OQTAY XALLOĞLU

(LAYLA DE LAYLA)

 

İnsan Mənzərələri

2-ci yazı

 

TANIŞLIQ

 

Adını çox eşitmişdim. Ən çox Akif Səməd danışırdı Oqtay Xalloğlunun əhvalatlarından. Bir sinifdə oxumuşdular. Hər Bakıya gələndə (96-cı illərdə Gəncənin Kəpəz rayonu Hərbi komissarı idi) Akiflə görüşməmiş, onun dost payını verməmiş geri dönməzmiş. Aşıq Qərib isə onun ən sevimli aşığı idi."Qərib mənim aşığımdı" - deyib bütün məclislərinə onu dəvət edərmiş. "Bütün məclislərinə" - deməkdə haqlıyam. Elə gün olmazmış ki, onun ağır-ağır məclisləri olmasın. Çox zaman içməzmiş. Ona görə yox ki, içgiyə meyilli deyildi, əksinə, içki içəndə ruhu havalanar, qanı coşdanar, məclisdə hay-haray salar, demək olar ki, bütün məclisi ələ alardı. Vay o günə ki, həmin anlarda onun xətrinə dəyən olaydı. Kimliyindən, hansı gücə, hansı vəzifəyə sahib olmasına baxmayaraq, çılğınlıgı, cəsarəti və inadı ilə həmin adamı yerindəcə susdurar, yada məclisindən qovardı. Buna görə də o içkili olduğu zaman onun xətrinə dəyməyə heç kim cəsarət etməzdi. Elə bu səbəbdən də öz xasiyyətinə bələd idi və çox zaman aylarla dilinə içki vurmazdı.

Onunla əyani olaraq ilk tanışlığım 1996 -ci ilin yanvar ayında oldu. Mərhum dostumuz şair Ağamalı Sadiq Əfəndinin qırx mərasimindən Bakıya qayıdırdıq. Adətən üç dost, Məmməd İlqar, Akif Səməd və mən çox yerə birgə səfər edərdik. Budəfəki səfərdə də bu üçlük Gəncə şəhərinə çatarkən Akif:

- Arkadaş, (O məni həmişə arkadaş deyə çağırırdı) maşını yavaşıt, Oktaya baş çəkək, çoxdandır üzünü görmürəm. Həm də səni də tanış edək onunla, -dedi.

Onunla görüş mənim də ürəyimdən idi, amma qiyabi də olsa xasiyyətinə bələd olduğumdan bilirdim ki, onun əlinə keçsək çıxa bilməyəcəyik. Ələlxüsusda bu üçlükdən əl çəkəsi deyildi.

- Akif düz deyir, görüşsək yaxşı olar, bir eynimiz də açılar, Ağamalı nisgili üzüb gedir bizi - deyib, Məmməd də Akifin fikrini bəyəndi. Razılaşmaqdan başqa əlaçım qalmadı və sükanı hərləyib Akifin dediyi istiqamətə buruldum.

Bizim gəlişimizə çox sevindı. Məmmədlə, Akiflə görüşüb-öpüşdü, sonra maraqla mənim üzümə baxdı:

- Ayə, Allahəqqi bu Məmməd Dəmirçioğlu olacaq - deyib, mənidə sinəsinə sıxdı. Boyca uca olsa da, arıq vücudlu bu insanın qollarındakı gücə heyran qaldım. Sanki məngənə arasında qalmışdın. Qollarının arasından çıxıb:

- Doğrudan da deyiləncə varmışsan - deyib, zərli paqonlarına, üca boyuna, mavi gözlərinə xeyli baxdım və bu maraqlı tanışlıqdan məmnun oldum.

Əl çəkmədi bizdən. Könlü havalanmışdı. Bizim gəlişimizə necə sevindiyini gizlədə bilmirdi və sorğu sualsız: - Arxamca sürün deyib "06"markalı maşınına oturdu. Bağlı-bağçalı bir restoranın yanında maşından düşüb, bizi gözləmədən restoran işçilərini yanına çağırdı. Restoran işçilərinin onun qabağında etdikləri hərəkətlərindən aydınca hiss olunurdu ki, Oqtay buranın daimi müştərisidi.

Kənarda, əlində saz-fılanan gənc aşığında kefi dərhal duruldu. Bildi ki, bugünki bazarı uğurlu olacaq.

Elə də oldu. Məclis təzəcə qızışmışdı ki, aşığı gözü aldı:

- Ayə, yanşaqsanmı? - deyib, gənc aşığı yanına çağırdı. Mərifətlə baş endirən aşıq, Oqtayın qarşısında müntəzir dayandı.

- Durumundan, qırımından Kəlbəcərliyə oxşayırsan - deyib, ucaboylu, yar-yaraşıqlı aşığı başdan-ayağa süzdü: - De görüm, Məmməd İlqardan söz bilirsənmi? Dilinin üstündə dil bitmiş aşıq: - Belə Məmmədədə qurban olun, Oqtayada - deyib, Oqtayı tanıdığına da işarə etdi. Sonra sazı sinəsinə basıb Təcnis havasını çalmağa başladı:

 

İlahi, belə də gözəl olarmı?

Kimdi qələm çəkən, nə gözəl çəkir.

Üz-üzə, göz-gözə sehirlənmişik,

Nə mən göz çəkirəm, nə gözəl çəkir.

 

Diqqətlə aşığı dinləyən Oqtay, vurğuların yerli yataqlı deyilməsindən xoşu gəldi. Onu qane edəcək aşıqlar az-az olar və tələbkarcasına nöqsanlı aşıqları danlayar, sözün və havacatın ustad yolunda olmasını tələb edərdi. Bu dəfə "bərəkallah" - deyib, gənc aşığa bir göy əlliminlik uzatdı. (bu beş şirvan demək idi). Üzü gülən gənc aşıq bir az da eşqlə çalıb oxumağa başladı:

 

Güney gözlüm, gözəllikdə bircəsən,

Bu güllükdə bir mən olam, bircə sən.

Gül üstündə arıya bax, bircə sən

Gör gülün nazını nə gözəl çəkir.

 

Akif Səməd araq rumkasını əlində tutub aşığın tapşırma bəndini gözləyirdi. Oqtay içməsə də cezv məqamındaydı. Aşıq oxuduqca hərdən qıy çəkərək səsini ucaldır, hərdən də "eşq olsun yazan barmaqlara" - deyib, gözlərini yumaraq sazı dinləyən Məmmədə tərəf baxırdı. Aşıq arif olduğundan hiss edirdi ki, gözlərini yumaraq sazın sehrində bulunan bu qara bığ, qıbçaq simalı insan Məmməd İlqardı. Odur ki, düz Məmmədin qulağı dibinə yaxınlaşıb tapşırma bəndi oxumağa başladı:

 

Gəl salma Məmmədi gözündın, gözəl,

Gözüm gözmü görüb gözündən gözəl?

Mən ömüş neynim ki, gözündən, gözəl,

Nə bir könül doyur, nə göz əl çəkir.

 

Söz tamama yetər-yetməz könüllü masabəyi seçilmiş Akif rumka tutmuş əlinin şəhadət barmağıyla Məmmədi göstərib:

- Sağlıq öz ayağıyla gəlib çıxdı. Sağ ol, Məmməd, sənin bu təcnisin qu nəğməsidi. Mürşidimiz Ağamalı Sadiqi itirməmişik, o sənin simanda təcəlla edir. Sən indi İncə dərəsi şairlərinin mürşidisən. Sözümüzün ağsaqqalı kimi, sənin sağlığına badə qaldırırıq - deyib, badələri toqquşdurdu. Heyranlıqla Məmmədi seyr edən aşığın üz-gözündə xoşbəxt bir ifadə cilvələnirdi: - Demək məşhuri cahan olan bu təcnisin müəllifi ilə baş-başayam". O ayağa durub, Məmmədə yaxınlaşdı, alnımdan öpüb: -"Axır ki, üzünü gördüm, üstad - deyib, əllərindən də öpmək istəyəndə Məmməd razı olmayıb əlini geri çəkdi:

- Sağ ol, bala, bu təcnisi olduğu kimi oxuyan aşıq azdı. Təcnisin bir vurğusu düzgün vurulmayan kimi, məzmun dəyişir, təcnis hörmətdən düşür. Fikir verdim, ürəyimcə oxudun, çox sağ ol.

Ruhlanmış aşıq üçün bundan böyük qiymət ola bilməzdı. Oqtay təfərinclə aşığı süzüb: "Aşıq bir imtahanında var, ondan da keçə bilsən, sənə ölüm yoxdu. Gənc olmasına baxmayaraq özünə güvənən aşıq - buyurun deyib, fərəqət görkəmi aldı.

- Bir hava da Akif Səməddən oxusan, bu göy əlliminlik də halalındı - deyib, cibindən bir şax əlliminlikdə çıxardı.

Aşığın üzünə xoş bir təbəssüm qondu:

- O da mənim gözüm üstə, - deyib, Qaraçı üstündə cövlan eyləməyə başladı.

 

Gədikdə təngiyib Lələylə Kərəm,

Bəzək-düzək vurur qar ayrılığa.

Bülbül güldən ötrü canından keçir,

Gör necə tab edir xar ayrılığa.

 

Açığı aşığın bu qoşmanı belə yanğıyla oxuması hamımızı heyrətləndirdi. Təkcə gözəl oxumasıyla yox, həm də bu şeiri haradan tapması daha çox maraqlı idi. Mənimlə bərabər Məmməd İlqar da əlini cibinə uzatdı. Hərəmiz bir şirvan çıxarıb aşığın cibinə saldıq. Akif özünə məxsus bığaltı təbəssümlə: - Vallah bu aşığa nə versəniz halaldı, - dedi. Aşıq doğurdan da Qaraçı köçünə qoşulb getməkdəydi:

 

Nə basıb bağrına pərvanə odu,

Pərvanə mən döyəm, pərvanə odu.

Dodağı dörd yerdən çat verib, odu,

Mənim tək dözməyir nar ayrılığa.

 

Oqtay Xalloğlu aşığın bu məharətinə inanmaq məcburiyyətində idi. O, nadir hallarda aşıqları tərifləyərdi. Daha doğrusu sazla, sözlə onu heyrətləndirmək o qədər də asan iş deyildi. Amma əlini havada oynatmasından, hərdən: - Mənim aşığım başqa cür ola bilməz - deməsindən aşıqdan xoşu gəldiyi aydınca sezilməkdəydi. Aşıq isə Qaraçı köçünü bir məkana çatdırmalıydı:

 

Qar boranla gəlib yazımız belə,

Qışımız elədi, yazımız belə.

Əzəldən yazılıb yazımız belə,

Akif yara qismət, yar ayrılığa.

 

Könlü cuşa gəlmiş Oqtay əlli minliyi aşığın cibinə salıb Akif Səmədi göstərdi: - Bax oxuduğun sözlər bu lopa bığ oğlanındı - deyib, sazı özü götürdü.

Gənc aşıq (adını unutmuşam) ehtiramla Akif Səmədə yaxınlaşıb:

- Qağa, adınızı çox eşitmişəm, iki möhtəşəm şairi bir gündə görmək, tanış olub əllərindən öpməkdən böyük səadət olarmı, - deyib, Akif Səmdi də qucaqlayıb öpdü.

- Çox sağ ol, qardaşoğlu, heç bizim İncəli aşıqlarımız məndən sənin qədər söz bilmirlər - deyib, aşığa təşəkkürünü bildirdi.

Məclis uzanıb gedirdi, Oqtayın özünəməxsuz çalğıları, qimqimi ağzında oxumaları hamımızı çox uzaqlara aparır, ruhumuza qoşulub məkansız, zamansız səltənətlərə varıb gedirdik.

Hava qaralmaq üzrəydi. Məsələ elə mən deyən kimi oldu, Oqtay çətin ki, bizi buraxacaqdı. Biz isə həmin gün hökmən Bakıya çatmalıydıq. Göz-qaşla Akifə him-cim etdim ki, buda Oqtayla gürüşmək, indi bizi al onun əlindən, hava qaralır, yola düşmək vaxtıdı.

Akif yenə bığaltı gülümsəyib əlini yellədi ki, başın haqqı xeyri yoxdu, qal oğlu qalıq. Elə bu ara bir maşın gəlib qənşərimizdə dayandı və Oqtayı yanlarına çağırdılar. Nə danışdılar, nə danışmadılar bilmirəm, Oqtay bizə yaxınlaşıb:

- Allahəqqi ananız namaz üstündə doğub üçünüzüdə. Bəxtiniz gətirdi, mən təcili getməliyəm, sizidə daha uğurdan saxlamayacam, Gəlin hala-hümbət edək - deyib, bizimlə sağollaşdı, tələsikcə çağrılmamış qonaqlara qoşulub getdi.

Hamımız mat-məəttəl qalmışdıq. O, bizdən əl çəkən deyidi. Məclis başqa yerə köçəcəkdi, səhərəcən vur-çatdasın davam edəcəkdi. Başa düşdük ki, nəsə fövqəladə hadisə baş vermişdi. Nə idi bu hadisə, bizim qanımızın arasına girən nə məsələ idi?

Maşına əyləşməmişdən qabaq Oqtayın dostu olan restoran müdirinə yaxınlaşıb, gələnlərin kimlər olduğunu soruşduq. Yekəpər müdir gülümsəyərək: - Oqtay xoruz döyüşünə getdi - deyib, məsələdən bizi agah etdi. Məmməd əlini əlinə vurub şaqqanaq çəkərək güldü:

- Amma nə canımız qurtardı.

 

(Ardı gələn şənbə sayımızda)

 

Məmməd Dəmirçioğlu

Ədalət.-2013.-19 oktyabr.-S.10.