Həyat təcrübəm yaşıma ağırlıq edir...

 

Yola saldığımız bu tələm-tələsik illər ərzində insanların yaddaşında özünə bir təmiz guşə ayırıb, orda illərcə yaşamaq, var olmaq hər sənət adamına nəsib ola biləcək xoşbəxtlik deyil.

Bizim gənclik onu ilk dəfə "Yad qızı"ndakı Məzhərlə, sonra "Kamança"da Qəhrəman Yüzbaşı ilə tanıyıb, bir müddət sonra isə "Təhminə" filmindəki bircə kəlmə ilə sevdi: "Zaur, Təhminə öldü". Bu sözlərdən sonra biz onu bir müddət mavi ekranın sirli-sehrli aynasından itirdik. Amma yaddaşımızın bir guşəsində onun üçün ayırdığımız məkan həmişə var oldu. Bu məkan heç bir zaman tozlanmadı...

Bu günsə o, yenidən səhnələrdə öz var oluşunu müvəffəqiyyətlə davam etdirir. Və nə yaxşı ki, bu belədi. Nə yaxşı ki, bugünkü müsahibim istedadlı aktyor, səmimi insan Füzuli Hüseynov bizimlədi.

- Fizuli bəy, mən bir tamaşaçı kimi sizi ilk dəfə 1993-cü ildə çəkilmiş "Kamança" tamaşasındakı Qəhrəman Yüzbaşı obrazı ilə tanımışam. Həmin tamaşa o illər üçün çox aktual olduğundan heç vaxt unudulmadı. Bu gün o tamaşanın çəkilməsindən düz iyirmi il ötüb. Bu iyirmi il ərzində nələr baş verdi?

- O zamanlar rejissor Ramiz Həsənoğlu televiziyada "Sabah" studiyası yaratmışdı. Həmin dövrdə də ölkədə müharibə ab-havası hökm sürürdü. "Kamança" tamaşası da vurğuladığınız kimi müharibə illəri ilə səsləşdiyindən tamaşa "Sabah" studiyasının ilk işi oldu. Məqsəd belə idi ki, studiyada gənc tələbələr yetişsin, onlara özlərini sınamağa imkan yaradılsın. Lakin, çox təəssüf ki, həmin ideyaların davamı olmadı. Bizdə nədənsə belə işlərə çox səhlənkar yanaşırlar.

Sonrakı dövrlərdə isə işlədiyim teatrda çox acınacaqlı vəziyyət əmələ gəldi. Teatr təmirə dayandı. Altı, yeddi il işləmədi. Orda-burda tamaşalarda oynamaqdan bezdim, yoruldum. Sonunda isə belə qərara gəldim ki, teatrdan ayrılsam yaxşı olar. 1994-cü ildə teatrdan ayrıldım. Təxminən on ilə yaxın Türkiyə və Rusiyada yaşadım.

2004-cü ildə isə rəhmətlik Əliabbas Qədirov tərəfindən teatra dəvət aldım. Elə həmin ərəfədə də Mərahim Fərzəlibəyov məni "Misir gecələri" tamaşasında baş rola dəvət elədi. İki aya yaxın həmin tamaşada oyanamamaq üçün müxtəlif bəhanələr gətirsəm də, sonunda razılıq verib, işə qəbul olundum. Amma bir məsələ də var ki, mən gəlməyə də bilərdim. Kim deyirsə ki, sənətsiz yaşaya bilməz, inanmayın, yalandı! Adam düşdüyü hər bir situasiyadan çıxış yolu tapır və yaşayır. Sadəcə olaraq baxır kim necə yaşayır. Adam var şəxsiyyətini, mənliyini itirərək yaşayır. Adam da var ki, düşdüyü heç bir çətin vəziyyət onun şəxsiyyətinə toxuna bilmir.

- Sənətdə olmadığınız illər üçün heyfsiləndiyiniz məqamlar oldumu?

- Qətiyyən. Çünki, mən tutduğum heç bir işdən heç vaxt peşman olmamışam. Təbii ki, nələrsə eləyə bilərdim. Yaxud da indi də edə bilərəm deyə düşünürəm. Amma bir məsələ var ki, adam eşidilməyəndə, fikirlərinə məhəl qoyulmayanda rəncidə olur. Bəzən fikirləşirəm ki, hamı necə, mən də elə olum. Amma sonra görürəm ki, yox bu mümkün deyil. Mən "palaza bürün, ellə sürün" prinsipi ilə yaşaya bilmərəm.

- Sizcə kino rejissorları sizin potensialınızdan yetərincə istifadə edə bildilər?

- Mən 1980-ci ildə İncəsənət Universitetinin "dram və aktyorluq" fakültəsinə qəbul olunmuşam. Ən yaxşı müəllimim də Nəsir Sadıqzadə olub. İkinci kursdan sonuncu kursa qədər mənə dərs deyib. Nə öyrənə bilmişəmsə, ondan öyrənmişəm. Allah ona rəhmət eləsin. Çox maraqlı və yaxşı insan idi. Həmin tələbəlik illərimdə kinostudiyada çəkilən bütün filmlərə dəvət almışam. Sınaq çəkilişlərindən də keçmişəm, münasibət də yaxşı olub. Amma nədənsə filmlərə çəkməyiblər. Bəlkə mənim tələbə olmağım, təcrübəmin az olması buna mane olub. Bilmirəm... Amma hesab edirəm ki, buna daha çox o vaxt yaranan bir çevrəmi, qruplaşmamı mane olurdu. Yəni həmin çevrəyə daxil olmaq çox çətin idi.

- Siz Rasim Ocaqovun "Təhminə" filmində Spartak obrazı ilə çox sevildiniz. Amma nədənsə Rasim Ocaqovun başqa filmlərində tamaşaçı sizi görmədi?

- Rasim Ocaqova Allah rəhmət eləsin. Onun çəkdiyi filmlərin bir çoxuna dəvət almışam. Elə "Təhminə" filmində Zaur roluna çəkilmək üçün də dəvət almışdım. O vaxt Fəxrəddin Manafov burda yox idi. Getdim sınaqdan keçdim. Ancaq üç-dörd gündən sonra rəhmətlik Emin Sabitoğlu ilə görüşdüm. O, mənə dedi ki, bəs Rasim müəllim istəyir ki, səni heç bir sınaq çəkilişi filan olmadan Spartak roluna çəksin. Mən sonra bildim ki, Zaur roluna Fəxrəddin Manafov çəkiləcək. Açığı əvvəlcə Spartak rolu üçün razı olmaq istəmədim. Amma veriləcək məbləğ o dövr üçün yaxşı olduğundan razılıq verdim. Sonralar da Rasim müəllimin bir çox filmlərinə dəvət aldım. Amma nədənsə baş tutmadı...

İndi də vəziyyət belədi ki, kinostudiya artıq yoxdu. Ola bilsin ki, nə vaxtsa bu problemlər də aradan qalxacaq. Sadəcə olaraq onda da artıq mənim dövrüm keçəcək. Amma mən təəssüflənmirəm. Çünki, bir Füzuli Hüseynov olmamaqla dünya dayanmayacaq...

- "Teleskop" tamaşasından nə dərəcədə razı qaldınız?

- Bilirsinizmi, o biri dünya hər zaman hamı üçün maraqlıdı, sirlidi. Mən bu yaxınlarda insanın ruhunun var olub-olmaması ilə bağlı bir sənədli filmə baxmışdım. Alimlər ölməkdə olan insan üzərində müxtəlif aparatlarla təcrübələr aparırlar. Belə məlum olur ki, insan öləndə onun cismi bir neçə qram azalır. Burdan belə nəticəyə gəlmək olur ki, o dünya barədə konkret sübutumuz olmasa da, ruhun olub, olmaması haqda mübahisə etmək olar. Mənim özümün fikrimə gəldikdə isə mənə belə gəlir ki, o dünya da, bu dünya da hamısı burdadı. İnsanın əməllərinin cavabı bu dünyada da onun qarşısına çıxır.

Bu baxımdan "Teleskop" tamaşası mənim üçün çox maraqlı və zövqlü iş oldu. Təbii ki, çatışmayan nələrsə oldu. Buna vaxt imkanlarını, texniki problemləri əlavə edə bilərik. Amma əsər özü çox yaxşı əsərdi. Həm də Elçin müəllimin bir çox əsərlərindən fərqlənən bir əsərdi. Tamaşanın rejissoru da burda yaşayan insan deyil. Avropada yaşayır. Ümumiyyətlə, Kamran Şahmərdan özü insan olaraq çox maraqlı insandı.

Tamaşanın sonluğu iki epiloqdan ibarət idi. Mən təklif eləmişdim ki, bir epiloq qalsın. Lakin müəllif razı olmadı. O zaman rejissorla biz belə çıxış yolu tapdıq ki, dar ağacını da göstərək. Qoy sonluğu tamaşaçı özü müəyyənləşdirsin.

İşimdən, rolumdan razı qalmağım isə bir az sual altındadı. Çünki, mənə belə gəlir ki, insan gördüyü işdən razı qalırsa, deməli o, artıq bitmişdir. Özündən razı olan insanla mən bir içim su da içə bilmərəm. Belə insanlar mənim üçün maraqsız və bitmiş insanlardı. Xüsusilə də söhbət bizim sənətdən gedirsə, mən adımın mənasına uyğun olaraq həmişə axına qarşı, əks istiqamətə getməyi xoşlamışam.

- Bəs tamaşaçının münasibəti necə, sizi qane etdi?

- Tamaşaya baxan çox ağıllı, savadlı insanların yaxşı münasibətlərini gördüm. Çox adam dedi ki, biz səni o cür rolda təsəvvür etməmişdik.

Yazıçı İradə Tuncayın "Teleskop" adlı gözəl bir yazısını oxumuşdum. Yazıdakı yanaşma mənim çox xoşuma gəldi. Öz prizmasından yanaşmışdı. Kənardan da elə təxminən o cür yanaşmalar oldu. Bir sözlə, tamaşaya olan münasibət məni qane etdi.

Amma mənə belə gəlir ki, daha da yaxşı etmək olardı. Bizim teatrda işıq sistemi qurulub, amma bu konsert salonu üçün daha əlverişlidi. Teatr isə belədi ki, orda işıq və səs çox önəmlidi. Bir az onların çatışmamazlığı məni narahat etdi. Amma hesab edirəm ki, bunlar düzələ biləcək işlərdi.

- Siz özünüz nə vaxtsa, o dünyanın teleskopundan bu dünyaya baxmaq istərdiniz?

- Xeyr istəməzdim... Mən elə bu dünyanın teleskopundan hər şeyi görürəm. Və bilirəm artıq nə necə olacaq... Dostlarıma, doğmalarıma münasibətimdə nələrin baş verəcəyini mən çox dəqiq bilirəm. Ona görə də ordan baxmağıma ehtiyacım olmayacaq.

- On ilə yaxın teatrdan, səhnədən, televiziyadan uzaq qaldınız. Lakin bu müddət ərzində tamaşaçılarınız, xüsusilə qadın tamaşaçılarınız sizi unutmadı. Füzuli Hüseynov üçün qadın anlayışı nədir?

- Qadın hava kimi, su kimi kişiyə hər zaman lazım olan insan, kişinin bir parçasıdı. Mən qadınsız dünyanı təsəvvür etmişəm və anlamışam ki, bu mümkün olan şey deyil. Lap ola bilər ki, bir adam haçansa kimsəsiz bir adaya düşsün. Ancaq yenə də təsəvvüründə də olsa, bir qadın yaratmağa məcburdu. Lakin bir məsələ var ki, kişiyə hansı qadın lazımdı. Bu artıq ayrı məsələdi. Hər kəsin yer üzündə özünə uyğun bir qadını vardır. Qadına tərif vermək olmaz ki, elə olmalıdı, belə olmalıdı. Bu doğru deyil. Qadın elə necə varsa, elə də olmalıdı. Qadın istər görünüşü, istər dünyaya baxışı, hərəkəti, xasiyyəti ilə sənə uyğun gəlirsə, deməli o, sənin qadınındır.

Qadınlar kişilərdən daha qüvvətli, daha dözümlü olurlar. Onlarda çatışmayan bircə cəhət var ki, o da onlarda məntiqin olmamasıdı. Onlar daha çox hissləri ilə yaşayırlar. Bəlkə də bu səbəbdəndir ki, mən qadın rejissorları qəbul edə bilmirəm. Məsələn, bir qadından soruşursan ki, filan işi niyə belə elədin, izah et. Cavab isə belə olur ki, "mən belə istədim".

Ancaq mən qadınları çox istəyirəm. Ağıllısını da, dəlisini də (gülür). Allah bizim bir günümüzü qadınsız eləməsin.

- Bir müddət sağlamlığınızla bağlı narahatlığınız oldu. Bu xəstəlik nə ilə bağlı idi?

- Bilirsiniz, mən xəstəliyimlə, problemlərimlə bağlı danışmağı xoşlamıram. Çünki, bu Allahın mənə verdiyi bir dərd idi. 1993-94-cü illərdə xəstəliyim haqqında bildim. O vaxt buralarda həmin xəstəliyin müalicəsi və yaxud da əməliyyatı mümkün deyildi. Bunun üçün də Türkiyəyə gedib, orda əməliyyat olundum. Nəticəsi də yaxşı oldu. Hələ ki, səhhətimlə bağlı bir narahatçılığım yoxdu.

- Uzun müddət vətəndən kənarda yaşamısınız. Çox maraqlıdı, sənət adamı kimi qürbətdən vətən sizə necə görünür?

- Çox balaca görsənir. Məni təəssüfləndirən bir məqam var ki, bu məmləkətdəki problemləri çox tez və rahat şəkildə yoluna qoymaq mümkün olsa da, bunu etmirlər. Bizdə nədənsə qanunlara uymamaq dəbdədi.

Mənim üçün qürbətdə yaşamaq sözün açığı o qədər də çətin olmadı. Elə hesab edirəm ki, insan düşdüyü hər çətin vəziyyətə uyğunlaşmağı bacarmalıdı. Mən həmişə düşünürdüm ki, müharibə dönəmlərində konslaqerlərdə olan insanlar niyə uzun müddət yaşayırlar. Sonra bunun səbəbini tapdım. Çünki, onlar hər bir əzab-əziyyətə alışırlar. Kim ki, canının nazını çəkir, onlar çox erkən yaşlarından həyatla vidalaşırlar. Yəni, mənim də çox ağır anlarım olub. Amma çox şükür ki, hamısına sinə gərməyi bacarmışam.

Bir üstün cəhətim də var ki, hər yerdə yaşaya bilirəm. Sadəcə olaraq, adam bir az yaşamaqdan yorulur. Hərdən öz-özümə fikirləşirəm ki, gərək mən əlli ildən artıq yaşamayaydım. Çünki, mənə belə gəlir ki, həddindən artıq çox yaşadım və çox gördüm. Artıq həyat təcrübəm yaşıma ağırlıq edir. İnsanın ən böyük var-dövləti isə onun cavanlığıdı.

- Belə bir deyim var ki, məşhurluq öz əvəzini mütləq geri alır. Siz məşhurluğunuzun əvəzini nələrlə ödədiniz?

- Bir şeyi itirmədən, nəsə qazanmaq mümkün deyil. Bizim məşhurluq həyatımız bir növ siyasətçi həyatına bənzəyir. Büdrədin, axsadınsa, mütləq unudulacaqsan. Bu baxımdan sənətimiz etibarsız və acımasız sənətdi... Bunun üçün də vaxtında getmək lazımdı. Ancaq mənə belə gəlir ki, bu barədə mən bir az xəsis adam oldum. Çünki, şöhrətim məndən heç nə ala bilmədi. Bununla yanaşı mən də heç nə əldə etmədim. Gördüyüm işə, aldığım maaşa görə heç vaxt dolanışığım olmayıb. İndi də potensialımın kamillik dövrüdü. Hər halda bir ağıllı adam ortalığa çıxıb fikirləşməlidi ki, bu aktyordan düzgün istifadə olunmalıdı. Standart fikirlərdən uzaq, əks düşüncəli insanlarla işləməyə həmişə hazıram. Yetərincə gücüm olduğunu da yaxşı bilirəm. İnsanın içərisindəki yanğını alovlandıran bir iş olanda ona hamı maraqla tamaşa edir. Təbii ki, bütün bunlarla yanaşı bizim işimizin maddi tərəfinin yaxşı olması da vacib amildi ki, insan alçalmasın. Bizdə və Rusiyada hər bir iş insanın alçalmasına xidmət edir. Bu baxımdan da bu sənət mənə quru, boş, yalançı şöhrətdən başqa heç nə vermədi. Bunun üçün də həmişə dua edirəm ki, son nəfəsimə qədər Allah canıma dəyməsin. Heç kimə möhtac olmayım.

- Füzuli bəy, bir sənət adamı kimi öz bəxtinizdən, taleyinizdən razısınızmı?

- Razı olmayıb nə edə bilərəm ki... Hər bir insanın yaşadığı ömür yaxşısı və pisi ilə onun özünə aiddi. Bunun üçün də mən özümdən yox, amma həyatımdan razıyam. Və bir daha təkrar edirəm ki, tutduğum heç bir işdən peşman olmamışam. Dediyim hər bir sözün arxasında dayanan adam olmuşam. Azadlığımı həmişə qorumuşam. Heç vaxt özüm-özümə xəyanət etmədim. Özüm-özümə hesabat verməyi bacardım. Gördüyüm hər bir işi ürəklə, vicdanla yerinə yetirmişəm. Nə özümü, nə ətrafımdakı insanları heç vaxt aldatmamışam. Ola bilər nə vaxtsa kimisə xilas etmək üçün yalana baş vurmuşam. Ancaq bu sırf xilas naminə olub... Necə varamsa, elə olmağa çalışmışam. Və nə yaxşı ki, beləyəm.

 

Samirə Əşrəf

ədalət.-2013.-22 oktyabr.-S.7.