BƏZİ ŞEİRLƏRİN YARANMA TARİXİNDƏN

 

Doqquz ildir ki, Məmmədsiz onun anadan olan gününü ailə dairəsində, səssiz-səmirsiz keçiririk. Eləcə yuvarlaq illərini də...

Yazırdı:

- ... Mən getsəm dərələr, dağlar qalacaq,

 

Meşələr, çəmənlər, bağlar qalacaq.

Buludlar qalacaq, ağlar qalacaq,

Ey mənim yaşamaq, yazmaq həvəsim,

Tək səni özümlə aparasıyam.

 

Ailəsindən başqa heç kim ağlamadı... Yazmışdı:

 

... Bu qədər güllərə uyma, gül balam,

Mənsiz bu töhfələr yox ola bilər...

 

***

 

... Güllərə hopulan bu alqışarı,

Gülüm, göz yaşınla yuyarsan onda.

Tikan qayğıları, buz baxışları,

Ayaz gülüşləri duyarsan onda...

 

Niyə belə yazmışdı? üçün belə narahat idi?

Yazmışdı:

 

... Demək günəş yer üzünə qarğıyıb,

Demək sənə, Vətən eşqim, qar yağıb.

Demək kardı Azərbaycan torpağı,

Sizə yetim deyən olsa, qızlarım!

 

Axı, məqsədim şahidi olduğum bəzi şeirlərin hansı hisslərin təsirindən yaranmasını açmaq idi.

Görünür, nəsə məni bu şeirlərə müraciət etməyə vadar edib.

isə, qayıdıram əvvəlki məqsədimə...

1968-ci il mənim xəstəliyimlə əlaqədar İstisuya getməli olduq. Nəqliyyat kimi ancaq avtobus işləyirdi. Təbiətin əli ilə düzələn "heykəllərə" baxa-baxa Kəlbəcərə çatdıq. "Bağırovun evi" adlanan sanatoriyada mən müalicəmlə məşğul olurdum, Məmməd isə "müşahidələrilə"...

Gecə Tərtərin səsinə qulaq asa-asa yatardıq. Bir neçə gündən sonra Məmməd yazacaqdı:

 

... Bir parça buludda - bir dəniz yükü,

Külək uğultusu, qış nəğməsidir.

Tərtərin ən ağır, ən əziz yükü

Gül çiçək ətridir, quş nəğməsidir...

 

("Həkim çay")

Gündə üç dəfə, yeməkdən əvvəl bulağın lap gözünə gedərdik. Bizimlə bərabər addımlayan adamlar yolboyu təbiətin yaratdığı qəribə "heykəllərə" fikir verməz, şəfalı sayılan İstisuyun dərdlərinə dərman olub-olmayacağından başqa bir şey fikirləşmirdilər.

Biz isə yolboyu təbiətin heykəltəraşlığına heyran-heyran baxar, qayanın birini qurbağaya, birini əjdahaya, bəzilərini isə başında xonçalı gəlinlərə bənzədərdik.

Zirvələrdən özünə yol açıb axan damcıları yol qırağında oğul gözləyən anaların göz yaşına ancaq Məmməd bənzədə bilərdi. Özüm-özümə fikirləşirəm: - Görəsən, oğul-qız dərdini ürəyindən gözünə axıdan anaların qayalara bənzəri varmış?

("Ağlayan qayalar")

İstisuda istirahət edən o vaxtkı Sosialist Əməyi Qəhrəmanı Həsən Kərimov bizi vaxt-vaxt Dəlidağın ətəyindəki obasına qonaq aparardı. Dəlidağın ətəyində - düzənlikdə zərif dağ çiçəkləri səpələnmiş, dağa yaxın yerlərdə isə ala-tala qar şırımları görünürdü. Məmməd bizimlə bərabər istirahətdə olan Barat xanıma müraciət etdi:

- Barat xanım, dağ yerində qarı yaxından müşahidə etmisinizmi?

Onlar qara yaxınlaşdılar. Uzaqdan ağappaq görünən qarı kif basmışdı. Bəzi xəbis insanların ürəyi kimi...

 

... Yadıma düşür ki, bəzən hissimiz,

qədər aldanır bu ağlıqlara...

 

("Qar")

 

Bəlkə bu şeir hər "ağlığa" aldanmamaq çağırışı idi?

Təbii ki, misal gətirdiyim şeirlərin məzmununu açmaq fikrində deyiləm. Ancaq yeri tarixi haqqında danışmaq fikrindəyəm.

Bir məşhur şeiri haqqında da...

Yenə Dəlidağın ətəyindən qayıdanda...

 

Heyrətindən donmuş idi Dəlidağ,

Nəfəs çəkib işqırırdı od-ocaq.

Göymü yeri, yermi göyü udacaq...

 

Birdən-birə hər tərəfi qalın duman bürüdü. Narın yağış çiləməyə başladı. Taxta deyilən düzən yerə çatmaq üzrə idik ki, bir dəstə adam yolumuzu kəsdi dedilər ki, Aşıq Hüseyn Cavan Məmmədlə görüşmək istəyir. Gec olmasına baxmayaraq, Həsən maşını alaçıqlara tərəf yönəltdi. Uzun bir çadır adamla dolu idi. Hamı iki sənətkarın görüşməsini maraqla izləyirdi...

Aşıq Cavan sarılmışdı sazına,

Toy qurmuşdu dünəninin yasına,

O, dərdini ya sındıra ya sına;

Qəzəbi köklənib dağın, daşın da

Təbriz ağlayırdı dağlar başında.

 

Məmməd hər şeyi, hətta özünü unutmuşdu. Onun üçün dünya bu anda ancaq sazın səsindən, aşığın oxumasından ibarət idi.

Aşıq hönkürürdü: uşaqlıq xatirələrini yaşadan dağı, dərəni, düzü yadına salıb sazı ilə birlikdə ağlayır, ağladırdı. Qatı duman da çisəyə çevrilib çadırın üstünə səpələnirdi. Arabir uğuldayan küləyin səsi sazın fəryadını batıra bilmirdi.

 

... Dərələr səngidi yaz yağışında,

Təbriz ağlayırdı dağlar başında...

 

İndən belə hələ bir neçə gün sanatoriyada da söhbətimiz o gecədən olacaqdı...

"Oxuyan Təbriz" şeiri elə o gecənin təsirindən yaranacaqı.

"İstisu lövhələri", "Həkim çay", "Qar", "Daş qartal", "Ağlayan qayalar", "Oxuyan Təbriz" təbiətin muzeyi sayılan Kəlbəcərdə - İstisuda yaranmış şeirlərdi.

Deyəsən, 1970-ci ilin avqust ayı idi. Yolumuz Bərdədən keçirdi. Bu torpağa qədəm qoyarkən qarşında qeyri-ixtiyari böyük Nizami canlanır. Suallar, suallar...

- Nizami dövründə Bərdə necə inkişaf etmişdi?

- Bərdənin yaşı qədərdir? Yoxsa Bərdəni yer üzündə Nizami kəşf edib yenidən tarixə qaytarıb?!

Hər halda, Nizami Bərdəni sevə-sevə təsvir edib. Məhinbanu ürək açıqlığı ilə Xosrovu Bərdəyə dəvət edir:

 

... Bizim bu Bərdənin yeri arandır,

Suyu çox, otu çox, bir gülüstandır...

 

Nüşabə isə İsgəndərə Bərdəni belə təqdim edir:

 

Bərdə gözəldir, ah, qəşəngdir,

Yayı da, qışı da güldür, çiçəkdir!..

 

Məmməd isə belə yazacaqdı:

Bərdə yolu, - Aran yolu

Dilə gəlir qədim şöhrət...

 

Bərdədən keçib Şuşaya getdik. Şuşanı ilk dəfə görürdüm. Ətrafını iri daşlar əhatə etmiş "Ərim gəldi" qayasını da ilk dəfə görürdüm.

Bu torpaqda arzu əkib, ələm dərən, gərdəyindən döyüşlərə ər göndərən yazıq Azərbaycan qızının ürək sözlərini ancaq daşa deyə bildiyini ürək ağrısı ilə bildirir Məmməd:

"Ərim gəldi" qayasının dövrəsi daş,

Daş gəlinlər bir anlığa dillənə kaş,

Həyatımda mən ilk dəfə daş xoruna

qulaq asdım.

Daş xorunun naləsini lentə yazdım:

 

-Ərim gedib: ehtiyac bir yola gələ!

-Ərim gedib: Qanlı köynək ola, gələ!

-Ərim gedib:Xan qızına lələk üçün!

-Ərim gedib: Kəbəyə bir dilək üçün!

...-Ərim əppək gedibdi bir küncüt qıza!

 

(Necə müasirdi.)

Şuşada qaldığımız günlərdə Zeynal müəllimlə Məmmədin söhbətləri çox maraqlı olardı. Gecələrini də maraqlı keçirərdik:

"Sərin Şuşa gecələri. Qala divarları boyunca uzanan "səyahət". Qabaqda bələdçi Zeynal müəllim. Sonra qarmon çalan (qarmonu yeriyə-yeriyə çalırdı). Mən uşaqlarla, arxada isə Məmməd. Başımızın üstündə parlaq ayulduzlar..." Bu səyahət vaxtaşırı təkrar olardı...

 

... Bu dağlar vüqarı, bu dağlar gücü

Bu gecə kəşf etdim bir Şuşa bürcü.

Bir Şuşa bürcü, tamaşa bürcü...

 

("Şuşada bir gecə")

 

Bu qəbildən şeirləri çoxdur. Mən ancaq onu ilhamlandıran hadisələrdən söhbət açdım.

6-cı sinifdə Puşkinin "Qafqaz" şeirini keçirdim.

Şeiri evdə oxuyub gündəlik də tutmuşdum...

Sinifdə oxu zamanı eləcə birinci misra məni tutdu:

- Qafqaz altındadır,

Ən yüksək zirvədə mən.

(Kavkaz podo mnoyu. Odin v vışine...)

 

Sinifdə olduğumu unudub qeyri-ixtiyari, - şairdə şovinistliyə bax, Qafqaz niyə onun ayağının altındadır, - dedim. Düzdür, sözümə görə möhkəm təpki oldu. Bu, bir oxucu kimi mənim fikrim idi. Ola bilsin ki, Puşkin bu haqda heç fikirləşməyib . Bəlkə uca dağların əzəmətini, qüdrətini vəsf etmək istəyib.

Şair sözü, yol ayrıcında dayanan müdrik qocadır insan arzularını mənzil başına çatdırmağı özünün əzəli vəzifəsi sayır, - deyərdi Məmməd.

Mən deyirəm: - Torpağın üzü qara olsun, əjdaha kimi hamını udur...

 

Gülxanım FƏTƏLİQIZI

ədalət.-2013.-19 oktyabr.-S.9.