DİLÇİLİYİN GƏLƏCƏYİ

 

"Dili bal, işi bəla.

Dilini tut, divanı ud".

 

Atalar sözü

"Xalqın dili onun mənəvi həyatının heç bir vaxt solmayan və daim yenidən çiçəklənən, tarix hüdudlarından çox uzaqlarda başlamış boyasıdır. Ana dili məhv olarkən, xalq artıq yox olur..."

 

K. Uşinski

 

***

Milli dilin mənəvi dəyərliyi, maddi nemət olan çörəyin dəyərliyi qədərdir, bəlkə hələ ondan da artıqdır.

Atalar demişkən: "Dilini saxlayan, başını saxlar".

Bu kəlamın iki mənası var: keçmişdə "dilinin bəlasını" çəkənlər olduğundan ağsaqqallar məsləhət bilmişlər ki, az danışsınlar. Doğrusu, bu da milli dilimizin inkişafına xeyli mane olub.

Sözün başqa bir mənası da budur ki; dilini saxlayan (qoruyan) şəxs, başını (mənliyini) saxlar.

İnsanların hər cür mübarizəsində dil (ünsiyyət vasitəsi) silah rolunu oynasa da, o hər bir şəxsin və bütövlükdə milli mədəniyyətin (baş saxlamağın) inkişafında ən ümdə güc mənbəyidir.

Hamı bilir ki, era dövründə, ölkələr arasında zorakılıq halları olub. Birləşmiş Millətlər Təşkilatı (BMT) yaradılandan (1945-ci il) sonra, dünya dövlətləri milli dillərin işlədilməsinə və inkişafına şərait yaratmışlar.

Əsas ünsiyyət vasitəsi kimi, dil də vacib olan çörək təkin, gündəlik lazım olan yaşamaq, sağ qalmaq zərurətidir.

Gizli deyil ki, işğalçılıq dövrlərində qalib tayfaların dilləri önə yeridilmiş və tutulmuş ərazilərdə tətbiq edilmişdir. Ərazi işğalçılığı, dil işğalçılığı forması da almışdır. Sərvət ədalətsizliyi dil ədalətsizliyinə də sirayət etmişdir.

Dilçilik elmi (Linqvistika, Lisaniyyat) yarandıqdan sonra da məhdud sayda dilçi alimlər səslərini çıxarmamışlar.

Xoşbəxtlikdən indi, müəyyən çətinliklərə baxmayaraq, BMT xətti ilə dilçilik problemləri də öz doğru həllini tapır.

Tarixi baxımdan insanın səsi çıxan vaxtdan onun şifahi dili də yaranıb.

Yazılı dilimizin yaranmasını isə, eradan əvvəl (e.ə.) 5000-ci illərə (7000 il bundan əvvələ) aid etmişlər. Həmin dövrlərdə şumer-türk tayfaları sadə şəkillər formasında sözlər işlətmişlər. Onlar yazılarında 1500 şəkil-işarə tətbiq etmişlər.

Şumer-türklər e.ə. 2-ci minilliyin ortalarında (3500 il bundan əvvəl) "şəkil yazı"dan mixi (pazşəkilli) işarəli yazı sisteminə keçdikləri zaman təqribən 600 sözdən istifadə etmişlər.

Məlumdur ki, e.ə. 3-cü minilliyin ortalarında (4500 il bundan əvvəl), indiki İraq ərazisində Dəclə və Fərat çayları vadilərində (İkiçayarasında), quldar dövlət yaranmışdı.

Şumer-türklərin "Bilqamıs" dastanının yazılma tarixi e.ə. 2750-ci ildən sonraya (4750 il bundan əvvəl yaxına) aid edilir.

Buradan belə nəticəyə gəlmək olar ki, "Bilqamıs" dastanı mixi sistemli yazı ilə tamamlanmışdır.

Göründüyü kimi, türk yazısının kökləri gedib çox qədimlərə çıxır.

Bu tarixin dilçiliyimizə dəxli olsa da, onun gələcəyini işıqlandırmaq öz əlimizdədir.

Dilçiliyin gələcəyini Bəşəriyyətin xoşbəxt gələcəyi ilə əlaqələndirmək olar. Çünki çağdaş dövrdə, aparıcı insanların çoxunun təhsilli - dilli (mütaliəli, iddialı və tələbkar) olduğu bir vaxtda, deyilmiş və yazılmış hər bir söz aidiyyətinə görə araşdırılır və təhlil edilir. Çoxsaylı müzakirələr istehsalçı qüvvələrin xeyrinə olmasa da, insanların düşüncə qabiliyyətini artırır, yaxşını pisdən ayırmaq bacarığına kömək edir.

Dilçiliyin mühüm elmi fəaliyyət sahəsi olduğuna baxmayaraq, keçmiş illərdə yaranmış problemlərin həllinə lazımi əhəmiyyət verilməmişdir. "Dilçilik dedikdə, məhdud sayda mətəxəssisin işi haqqında düşünülmüşdür.

Artıq məlumdur ki, dövlət dili mənsub ölkənin başlıca istehsal qüvvələrindən (alətlərindən) biridir. Milli dildən səmərəli və dolğun istifadə etməklə: əmək məhsuldarlığını artırmaq, zəhmətkeşlərin əsəbiliyinin qarşısını almaq, gənclərin vətənpərvərliyini yüksəltmək və millətlərarası dostluğu qat-qat artırmaq olar.

Hamı bilir ki, dilçiliyin keçmişi acınacaqlı olub. İşğalçı dövlətlər öz dillərini zorla yaymaqla, milli münaqişələr törətmiş, köklü dillərin inkişafına mane olmuşlar.

Məşhur yazıçı Mirzə İbrahimov vaxtikən yazmışdı: "Böyük imperiyalar düzəldərək başqa xalqları əsarət altına almaq istəyən müstəbidlər... Bu xalqları dil və mədəniyyətdən məhrum etmək uğrunda gedən mübarizə daha ağır və əzablı hal almışdır. Böyük Roma imperiyası da məhkum xalqlarla beləcə rəftar edirdi. Ərəblər də belə hərəkət etmişdilər... Şah Mahmud Qəznəvinin dövründə fars dili yeganə vahid dövlət, elm və ədəbiyyat dili elan edilir. Azərbaycan şair və yazıçılarına öz ana dillərində əsər yazmaq qadağan olunur."

Zülmkar M. Qəznəvidən (969-1030) beş yüz il sonra Şah İsmayıl Xətai (1487-1524) Azərbaycan dilində fərmanlar vermiş və onu dövlət dilinə çevirmişdi.

Gizli deyil ki, İran hakimiyyəti başqa imperialistlərin köməkliyi ilə Azərbaycan dilinə qarşı öz riyakar siyasətini bu günə qədər davam etdirmişdir. Bütün məhdudiyyətlərə baxmayaraq, azərbaycan-türk dili öz varlığını qoruyub saxlamış, inkişafını davam etdirmiş, parlaq gələcəyinə təminat vermişdir.

Dilçiliyin nəliyi, milli mədəniyyətin tərkib hissəsi olmaqdan, millətin təhsilli və təhsilsiz təbəqələrinin gündəlik istifadə etdiyi fəaliyyət növündən, dilçi alimlərin və tərcüməçilərin əsas ixtisas və peşələrindən, eləcə də dilə mənsub insanların yaddaş sınaqlarının məşqindən ibarətdir.

Zəngin yaddaşlı insanlar dildən doğru istifadə etməklə həyatda böyük uğurlar qazanırlar.

Dilçilik çörəkçiliyə (qidalanmaqçılığa) bənzər bir həyati əhəmiyyətli məşğulluqdur. Dilçiliklə - dil öyrənməklə və öyrətməklə məşğul olan hər bir şəxs öz ağlını (aklını) qidalandırır, biliyini daha effektli (səmərəli) və intensiv üsullarla artırır.

Keçmişdə imperiyaların sayı məhdud olduğundan, dilçilikdə rəqabət də məhdud dövlətlər arasında aparılmışdır. Şükürlər olsun ki, indi hər bir ölkə öz hüquqi məqsədinə çatmışdır.

İnsanın sağlamlığı üçün keyfiyyətli qidalanma nə deməkdirsə, onun biliklənməsindən ötrü dil də o deməkdir.

K. Marks dil haqqında belə yazıb: "Dil əməli, həqiqi şüur olmaq etibarilə bizim fikrimizi cəmiyyətin başqa üzvlərinə anlatmağa xidmət edən ictimai bir hadisə və vasitədir."

Göründüyü kimi dil varsa, dilçilik də var, millətdə dövlət də var, o həyatın ünsiyyət mənasını formalaşdırır. Bu səbəbdən də milli dil ölkə əhalisinin əməli və nəzəri mövcudluğudur.

Dilçiliyin çağdaşlığı, onun müxtəlifliyi, ziddiyyətliyi, rəngarəngliyi, dilçi alimlərin yaradıcılığının məhdudluğu ilə, eləcə də hər bir etnik qrupun özünə milli dil yaratmaq cəhdi və fəaliyyəti ilə xarakterizə olunur.

Eradan əvvəl (e.ə.) quldar dövlətlər zamanında dünyada məhdud sayda dil olub. Əhali artdıqca, yeni coğrafi ərazilər mənimsənildikcə, cürbəcür qəbilələr və tayfalar yarandıqca, köklü dillər də budaqlanaraq, şaxələnərək, zoğlanıb, yarpaqlanaraq, əlçatmaz sayda qohum dillər yaranmışdır.

2012-ci ilin noyabrında Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP)7-ci Baş Assambleyasında millət vəkili Mübariz Qurbanlı demişdir: "Bu gün dünyada 7-8 min xalq var." Xalq varsa, onun dili də var. Deməli dil çoxluğu mövcuddur. Bir çoxu da hələ olmamış deyil.

Bilirik ki, kökləri gedib e.ə. 3-cü minilliyin ortalarında (4500 il bundan əvvəl) mövcud olmuş şumer-türk dilindən BMT yaradılan vaxta qədər 25 yazılı türk dili formalaşmışdır. Hələ nə qədər yazısı olmayan belə türk dilləri də var.

Çağdaş dilçilik, göstərilən yükün ağırlığı altında xalqlararası, millətlərarası tərcüməsiz ünsiyyət yaratmağı bacarmır. Buradan da beynəlmiləl soyuqluq yaranır, hər bir etnik qrup, xırda xalq dövlət müstəqilliyi əldə etməyə çalışır.

Şübhə yoxdur ki, bu birliksizlik və biliksizlik, - "mənəm-mənəmlik", yekəxanalıq əlamətidir.

Dilçiliyin yayımlığı, hər bir milli dil (dövlət dili) üzrə dilçi alimlərin, mütəxəssislərin, müəllimlərin və tərcüməçilərin fəaliyyəti ilə, dilçiliyə dair milli və xarici dillərdə yazılıb nəşr edilmiş kitabların və dərsliklərin həcminə, eləcə də hər bir dildə danışanların sayına görə səciyyələndirilir.

Dilçiliyin bir qanadı tərcüməçilik olduğundan, hər bir milli dilin inkişafı öz zənginliyindən savayı, həm də tərcümələrə söykənir.

Dilimizin və dilçiliyimizin inkişafında böyük tərcüməçi Akif Qəhrəmanlının tanınmış yeri var.

Deməliyik ki, keçmişdə, xüsusilə 20-ci əsrin sovet hakimiyyəti dönəmində SSRİ məkanında millətçilik olmadığından, dilçilik də (diltədqiqatçılıq), tərcüməçilik də zəif inkişaf etdirilmişdir. Tabelikdə olan dillərin hesabına rus dili inkişaf etmiş, zənginləşmişdir. Hegemon dilin yayımlığı da güclü olub.

Respublikamızın müstəgilliyi dövründə Azərbaycan türkcəsi təhsilimizin həlledici açarı olduğundan, dövlət dilinin yayımlığına da diqqət artırılmalıdır. Hər bir Azərbaycan jurnalisti, alimi, müəllimi, təbliğatçısı (partiyalısı) dilimizin yayılmasına, öyrənilməsinə və zənginşəşməsinə münbit şərait yaratmalıdır.

Hər bir azərbaycanlı öz türkcəmizi əla qiymətə layiq bilməlidir ki, fəxr ilə danışmağı bacarsın.

Dilçiliyin uğurluğu, dövlət dilinin ölkə daxilində hər yerdə və ondan kənarda lazımi məqamlarda işlədilməsi, dilin lüğət tərkibinin ildən-ilə zənginləşməsi, milli dilin dünyadakı dillər arasında qazandığı mövqe, eləcə də dilin dilçilərinin sayı və nüfuzu ilə qiymətləndirilir.

Ölkədə elmin, texnikanın, iqtisadiyyatın və mədəniyyətin inkişafı milli dilin (dövlət dilinin) uğurlarından asılı olduğundan, dilçiliyin və dilçilərin üzərinə ciddi humanitar və ictimai yük və məsuliyyət düşür. Dilçilik ayrıca maaşlı bir vəzifə olmaqdan savayı, hər bir, - özünü təhsilli və ziyalı sayan şəxs üçün dilçilik eləmək (yapmaq) ictimai borc sayılmalıdır.

Xoşbəxtlikdən, Azərbaycan türkcəsinin inkişafı həm də dilçiliyimizin uğurlarından xəbər verir.

Bu haqda böyük Azərbaycan şairi R.Rza belə yazıb:

 

Dil könüllər fəth edən

Böyük insan gücüdür.

Dili qiymətdən salar

Ucuz söz, hiylə, böhtan.

Elə saxla dilini,

Nə dil səndən utansın,

Nə sən dilindən utan.

 

Dünyadakı 50 milyon nəfərdən artıq azərbaycanlının öz ata-baba (aborigen) torpaqlarında, öz zəhmətləri və döğma türkcələri ilə xoşbəxt yaşamağa haqları və hüquqları var.

"BMT erası" adlandırılan dövr (1945-ci ildən sonrakı zaman) dünya ölkələrinin (millətlərinin) hamısına belə şərait yaratmalıdır. Yarada da bilər. Çünki insan xoşbəxt yaşamağı bacarmalıdır.

Əsrlər boyu, Manna və Midiyadan da əvvəl, müxtəlif adlar daşımış Azərbaycan əraziləri və vahid türkköklü Azərbaycan dilləri imperialist dövlətlərin tabeliklərində olmaqlarına baxmayaraq, öz varlıqlarını qoruyub saxlamış və gətirib bu günə çatdırmışlar.

19-cu əsrin əvvəlində Napoleon Bonapart Moskvanı işğal etdikdən 10 il sonra Azərbaycana gəlmiş böyük rus şairi M.V. Lermontov (1814-1841) yazmışdı: "Avropa üçün fransız dili nə deməkdirsə, Qafqaz üçün Azərbaycan dili odur."

Məntiqlidir ki, Qafqazın çar Rusiyası tərəfindən işğalı fransızların təhriki ilə olub. Beləliklə, azərbaycan Qafqazı çevrilib, "Rusiya Qafqazı" olmuşdur. Dilimiz də Qafqazda geriləmişdi.

Düzlük uzanar, qırılmaz - demişlər atalar. Azərbaycan düzlüyü də qırılmazdır. Respublikamız müstəqillik əldə etdikdən sonra, tarixən qısa müddətli asılılıq və təzyiqlər aradan qalxmış, dost ölkə Rusiyanın ədalətli dövlətçiləri Qafqazda Azərbaycanın liderliyini tanımışlar.

Təbiidir ki, BMT-nin təcrübəsi və səlahiyyətləri artdıqca, standart ölkələrin sayı da çoxalacaq, milli dillər də müvafiq dil ailələri tərkibində, məsələnAzərbaycan dili ümumtürk dili içərisində öz normalı həyatını yaşayacaq. Qohum dillərin birləşməsi, eyniləşdirilməsi və vahid şəklə salınması nəticəsində daha ümumi dillər yaranacaq - mümkün olacaq. İnsanlar dünyada dilsizlik çətinliyi çəkməyəcəklər.

İndiki zamanda hər bir etnik qrup öz dilini qoruduğu bir vaxtda, "mən", "mənim dilim" anlayışlarının üstünlüyü şəraitində milli birlik yaratmaq da çətinliklərlə qarşılaşır, beynəlmiləl dostluq və həyatın istismarsızlıq tərzi kənarda qalır.

Şübhə yoxdur ki, dilçilik fəaliyyəti gücləndikcə, dövlətçilik, millətçilik və mənəviyyatçılıq təkmilləşdikcə, inkişaf etdikcə, dünyanın hər yerində insanlar mehribanlaşacaq, sülh də möhkəmlənəcək.

Birlik" mənəvi dəyərinin mənimsənilməsi dilçilikdə də akıllı güzəştçilik, çağdaşlıq, islahatçılıq və ədalətli barışıqlıq hökm sürəcək.

Birlik insanları və dünyanı xilas edəcək!

 

Baba Əhmədli alim, publisist

Ədalət.-2013.-15 oktybar.-S.7.