ELMAN HƏBİB
("Bölgələrdə
ədəbiyyat" silsiləsindən)
ƏDƏBİ
HƏYAT
O, bu dünyada cəmi 60 il yaşadı (1949-2009), indi o dünyadadı. Nəinki doğulduğlu Ordubadın Tivi kəndində, bütün Naxçıvanda və Azərbaycan ədəbi mühitində onu yaxşı tanıyırdılar. Səmimi, xeyirxah və humanist bir insan idi. Şair kimi də, ictimai iş adamı kimi də kifayət qədər tanınır və sevilirdi.
Ordubadın Tivi kəndi Kiçik Qafqazın ən uca zirvəsi olan Qapıcıq dağının ətəyində yerləşir. Qapıcıq dağının bir tərəfi Gəmiqayadır-Azərbaycanın qədim yaşayış məskəni. Bir tərəfi Qız-gəlin çuxurudur, o tərəfdə Naxçıvanın mərcanı adlandırılan Göygöl yerləşir. Tivi belə yüksəklikdə, uca dağlar əhatəsindədir. Şırşır, pıçıltılı bulaqlarının zümzüməsi kəsilmir. Elman Həbib bu kənddə dünyaya gəlmişdi. Məktəbə bu kənddə yol almışdı, ilk şeirini də bu kəndə həsr etmişdi.
1971-ci ildə Azərbaycan Dövlət Pedoqoci İnstitutunun Dil və Ədəbiyyat fakültəsini bitirəndə Elman Həbibin 22 yaşı vardı. O, Naxçıvana qayıdır və bütün ömrü boyu buranı tərk etmir, taleyini Naxçıvan Radio və televiziya komitəsinə bağlayır, burada kiçik redaktor vəzifəsindən tutmuş bu müəssisənin sədri vəzifəsinə qədər yüksəlir. Son iş yeri isə Naxçıvan Muxtar Respublikası Həmkarlar Komitəsi idi, o, bu böyük təşkilatın sədri idi.
İlk kitabı çap olunanda Elman Həbibin 32 yaşı vardı. "Günəş qatarı" cəmi 46 səhifəlik kiçik bir kitab idi. Kitabda Elmanın 45 şeiri təqdim olunmuşdu. Bundan sonra Elmanın "Duzlu uşaqlar" və "Yoluma çıx" kitabları işıq üzü görür ki, onlar da həcmcə kiçikdilər. Onun bu ilk kitablarında əsas mövzular böyük Vətənin, doğulduğu torpağın, sadə adamların, analı dünyanın, Azərbaycan təbiətinin tərənnümü, vəsfi idi. Elman Naxçıvan dağlarının, doğulduğu Tivi kəndinin təbii mənzərələrini rəsm edirdi, sadə insanların mənəvi dünyasını, onların duyğu və düşüncələrini şeirə gətirirdi:
Sözünü sındırmaq olarmı onun,
Təmizdir ürəyi dağ çiçəyitək.
Yanağı pörtübdür dağlar oğlunun,
Günəvər meşənin çiyələyitək.
Heç
bilmir nə desin sevindiyindən,
Gözündə bəlkə yüz dağ cığırı
var.
İki yoldaşdırlar, öz dediyindən
Bir qoyun sürüsü, bir sığırı var.
Gecədir, tutmuşuq dağı
söhbətə,
Uzaqda bir çoban gəvən odlayır.
Arabir zirvədə qıvrılan
şimşək
Dərin dərələrə qığılcım
yayır.
Gəlmişdim bir dəstə
çiçəklə birgə,
Dağları şəhərə qonaq aparım.
Ay qağa, məni də çoban götür gəl,
Mən də həmişəlik dağlarda
qalım.
Elmanın bu üç kitabı səksəninci illərdə çap olunmuşdu və o zaman Xalq yazıçısı
Hüseyn İbrahimov onun şeirləri barədə yazmışdı
ki: "Elmanın şeirlərində elə
ilk addımdan başlayaraq
torpağın nəfəsi,
onun üstündə
bərqərar olan silsilə dağların gül-çiçəyinin rayihəsi,
onun qoynundan çağlayan axar suların zümzüməsi
duyulur".
Elman Həbibi bir
şair kimi tanıdan və sevdirən onun "Ömrümün göy qurşağı" şeirlər
kitabı (1998) oldu. Bu kitabdakı şeirlərdə
də onun doğma yurdla, Vətən torpağı
ilə bağlılığı
qüvvətli idi.
Süzülmür ovcuma yarpızlı
bulaq,
Süzülür qəlbimə o həzin-həzin.
Üz-üzə durmuşuq, bu mən, o da dağ,
Bəs, arada qalan ürək neyləsin?
Elmanın şeirlərində heca vəzninin, ana şeirimizin gözəllikləri,
ətri, rayihəsi duyulurdu. Ürəyə yatan
qoşmalar, gəraylılar,
xalq şeirinin digər formaları onun şair ilhamında öz ahəngini, axarını tapırdı:
Car çəkdim dağlar danışdı,
Dağlara qurban mən olum.
Belə
dilli olmamışdı,
Dağlara qurban mən olum.
Atamı
soruşdum ondan,
Zirvə çıxdı bulud qından.
Dedi, asta danış, oğlan
Yatıb, oyanmaz-oyanmaz.
Dedim, de
ki, oğul gəlib,
Ayağına bir qul gəlib.
Ürəyində nisgil gəlib
Çatıb, oyanmaz-oyanmaz.
Ümumiyyətlə, Elman Həbibin şeirlərində
təbiətlə daimi
təmas, məhrəmlik
duyulurdu, bu hissi, bu doğmalığı
o, son şeirlərinə qədər
qoruyub saxladı. Bir şeirində açıq
etiraf edirdi ki: "İstəyirəm
şeir yazan zamanda Nə baldırğanlı gözəni,
Nə cacıqlı dərəni, Nə qartallı zirvəni, Nə bulaqlı sinəni Yazıma burazım mən. Bir də baxıb görürəm- Mən onlardan yazmışam, Başqa, başqa, heç nədən".
Elman Həbibin ilk kitablarından
ta sağlığında
sonuncu kitabınacan oxuduğumuz şeirlərində
vətənpərvərlik mövzusu aparıcı xətlərdən biri idi. Onun Vətən mövzulu
şeirlərində müxtəlif
problemlər işıqlandırılır.
Məsələn, "Dilimizdə danışmağa utanmayaq"
şeirində ana dilinin saflığı, onu yad dillərin
təsirindən qorumaq
məsələsi öz
poetik həllini tapırsa, "Vətən
Dədə Qorquddur, Vətən qoç Koroğludur" şeirində
isə yalançı
vətənsevərlər tənqid
olunur. "Topxana" şeiri və "Şəhidlərin
üsyanı" poeması
isə Azərbaycanın
apardığı haqq
davasından söz açır.
Elman Həbibin yaradıcılığında
və ümumiyyətlə,
bir şair kimi formalaşmasında böyük şairimiz Məmməd Arazın rolunu, təsirini hiss edirik.
O deyirdi ki: "Məmməd Araz haqqında danışanda
mən dağlarımızı,
o dağların ucalığını
xatırlayıram. Onun ədəbiyyatda
da mövqeyi uca dağ kimidir.
Nizami, Füzuli, Nəsimi, Cavid, Sabir, Mirzə Cəlil, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə dağları var, Məmməd Araz dağı da o silsilədəndir. Bəlkə də tək-tük şairlərdəndir ki, sağlığında böyük
şair olduğunu etiraf eləmirdi. Onu çoxdan tanıyırdım.
Naxçıvan televiziyasına
rəhbərlik edəndə
Məmməd Araz haqqında "Məni qoymayın təklənəm.." adlı sənədli film hazırlamışam.
Bu film hazır olandan sonra göndərdim
Əmiyə (biz ona Əmi deyərdik), həmin film Azərbaycan televiziyasında nümayiş
etdirildi. Məmməd
Arazla Bakıda görüşəndə dedi
ki, mən hələ haqqımda belə gözəl film görməmişdim. Nəyə görə
o, filmi tərifləyirdi?
Ona görə ki, mən ora bütün
naxçıvanlıların sevgisini qatmışdım".
Elman Həbib də
ustadı M.Araz kimi yurdda, Vətəndə
baş verən naqis, mənfi hallara etiraz səsini ucaldır, milləti, xalqı bir bayraq altına
səsləyirdi. O, həm Məmməd Araz stilində şeirlər yazıb, həm də ona, şair
şəxsiyyətinə hörmət
və ehtiram əlaməti olaraq şeirlər də qələmə alıb.
O şeirlərdən biri
budur:
Ustad, yenə qibləm, yönüm sənədi,
Sözüm dağa, zirvədəki
çənədi;
Dərələri qar bağlayıb
günədi-
Cığır itib, yol bağlanıb, ay haray!
Bir qazanda yaşayırıq,
qulpu yox,
Bu qazanı qızdırmağa
çırpı yox,
Bağçasında ilanı çox, kirpi yox,
Ağıllı da cığallanıb,
ay haray!
Bu qazanın dörd yanında dağ inlər;
Qazanxanlar,
dağyunuslar, kahinlər...
Dərdimizə ölü ağlar,
sağ inlər
Dağ da, daş da
yaralanıb, ay haray!
Ustad, bircə güvənmişik
adına,
Dar günümdə Araz
çatıb dadıma.
Gör harada misran düşdü
yadıma:
"Körpülənin ay Arazlar,
Məni
qoymayın təklənəm",-
Ay haray!
Azərbaycanın müstəqillik uğrunda
mübarizəsi və
müstəqillikdən sonra
keçdiyi yol poeziyamızın əsas mövzularından biri olmuşdur. Elə bir söz adamı tapmaq olmaz ki, onun
yazılarında səksəninci
illərin sonlarından
başlayaraq Azərbaycanda
cərəyan edən
hadisələr az-çox
öz əksini tapmasın. Bu şairlərdən biri də Elman Həbib idi. Onun "Xocalı" silsiləsindən
bir neçə şeiri var: "Xocalı dərdləri",
"Xocalı şəkilləri",
"Xocalıda", "Hər
gecə". Şair müstəqillik
haqqında düşüncələrini
"Həqiqət günəşi"
və "Heydərnamə"
poemalarında daha bariz şəkildə ifadə edib. Bu poemalarda ulu öndərimiz Heydər Əliyevin obrazı sənətkarlıqla canlandırılıb:
Bir həyat yaşayır ulu Heydərim,
Bənzəri bəlkə də yoxdu həyatda.
Yanında zəifdir ürək
sözlərim,
Elə söz varmıdır dildə, lüğətdə?!
Onun öz eşqinə bərabər olsun,
Onun hikmətinə
bərabər olsun.
Onun cürətinə bərabər
olsun,
Onun qeyrətinə bərabər
olsun!
Elman Həbib Heydər
Əliyev haqqında, onun zəngin həyatı və ictimai-siyasi fəaliyyəti
barədə geniş
məlumata malik idi. O, Naxçıvan Televiziyasının
sədri işləyərkən
o zaman Naxçıvan
Ali Məclisinin sədri
Heydər Əliyevlə
dəfələrlə görüşmüşdü.
Elman Həbibin bu dahi insana, böyük
şəxsiyyəti dərin
sevgisi vardı və onun poemalarnda
da bunu hiss edirik:
Əlinin
adlarından birincisidir
Heydər,
O səbrdə, təmkində
durur birinci yerdə.
Azərbaycan taxtında əyləşir
ər oğlu ər,
Hər gün ucalır-qalxır, yüksəlir
pərdə-pərdə.
Əsrin
aşırımında, yaşın
müdrik çağında,
Əlini haqqa tutub, üzü
ulu tanrıya.
Onun ruhu xalqında, onun canı xalqında
Onun yolu xalqına, onun yolu tanrıya.
"Heydərnamə" poemasında E.Həbib qətiyyətlə bildirir
ki, ulu öndərin
ideyaları davam etdirilir, İlham Əliyev bu ideyaları yaşadır.
Elman Həbibin yaradıcılığında NAXÇIVAN obrazı da sevə-sevə yaradılan obrazlardan biridir. O, Naxçıvanın keçmişi, onun bu günü, tarix boyu keçib gəldiyi yol, möhtəşəm abidələri, Azərbaycana, Şərqə və dünyaya bəxş etdiyi dahi sənətkarları, gözəl və bənzərsiz təbiət mənzərələri haqqında onlarla şeirlər yazmışdı.
"Naxçıvannamə" poema-dastanı ayrı-ayrı şeirlərdən ibarətdir. Poemada öncə Naxçıvanın şöhrətli keçmişindən söz açılır, Gəmiqaya və Əshabi-kəhf abidələri tərənnüm olunur.
Naxçıvanın müstəqillikdən sonrakı həyatı, ictimai-siyasi mənzərəsi də gözdən qvçmır. Hər şey dəyişib, hər şey gözəlləşib:
Bu mən görən küçə deyil,
Bu nə küçə, nə dalandı?!
Baxdım onun camalına,
Gözlərimin qarşısında
Bir gözəllik dalğalandı.
Elman Həbib müasir insanın-XX və XXI əsrlərin qovşağında yaşayan, həm sosializm cəmiyyətində, həm də müstəqillik dövründə yaşayan həməsrimizin-Azərbaycan insanının keçdiyi yolu, onun zamanla, dünya və cəmiyyətlə, yurddaşları ilə ürək söhbətlərini oxuculara təqdim edirdi. Onun lirik qəhrəmanı daxilən zəngin bir insan idi. O, öz ömür yoluna nəzər salır, bir insan kimi həyatının fərəhli anlarını xatırlayır, həmçinin səhvlərini, qüsurlarını təhlil eləməkdən çəkinmirdi.
Bu lirik qəhrəman həyatın, gerçəkliyiyn bütün hadisələri, olayları ilə bağlı idi. O, tarixi keçmişiylə fəxr edir, onları indiki nəsillərə nümunə göstərirdi. Çox danışmaq olar Elman Həbibin poeziyası haqqında.
Onun şeir və şair haqqında poetik düşüncələri ilə sözümüzü bitirək və "ruhun şad olsun, Elman Həbib" deyək.
Şair öz xalqının danışan dili,
Şair öz xalqının vuran qoludur.
Şairlər səngərsiz vuruşur, ölür,
Şairlər xalqının qara quludur.
Qılındcı kəsməzdi Xətayinin də,
Qanında şeirlər dövr etməsəydi.
Koroğlu olmazdı, tunc sinəsində
Düşmənin üstünə saz getməsəydi.
Vaqif YUSİFLİ
Ədalət.-2013.-19 oktyabr.-S.13.