Bitməmiş mövzu
Söhbət Şirvan
şəhər təhsilinin uğurlarından gedir
Azərbaycan Respublikasının təhsilində öz xüsusi çəkisi olan Şirvan şəhəri qabaqcıl maarif ənənələrini, elmin müasir yeniliklərini bu gün də uğurla davam etdirir. Yəqin ki, bu sabah da belə olacaq. Çünki Ulu Öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" deyimi həm də özündə millətlə bərabər bir dövlətin, bir ölkənin sabahkı taleyini də ehtiva edir.
10093 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1101 nəfər pedaqoji işçinin məşğul olduğu Şirvan şəhər təhsili ötən illərdə olduğu kimi bu il də bir sıra nailiyyətlərə imza atıb. 2012-2013-cü tədris ilində şəhər ümumtəhsil məktəblərinin 720 nəfər XI sinif şagirdi tam orta təhsil haqqında attestat, 998 nəfər IX sinif şagirdi ümumi orta təhsil haqqında şəhadətnamə almışlar.
2013-cü ildə ali məktəblərdə təhsil almaq istəyən 457 nəfər şirvanlı məzunlardan 306 nəfəri öz istəyini reallaşdıra bilmişdir. Sevindirici haldır ki, bu məzunlardan 34 nəfəri 500-dən, 12 nəfəri isə 600-dən çox bal toplamışdır. Qeyd etmək lazımdır ki, şəhərdə şagirdlərindən tələbə adını qazanmayan heç bir təhsil müəssisəsi yoxdur. Şəhər 13 saylı məktəbin məzunu Tural Məmmədov qızıl medala, 16 və 1 saylı məktəblərin məzunları Mirabbas Məmmədov, Pirmun İradə gümüş medala layiq görülmüşlər.
Fənn kurikulumlarının tətbiqi çərçivəsində müəllimlərin maarifləndirilməsi istiqamətində "məktəbdaxili qiymətləndirmə: reallıqlar və problemlər" mövzusunda I-IV sinif müəllimləri, V sinifdə dərs deyən fənn müəllimləri, məktəb direktorları ilə ayrı-ayrılıqda seminar təşkil edilmişdir.
Aparılmış monitorinqlər onu göstərmişdir ki, bütün məktəblərdə şagirdlərin dərsə davamiyyətində, məktəbli formasının tətbiqində, sinif otaqlarının, fənn kabinələrinin tərtibində heç bir çatışmazlıq yoxdur.
Dövlət Bayrağı Günü münasibətilə, M.F.Axundzadənin, M.Ə.Sabirin, N.Gəncəvinin yubileyləri ilə əlaqədar müxtəlif miqyaslı tədbirlər keçirilmiş, sərgilər təşkil olunmuş, inşa yazı müsabiqəsi təşkil edilmişdir.
Şirvan şəhər Təhsil şöbəsi tərəfindən fənn olimpiadalarının, məktəb, I və II şəhər turları keçirilmişdir. 13 yanvar 2013-cü ildə keçirilən II şəhər turunun 19 nəfər qalibi 17-18 martda Bakı şəhərində keçirilən respublika mərhələsində iştirak etmiş və böyük uğurlar qazanmışlar.
Bütün bu uğurların qazanılmasında şəhər məktəblərinin hər birinin ayrıca yeri var. Şirvan şəhər Təhsil şöbəsinin müdiri, əməkdar müəllim Paşa Nəbiyevlə də söhbətimizi bu yöndə qurmağa çalışdım. "Məktəblərdə olmağın lap yerinə düşərdi. Hər şeyi yerində görmək daha maraqlıdır".
Kifayət qədər pedaqoji təcrübəsi olan Paşa müəllim düz deyirdi.
Xanım direktorun nümunəvi
məktəbi
Hər bir təhsil müəssisəsi yetişdirdiyi və bu gün də cəmiyyətdə yeri olan məzunları ilə fəxr edir, öyünür. Çox təbii olan bu istək isə bütün elm ocaqlarına nəsib olmur. O elm ocaqları bu istəyi reallaşdıra bilir ki, həmin məktəbin savadlı pedaqoji kollektivi olmaqla bərabər, möhkəm də təlim-tərbiyə ənənəsi olsun.
İndi general hərbi rütbəsi daşıyan Əlimusa Əliyev, Abasəli Novruzov bir vaxtlar bu məktəbdə oxumuş, yaxşı biliklə bərabər, gözəl də tərbiyə ilə silahlanmışlar. 2000-ci ildən bu məktəbdə çalışan, 2010-cu ildən isə Şirvan şəhər 2 saylı tam orta məktəbə direktorluq edən Əminə Qulu qızı Əliyeva o qabaqcıl ənənələri indi də şərəflə yaşadır, inkişaf etdirir. Müasir tələblərə cavab verən məktəb binası, onun həyət-bacası, yaşıllığı sanki qonaq qarşılayırmış kimi həmişə çiçək kimi tərtəmiz, səliqəlidir. Qadın səliqəsi, qadın incəliyi bu qabaqcıl təhsil müəssisəsində həmin andaca hiss edilir.
Əminə xanımla görüşüb söhbət etmək istəyim reallaşana qədər xeyli vaxt apardı. Bütün məktəb qayğılarını öz üzərinə götürən direktor hər şeyə nəzarət etməyi deyəsən artıq iş metodikasına çevirib. Nəhayət, vaxt tapıb həmsöhbət ola bilirik:
- Bəlkə də düz eləmirəm, ancaq bu məktəbdə ən xırda işə belə nəzarət etməsəm rahat olmuram. Yəqin ki, məktəbimiz haqqında az da olsa, məlumatınız var. Əlavə edim ki, 1957-ci ildə tikilib istifadəyə verilmiş bu məktəbdə indi 608 nəfər şagird təhsil alır. Şagirdlərimizin təhsili, təlim-tərbiyəsi ilə 49 nəfər müəllim məşğul olur. Öz peşəsini sevən bu müəllimlərdən 2 nəfəri əməkdar müəllim, 3 nəfəri qabaqcıl təhsil işçisidir. Bildiyiniz kimi bu məktəbi bitirənlərdən 2 nəfəri indi ölkənin generallarıdır. 3 nəfər elmlər doktoru, 5 nəfər elmlər namizədi də ilk təhsilini bu məktəbdə almışdır. Məktəb məzunlarından 2 nəfəri qızıl, 4 nəfəri gümüş medal qazanmışlar.
(ardı gələn
sayımızda)
Səxavət Məmmədli
Ədalət.-2013.-15 oktyabr.-S.7.