GÖZÜM SƏNİ AXTARIR...

 

Gözəl insan, istedadlı alim, əvəzsiz dost Vaqif Hüseynovun vaxtsız ölümündən qırx gün keçir

 

... Ağcabədiyə gedirəm. Neçə illərdi ki, bu yollar mənim taleyimə çevrilib. Bölgə müxbiri kimi rəsmi işlə bağlı, bəzən də darıxdığım, narahat olduğum vaxtlarda görüşmək, hal-əhval tutmaq üçün dost görüşünə gedirəm.

İndi isə ürəyimdən daş asılıb. Nə qədər çalışsam da, düşüncələrimi bir yerə cəmləyə bilmirəm. Sanki şüşədir, çilik-çilik olub. "Dördyol"dan sola dönəndə isə... Bayaqdan qəlbimdə yatıb qalan lal sükuta bürünən yaddaşım oyandı. Hər şey, hər şey güzgüdə olduğu kimi gözlərimin önündə canlandı.

Ona telefon açdığım yerlərin, necə deyərlər, coğrafiyası yadımda deyil. Bildiyim odur ki, bu coğrafiyaya Ağdam da, Bərdə də, Füzuli də, Moskva da, İstanbul da, Paris də... daxildir. Ancaq həmişə Ağcabədiyə gələndə, bax, bu "Dördyol"dan sola dönəndə mütləq ona zəng edərdim. Niyə məhz "Dördyol"dan sola dönəndə, niyə məhz birinci ona zəng edərdim? Bilmirəm...

Çoxları elə düşünürdü ki, Vaqif müəllimlə qohumluğumuz var. Əsl həqiqətdə isə heç bir qohumluq-filan yox idi. Heç bir kənddən, bir rayondan da deyildik. Sadəcə olaraq, Vaqif müəllimlə ürək, mənəviyyat, xarakter qohumluğumuz vardı. Bu isə məncə, hər hansı bioloji qohumluqdan qat-qat üstündür.

Ha fikirləşirəm, yadıma sala bilmirəm: bizim tanışlığımız, dostluğumuz, sirdaşlığımız müddətində heç bir məsələ barədə fikir ayrılığımız olmayıb. Hər hansı insan, hər hansı məsələ barədə müəyyən fikir söyləyəndə ya o, ya da mən sakitcə pıçıldamışdıq: "Mən də elə düşünürəm".

...Vaxtsız telefon zənglərindən qorxuram. Mənə elə gəlir ki, belə zənglər ancaq faciə və ölüm xəbəri gətirir. Əlbəttə, bütün vaxtsız zənglər heç də bəd xəbər gətirmir. Ancaq neyləyim ki, mənə bütün bəd xəbərləri məhz vaxtsız zənglər gətirib. Bu dəfə də belə oldu.

Gecə saat on ikidən keçib. Qəzet üçün yazı hazırlayıram. Qəfil əl telefonuma zəng gəlir. Ürəyimə dammışdı. Bir xeyli telefona yaxın düşə bilmirəm. Zəng isə kəsilmir. Nəhayət, açıram. Ağcabədili dostlarımdan birinin qırıq-qırıq səsini eşidirəm:

- Bəs deyirlər ki, xaricdəsən? Bəs eşitməmisən? - hiss edirəm ki, danışmağa taqəti qalmayıb. İndicə deyəcəyi bəd xəbəri ürəyində götür-qoy edir, necə, hansı yollasa nisbətən yumşaq tərzdə çatdırmağa çalışır. Ancaq əbəs yerə. Çünki bəd xəbər elə bəd xəbərdir, nə qədər yumşaltmağa çalışsan da belə.

- Bu gün Vaqifi dəfn etdik. Hamı səni soruşurdu. Niyə xəbərin yoxdu?..

"Niyə xəbərin yoxdu?" Əslində haqlı iraddır, haqlı töhmətdir. Ancaq deyilməsə, xəbər verilməsə, mən necə xəbər tuta bilərdim axı? İndi bu sətirləri yazıram və düşünürəm: Günahım var! Bilirsinizmi nədə? Hər gün, bəlkə hər saat zəng etməməkdə, hal-əhval tutmamaqda, əlaqə saxlamamaqda... Məqam düşdü, bütün insanlara üzümü tutub deyirəm: hər gün, hər saat, bəlkə də hər an bir-birinizdən xəbər tutun, səsini eşidin, əhvalını soruşun... Axı niyə yaddan çıxarmalıyıq ki, bir gün gələcək ki, sən o səsin sahiblərini itirəcəksən...

Vaqif müəllim, sözün əsl mənasında, ziyalı idi. Bütün ömrünü rəhbər pedaqoji işdə - əvvəlcə orta məktəbdə, sonra isə Ağcabədi Pedaqoji Kollecində direktor vəzifəsində çalışmışdır. Tam ədalət hissi ilə deyə bilərəm ki, bu gün Ağcabədi Pedaqoji Kolleci respublika üzrə nümunəvi təhsil müəssisəsi hesab olunursa, bu heç şübhəsiz ki, Vaqif Hüseynovun zəngin pedaqoji təcrübəsinin, yüksək təşkilatçılıq qabiliyyətinin, nəcib insani keyfiyyətlərinin bilavasitə nəticəsidir.

Rayonun ictimai-mədəni həyatında həmişə yaxından iştirak edirdi. Kollecdə, eləcə də rayonda keçirilən bir sıra elmi-pedaqoji tədbirlərin təşkilatçısı və rəhbəri idi. Axırıncı tədbiri - ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq Ağcabədi rayon icra hakimiyyəti ilə keçirilən elmi konfransı xatırlayıram. Həmin tədbirdə respublikanın görkəmli elm və mədəniyyət xadimləri iştirak edirdilər: Akademiklər Əli Əliyev, Vaqif Abbasov, professorlar Mübariz Əmirov, Akif Abbasov və başqaları. Bu məşhur insanları bir araya toplayan, onları Ağcabədiyə dəvət edən məhz Vaqif Hüseynov olmuşdur.

Vaqif müəllimin Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədova xüsusi minnətdarlığı, əgər belə demək mümkünsə, xüsusi simpatiyası vardı (indi olmasın!). Söhbət zamanı həmişə deyərdi: Şahin müəllim bizə yeni bir Ağcabədi verib. Daim çalışırdı ki, özü də, rəhbərlik etdiyi kollektivbu inkişaf və yüksəlişin önündə getsin. Mən bu sözləri deyərkən Ağcabədi pedaqoji kollektivinin yerləşdiyi binanın əvvəlki və indiki görkəmini, burada aparılan əsaslı təmir və yenidənqurma işlərini, eləcə də rayonda son illərdə aparılan geniş miqyaslı tikinti-quruculuq işlərini, bu işlərdə Vaqif müəllimin yaxından iştirakını nəzərdə tuturam.

Vaqif müəllim ağır, təmkinli adam idi. Yüksək zövq, səliqə-səhman sahibi idi. Gözü-könlü tox, paxıllıqdan, riyakarlıqdan uzaq, yaxşı işə sevinən, pisliyə acıyan insan idi. Ancaq qəribəsi bu idi ki, onun - gözlərindən ürəyi görünən büllur kimi saf, təmiz niyyətli bu insanın paxıllığını çəkənlər də vardı. Özüo adamlar ki, həmişə ondan xoş söz, xeyirxah münasibət, diqqət və qayğı görmüşdülər. Nə etməli? Görünür, bu da bir tale qismətidir.

Bu yazını yazarkən Vaqif müəllimlə son görüşməmi, heç olmasa, son telefon danışığımı xatırlamaq istədim. Bu uzun illər ərzində keçirdiyimiz saysız-hesabsız görüşlər, danışıqlar, söhbətlər yaddaşımda bir-birinə qarışıb. Gözlərimin önündən keçənlər də, qırıq-qırıq görünənlər də oldu. Sonuncu söhbətimiz isə bütün təfərrüatı ilə yaddaşıma hopub...

Ölümündən iki gün qabaq idi. Axşamdan xeyli keçmiş zəng elədi, hal-əhval tutduq. Sonra da:

- Niyə görsənmirsən? - dedi, - səsində məzəmmət qarışıq bir ərk vardı.

- Elə bu gün-sabah gələsiyəm, - dedim.

- Özüburdan-bura, Bərdəylə Ağcabədinin arası nədir ki...

- Orası elədi, ancaq ciddi bir işin, sözün varsa, indi də gələ bilərəm.

Güldü, sonra da yarızarafat, bir qədər də yorğun səslə:

- Yox, - dedi, - elə bir işim yoxdu, elə-belə, səsini eşitmək istədim. Gecən xeyrə qalsın!..

- Gecən xeyrə qalsın!..

Vəssalam...

İndi özümü danlayıram: "Niyə təkid etmədim, niyə israr etmədim. Bəlkə bu telefon zəngiylə nəsə demək istəyirdi. Axı o heç vaxt belə gec zəng etməzdi. Bəlkə, bəlkə, bəlkə..."

Vaqif Hüseynov nümunəvi ailə başçısı, övladlarına mehriban ata, həyat yoldaşına qayğıkeş ər idi. Halallıq, böyük-kiçik yeri bilmək, xalqımızın müqəddəs adət-ənənələrini, yüksək mənəvi keyfiyyətlərini qoruyub-saxlamaq, abır-həya, ləyaqət duyğusu... bu ailəni fərqləndirən başlıca keyfiyyətlər bax, bunlardır. Həyat yoldaşı Xuraman xanım da alimdir, pedaqoji elmlər namizədidir. Ağcabədi Pedaqoji Kollecində çalışır. Vaqif müəllim bir oğul, bir qız atasıdır. Hər ikisi həkimdir. Yaxından bələd olanlar bilir ki, azad təbiəti və xarakteri etibarı ilə Vaqif müəllimin layiqli davamçısıdır. Yaxşı deyiblər ki, "ot kökü üstə bitər" .

Yuxarıda da yazmışam, indi də deyirəm ki, Vaqif müəllimin dəfnində iştirak edə bilmədim. Əvvəllər buna görə özümü heç cür bağışlaya bilmirdim. Üzürxahlıq etdiyim, ərkim çatan dostlarımı vaxtında xəbər vermədiklərinə görə danlayırdım. Ancaq sonralar elə bil ki, öz-özümə təsəlli tapdım: "Yaxşı ki, Vaqif müəllimi tabutda, torpağa qoyulan vəziyyətdə görmədim, - deyə düşündüm. - Qoy yaddaşımda həmişə canlı, sağlam, diri qalsın".

 

Ziyəddin Sultanov

"Xalq qəzeti"nin bölgə müxbiri,

Xüsusi olaraq "Ədalət" qəzeti üçün

Ədalət.-2013.-15 oktyabr.-S.6.