Məmməd Arazı "sel
boğan dərələrdən"
keçirən qadın...
Bu yaxınlarda şair Məmməd Arazın 80 illiyi təntənəli şəkildə qeyd edildi. Bu münasibətlə şairin xanımı ilə görüşüb sənətkarımızı bir daha xatırladıq.
Gülxanım Məlikməmmədovanın Lent. az-a müsahibəsi.
- Məmməd
Arazın xanımı, həyat yoldaşı olmaq nə demək
idi?
- Sənətkarla yaşamaq çox çətindir. Rəhmətlik Əzizə Cəfərzadə deyirdi ki, yazıçının, şairin əgər kişidirsə xanımı, qadındırsa əri olmaq çətindi. Həm də çox çətin.
- "Çətindi" demək bir az ümumiləşdirilmiş sözdü, bəlkə bir az detallı danışaq?...
- Bir məqam deyim sizə. Mən uzun müddət böyük kollektivdə çalışmışdım. Evlənənə qədər yəni. Evlənəndən sonra bir on il o, məni qoymadı işləyəm. Hamıdan uzaqlaşmışdım. 10 ildən sonra yenidən işləməyə başlayanda elə bil ünsiyyətdə olmaq qabiliyyətimi itirmişdim. Yoldaşlarımla ünsiyyətdə çətinliklərim yaranmışdı.
- Səbəb işinizdən uzaq düşməyiniz idi, ya başqa?
- Həm bu, həm də başqa məqamlar vardı.
- Gülxanım müəllimə, sizi niyə işləməyə qoymurdu? Məmməd müəllim nəylə izah edirdi bunu?
- Sadəcə qoymurdu. Bir də deyirdi ki, uşaqları başlı-başına qoyma. Qızlarına görə narahat idi.
- Bəlkə qısqanc idi?
- Hə, özü də həddindən artıq.
- İncidirdimi bu qısqanclıq sizi?
- Yox, sadəcə yorucu olurdu.
- Bəs işləyəndən sonra nə oldu?
- Elə o cür davam edirdi. Məsələn, dərs cədvəlimi məndən yaxşı bilirdi. Gedib gəldiyim yolu
nə qədər vaxta gedib-gəldiyimi də bilirdi. Daha doğrusu heablamışdı
ki, nə qədər vaxta gedirəm, nə qədərə də qayıdıram. Bir də
görürdün avtobus
olurdu tez gəlib çatırdım.
Bir də gördün güc olurdu, gecikirdim. Vaxtı o qədər dəqiq
bilirdi ki, 2 dəqiqə gec, ya da tez
gəlməyimi də
müzakirə edirdi, soruşurdu məndən.
Daha doğrusu, hesabat aparırdı.
- Bayaq dediniz ki,
on illik fasilədən
sonra işə çıxanda elə bil ki, ünsiyyət
qurmaq bacarığımı
itirmişdim. Bəs Məmməd
müəllimlə münasibətiniz
necə idi?
- Şair, yazıçı
olan insanların bir xüsusiyyəti var, öz aləmlərində
yaşayırlar. Ətrafdakılarla ünsiyyətə o qədər maraqlı olmurlar. Məmməd müəllim də
belə idi. Yazı-pozu işləriylə məşğul
olurdu. Ünsiyyətə o qədər də
vaxt qalmırdı.
Evə, uşaqlara, qayğılara
o qədər qapanmışdım
ki, ünsiyyətə
maraq azalmışdı.
- Gəlin, bu münasibətə bir qədər də qadın gözüylə
baxaq, diqqəti sevən bir qadın...
- Vallah, bilirsinizmi, bu adamların xüsusiyyəti belədi,
yazı-pozu adamlarını
deyirəm. Mən sadəcə razılaşmışdım.
Deyim ki, o mənə ağır söz deyirdi, təhqir eləyirdi, ya da əl qaldırırdı,
günah etmiş olaram. Məmməddə belə şeylər
olmayıb.
- Bəzən deyirlər ki, kişilərin ürəyinə yol mədəsindən başlayır,
Məmməd müəllim
bu sarıdan sizi incitməyib heç...
- Sizə bir şey deyim, mən evin kiçik qızı olmuşam. Əlimdən yemək bişirmək gəlmirdi, yeni evlənmişdik. Yemək bişirmək lazım idi, ağlıma gələn kartof qızartması oldu. Yadımda idi ki, anam kartofu bəzən soğanla qızardırdı. Mən də elə eləməyə çalışdım, alınmadı. Kiçik qaynım Əbülfət də bizdə idi. O "bu nə yeməkdi" deyib mənə irad tutanda, Məmməd qayıtdı ki, eybi yoxdu yavaş-yavaş öyrənəcək. Yəni Məmmədin xarakterinin qəlizliyi onun qısqanc olmasından ibarət idi. Başqa məsələlərdə çox rahat adam idi.
- Yazıçı Əlfi Qasımovun oğlu İlqar Əlfi deyir ki, hələ indi də qulağımda o səs var: "Sakit durun, atanız yazı yazır!" Yəni atasının yazdıqlarının 50% anasının xidməti sayır İlqar Əlfi. Sizdə vəziyyət necə idi bu mənada.
- Qızım hansı şəraitdən danışım. Uzun müddət onun yazı masası olmayıb. Harda imkanı olub orda yazıb Məmməd. 5 il biz zirzəmi kimi bir yerdə yaşamışıq. Onda o evə çox gec gəlirdi. Çünki yazmağa şərait yox idi. O üzdən məcbur olub işdə yazırdı. O, "Anamdan yadiğar" kitabındakı şeirlərin çoxunu demək olar ki, iş yerində yazmışdı. Sonra bizə iki otaq verdilər. O da narahat ev idi, iki kiçik otaq, həm də içə-içə, çox çətin idi. Allah Heydər Əliyevə rəhmət eləsin bizə rahat evi o verdi. Onda da Məmməd yenə rahat yaşaya bilmədi. Xəstə idi və cəmi 6 il yaşadı o rahat mənzilində.
- Səhv etmirəmsə parkenson deyilən bir xəstəlikdən əziyyət çəkirdi Məmməd müəllim...
- Hə elədi. 70 yaşında rəhmətə getdi Məmməd. Təxminən 40 yaşından bu xəstəliyə tutuldu. Çətin idi, onunçün də, bizim üçün də. Həkimlər bu diaqnozu qoyandan sonra bizə dedilər ki, yaxşı qulluq edilsə, baxılsa 10 ilə qədər yaşaya bilər. Mən razılaşa bilmirdim ki, niyə 10 il?.. Məmməd həkimlərin qoyduğu müddətdən 20 il də artıq yaşadı. Göydə Tanrı, yerdə mənim qulluğum sayəsində. Hərdən mənə elə gəlir ki, ən yaxşı şeirlərini də məhz o 30 ildə yazmışdı Məmməd.
- Yadınızda ən çox hanı şeirləri qalıb?
- Yaşımın elə vaxtıdır ki, əzbər bildiyim şeirlər indi yadımdan çıxıb. Amma məsələn, "Meymuna əl çalmaq öyrətmə bala", "Mənə biganəlik öyrət ürəyim", "Yaxşılar", çoxdu bəyəndiklərim, indi unutmuşam.
- Sizə nəsə yazmışdımı?
- (Gülür) Cavanlıqda hə, sonra deyirdi ki, ayıbdı.
- Cavanlıqda nə yazmışdı? Bircə misrası yadınızda deyilmi heç?
- (Yenə gülür) Vallah yadımdan çıxıb.
- Bəlkə də heç yazmayıb (bu dəfə mən gülürəm).
- Yox, niyə yazıb. Onun "Haqqın var, haqqın yox" adlı bir şeri var. Orda belə bir misra yer alıb "Sel boğan dərələri, mərd qadınla keçmişəm". Mənə deyirdi ki, o misranı sənə yazmışam. Sonra da zarafat eləyərdi.
- Nə deyirdi ki?
- Deyirdi bunu heç bir şair arvadına yazmayıb, amma mən sənə yazmışam, bəsindi.
- Bəs idimi?
- Bəs idi!
Jalə Mütəllimova
Ədalət.-2013.-22 oktyabr.-S.7.