Yaşayır - yaratmaq, söz həvəsində...
Fəxrəddin MEYDANLI
Mənim onunla tanışlığımın (əslində isə imzası ilə tanışlığımın) tarixi ötən əsrin 80-ci illərindən boy alır. Otuz ilə yaxındır ki, gəlimli-gedimli jurnalistika dünyasında nəzərlərimdə sabit qədəm yer tutmuş iki-üç imzalardan biridir onun imzası.
Mən onun yazılarını davamlı olaraq
"Kaspi"nin, "525-ci qəzet"in, "Ədalətin"..,
təbii ki, şöbə müdiri olduğu "Azərbaycan"
qəzetinin səhifələrindən oxuyanda rahatlıq
tapıram, ruhum dincəlir, könlüm xoş olur. Kimdən
yazır yazsın, nədən yazır yazsın, onun
yazılarını oxuyanda təsvir olunan hadisələri
yaşamaya bilmirsən. Hərdən elə mövzulara
işıq salır ki, gündəlik çoxlarının
barəsində danışdığı, çeynənmiş
bir mövzu olsa belə, onun yazdığının,
düşüncəsinin məhsulu olan bu yazıların
dadı-tamı ayrı bir aləm olur.
Hamının demək istədiyini, ancaq deyə bilmədiyini (bəzən də fikrini ifadə edə bilmədiyini) o çox asanlıqla, doğma dilimizin sadə sözləri ilə elə ifadə edir ki, onu şəhərin ən ali ziyalısı ilə yanaşı, ucqar dağ kəndində piran dövrünü yaşayan Məmmədhəsən baba da, Fatmanisə nənə də asanca başa düşür və anlayır.
Mən hər insana, xüsusən də yaradıcı insana fərdi qaydada yanaşsam da, onların arasında oxşarlıq axtarmağa meylli olmasam da, burada istisnaya yer vermək istəyirəm. İstər üz cizgiləri, istər xarici görkəmi, istər düşüncə tərzi, istər vətənpərvərliyi, xalqsevərliyi, istər emosional, eyni zamanda şirin danışıq tərzi, istər kübar qadın manerası... digər oxşar xüsusiyyətləri ilə yanaşı yazılarındakı səmimilik, bir gözəl Azərbaycan ziyalısını - mərhum yaıçımız Əzizə Cəfərzadəni xatırladır mənə (Əzizə xanıma Allah rəhmət eləsin, qəbri nurla dolsun).
Ədəbi portretini çəkmək istədiyim xanım yazarımızın şəxsiyyətini müəyyən etmək yəqin ki, o qədər də çətin deyil. Haqqında söhbət açmaq istədiyim - torpağı sanı yaşasın, dünya durduqca dursun - Azərbaycan jurnalistikasının parlaq ulduzu, türklər demiş mənim kız kardeşim, sevimli Flora xanım Xəlilzadədir.
...2009-cu
ilin dekabr ayı idi. Azərbaycan
Yazıçılar Birliyinin yaranmasının 75 illiyi
münasibətilə düzənlənən silsilə tədbirlərdən
biri də Gənc Tamaşaçılar Teatrında gerçəkləşirdi.
Müxtəlif ölkələrdən, xüsusən
də türkdilli ölkələrdən təşrif
buyurmuş yazarların da iştirak etdiyi möhtəşəm
bir gecə idi. Fasilə zamanı mərhum akademikimiz Bəkir
Nəbiyev şəkilbaz olduğumu və kiminlə şəkil
çəkdirməyimdən aslı olmayaraq fotoqrafdan
kadrları köçürüb, oradakı kadrları
çoxaldıb sabahı günü "sahib"lərinə
çatdırmaqdan zövq almağımı nəzərdə
tutaraq, mənə müraciətlə - "Meydanlı, bizi
bu gecə kimlərlə tarixə salacaqsan?" - deyəndə, "Bəkir müəllim, Oljas
Süleymenovla" deyə, cavab verdim. Sabahı günü
şəkilləri Bəkir müəllimlə yanaşı
(yeri Allah dərgahında rahat olsun) xalq şairi Söhrab Tahirə,
şair İlyas Tapdığa və Filora xanımın iş
otağında ona da təqdim etdim.
Şəkil onun çox xoşuna gəldi. Dünya şöhrətli
Qazax şairi Oljas Süleymenov sıramızda çox səmimi
və məmnun görünürdü. Türk oğlu,
türk qardaşlarının arsında idi axı...
Flora xanım sayı 15-dən çox olan
kitablarından bir neçəsini də öz oftoqrafı ilə
bağışladı mənə, həm də özü
bişirdiyi moruğ mürəbəsi ilə, limonlu, pürrəngi
çay süfrəsi arxasında. Bax belə
başladı bizim əyani tanışlığımız,
bir-birimizə isnişməyimiz. İlk
andanca elə təəssürat yarandı ki, elə bil
onilliklərlə bir-birimizi tanıyırıqmış, deməli,
əqidə qohumluğumuz, səmimiyyət
yaxınlığımız var imiş onunla.
Flora xanım da çoxsaylı didərginlərimiz kimi,
həmişə xiffətini çəkir doğma yurdun,
qoynunda boy atdığı Urudun. O Urudun ki, qədim
türk torpaqlarının bir parçası olan təkcə
Zəngəzur mahalının Qarakilsə (indiki Sisyan rayony)
bölgəsində yox, elə türk obalarının hər
yerində tanınır. İlk növbədə
tanınır, yetirdiyi ziyalı insanları ilə.
Flora xanım Urudda doğulsa da, Vagədi kənd orta məktəbini
bitirib. O, Azərbaycan
Dövlət Universitetininin (indiki Bakı Dövlət
Universiteti) jurnalistika fakültəsini bitirəndə (yəqin
ki, Əzizə Cəfərzadə Flora xanıma dərs də
deyib), Urud kimi əsrarəngiz təbiəti olan bir məkanın
qoynunda dünyaya göz açmış bir qız, təbii
ki, öz romantikliyi ilə elə bu təbiətə aidiyyəti
olan bir iş yeri də seçməli idi, elə seçdi də.
"Azərbaycan
təbiəti" jurnalında ilk peşəkar əmək fəaliyyətinə
başlayan Flora xanım, "...Vətən mənə
oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdım..."
deyərək hayqıran, Azərbaycan şeirinin ən gözəl
nümunələrini yaradan, ünlü və həmişəyaşar
şairimiz - adı çəkilən jurnalın baş
redaktoru Məmməd Arazın əlindən su içdi, ondan
gördü-götürdü, öz keyfiyyətlərini də
qoydu ondan mənimsədiklərinin üstünə, oldu
mükəmməl bir söz adamı. Qarış-qarış
gəzdi doğma yurdun obalarını, ormanlarını.
Təbiətin sehrlərinə bələd olmaq
istədi, oldu da. Onun bədii portretini
çəkmək istədi, çəkdi də. Təbiətə
qarşı təcavüz edənlərə qarşı
mübarizəyə qalxdı, keşiyində dayandı hər
pöhrənin, hər yarpağın, təbii ki,
qılıncdan sonra gələn neştər qələmi ilə,
yazdığı kəsərli sözü ilə...
İçi təlatümlü, könlü qubarlı,
ürəyi sevgi ilə dolu olan Flora xanım şeir yazmaya
bilməzdi, yazdı da, ara-sıra olsa belə. Hisslərini,
duyğularını hopdurdu misralara. Nəsrlə
demək ismədiyini nəzmə çəkdi,
çağladı, coşdu, qoşuldu axarına
şirin-şəkər Azərbaycan poeziyasının.
Flora
xanım mənə bağışladığı bir
neçə kitabı sırasından onun "Yuxular"
adlı şeirlər kitabı da var. O, bu kitabda yer
ayırdığı "Məndən şeir gözləyən
dost" yazısında belə yazır: "Mən söz
adamıyam. Söz mənim üçün
dünyanın bütün var-dövlətindən yuxarıda
dayanır. Söz mənim
üçün bir xilqətdir, varlıqdır. Baxır bu xilqəti, bu varlığı necə
duyursan, onu oxucuya, ya da səni eşidənə necə
çatdıra bilirsən. Sözün məlhəmi də
əvəssizdir, yarası da dərindir... Bizi bizdən sonra
yaşadan sözə eşq olsun! Əvvəlki
kitabımda söyləmişdim ki, mən şair deyiləm.
Bunu mənə irad tutdular.
"Şeir yazırsan, şair deyilsən, bu, necə
olur?" İndi bəzi olanları söyləmək istərdim.
Bizim nəslin Məmməd Araz adlı bir xan çinarı
var. O, Məmməd Araz ki, anası Cahan xanım mənim
doğmaca bibimdir! Azərbaycan şeirinin silsilə
zirvələrindən biri sayılan Məmməd Araz
ucalığının ətəklərində biz adicə
çiçəklərik".
"Yuxular"dakı digər - "Sizə demək istəyirəm
ki..." başlıqlı yazısında isə "...Məni
şairlərlə müqayisə etməyin, şeir
yazdığım üçün də məni
qınamayın" deyir, Flora Xəlilzadə.
"Yuxular" Flora Xəlilzadənin müxtəlif illərdə,
müxtəlif mövzularda yazdığı şeirlər
çələngidir desəm, məncə düz olar. Müəllif, Vətən,
torpaq, ana, təbiət, sevgi və digər mövzularda
yazdığı şeirləri cəm edib bu kitaba.
On
bölmədən ibarət olan bu toplu Uruddakı qədim
qalanın təsviri verilmiş şəkilin üzərinə
yazılmış "Biz sənə möhtac" bölməsi,
bu bölmə isə "Sənə üz tutmuşam"
adlı şeirlə başlayır.
Ulu
Tanrım, üz tutmuşam adına,
Ürəyimi yaralayan zülüm var.
Mən
yurdsuzu salarsanmı yadına,
Xəyalımda
dağılmış bir elim var...
"Gözəl adlı gözəl anam" bölməsi
"Anam" adlı şeiri ilə kitabın axarını
davam etdirir.
Hissimdə,
duyğumda bir ocaq çatıb,
Yoxluğun sinəmi yandırır, anam.
Bu dərdi,
bu qəmi üstümə atıb,
Mənə
yetimliyi qandırır anam...
Flora Xəlilzadənin "Məmməd Araza məktublar"
adlandırdığı şeirlər silsiləsi
"Yağıları atan yox" şeiri ilə
başlayır.
Ana yurdum
yaman düşüb beynimə,
İstəyirəm məktub yazam özümə.
Bu
ayrılıq heç gəlməzdu eynimə,
Yuxu kimi tərsə
yozum özümə...
"Gənclik
illərinin yadigarı" bölməsində yer alan "Görən, bizə nə
qaldı?" şeirində isə belə bir bənd var.
...Qız
yükünü suallardan keçirdik,
Duz yükünü sulardan da keçirdik.
Biz o
vaxtlar bir bulaqdan içirdik,
Məndən
sənə, səndən mənə nə qaldı?..
Mən müəllifin bu şeirlərdə
yaşadığı psixoloji durumları təhlil etmək,
ya da onu Məmməd Arazla müqayisə etmək fikrində
deyiləm, ancaq şeir yazmasa, onu qınamağa da haqqım
çatır.
Birincisi hər yaradıcı insanın öz
könül dünyası, bu dünyanın isə özünəməxsus
özəllikləri var. İkincisi isə, haqqdan gələn
diktəni könlünüzdə ələyib, kağıza
süzməməyə haqqınız çatmır, dəyərli
Flora xanım.
Bir də ki, şeirin qaşı-gözü olur bəyəm?! Şeir varsa,
var, yoxsa, yoxdur. Axı Sizin şeiriniz, şeirinizin isə
mənası, məzmunu, rəngarəng çeşniləri
var! Belə halda Sizə şair deməyək, bəs
nə deyək, a bacı?
Şeirlərindən
nümunə göstərdiyim kitabda onun otuz illik dostu olan Sədaqət
Kərimova "Dost sözü" yazısında Flora
xanımın daxili aləminə nüfuz etməklə, onun
insani keyfiyyətlərinə işıq salaraq yazır:
"...Təbiətinə çılğınlıq və
qəribəlik, üsyankarlıq və bədbinlik,
coşqunluq və həlimlik xas olan Floranı
çoxlarından ayıran onun qeyri-adiliyi, özünəməxsusluğu,
bənzərsizliyidir. O, insanları ya sevir, ya da nifrət edir,
onun üçün üçüncü yol mövcud deyil,
qeyri-müəyyənlik ona yaddır. O, təbiəti sevir və
onu sevməyənləri ittiham edir. O, incə, zərif hissləri
dilləndirir, onu başa düşməyənlərə
baş qoşmur. O, gah dağ seli kimi coşqun olur, gah qaya
üstə, yel ağzında tənha bitmiş qovaq kimi
yalqızlıqdan üşüyür, onu anlamayanlara təəccüb
qalır. O, ya yazır, özü də bütün qəlbi,
ruhu ilə yazır, ya da yazmır. Bütün
varlığı ilə bağlandığı poeziya onun bu
qəribəliklərinə artıq öyrəşib".
Mən hörmətli Sədaqət xanıma Flora Xəlilzadənin
keyfiyyət göstəricilərini səmimi şəkildə
təhlil edərək öz yazısında təqdim etməsinə
görə dərin minnətdarlığımı bildirməklə
yanaşı, onun həssaslıqla müşahidə edərək,
yerində deyilən fikirləri ilə razılaşmaya da
bilmirəm.
O, bu ifadələri ilə sanki Flora xanımın avtoportretini
çəkib, özü də tam dəqiqliklə. Mən də
Flora xanıma ithaf etdiyim aşağıdakı şerimdə
bu portretin bəzi cizgilərini işıqlandırmağa
çalışmışam...
Yol
alıb Bakıya doğma Uruddan,
Zəngəzur adlanan o doğma yurddan.
Ruh
alıb babamız Dədə Qorquddan -
ümid
var dönməyə ana diyara,
Xəlilzadə
Flora!
İstər
dağdan yaza, istər arandan -
Aydın səhərlərdən, istər torandan.
Hər
sözü elə bil çıxıb QURANdan -
tam səlis,
şip-şirin - yetişmiş qora,
Xəlilzadə
Flora!
Segisiz
insana verməz bəraət,
Bu onun yoludur, edibdir adət.
Yüz
görüb, bir sevib, tapıb səadət -
sadiqdir
dostuna, sevdiyi yara,
Xəlilzadə
Flora!
Ədalət
carçısı, həqiqətsevər,
Hər kəsdən umacı sevinc, xoş xəbər.
Hər
işi əsrlik ömrə bərabər -
baş
qoşmaz sözbaza, nadana, xora,
Xəlilzadə
Flora.
Dolaşıb
Kəbəni hicab başında,
Çox görüb, eşidib yetgin yaşında.
Çətin
ki, doyasan o danışanda -
görmədim söhbəti kimisə yora,
Xəlilzadə
Flora!
Tanrıdan
yaranmış heykəldi, büstdü,
Ürəyi kövrəkdi, gördünkü
küsdü.
Onun əməlləri
tamam, dürüstdü -
o sevməz
"yarımçıq", "natamam", "para",
Xəlilzadə
Flora!
Toxunmaz xətrinə
bircə kəsin də,
Yaşayır - yaratmaq, söz həvəsində.
Həmişə
yeri var dost məclisində -
ərinməz - gələcək, çağırsan hara,
Xəlilzadə
Flora!
Pis
keçməz isti yay, lap payızı da,
Məşəqqətli qışı, lap ayazı da.
Meydanlı,
səbrlə gözlər yazı da -
vurğundur gəlintək gözəl bahara,
Xəlilzadə
Flora!
Ədalət.-2013.-22 oktyabr.-S.6.