların ilki, oğul balaları Xəlil (uşaqlıqdan Ataş dediklərinə görə indiyə qədər də Ataş kimi çağırırlar) dünyaya göz açmış, bu xoşbəxt ailəyə uğurlar gətirmişdi. Goranboy rayonuna hərbi komissar təyin olduqdan sonra qızları Aişə dünyaya göz açmış, ailənin yanar çırağına dönmüşdu.

Qızmar yay günlərinin birində qayınanası Dilbər xanım Oqtaya ismarış göndərdi ki, yayın bu qızmarında uşaqları oralarda bişirməsin, göy yaylağa bənzəyən Kəmərli kəndinə göndərsin.

Üç yaşı təzəcə tamam olan Ayişədən ayrı dura bilməyəcəyini yəqin etsə də qayınanasının təklifi ürəyindən olmuş: "Bir az onlarda qalarlar, bir az da bizdə. Anam doxdur Səbanında lap ürəyindən olar" - deyib, balaca, sevimli ailəsini kəndə gətirdi.

Kaş bu uğursuz səfərə çıxmayaydı...

Çiçəkləri üstündə yağış damlaları mirvari kimi işıq saçan gavalı ağaçı lal-dinməz Oqtayın məzlum duruşuna tamaşa edirdi. Baş vermiş o dəhşətli faciəni gözləriylə görmüşdü, budaqlarını tər basmıs iri gövdəli, qara meyvəli gavalı ağacı.

Ağacın budaqlarına əli çatmayan Vəzzuhə xanım, tabureti ayağının altına qoyub, barmaqları ilə qara gavalıları anasına göstərən Xəlili üçün bir neçə gavalı dərmək istədi. Barmaqlarının ücu gavalıya dəyirdi. Əli çatsın deyə pəncəsi üstə qalxmaq istəyəndə taburet ayağının altından qaçdı. Yıxıldı Vəzzuhə xanım. Arxası üstə dim-dik xəncərə oxşayan donqar yerə dəydi. Yıxılmaq görünməmişmi işdi. Ağacdanda yıxılan azmı olub, at belindən, eşşək belindəndə yıxılanlar o qədər olub ki. Yıxılmağın bir durmağı da olur.

Arxası üstə yerə dəyən Vəzzuhə isə dura bilmədi. Gözləri qaraldı, huşu başından çıxdı, nəfəsi içinə batdı. Ömürlük yıxıldı bu sonalar sonası, könül yurdu tari-mar oldu, beli ortadan qırıldı Vəzzuhə xanımın. Hər şey qırıldı, hər şey uçub darmadağın oldu. Maddım-maddım baxan gavalı ağacının da beli qırıldı o gün.

Haralara aparmadı, hələ sevgisindən doyunca kam almamadığı sevgilisini, bu məlul-məlul baxan can parasını. Dərdinə əlac eyləyən tapılmadı bu növraqı pozulmuş ananın.

Sovetlər dönəmində son ümidgah yeri olan Moskva şəhərinə neçə dəfə ayaq döydü: "Belə xəstələr ömürlük yatağa məhkumdu", - cavabını alan Oqtay ilk məğlubiyyətini anladı. Taledən gələn bu hökmün qarşısında əli-qolu bağlı qula döndü. Nə hikkəli hayqırtılar, nə məzlum hönkürtülər köməyinə gəlmədi...

Oqtayın gəlişini duymuş Vəzzuhə yatağından durmağa cəhd etdi. Bunun mümkünsüzlüyünü anlasa da cənd etdi. Qurşaqdan aşağı iflic vəziyyətində olan bədəni gavalı ağacı kimi hərəkətsiz, süst bir vəziyyətdə idi. Ürəyi çırpındı, Oqtayın içəri girməsini gözlədi. Özünə söz vermişdi ki, o içəri girəndə gülümsəsin, onsuzda tari-mar olmuş könlünü göz yaşlarıyla dağlamasın. Odur ki, canını dişinə sıxıb xoşbəxt bir görkəm almağa çalışdı.

Oqtay Vəzzuhənin yıxıldığı donqar yerə xeyli tamaşa edib, yenə də maddım-maddım onun bütün hərəkətlərini izləyən gavalı ağacına baxdı. Ağacın dili olsaydı deyərdi ki, əllərim olsaydı qolundan yapışıb yıxılmağa qoymazdım, axı mən ağacam, mənim nə günahım, nə suçum?

Geri qanrılıb masının üstünə qoyduğu bağlamanı götürdü. Qapıya yaxınlaşdı. Bu qapının arxasında ömürlük həbs cəzasına məhkum olunmuş sevgilisi onun yolunu gözləyirdi. Elə Oqtay da özünü toxtadıb: "Özümü bir az şən göstərim, onsuz da bərbad olmuş könlünü incitməyim" - deyib, qapını itələdi. Yataqda oturaq vəziyyətdə uzanmış Vəzzuhə xanım əllərini qabağa üzatdı. Əlləri titrədi, üzü gülsə də gözlərindən selləmə yaş axdı, dodaqları səyridi, titrək səslə: "Sən gələn yollara qurban olum", - deyə bildi. Səsi qırıldı, çilik-çilik olub dadaqlarından töküldü. Bağlaması əlindən düşən Oqtay özünü yataq dustağı olan sevgilisinin üstünə saldı. Vəzzuhənin başını sinəsinə sıxaraq hıçqırığını boğmağa çalışdı. Sinəsinə sığınıb quş ürəyi kimi çırpınan sevgilisinin ipək tellərini sığalladı, başını qaldırıb gülümsəməyə çalışan yaş dolu gözlərindən öpub, bir daha sinəsinə sıxdı. Özünü toparlayan Oqtay yenə yalançı vədlərlə ona ürək-dirək verməyə çalışdı:

- Sən sağalacaqsan, sən ayağa duracaqsan. Dünyanı dağıtmaqdısa, səni belə qalmağa qoymaram - deyib, yanağına tökülərək göz yaşlarıyla islanmış tellərini yana sığallamağa, saralmış yanaqlarından öpməyə başladı.

Oqtayın gəlişini bilən qohum-qardaşlar, belə anlarda onlara mane olmazdılar. Heç kim cəsarət edib bu müdhiş səhnənin seyirçisi ola bilməzdi.

Xeyli dərdləşdilər, uşaqları üçün darıxdığını söylədi, özünü saxlaya bilməyib birdə hönkürdü Vəzzuhə xanım. Uşaqlar gələndə daha üzüntülü anlar yaşayan Oqtay bu dəfə uşaqları gətirməmişdi. Qardaşı Altaygildə qalırdı uşaqları. Altayın həyat yoldaşı Səfura xanım çox mehriban insan olduğundan, həm də öz dayısı qızı olduğundan uşaqları onlara əmanət etmişdi. Səfura xanım doğma anadan da mehriban baxırdı uşaqlara. Amma doğma ananı kim əvəz edə bilər ki.

Onlar baş-başa xeyli dayandılar, sonra qabaq-qənşər oturaraq bir-birinin üzünə xeyli baxıb ötən günləri xatırlamağa başladılar. Sonra Oqtay buxarının üstünə qoyulmuş iri, qara çaydanı götürüb, divara söykənmiş iri ləyəndə su hazırladı. Vəzzuhənin başını, bədənini yuyub quruladı, bağlamanı açıb gətirdiyi təzə alt dəstini, üstü güllü ipək donunu geyindirib, yenicə aldığı ətirlə üst-başını ətirlədi. O, həmişə belə edərdi. Vəzzuhənin qardaş-bacıları ona çox yaxşı baxırdılar, bütüb bunlara baxmayaraq Oqtay hər gələndə onu öz əlləriylə yuyundurub ətirləyər, yeni aldığı paltarları əyninə geyindirib sevgilisinin könlünü oxşayardı. "Nədi, məni toyamı aparacaqsan, nə yaman bəzaəyirsən", - deyib hələ bir az nazlanardı da Vəzzuhə xanım.

Bir-birindən doymurdular. İndi Oqtay başını onun dizləri üstünə qoyub, əllərini ovcunun içində tutaraq barmaqlarını sığallayırdı. Nişan üzüyü barmağında laxlayırdı. Xeyli sınıxmışdı Oqtayın dilbər xanımı. Sevgilisinin dizləri üstündə xumarlanan Oqtay, çılğınlığı ilə ətrafını lərzəyə gətirən Oqtay yaman fağırlamışdı. Gözləri məchul bir nöqtəyə zillənmişdi. Dodaqaltı pıçıltıları qımqımıya, sonra isə zümzüməyə çevrildi. Oqtay oxuyur, Vəzzuhənin göz yaşları puçur-puçur olub Oqtayın dən düşmüş saçlarını suvarırdı. Bədahətən, dərdin sinəsinə dağ çəkə-çəkə oxuyurdü Xalloğlu:

 

Ötüb ömrün köçü, çata bilmirəm,

Al məni qoynuna, layla de, layla.

Özgə laylasına yata bilmirəm,

Al məni qoynuna, layla de, layla.

 

Bir layla de,yuxum ərşə calansın,

Bir layla de,yolnan gedən dayansın.

Bir layla de ,küskün könlüm oyansın,

Al məni qoynuna, layla de, layla.

 

Xalloğlu dayanıb yoların üstə,

Belə şirin qeylü-qalların üstə.

Qapansin gözlərim qolların üstə,

Al məni qoynuna, layla de, layla.

 

(Ardı gələn şənbə sayımızda)

 

Məmməd Dəmirçioğlunun təqdimatında

Ədalət.-2013.-12 oktyabr.-S.10.