Qorxulu yuxuların qəhrəmanı

 

"Biz onların qorxulu yuxularıyıq..."

İbad Hüseynov

- Bu taleyi ancaq o yaşaya bilərdi, bu ömür yolunu beləcə ancaq o addımlaya bilərdi. Doğulanda - 1970-ci ildə SSRİ adlı bir dövlət vardı və onun ordusunda hərbi xidmətdə oldu, amma müstəqil, azad bir ölkə üçün, Qarabağ adlı yurdu üçün döyüşmək də onun qismətində vardı. Söhbət Qarabağ müharibəsinin qəhrəmanı, "Azərbaycan Bayrağı" ordenli döyüşcü, kəşfiyyat-diversiya dəstəsinin komandiri, bu gün uşaqdan böyüyə hamının yaxşı tanıdığı İbad Hüseynovdan gedir. O, həm də Xocalı, Qaradağlı qatili Monte Melkonyanı 1993-cü ilin iyununda Xocavənddə öldürməsiylə məşhurdur. Haqqında yazılar yazılıb, filmlər çəkilib. Onunla hər görüş tələbələr, gənclər üçün özü bir dərsdir, dərslikdir - Vətən. yurd dərsi, torpaq təəssübü.

O dərsliyin əlifbasında yazılıb ki, insan harda yaşamasından, harda çalışmasından asılı olmayaraq yurduna, torpağına, millətinə sadiqliyini, sədaqətini qoruyub saxlamalıdır.

Dağlıq Qarabağda ilk hərbi toqquşmalar başlayanda, dağımıza-daşımıza qan töküləndə, öz haqqını istəyən Bakı gülləbaran ediləndə uzaqda - Amur vilayətində qulluq edirdi və bunları eşidib Azərbaycandan olan digər hərbçilər ilə birlikdə vətənə qayıtmaq məqsədilə müddətsiz aclıq aksiyasına başladı və buna nail oldu.

1990-cı ildə Azərbaycana qayıdan İbad Hüseynov Xocavənd rayonunda özünümüdafiə dəstələri yaratmağa başlayır. O vaxt ermənilərdə regionda yerləşən sovet ordusundan və xaricdən alınmış yetərincə hərbi sursattexnika vardı. Düşmənlə üz-üzə dayanan əliyalın gəncləri silahlandırmaq üçün onun "kəşfiyyat-diversiya dəstəsi" əvvəlcə həm ermənilərdən, həm də onların havadarı olan sovet hərbi hissələrindən diversiya yolu ilə silah-sursat götürməyə başladı.

Bütün bunlar tariximizə aid hələ yazılmamış o dərslikdə, o kitabdadır. O kitabda bu da yazılıb - hansı düşməni bağışlamaq olar, hansına aman vermək olmaz. Çünki dinimizdə də deyildiyi kimi, zalımı bağışlamaq yazığa zülm etməkdir. Bu mənada Ağdam-Xocavənd istiqamətində hərbi bölmələrə rəhbərlik edən, ASALA terror təşkilatının hərbi qanadına rəhbərlik edən, Qaradağlı və Xocalı faciələrinin təşkilatçılarından biri, ermənilərin "ən böyük erməni" deyə mədh etdikləri, ölümünə üç gün matəm saxladıqları "Avo" ləqəbli komandirin heç bir kitaba sığmayan azğınlığının, amansızlığının qarşısı alınmalı idi və alındı. Neçə illər idi dünyanın harasında müsəlman qanı tökülürdüsə, orda Avonun da qanlı əlləri görünürdüı. İbad Hüseynovun sayəsində indi o əllər qırılıb, onun qurduğu qətliamlar dayanıb.

Həm də bura Qafqazdır - özünün min illərə dirənən kişilik, mərdlik qanunları ulə, namus, qeyrət, intiqam anlayışları ilə. O vaxt düşmən arxasında 14 nəfərlik kəşfiyyat dəstəsini hərəkətə gətirən məhz bu hisslər idi.

26 dekabr 1993-cü il ömürlük həm onun canındadır, həm yaddaşında. O gün İbad minaya düşərək ağır yaralandı. Onu iki dünya arasında sanki heç vaxt qurtarmayacaq 28 günlük əzab və əziyyətlə dolu bir sınaq gözləyirdi. Amma o, bu sınaqdan da çıxa bildi. Əlindəki əsa ilə, çəliklə də o, əsgər idi. Beləcə 1997-ci ilə kimi hərbi hissədə qaldı. Deyirdi gərək müharibənin sonunu görəm. ... -9 oktyabr 1994-cü ildə ona dövlət başçısının fərmanı ilə"Azərbaycan Bayrağı" ordeni təqdim olundu. Bu, onun şücaətinə və qəhrəmanlığına verilən ən böyük qiymət idi.

"Dağlıq Qarabağın Azərbaycanlı İcması"nın sədri Bayram Səfərov onun qəhrəmanlığından danışarkən xüsusi olaraq vurğulayır: "Biz İbad Hüseynov kimi Vətənimizin oğulları qarşısında baş əyməliyik".

Ramil Səfərovla bağlı ermənilər Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını hədələməyə başlayanda ən çox danışmaq, cavab vermək haqqı onda idi. O vaxt İbad Hüseynov deyirdi: "ASALA terror təşkilatının rəhbəri Monte Melkonyanı ermənilərin içərisindən oğurlayıb gətirmişəm. Bu gün də inanıram ki, erməni bizim qüdrətli ordumuza bata bilməz. Ramil Səfərovun Bakıya gətirilməsi ilə prezident İlham Əliyev bir daha göstərdi ki, Azərbaycanın qüdrətli dövləti və prezidenti var".

Gəncliyində idmanı çox sevərdi, güləşlə məşğul olardı. Müharibə olmasaydı, peşəkar idmançı olacaqdı. Lakin Qarabağ savaşı onun gəncliyini, sağlamlığını, idmanla bağlı arzularını da özü ilə apardı. Amma yaxşı idmançı olmaq, bayrağımızı ucaltmaq özü də qəhrəmanlıqdır: "Bizlər torpaq üçün canımızı qoymasaq, torpaq da, bayraq da olmaz. Torpaqlarımızı xilas etmək və düşmənə layiqli cavab vermək üçün gənclərimizdə vətənpərvərlik hissləri və fiziki hazırlıq yüksək olmalıdır. Hər bir davada olduğu kimi, Qarabağda da topdan, tüfəngdən daha çox vətənpərvər insanlara, əsgərlərə ehtiyac var", - deyir İbad Hüeseynov.

Onun həyatında ulu öndərin xüsusi yeri var. Öz xalqını sevən, qoruyan, gələcəyini düşünən liderin ona xüsusi diqqət yetirməsi, hətta toy günümdə ona məktub göndərməsi İbad Hüseynovun həyat yolunda ən xoş, ən əziz anlardandır.

O, bu gün həm də türk dünyasının sevilən qəhrəmanlarındandır. Qardaş Türkiyədə ona olan hörmət və məhəbbət gündən-günə artır. Bu yaxınlarda Türkiyədə 91 yaşı qürurla qeyd etdilən Zəfər Bayramında o da iştirak edirdi. Bu tarixi gün münasibəti ilə Başkent Uluslararası Barış və Kardeşlik Platforumu tərəfindən keçirilən toplantıda ona qızıl ulduz mükaftı və diplomlar verildi. Bunu isə o, daha çox öz dövlətinə, millətinə dəyər kimi qiymətləndirir. Türkiyənin dövlət və hökumət rəhbərləri ilə görüşləri isə unutmaq mümkün deyil. Üümumiyyətlə, Türkiyədə xalqın öz qəhrəmanlarına, eləcə də ona olan sevgisini o indi də yaşamaqdadır.

Yarandığı gündən dünya dəli, sevgili ürəklərin və ac qurdların savaş meydanıdır. Bu savaşda İbad və dostları da var. "Kurtlar vadisi", "Deli yürek" kimi teleserialların ərsəyə gəlməsində böyük rolu olan Zülfü Canpoladla görüşü onun üçün unudulmaz oldu. Bu görüşdə İbad Hüseynovun döyüş yolunu əks etdirən bir filmin hazırlanması qərara alındı. Bu artıq "Kurtlar vadisi"nin Azərbaycan üçün, Qarabağ üçün yeni bir savaşı olacaq.

Əsrlər boyu döyüşə yüyürən türk oğlunun idealı və amalı yalnız bu olub: "Ya şəhid ol, ya qazi!" Dövr dəyişsə də, dəyərlər dəyişməyib. Türk dünyasının qaziləri, həmişə olduğu kimi, Vətənin ən ağır günündə meydanda olmağa hazırdılar. Bu yaxınlarda Ankarada keçirilən Qazilər Günü onun həyatında unudulmaz bir iz qoydu. İbad Hüseynov, həmin tədbirdə bu mötəbər qurumun - Türk Dünyası Qazilər Birliyinin sədri - başkanı elan olunub.

3 övladı var. İkisi orta məktəbdə oxuyur. Deyir ki, uşaqları elə beşikdən vətənpərvər ruhda böyütmək lazımdır. Hamı deyir ki, oğlum olsun. Bəs oğulüçündür? Oğul düşmən çəpəridir. Bu çəpər tək səni deyil, həm də vətəni düşmənlərdən qorumalıdır: "Erməni quldurlarının millətimizə verdiyi zülmü, işgəncəni göstərməklə yanaşı bu düşmənə dərs verən, qan udduran igidlərimizi də tanıtmaq lazımdır. Biz onların qorxulu yuxularıyıq" - deyir İbad Hüseynov.

Hələ də ermənilərin qorxulu yuxuları keçib getməyib. Belə yuxularda onlar yenə düzü əyri, qaranı göstərməyə çalışırlar. Son günlər onların ölüsü də "sakit" dayanmır. Müxtəlif informasiya mənbələri və mətbuat səhifələrində bu beynəlxalq terrorçunun haradakim tərəfindən öldürülməsi barədə ziddiyyətli fikirlər səsləndirilir. İndi onlar əli yüzlərlə insanın qanına bulaşmış bu cəlladı yenə göylərə qaldırmağa, onun üçün hər zaman "şərəfli" ölüm əfsanəsi uydurmağa, onun guya Mərzili kəndində gedən döyüşlərdə öldürüldüyünü isbat etməyə çalışırlar. Amma hamı kimi onlar da unudurlar ki, Monte Melkonyanın məhv edilməsi İbad Hüseynovun həyata keçirdiyi çoxsaylı döyüş əməliyyatlarından biridir. Nədənsə İbaddan söz düşəndə yada yalnız Monte Melkonyan düşür, sanki İbad bununla tamamlanır. Onun həyata keçirdiyi mürəkkəb və çətin əməliyyatların sayı daha çoxdur. Hətta 1994-cü ildə İbad Hüseynova Milli Qəhrəman adının verilməsi barədə yazılan təqdimatların heç birində Monte Melkonyanın məhv edilməsi və ya onun tərəfindən öldürülməsi qeyd edilməyib. Yəni onun "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmasına Monte Melkonyanın öldürülməsinin heç bir aidiyyəti yoxdur.

Keçmişi yada salmaq istəmir. Çünki orda dostlarını, yaxınlarını qoyub gəlib, qardaşı İlyası itirib. Elə yaralarını da orda qazanıb. Deyir yaralanan dəqiqə sən yaranı hiss etmirsən. Çünki həmin vaxt qalib gəlmək hissi can şirinliyini üstələyir. Birdeyir ki, sənə ən yaxşı qiyməti döyüşün özü verəcək, qəhrəmanlıq haqqında fikirləşməyin. Döyüşün nəticəsi qəhrəmanlığı göstərəcək, döyüşün özü sizə qiymət verəcək... Bunu həm də şəhidlərin ruhu, qardaşları Eyvazın, Əbülfətin, qohumlarının, yaxınlarının keçdiyi həyat yolu deyir.

Onu sevənlər çoxdur. Özündən xəbərsiz sevirlər onu. Övladının adını daşıyan "Atilla" jurnalında bu sevgini, istəyi görməmək mümkün deyil.

2010-cu ildə bir qrup pərəstişkarı tərəfindən İbad Hüseynovun adına bir saytı da fəaliyyətə başlayıb. Onu sevənlər, onun kimi olmaq, onun kimi övlad böyütmək istəyənlər bu saytda qəhrəmanın fotolarını, video və kitablarını bir-birilə paylaşır, bir-birilə bölüşürlər. Belə insanların sayı gündən-günə artmaqdadır. Doğrudan da qəhrəmanları zaman özü yetirir. Onlar olmasaydı, həyat necə sönük, necə adi, ömür necə mənasız olardıg

P.S. O, 23 ildir ad gününü qeyd etmir. Bu, torpaqlarımız düşmən tapdağından azad olunana kimi belə olacaq.

 

Kəmalə Mirzəyeva

Ədalət.-2013.-18 oktyabr.-S.5.