TƏKAN
(Povest)
(əvvəli ötən
saylarımızda)
Bəli, o valyuta sizin "Unuda bilmişəm" əsərinizin qonorarı olub, - deyə İlyas müəllimin əlindən tutdu oğlan. Onun dalğavari köynəyi bədəninə kip yapışmışdı. Enli kürəkləri lay divar idi. Zil qara saçları boynunun ardında sınır, geri qayıdırdı. Qızğın və həyəcanlıydı. Birdən iri qara gözləri gün eynəyinin şüşələri kimi parıldadı. - Nə gözəl təsadüfdü? İlyas müəllim, icazə verin yanınızda lövbər salım, - dedi.
İlyas müəllim:
- Əlbəttə, çox məmnun olaram. Gəl əyləş! Dənizçilərə qurunun hər qarışında istədikləri, bəyəndikləri yerdə yer var, - deyə gülümsündü.
Mən yerimdən qalxdım. İlyas müəllim qolumdan tutdu. Timuçin qonağa yer göstərdi.
- İlyas müəllim, adım Səxavətdir.
Uzun müddət Xəzər gəmiçiliyində "Rəşid
Behbudov" gəmisində matros işləmişəm. Sonra
işləyə-işləyə oxuyub kapitan oldum. Dünya
sularında üzmək imkanları qazandım. Hava xoş, yol
rəvan olanda kayutlarda kitab oxumaq olub işimiz. Sizin bir romanınız var, adı da
"Geriyə baxma, qoca"dır. Əlbəttə, bir az kədərlidi. Arxada nə
qalırsa əldən üzülən, itmiş olandı.
Əriyən saatlarımız, günlərimizdi.
İllər boyu neçə-neçə
yollar, izlər açdım sularda. Amma
indi nə qədər axtarsam heç birini yerində tapa bilmərəm.
Geriyə baxanda adam bir az qocalan kimi olur. Geridə qalanlar köhnə, artıq işləməyən
pul kağızları kimidi.
İlyas
müəllim mənə tərəf çevrildi:
- Sədrəddin,
dənizçi dostumuz da şair kimi danışır!
- Axı,
dənizçilər bu sahildən ayrılmamış təzə
bir sahilin sevdasına düşürlər. Ev-eşik, torpaq həsrəti
onları bir an belə tərk etmir. Kövrəlir, incələşirlər. Səma dərinliyində, üfüq genişliyində,
suların al-əlvan rənglərində şeiriyyət var.
- Ay
İlyas müəllim, o romanda ən çox xoşuma gələn
nədi, deyimmi?
İlyas müəllim həyəcan təbillərinin əks-sədasını
eşidirdi.
Ürəyinə yağ kimi yayılan bu səslər
onu həyəcanlandırsa da susur, bu səsləri eşitmək,
eşitmək istəyirdi. Dodaqlarından
başlayan təbəssüm işıqları bütün
çöhrəsini bürüyürdü. Sənətkar sevinirdi. Bəs necə?
Əkdiyin bağın bəhrə-barını
görmək böyük, ölçüyəgəlməz
səadətdir. Amma mən də
özümdə deyildim. Nəfəsim titrəyir,
ürək döyüntülərim qulaqlarımı
deşirdi. İçərilərimdə
bir qibtə hissi baş qaldırmışdı.
İlyas müəllimin gözlərinin necə
böyüdüyünü, alnındakı
qırışların necə cana gəlib
oynadığını görür, aşıb-daşan
sevinclərinə həsrətlə baxırdım. Bu kişini əlçatmaz qələbələrə,
ilahi səadətlərə çatdıran, el arasında,
xalq içində belə nüfuza, hörmətə mindirən
səbəblərdən biri də, onun uzun, kəşməkəşli
həyat boyu bir qədəh içki içməməsinə
açıq-aşkar paxıllığım tuturdu. "Qalxıb dikələ bilərəmmi, çata
bilərəmmi o nufuzlara, hörmətlərə?" -
düşünür, əziyyət
çəkirdim.
- Hə,
çox maraqlıdı. Bəs o romanda
xoşuna gələn nədi axı? Bəlkə
Qarabağın səfalı təbiəti, insanlarının
səmimiliyi, torpağa bağlılığıdı?!
- Yox,
İlyas müəllim, o dedikləriniz öz yerində! Amma
Qarabağda uzun ömür sürmüş Bayraməli kişi belində bir mauzer gəzdirir.
- Bəli...
- Hə,
romanı oxuduqca izlədim görək o mauzer neyləyəcək?
Bah atonnan, silah bir dəfə də olsun açılmadı. Amma Allah eləməmiş açılsaydı
Turşsunun, İsa bulağının bülbülləri
avara, didərgin düşərdi o yerlərdən. Qarabağın o qaymaq havası zəqqətuma
dönərdi. Tüstü-qurum sinə
göynədər, dil-boğazı qurudardı. Sonra mahnı-musiqi dünyası Seyid Şuşinski,
Xan əmi, Bülbül kimi müğənnilərdən məhrum
olardı.
- Sən
yaxşı tutmusan bu detalı. Əsaslandırıb
məna vermisən silahın açılmamasına. Bəlkə bu epizodu akademik Məmməd Arif, Məmməd
Cəfər də belə ümumiləşdirə bilməzdilər.
Bəs ay oğlum, bir az nigaran qaldım. Gəmi göyərtəsində, özü də
xarici ölkədə hansı aktyorlardı o tamaşanı
oynayan?
- İlyas müəllim, çox cansıxıcı keçir
dənizdə günlər. Domino, nərd dənizçiləri
bezdirir. Tunisdə gəmidən düşən
kimi xoruz döyüşməsinə baxmağa gedirdim. Əlcəzairdə sim pəhləvanlarının
oyunları canlı tamaşadı. Tuzlada
itlərin qarpışmasına heyranlıqla baxır matroslar.
Matros olduğum vaxt biz "kollektiv poxod" eləyirdik
belə teatrlara. İndi mən müstəqil
kapitanam. İstanbulda öz Gəmiçiliyim var.
Keçən il Borselonada bir neçə
gəmimi təmirə qoymuşdum. Azərbaycandan
gələn iki gəmi də yük boşaldırdı orda.
Başqa İki gəmi də yük vururdu.
Bir gün mən Kasparlı dənizçilərlə
ərəblərin göstərdikləri "Pələng
ovu" tamaşasına gəldim. Herkulesə
oxşayan bir cəngavərin pələnglə
qarpışmasından vəcdə gələn dostlarım səhnəyə
gül dəstələri atırdılar. Elə ordaca bir ideya yarandı məndə. Bu bayağı, qondarma əyləncələrdən
nə götürür dənizçilərim?! Bizim gözəl teatr tamaşalarımız var.
Köməkçimi xüsusi təyyarəmlə doğma
şəhərim Lənkərana göndərdim. İki gündən sonra oranın Dram teatrı
Barselonaya gəldi. İlk tamaşa
"Kompozitor Qara Qarayev" gəmisinin göyərtəsində
oldu. Artistlərimiz "Otello"
dramını oynadılar. İlk
tamaşaya bizim dənizçilər, burada günəmuzd
işləyən yüzlərlə çin türkü,
İran gəmilərinin ekipajları baxdı. İspaniyanın televiziya kanalları tamaşanı
parça-parça göstərib, rejissor işini təriflədilər.
Qəzetlər "Azərbaycan aktyorları
virtiozdu" yazır, tamaşadan şəkillər verirdilər.
O günün səhəri Barselonanın meri gəmiyə gəldi.
Kayut kompaniyada dənizçilərimizi
üzüm çaxırıyla pizzaya qonaq elədi. Sonra Bələdiyyə teatrının binası
artistlərimizin ixtiyarına verildi.
Təbiətən
sakit İlyas müəllim kirpiklərini tez-tez qırpır,
gözləri qaynayırdı:
- Ay
canım-gözüm. Bu hələ tarixdə
görünməmiş bir qəhrəmanlıqdı. Soyuq müharibənin qızğın
çağıdı. İspaniya isə o
ocağın ən qaynar gözüdür. Sən orda böyük Azərbaycan mədəniyyətini
nümayiş etdirib, dahi Servantesin ruhunu sevindirmisən. Əlimdə ixtiyar olsaydı, elə burda sənin
döşünə bir "Xalqlar Dostluğu" ordeni
sancardım.
- Orden nədi?
Soyuq, cansız dəmir-dümürdü. Biz ancaq sizin sağlığınızı istəyirik
ki, təzə əsərlər yazasınız. Ən uğurlu tamaşanız "Unuda bilmirəm"
əsəriniz oldu. Onu bir gündə iki dəfə
oynadılar aktyorlarımız.
-
Çox qəribədir, - deyə bir an
fikrə getdi İlyas müəllim. Sonra da
yavaş-yavaş sözünü davam etdirdi, - İspan
tamaşaçısını heyrətləndirmək, onu iki
saat tamaşa zalında oturtmaq çətin məsələdi.
Lakin siz bunun öhdəsindən gəlmisiz! - Bunu cəsarətlə,
hamının eşidə biləcəyi tərzdə dedi.
- Axı,
əzizim İlyas müəllim, bu gün ispan
tamaşaçıları hər cür "izm"lərlə
dolu, özünü doğrultmayan eksperiment əsərlərə
baxmaqdan bezib, təngə gəlib! Amma bizim
dramlarımızda ortaya konkret həyati problemlər qoyulur və
aydın-aşkar həll olunur. "Sevil"də
Azərbaycan qədim İslamın mütilik, köləlik
çadrasından yaxa qurtarır. "Od gəlini"ndə
Aqşin dini xurafatlara qarşı üsyan qaldırır! Sizin "Unuda bilmirəm" pyesinizdə
tamaşaçılar Kamran və Nərminin öz səadətləri
uğrunda birgə apardıqları mübarizənin qələbəsini
sürəkli alqışlarla qarşılayırlar.
- Görəsən
hansı obraz daha çox xoşlarına gəldi? - deyə İlyas müəllim uşaqlara xas
utancaqlıqla başını aşağı dikdi.
- Kamran
obrazı. Prokuror Kamran.
- Nəyə
görə? Axı ay oğlum, mən
Kamranın boyasını, rəngini çox vurub onu şirinləşdirməyə
çalışmamışam.
- Bəli,
İlyas müəllim. Amma Kamrana böyük məhəbbət
və rəğbət göründü Barselona səhnəsində.
Bunun da səbəbi var. Axı İspaniya da bir
çox Avropa ölkələri kimi kriminal bir ölkədir.
Narkomaniya, qadın zorakılığı, hər
cür quldurluğa qarşı mübarizə aparan polis rəisləri,
prokurorlar, inzibati orqanların icraçıları bir
çox hallarda humanistlik, insanpərvərlik hisslərini
itirir, qaba bir mexanizmin cansız vintinə çevrilirlər.
Lakin sizin prokurorunuz Kamran yüksək insani
keyfiyyətləri ilə sevilir. Nərminə
olan məhəbbəti naminə ona bu yollarda mane olan "məhəbbətinin
rəqibini" - Cəmilin günahlarını
bağışlayır, onu cəzalandırmır. İspan tamaşaçıları
arzuladıqları, həyatda görmək istədikləri
müsbət, alicənab, humanist prokuror obrazını sizin əsərinizdə
görürdülər. Anşlaqla gedən
pyesiniz artistlərimizi yeni əsərlərinizi oynamağa
ruhlandırdı.
- Sən
ağlabatmaz, çox sanballı bir iş görmüsən. Demək Azərbaycan teatrına Avropa səhnələrində
uğurlar qazandırıb Mirzə Cəlil, Hüseyn Cavid əsərlərinə
yaşıl işıq yandırmısan. Ümidvaram
yaxın gələcəkdə elə bizim Sədrədin də
- deyə üzümə baxdı, - bəli, bu gözəl
şairimizdə orijinal şeirləri, sanballı poemaları
ilə ispan oxucularını sevindirəcək. Belə uğurlara görə sənin xəcalətindən
necə çıxım, ay oğul?
- İlyas müəllim, xalqın yaddaşında bir
"Sim-Sim" xəzinəsi var. Siz o xəzinənin ən
qiymətli daş-qaşlarından birisiniz. İşığınıza,
nurunuza ehtiyacı tükənməzdi bu millətimin.
Araya çökən sakitliyi boğuq heyvan
böyürtüləri pozdu. Vələsin altındakı
cığırda bizə sarı dal-qabaq bir kişi,
bir qadın gəlirdi. Beli donqar kişi
heyvanın buynuzlarına bağlanmış ipi var
güçüylə çəkir, qoç
dırnaqlarını yerə mıxlayıb geri
dartınır, yerindən tərpənmirdi.
- Ay
Şahnaz, bu heyvanı niyə incidirik biz? Günahdı
axı. Burda kəsilməlidisə qoy elə
üzüm də başını.
- Bir aman
ver də. Qurbanı çatdıraq yerinə də!
Donqarın
başı boynuna batıq olduğundan qulaqlarının ucu az qala çiyinlərinə
yapışırdı. Qayışının
altından çıxan köynəyi, qabaq tərəfdən
dizlərini tuturdu.
- Bir macal
ver, ay Süleyman, - deyərək ərinə çəmkirdi
qadın. Sonra əliylə İlyas müəllimi göstərərək
- Odey, illərlə arzuladığımız İlyas müəllimin
özü, öz ayaqınan gəlib Qəçrəş
bulağına! Gəlməyinən də kəndimizə
hay düşüb. Camaat yoldadı. Bu gün bayram olacaq burda. O qara qoç da
İlyas müəllimin ayaqları altında kəsilməlidi.
Yadında döyül bəs,
qulağının dibində neçə dəfə niyyət
elədim?
İlyas müəllim yerindən qalxdı. İrəli
keçib çox ucadan danışan, bu hökmlü
qadının əlindən tutub onu sakitləşdirmək istədi.
- Ay
qızım, bu boyda mərəkə, bu pay-püş nəyə
lazım! Mən də xəcalət çəkirəm
axı. Sən Allah, bir sözünüz, xahişiniz
varsa, utanmayın, deyin. Əlimdən gələni
əsirgəmərəm. Bəlkə
övladınız Bakıda ali məktəbə
girmək istəyir? Gəlsin Bakıya, oğlum Timuçin sənədləri
qaydaya salıb yerinə çatdırmağa kömək edər.
Bəlkə xəstəxanayla bağlı
çətinlik var? Səhiyyə Nazirliyinə
zəng vurub danışaram, xahiş elərəm. Bəlkə hansı müəssisəyəsə
işə düzəlmək istəyirsiniz? Gözüm üstə. Daha buna görə
qurbana, xonça-xələtə ehtiyac yoxdu!
- Yox,
İlyas müəllim, xahişə-filana yox, sizə minnətdarlıq
bildirməyə gəlmişəm, - dedi qadın. - İndi çox xoşbəxtəm, - deyə
gülümsədi. - Buna görə göydə Allaha,
yerdə sizə borcluyam. Səbəbi bir hekayənizdi.
Yazan əlləriniz var olsun. Hə, o hekayə məni yerin yeddinci qatından
çıxarıb göyün yeddinci qatına qoydu.
- Hə?
Əhə-əhə - iki ağız öskürdü
İlyas müəllim. Qaşları
yüngülcə çatıldı. - Ay xanım,
xoşbəxtlik Tanrı, tale qismətidi. Amma hay var dağa
qaldırır, hay da var dağdan endirir. Bədii sözün
şəhərlər saldırmaq, qalalar qaldırmaq
gücü var. Amma maraqlıdır çox! Hansı
hekayədən gedir söhbət?
- Bax, bu
Süleymanı görürsüzmü, sağlam, buz
baltasıdı. Qışın soyuğunda
Qudyal çayında çimir, gecələr də həyətdə
talvarda yatır. Əyləncəsi,
teatrı, kinosu da - traktordu. Mən
doqquzuncu sinifdə oxuyurdum. Bir gün qabağımı
kəsib dedi ki, səni çox istəyirəm; Məcnundan
betərəm. Mənə öz xoşuna gəlməsən,
zornan qaçırdacam. Mən də şax üzünə
dedim ki, sənə heç vaxt getmərəm. Bəyənmədim.
Dedim, traktoristdi, neynirəm onu? Aradan xeyli
keçdi. Sonra bir gün də Kənd
Sovetinin sədri seçdilər məni. Bu
Süleyman neyləsə yaxşıdı? Traktorunu söykədi evimizin barısına.
"Mənə gəlməsən yıxacam
barınızı", - dedi. Ağlamaq tutdu məni.
Mazut qoxusu, solyarka ləkələri
gözümə durdu. Elə bu gərgin
vaxtlarımda sizin "Qırçı və
qırmızı gül" hekayəniz düşdü əlimə.
Oxudum. Nə gördüm,
Allah, gözəl-göyçək bir qız - bəlkə mən
əlinə su tökməyə yaraşmaram - hə, həmin
o qız, məhlələrində qır qaynadan bir oğlana
vurulub. Yuxudan ayıldım elə bil.
Daha məni saxlamaq olar? Tərəddüdə
yer qalmadı. Ay İlyas müəllim, balalarımı
yığıb düz traktorun səsi gələn yerə
yüyürdüm. Qalxıb oturdum kabinkasında.
O gündən elə xoşbəxtəm ki. Bir
sözümü iki eləmir. Onu elə
çox istəyirəm ki, mazut, solyarka qoxusu "Krasnı
Moskva" kimidi mənimçün.
- Ay
Şahnaz, indi bu heyvanı kəsim burda, yoxsa diri-diri Bakıya
aparacaq müəllim? - deyə
ayağını qara qoçun boğazına qoydu
Süleyman.
- Yox, Bakıya niyə? - deyə etirazını bildirdi İlyas müəllim. - Bakının yarısından çox adam var burda. Bir elik, bir camaatlıq...g
Fotoaparatlar göz qamaşdırır, şəkillər əlüstü paylanırdı. Kötüklər üstündə oturub daşları süfrəyə çevirənlər də yerlərindən qalxıb badələrini İlyas müəllimə tərəf uzadır, "İlyas müəllim min yaşasın", "Qələmi korşalmasın" - deyə bağırır, badələri başlarına çəkirdilər. Bir yandan qibtə hissi, bir yandan da içkiyə qoyduğum qadağa, məhrumiyyətlər məni qıcıqlandırır, açılışa bilmirdim. Gülənlərə qoşulub gülmək istəsəm də dodaqlarım azacıq aralanır, ancaq ürəkdən gülə bilmirəm. Yox, bu təntənələrə sidqi ürəklə qatılmalı, bir sağlıq deyib məclisi gücləndirməliyəm. Arağı başıma çəkim, gözlərim böyüsün, dilim açılsın, başım-beynim ayazısın, coşub-daşım, ustadımın necə böyük ürək sahibi, suda batanlara əl verən, yıxılanları qaldıran, acizlərə arxa-kömək olduğunu bəyan edim. Stəkanı götürdüm. Qızmış, tərləmişdi elə bil. İçəri üzündə göz yaşına oxşayan damlalar asılmışdı. Arağın zəhərli yanğıları tərlətmişdi stəkanı. Məni də soyuq tər basırdı. Elə bu an özünə olduqca tələbkar İlyas müəllimin yazıçı taleyindən necə gileyləndiyi düşdü yadıma. "Nə olsun ki, sanballı əsərlərim var, uğurlu, xoşbəxt yazıçıyam. Ancaq bir qız uşağını ərə verib ev-eşik yiyəsi etmək imkanım olsaydı mən xoşbəxtlərin xoşbəxti olardım". Ağzımı doldurmuşdum. Daha xoşbəxtlik necə olmalıdı? Mən bu gün yol boyu arzularınıza necə qovuşduğunuzun şahidi oldum. Siz yol boyu həyəcan təbillərinin əks-sədasını eşitdiniz. Çox yox, heç olmasa birini də mən eşidəydim. Amma hardadı?! Eşidəcəyəmmi? Eşitməliyəm, hökmən, yoxsa bu nə yazıçılıqdı? Bəli, xoşbəxtsiniz. Şıxməmməd arxının yanındakı o iş icraçısı Sizi böyük yazıçı kimi tanıdığını söylədi. İstanbulda Gəmiçilik sahibi əsli azərbaycanlı kapitanın Sizin "Arxaya baxma, qoca" romanınız haqda dedikləri, Barselonada gəmi göyərtəsində, sonra Bələdiyyə Teatr səhnəsində əsərinizin oynanıdması da Sizin həyəcan təbillərinizin əks-sədalarıdır. Bayaq gətirdiyi kitabınıza avtoqraf yazdığınız Nazlının söylədikləri də təbillərinizin əks-sədalarıdır. Bax, bu Şahnaz xanım da ərə vermək istədiyiniz qızlardan biridi. Servantesdən söz salırsınız. Oxucuların ürəyindədir əbədi heykəliniz.
İlyas müəllim xalq məhəbbətinin şərabıyla xumarlanır, mənim ağzım sulanırdı. Stəkanı yerə qoydum. "Yox, mən də zirvələr fəth etməli, alqışlar qanadında fəzalara uçmalıyam".
Qayadöşü aul-köşklərdəki qonaqlar aşağı tökülür, vələs kölgəsindəki İlyas müəllimin məclisinə tələsir, ustad yazıçının dilindən bir söz eşitmək, qismət olarsa onunla bir xatirə şəkli çəkdirmək üçün başına toplaşırdılar.
Raykomun köməkçisi Novruzov birinci katibə məxsus "kəcavə"nin aynabəndində göründü. Qayışını bərkidərək pilləkənləri iki bir-üç bir paçalayıb aşağı düşdü. Qabağına yüyürən xidmətçi qızı əlinin tərsiylə kənarlaşdırıb stolumuza yaxınlaşdı və İlyas müəllimlə qabaq-qənşər dayandı.
- Yoldaş İlyas müəllim, adınıza layiq, şərəfinizə uyğun bir stol açdırıb rayonumuzun birinci katibi, - deyərək əlini sol tərəfə atıb al qırmızı şarları, qumaş pərdələri sayrışan kəcavəni göstərdi. - Hə, birinci katibimiz Yoldaş Ömərov gözləyir ki, siz gəlib qazanların qapağını qaldırasınız. Dilinizdən bir-iki kəlmə ağıllı söz eşidək biz də. Di durun, gedək!
- Çox sağ olun. Yoldaş Ömərovla tanışlığım yoxdu. Amma görürəm ki, çox səmimi, qonaqpərvərdi!
- Bəli, sizin
yaradıcılığınızdan danışır rayon
ziyalılarının iclaslarında da. Əsərlərinizin
əksəriyyətini saldırıb bizim teatrın
repertuarına. Fikri var ki, sizi bu rayonun fəxri vətəndaşı
seçdirsin. Çox hörmətli adamdı. Durun gedək,
yaxından tanış olun.
İlyas müəllim gözucu Timuçinə baxdı. Timuçin çiyinlərini çəkdi. Yəni "nə bilim?" Amma bu baxışmalar Novruzovun gözündən yayınmadı.
(ardı var)
YUSİF
HƏSƏNBƏY
Ədalət.-2013.-22 oktyabr.-S.6.