TƏKAN
(Povest)
(əvvəli ötən
saylarımızda)
Dinmədim. İlıq bir meh keçdi ürəyimin başından. Dodaqlarımın qaçdığını hiss eləyirdim. Sevincimi gizlətməyə çalışdım. İndi Babanın "vışşı" stolundaqu tükündən nalçalar üstündə rahat otura bilərdim. Bərk ayaqda bu hədiyyələri Babaya onun istədiyi qiymətə verər, yemək-içməyin haqq-hesabını çürüdərdim onunla.
Bulaq çökəkdəydi. Dərəni dolduran soyuq, saf hava adamı uzaqdan vururdu. Göyümtül səmasındakı çisək zolağı tül pərdə kimi titrəşirdi. Təri quruyub kürəyimə yapışan köynəyim bədənimi dalayırdı.
Bulağa yaxınlaşdıqca meşə qaranlıqlaşırdı. Dağ döşlərində, yamaclarda Dağıstan aullarını xatırladan "besetka"lar neylon işıqlarıyla bərq vururdu. Dəmir-beton özüllər üstündə ağ daşdan tikilmiş köşk uzaqdan nəzəri cəlb edirdi. İpək pərdələr, divarlarında atılıb-düşən şarlarla o, şahzadə kəcavəsini xatırladırdı. Bulaqla pilləkən arasındakı cığıra daroşka sərilmişdi. Ağ döşlüklü, qırmızı bantlı xidmətçi qızlar tez-tez yuxarı boylanır, ordan növbəti tapşırıq, əmr gözləyirdilər. Kəcavə-köşkdə bir şaqqıltı qopdu. Mən diksindim. Qızların heç tükü də tərpənmədi. Pərdə arxasında butulkadan qədəhlərə çaxır süzənin silueti göründü. Sonra pəncərələr bağlandı. İki kölgə sındı, itdi.
Sol tərəfdə Babanın varlı, kalan kimi qələmə verdiyi qırmızısifət prokuror öz başının dəstəsiylə yeyib-içməklə məşğuldu. Kabablar, çolpalar şişlərdə tüstülənə-tüstülənə gəlirdi. Dolma boşqabları, aş buludları qonaqların başları üstündən qoyulurdu süfrəyə. Üzü bulağa tərəf oturan prokurorun qolu stolun ortasına kimi uzanır, sonra dirsəkdə bükülür, tez açılır, yenə irəli uzanırdı. Stola nəzarət edən Babaya tərəf gəldim. Məni görən prokuror ağır bədənini qaldırdı. Əlindəki solfeti dodaqlarına çəkib cibinə dürtdü.
- Ə... Baba müəllim, qanacağın olsun. Ə... o hörmətli qonaqları niyə oturtmursan yanımda, - deyə qollarını ata-ata bizə yaxınlaşdı. - Ziyalımıza canımız qurban. Üzü-başı tüklü olanda noolar? Bir də gördün sabah oldu deputat, raykom katibi. Hə, - deyə dərə aşağı şırıldayıb gedən bulaq arxına tərəf uzatdı əlini. - Bayaq siz maşınla harasa getdiniz, amma sizinlə o Bakıdan gələn o yaşlı yoldaş kimdisə belə bir cürə qəribə adamdı.
Timuçin qaş-qabaq salladı.
- Siz İlyas müəllimi deyirsiniz? Əlbəttə, çox təbii, sadə, olduğu kimi görünən, hər cür rəngdən, təşəxxüsdən uzaq sənətkardı, - dedim, - o kişidə nə görmüsüz? Sizi təəccübləndirən nədi ki? - soruşdum.
- Əşşi, gəlib durdu o arxın böyründə. Suyun axmasına, dibindəki daşlara baxa-baxa elə bil nəsə danışdı. Arxın axarıyla üzü aşağı gedib bax, o çəmənlikdə çömbəldi. Əllərini yan-yana qoyub, xəkəndaz ovuclarıyla suyu çəkdi başına. Görünür od-alovu çoxdu canında. Ancaq tanış gəldi mənə. Elə bil hardasa görmüşəm. Kimdi o kişi?
- Yazıçıdı. Şair ürəkli dramaturqdu. İlyas Əfəndiyevdi, - dedim.
- Pah
atonnan! Qismətə bax ey! Bizim uşaqların
anası o yazan teatrların birini də buraxmır. Sonra da evimizdə bir ay söhbəti gedir
tamaşanın. "İlyas müəllim belə
asdı, belə kəsdi", - deyə elə hey tərifləyir.
Mən də bir-iki kitabını oxumuşam.
Prezident fərmanıyla neçə dəfə
orden alıb. Bunlar hamısı çox
gözəl. Başa düşdüm.
Ancaq o talanı görürsənmi, - deyə
qayalıqlar arasındakı açıqlığı
göstərdi. - Hə, bax o taladakı vələs
ağacını görürsənmi?
- Hə,
görürük, - dedi Timuçin. - Nə olub ki, ağaca?
- Nə
bilim! Amma İlyas müəllim o ağacın
başına dolana-dolana nəsə danışırdı.
Sonrao ağacın başı aşağı
şiv budaqlarını dikəltdi. Sonra da
o vələsə qısılan körpə qarağac var ha,
hə, onun yaşıl yarpaqlarını sığalladı.
Sonra gedib o aralıdakı qayayla
çiyin-çiyinə durdu. Bağışla məni,
müəllim, - deyə gözlərimə zilləndi. - Mən
çox arif adamam. Ancaq İlyas müəllimin
o hərəkətlərini başa düşmədim.
- Hə,
hər şey aydındı. Hələ sən
İlyas müəllimi təzə əsərinin məşqlərində
görəsən. Amalyanı gah səhnə
önündə, gah da pərdə arxasında
danışdırır. Yaşar Nuri əvəzsiz
aktyordu. Səsi gur, tembri səlisdi. Amma bəzən sözün axırını yeyir.
Belədə İlyas müəllim o
sözü dönə-dönə təkrar etdirir. Çox güman ki, İlyas müəllim o talada təzə
əsərinə quruluş verirmiş?! Vələslər,
qaracağlar qayalar da onun canlı artisləridi.
- Hə,
belə de. Ondan bir xahiş eləsəm
sözüm yerə düşməz ki? - dedi çəkinə-çəkinə
prokuror.
Timuçinin eyni açıldı. Üzünü mənə
tutub:
- Bu məzəli
dayı Respublika Prokurorluğunda sanballı vəzifəyə
getmək istəyir yəqin, - dedi və gülümsədi.
***
Baba komanda vermişdi - "Bakıdan gələn
yazıçılara "vışşı" qulluq
olunmalıdı". Xidmətçilər səpəndaz vələsin
kölgəsinə stol qoydular. Ağ
döşlüklü qarabuğdayı qızın təkcə
əlləri deyil, gözləri, qaşları da
"iş" görürdü. Biləyə
kimi çırmanmış qollarını stolun bu
başından o başına uzadıb süfrənin
qırışlarını düzəldir, köhnə
çəngəl-bıçaqları görəndə
qaşları çatılır, civə kimi qaynayan gözləriylə
talvar altındakı kababçıları da tələsdirirdi.
-
Nazlı, ay Nazlı, - iki ağız çağırdı
Baba.
- Bəli,
Baba dayı, - deyə arxaya boylandı burmasaçlı
qız. Onun başına bir tabaq xurma
boşaltmışdılar sanki. Bir-birinə
yapışan xurmalar qızın boyun-boğazında burulub
asılmışdı.
-
Kabinetimdə cürbəcür, hələ əl dəyilməmiş,
qatı açılmamış servislər var. Yaponskilər
məsləhətdi. Abedniləri düz stola!
Xurmasaç qız dəsmalını yelləyib bizi
süfrəyə dəvət etdi.
Bulaqdan axan arx talanı ikiyə bölür, sonra qaya
baında sınaraqbaşıaşağı
şığıyır. Şəfəqlər altında
parıldayan şəlalə yağış altındakı ağ dam dəmirlərini xatırladırdı.
Suları qayaların dişlərinə
sürtünüb nazilir, tar-kaman simləri kimi titrəyir, səslənirdi. Vələsin
gövdəsindəki şehli-sulu mamır kopaları
qurumağa sərilən maçalkalara oxşayırdı.
Şah dağından üzüaşağı
təpilən külək vələsin budaqlarını
Çin hökmdarının başı üstdəki yelpiclər
kimi endirir, qaldırırdı.
Nazlı əlindəki
dəsmalı döşlüyünün cibində gizlədərək:
- Ay
İlyas müəllim, sizi göydə axtarırdım yerdə
əlimə düşdünüz, - deyib qoluna girdi.
- Hə,
xeyir ola! Amma ağ
baxtınız var. Çox gözəl. Mənə
nə qulluğunuz? - sualedici nəzərlərlə
baxdı qıza. Sonra gülə-gülə
qoltuğundakı əli sığalladı İlyas müəllim.
Nazlı:
- Bircə
dəqiqə... Sizə bir sürpriz! - deyərək
iti addımlarla zanbaqların arasındakı xidməti stoluna
yaxınlaşdı. Siyirtmələri dalbadal
çəkib baxdı. Əliylə nəsə
axtardı. Qapılarını taybatay
açanda aynası da açıldı. Ordan
götürdüyü kitabı vərəqləyə-vərəqləyə
bizə tərəf gəldi. İlyas
müəllim hesabdar dəftərinə oxşayan göy, miləmil
bloknotunda qeydlər aparırdı. Nazlı
barmaqları ucunda ona yaxınlaşaraq kitabı dirsəyinin
altına yeritdi. İlyas müəllim
diksinən kimi oldu. Ancaq "Hekayələr"
kitabını görüncə dodaqları səyirdi.
Ayağa durub:
- Əhə, əhə, - öskürdü. - Heç gözləməzdim.
Kitabım bu ucqar kəndə də gəlib
çıxıb?!
- Hə,
bu kitabdan qabaq onun sorağı çatıb kəndimizə. Sonra Bakıya-Azərkitaba sifariş verdik. İki yüz nüsxə göndərdilər.
Amma kitablar iki günə satılıb
qurtardı. Amma indi siz bu kitaba, - deyə
barmağını titul səhifəsinin üstünə
qoydu, - bir avtoqraf yaza bilərsinizmi?
- Elə
yazaram! Hələ oxucuma bir "çox sağ
ol" da deyərəm. Amma maraqlıdır! Heç
ürəyindən tikan çıxaran bir şey
tapdınmı burda?
- Əlbəttə, hekayələrin hamısı
maraqnan oxunur.
"Apardı sellər Saranı" yanan bir
ürəklə yazılıb. Varaqlardan od
tökülür. O Saraya həsr olunan bir
mahnı var - "Arpa çayı aşdı, daşdı,
Sel Saranı aldı qaçdı" - hə, onu hər dəfə
eşidəndə qəzəbim tutub, o çayın
qurumasını istəmişəm. Ancaq
sizin hekayənizdəki Sara o mahnıdakı
dilsiz-ağızsız, müti Sara deyil. Tomris
ananın döşündən süd əmən, Həcər
qeyrətli, çox cəsarətli bir qızdı.
İlyas müəllim, - əhə, əhə, - iki
ağız öskürüb əlini saçlarına
apardı. Bəs necə? Həyəcan təbillərinin
əks-sədalarını eşidən
yazıçının üzü gülür, gözləri
qaynayırdı? O, güllələrinin boşa getmədiyinə,
hədəfdə onluqlara oturduğuna sevinirdi.
-
Mahnıdakı Saranın özünü suya atması, o
zamankı zorakılığa, ictimai quruluşa atılan bomba
olub, - dedi Nazlı. - Amma indi başqa dünyadayıq. Qadın səs verir, deputat seçilir, idarə
başçısı, sovxoz direktoru, müəllim, həkim
olur. Hər yerdə qadın
azadlığından danışılır. Amma "Qız yükü, duz yükü" deyib
saç yolur bəzi ata-analar bu gün də. Qızlarını kimə gəldi verib
başından eləmək istəyir bəzi valideyinlər.
- Hə,
xüsusən cənub rayonlarında. Çox təəssüf!
Görünür maariflənmə işləri az aparılır o yerlərdə, - deyib
başını buladı İlyas müəllim.
- Ancaq kəndimizdə
elə qızlar var ki, hüquqlarını qoruyurlar. Yaxşı eləyirlər, lap əllərinin
içindən gəlir. Sevmədiyi yaşlı bir
kişiyə ərə veriləcəyini eşidən bir
qız göz yaşlarını selə döndərməyib,
hay-həşir salmayıb, anasından yardım-filan istəməyib,
ancaq sizin kitabınızdakı "Sara" hekayəsini gətirib
qoyub atasının qabağına, başının
üstündə də durub ki, ata, oxu bu hekayəni.
- Hə,
afərin, çox diribaş, müasir qızdı. Bəs sonra, bir nəticəsi oldumu bu təkidin, tələbin?
- Əlbəttə
olub! Ata nişanı geri qaytarıb. Həmin qız indi universitetin filologiya fakültəsində
oxuyur.
-
Çox cəsarətli bir addım atıb o qız. Haqqında maraqlı bir şeir yazmaq olar, - deyə mənə
tərəf çevrildi. - Hə, necə baxırsan?Bir portret - oçerk, radio üçün
oynaq, lirik bir novella da yazmaq olardı. - İlyas
müəllim məni yazı-pozuya, yaradıcılıq
işinə cəlb etmək məqsədiylə taktiki
hücumlarını davam etdirirdi. Mən
qayğıkeşimin inadkarlığına sevinir, hörmətim
birə-min artırdı. Sonra üzünü xurma
hörüklü Nazlıya tutdu: - O qız əsl qəhrəmandı.
İcazə verin mən bu kitabı o qəhrəman
qıza bağışlayım. Adını
deyə bilərsinizmi?
- Deyərəm.
Adı Nazlıdı.
- Hə,
- deyə kitabın titul səhifəsinə imza atıb
qıza tərəf uzatdı. - Bunu Nazlıya
verərsiniz.
-
Çox sağ olun. Amma kitab
mənə çatır.
- Sizə
niyə?
-
Nazlı mənəm, - deyib başını aşağı
saldı qız.
-
Universitetin hansı fakultəsində oxuyursan?
-
Filologiya fakültəsində. Qiyabiçiyəm.
Şeirlər, hekayələr də yazıram.
İlyas müəllim bloknotunun üstündəki
qızıl perolu qələmi Nazlıya tərəf
uzatdı.
- Bu qələmnən
yazılana pozu yoxdu. Ayağı düşərlidi
çox. Nə yazmışamsa çap
olunub. Sənə bağışlayıram.
Bağışlayıram ki, gözəl, təzə
şeirlərlə yanaşı bəlkə bir "Apardı
Sellər Saranı" yox, "Sellər Saraları apara bilməz"
ruhlu hekayə də yazasan.
- Eh! Nə bilim? Bəlkə atalar
qızlarını verməkdə düz hərəkət eləyirlər?- deyib ağlamsındı Nazlı. Sonra çətin eşidiləcək tərzdə
- Sizə nə gətirim? - soruşdu.
Sınaq məqamı çatdı, bıçaq
sümüyə dirəndi. İlyas müəllim
ağzını açmamış sifariş verməliyəm.
Bəs necə? Hansı
pulnan? Ya Rəbbim, sən çat dada! Və
çatdı! Bəli, birdən ağlıma gəldi
ki, Tarihin sürücüsünün gətirdiyi o lüks
pal-paltar, qiymətli hədiyyələr bu çətin
macalda əlimizdən tutar. Baba da
beş-altı yüz qiymət kəsmədimi? Qurban
olsun o pulların hamısı buradakı bir qonaqlığa!
-
Nazlı xanım, acından üzüldük! Sən Allah,
yağlıdan, yavandan nə varsa yavaş-yavaş, amma bol-bol
gətirin - dedim. - Amma sulu tat
çığırtması da, cincilimli, quşəppəyili
göy qutab da yaddan çıxmasın, - deyə əlavə
etdim.
Az sonra
süfrəmiz ləziz yeməklərlə doldu.
Nanəsi,
yarpızı çox qatılan dana
soyutmasının ətri uzaqdan vururdu. Qara ətlərin
arasında ağaran quyruq tikələri çəngəlin
ucunda əriyir, sirkə-sarımsaq iştahı daha da
artırırdı. Amma besetkalardan xeyli
yuxarıda aynabəndində yaşıl-qırmızı
şarlar oynayan kəcavə-köşkdə qurbağa
gölünə daş atmışdılar. Süfrə arxasındakı qulbeçələr
qorxa-qorxa pendirdən, çörəkdən bir qırıq
götürür, kresloya yayxanıb yeməyə ikiəlli
girişən birinci katibə altdan-altdan baxır, susur, əmr,
tapşırıq gözləyirdilər.
- Yemək
yeyəndə qulaqların niyə tərpənir, ə,
yoldaş Novruzov?
Amma Novruzov heç nə yemirdi. "Qulaqlar dayanan yerdə,
öz-özünə tərpənə bilərmi?"
- deyib qayıtmaq istədi katibin
üzünə. Amma, "lənət
şeytana" deyib yerindən dik atıldı.
- Baş
üstə, yoldaş Ömərov, qulaqlarım daha tərpənməz,
- deyib qulaqlarını ovucladı.
- Aç
qulaqlarını, ə...ə...ə, mənim günümə
bax ey! Gözəlçə çox gözəldi,
vurdu çiçək çıxardı. Onsuz da
anlamaz, gec qavrayansan, qulaqlarını da bağlasan olarsan odun!
Bayaq sənə tapşırıq verdim ki, o İlyas müəllimi
gətir yanıma! Nooldu bəs?
- Nə
illah eləsəm də gəlmədi.
- Niyə?
Motivi nədi axı?
- Siz deyən
heylə əsaslı bir motiv bildirmədi! "Çox sağ olun" deyib durdu.
-
Dil-ağız eləyəydin bəs! Deyərdin
ki, tez-tez sizdən danışır birinci katibimiz. Təsərrüfat
iclaslarında da tamaşalarınız barədə bizə
qiymətli məlumat verir! O sizinlə oturmağı
özünə şərəf sayır. Böyük
yazıçısınız. Axı sizi
ölkə başçımızla bir yerdə çox
görmüşük. Rəhbərimiz
tez-tez teatra gəlir, sizin tamaşalarınıza baxır.
Ordenlər-medallar verib, Xalq
yazıçısı eləyib sizi. Qulluğunuzda
durmaq borcumuzdu bizim də. Belə əsaslı
təkliflər verib mövqeyimi bildirə bildinmi?
- Bəli,
bəli! Dedim, yoldaş Ömərov. Onu da
qeyd elədim ki, keçən il siz bizim
"Baharlı" sovxozunda yaşayan bacınızgilə gəlmişdiz.
Ora işıqlar tez-tez sönən yerdi. Biz öhdəsindən gələ bilmir, həll edə
bilmirdik bu problemi. Amma siz Bakıya bircə
dəfə zəng etdiniz. Odu-budu
Baharlıda gecə-gündüz işıqlar yanır. Sizə böyük hörməti var bizim katibin.
Yoldaş Ömərov xətirinizi çox istəyir, - dedim.
- Hə,
yaxşı demisən. Bəs o nə cavab verdi?
- Dedi ki,
salamımı çatdırın ona. Amma neyləyim,
başıma bu qədər dost-tanış toplaşıb.
Bu boyda məclisi burda qoyub mən heç yana
gedə bilmərəm. Katib
bağışlasın məni.
- Otur
yerinə, yaramaz. Partiya işçisi ilanı
yuvasından çıxarmağı bacarmalıdı. Görünür özüm qarışmalıyam
bu işə.
Kəcavə qəbir sükutuna qərq oldu. Amma ətrafdakı
besetkalarda həyat qaynayırdı. Şaqqanaqlar
yarpaqları titrədir, şampan tıxacları qulaq
batırırdı. Birdən bizimlə
qarşı-qarşıya qoyulmuş stoldan enlikürək,
telnyaşkalı bir oğlan yerindən qalxaraq:
-
İlyas müəllimə eşq olsun! Böyük
yazıçıya hörmət və ehtiram! - deyə bağırdı.
Şaqqanaqlar xırp kəsildi. Təndirxanada kündə yayan arvadların oxlovları tabağın ortasına mil kimi sancıldı. Kababçılar gözlərini yandıran tüstüləri əlləriylə qova-qova qışqırıqçını axtardılar.
Telnyaşkalı oğlan:
- İlyas müəllim, həyat möcüzələrlə doludur. Təəccüblənməyin. Mən sizin "Unuda bilmişəm" əsərinizə teatrlarımızın səhnəsində yox, uzaq İspaniyada bir gəmi göyərtəsində baxmışam. Bundan xəbəriniz varmı?
İlyas müəllim ayağa qalxdı. Bir an əllərini qoymağa yer tapmadı. Gah mənə, gah Timuçinə, gah da daşların, kötüklərin üstündə oturan qonaqlara baxdı.
- Necə, necə? İspaniyada? Gəmi göyərtəsində? Nə vaxt? Eşitməmişəm. Hə, olar. Ancaq bir vaxtlar teatrlarımızın səyyar truppaları məktəblərin böyük sinif otaqlarında, mədəniyyət evi olmayan kəndlərin taxıl anbarlarında, köhnə məscid künclərində tamaşa göstəriblər. Bəzən lap xırmanlarda da, bəli, bəli taxıl dərzləriylə saman tayaları arasına pərdələr çəkib, səhnə qurub əsər oynayıblar. Amma gəmi göyərtəsində... Xarici ölkədə? Dayan bir görək?! - deyə əliylə alnını ovuşdurdu. - Amma bir dəfə... Hə, keçən il bank hesabıma çox iri məbləğ köçürmüşdülər. Hardan gəldiyinin təfsilatına varmadım. Səhnə əsərlərimi Daşkənddə, Türkmənistanda, Bişkekdə də oynayırlar. Pribaltika ölkələri nəsrimi mütəmadi çap edir. Ancaq o pul köçürmələr içində bir xarici valyuta da vardı.
(ardı var)
YUSİF
HƏSƏNBƏY
Ədalət.-2013.-15 oktyabr.-S.6.