Bitməmiş mövzu

 

Söhbət Şirvan şəhər təhsilinin uğurlarından gedir

 (əvvəli ötən sayımızda)

Məktəbin tədris prosesindən danışsaq kurikulumun uğurlu tətbiqindən mütləq bəhs etmək lazımdır. Bunun üçün ibtidai siniflərimizdə əlverişli şərait yaradılmışdır. Kurikulum jurnalında dərc olunmuş materiallardan tədris prosesində yaradıcı şəkildə istifadə olunur.

Əlavə edim ki, "İnnovativ təlim prosesi: ənənə və müasirlik yaradıcı şagirdlər yetişdirir" layihəsinin həyata keçirilməsi məktəbdə kurikulumun tətbiqinə böyük kömək göstərdi. Məktəbdə müasir tipli Azərbaycan dili və ədəbiyyatı kabineti yarandı. İnteraktiv təlim metodlarından istifadə olunması şagirdlərdə elmin əsasına maraq artırdı, məktəbimizdə interaktiv mühit yarandı. Nəticədə, 20 iyun 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə məktəbimiz "İlin ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görüldü. Bu il 16 nəfər şagirdimiz ali məktəbə qəbul olunub, onlardan iki nəfəri gələcəyin həkimləridir. Məktəbimiz 10 mayda Heydər Əliyevin 90 illik yubileyini, 28 mayda Respublika gününü ümumşəhər tədbiri səviyyəsində keçirdi...

Əminə xanımın dediklərindən elə bunlar 2 saylı tam orta məktəbin siması üçün kifayət edir.

Qabaqcıl məktəb-lisey

Şirvan şəhərində fəaliyyət göstərən M.B.İsrafilov adına 18 saylı təbiət, humanitar təmayüllü məktəb-liseydən də bəhs etməyə dəyər. Bu məktəb Azərbaycan SSR Maarif Nazirliyinin 04 noyabr 1981-ci il tarixli əmri ilə 9, 10, 16 saylı məktəblərin bazasında yaradılmışdır.

Elə də böyük tarixi olmasa da, artıq bu məktəb özünü təsdiqləmişdir. Məktəb Respublika Təhsil Nazirliyinin 22 iyun 2008-ci il tarixli əmri ilə təbiət, humanitar təmayüllü məktəb-liseyə çevrilmişdir.

İndi bu qabaqcıl təhsil ocağında 1312 nəfər şagirdin təhsili, təlim-tərbiyəsi ilə 124 nəfər müəllim məşğul olur. Bu məktəbdə də öz peşəsini sevən bir çox nüfuzlu müəllimlər çalışır.

Məktəb-liseyin riyaziyyat müəllimi Allahverdi Oruc oğlu Yaqubov 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "tərəqqi" medalı ilə təltif edilmişdir. Fiziki hazırlıq müəllimi İsmayıl Teymur oğlu Həşimov Azərbaycan Respublikasının əməkdar məşqçisidir. "Qabaqcıl maarif xadimi" adını isə məktəbin təcrübəli müəllimi Vasif Salman oğlu Əliyev daşıyır.

Məktəb-liseyin 2007-2008-ci tədris ilində məzunu olmuş Nurlan Cəsarət oğlu Əhmədov ali məktəblərə qəbul imtahanlarında 700 bal topladığı üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür. Bu təhsil müəssisəsini müxtəlif illərdə bitirmiş məzunlardan 15 nəfəri 600-dən çox, 48 nəfəri isə 500-dən artıq bal toplayaraq ali məktəblərə qəbul olmuşlar.

Məktəb Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli 997 saylı sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi adını qazanmış və 10 min manat pul mükafatı almışdır.

Hazırda məktəbdə ibtidai siniflərdə 25, yuxarı siniflərdə 37 sinif komplekti vardır. I-V siniflərdə Təhsil Nazirliyinin müəyyənləşdirdiyi kimi yeni tədris üsulu fənn kurikulumunun tətbiqi vəziyyətində işləyir. Müəllimlər xüsusi kurslardan keçməklə işlərini yeni qaydalara uyğun qururlar. Bu siniflərdə yeni qiymətləndirmənin tətbiqi şagirdlərdə oxuya marağı artırmışdır. Həmin siniflərdə oxuyan şagirdlərdən 278 nəfəri əla qiymətlərlə, 218 nəfəri isə əla və yaxşı qiymətlərlə oxuyur.

Vətənpərvər gənclik yetişdirməliyik

18 saylı məktəb-liseyin direktoru İsmayıl Yusubovla elə məktəbdə, onun iş otağında görüşə bildim. İsmayıl müəllim müəllimlərindən, şagirdlərindən, onların məktəb qayğılarından kifayət qədər məlumatlı müəssisə rəhbəridir. Kollektivi ürəkdən sevdiyi həmin andaca hiss edilir:

- Məktəbimizdəki ümumi vəziyyəti bu gün yaxşı qiymətləndirmək olar. Kollektivimiz yeni tədris metodu - kurikulumu məktəbimizdə uğurla həyata keçirir. Davamiyyətimiz əladır. İşləmək üçün bütün imkanlara malikik. Məzunlarımız da ali məktəblərə, orta-ixtisas məktəblərinə qəbul olunurlar. Ancaq bu məktəbliləri vətənpərvərlik ruhunda tərbiyə etmək də əsas vəzifələrimizdən olmalıdır. Ölkəmizdə yaranmış bugünkü vəziyyət bunu daha labüd edir. Bu məqsədlə məktəbimizdə müxtəlif tədbirlər keçiririk. Məzunumuz olan Xəyyam Bədirzadə hərbi xidmətini Əfqanıstan Respublikasında sülhməramlıların tərkibində keçirib. Onunla keçirdiyimiz görüşlər şagirdlərimizdə vətənə, torpağa, el-obaya sevgini daha da artırır. Qarabağ Qazilər Birliyinin şəhər şöbəsinin əməkdaşları ilə görüşlər də təsirsiz qalmır. Coğrafiya müəllimi Vasif Əliyevin Türk dünyasının coğrafiyası ilə bağlı verdiyi məlumatlar şagirdləri soykökünə daha möhkəm tellərlə bağlayır. Məktəbimizdə keçirilən inşa yazı, şeir, rəsm müsabiqələrinin əksəriyyəti şagirdlərimizdə vətənpərvərlik hissinin gücləndirilməsinə hesablanmışdır. Biz vətənpərvər gənclik yetişdirməliyik ki, torpaqlarımızı daha inadla qoruya bilək. Elə bilirəm ki, bütün tədris müəssisələri, başqa kollektivlər də bu amilə xüsusi diqqət verməlidir.

Direktor haqlıdır, vətənpərvər gənclik yetişdirmək üçün hamı əlbir olmalıdır.

Şirvan şəhərinin təhsili haqqında danışdım. Elə bilirəm ki, bu mövzuda hələ çox danışacağıq.

 

Səxavət Məmmədli

Ədalət.-2013.-18 oktyabr.-S.7.