TƏKAN

 

(Povest)

 

 (əvvəli ötən saylarımızda)

- Hə, Nə olar ki? O yoldaşı da götürək özümüzlə yuxarı.

- O yoldaş oğlumdu. Özü də sənətşünaslıq üzrə alimdi.

- Daha yaxşı. Çox gözəl. Durun gedək. Mənim də üzüm ağ olsun katibimin yanında. Bilirsinizmi, sonra burdan birbaşa gedəcəyik Raykomun qonaq evinə. Yaxşıca dincələrsiniz bir-iki həftə. Qulluğunuzda özüm duracam. - O, birdən mənə tərəf çevrilib gözümə zilləndi. - Amma hımm...g m...g m...g - mızıldandı. - Amma soruşmaq ayıb olmasın, bəs yanınızda oturan bu saç-saqqallı yoldaş kimdi? Bəlkə şoferinizdi? Nolar şofer olanda? Adam xozeynə hörmətsizlik eləməz, - deyərək üzümə mattım-mattım baxdı, - Bir başqa yerdə otura bilməzsən?

Butulkanı nə vaxt götürdüyümü bilmədim. Dəli şeytan dedi ki, ya bu butulkanı raykom tulasının başına çırp, ya da öz başına çək. Başıma çəksəydim günüm qara gələcək, qələmimin projektor işıqlarından məhrum olacaqdım. "Odur, gözünü yaxşı açıb bax. İlyas müəllimi əldə gəzdirirlər. Ad-sanlıdır hər yerdə. Radiolar ondan danışır, televizorlar ancaq onu göstərir. Heyf deyilmi, əsərin tamaşaya qoyula, səni səhnə önündə gül-çiçəyə bürüsünlər. Xarici ölkələrdən valyutalar gəlsin. Yay aylarında üfunətli Nabranda yox, Şimali Qafqazın kurortlarında həm yeyib-içib dincələsən, həm də daşdan keçən əsərlər yazasan. Yox, xəyanət etdiyim ilham pərisinin könlünü almalıyam. "Qızıl Qaya" dağının başında tövbəyə, imana gəldi, düz yola qayıtdı Ərəb Mustafa. Elə oradaca əl-qol atıb, çapala-çapalaya öldü, məhv oldu bir kriminal, avtoritet Ərəb Mustafa adlı bir qanuni oğru. Təzə bir Ərəb Mustafa doğuldu. Polad iradəsiylə zəifliyinə, quldurluğuna, köhnəliyinə qalib gəldi ərəb Mustafa".

Raykomun köməkçisi əyilib İlyas müəllimin qolundan tutdu:

- Hə, qalxın gedək. Bu şofer sarıdan da narahat olmayın. Tapşırram, elə ordakı aşların qazmaqlısından, çığırtmalardan, ləvəngilərdən gətirib qoyarlar bunun qabağına. Kababın yağlı tikələrindən özüm yığaram boşqabına.

- Bir az ehtiyatlı olun danışanda. Yüz dəfə ölçün, bir dəfə biçin, - dedi İlyas müəllim. - Üstünü unlu görüb, dəyirmançı çağırmayın tanımadığınız adamı. İlyas müəllimin mülayim sifəti sərtləşmişdi. Həmişə düşüncəli gözlərində elə bil şimşəklər oynadı. - O şofer dediyin kimdi, heç bilirsən? Gözəl şairdi. Orijinallığı da ondadır ki, ifadələri, sözləri də biz-biz, iynə-iynədi. Sabun kimi sürüşkən deyil. İlk baxışda obrazları bax, onun saç-saqqalı kimi qarışıq, dolaşıq görünür. Amma dərinliklərinə, mənalarına varsaq bu dolaşıqlıq içində parlaqlıq, aydınlıq görərik. O, əsərlərini halva kimi bişirib vermir oxuculara. Onun bədii təşbehləri kəllə qənd kimidi. Dil-dodağı dalayıb şirin-şirin qıcıqlandırır. Mən bu gözəl şairi "Yoxuş başı"nda görməsəydim heç özüm də bura gəlməzdim. Orası da çox yaxşıdı ki, gəlməyimin xeyri oldu; məqsədimin nəticələrini görürəm. O mənim səngər yoldaşımdı. Ən balacasının, lap cırtdanının da canında Füzuli ucalığı var. Bu müqəddəs amal onları dərisi soyulmuş Nəsimiyə, almanların ölüm düşərgəsində ölməz şeirlər yazan Musa Cəlilə döndərir. İndi noolsun ki, tələsiyə düşüb üzünü qırxmayıb. Əyni-başı təzə deyil. Çox təmiz, həm də saf ürəyi olmasaydı məni saymaz, heç buraya da gəlməzdi. Sənətini sevməsə heç mənə də məhəl qoymazdı. Yaralı silah yoldaşımı səngərdə qoyub heç yerə gedə bilmərəm. Bir də görün nə qədər qonaq-qaram var?! Yoldaş Ömərova təşəkkürümü bildirin.

Məni İlyas müəllimə yaraşdırmadı raykom işçisi. Tez-tez boyun-boğazının tərini silən qırmızısifət prokuror da məni ikrahla süzür, donquldanırdı. Vaxtiylə mazutlu, solyarkalı gəmi matrosu - indi isə milyoner kapitan oturduğum səmtə də baxmırdı heç. Burnu hinduşka pipiyi kisi salxaq zavod direktoruyla baxışlarımız kəsişəndə üzünü turşutdu. Təhqir olunmuşdum. Sarsılır, üzülürdüm. Yox, bu "təzyiqlərə" son qoymalıyam. Ancaq necə? Tez yüyürüm özümü çatdırım o bulaq arxının sınan yerinə. Ayaqqablarımı yuyum, pencəyimi yaxşı-yaxşı çırpım. Bəs bu saç-saqqalımı da didə bilərəmmi? Bu mümkün deyil. Ancaq Babanın kabinetindəki paltarlaradı ümid. İngilislərin "Mister Conson", kostyumu, almanların "Adidas" ayaqqabıları, italyanların cins köynəyi nizə baxışların önündə qalxana dönər. Çox yaraşıqlı, cazibəli görünərəm. Yaxşı, tutaq ki, o paltarları geyindim, bəs bu ziyafətin haqq-hesabını necə çəkim?

Baba məni qapıda qarşıladı:

- Noolub, səni qovan var? Niyə belə təngnəfəssən? O boyda araqlı-konyaklı stolu qoyub niyə gəlmisən bura?

- Görmürsən nə kökdəyəm? Cındırımdan cin hürkür. Buna görə raykomun o yekəağız köməkçisi də ağzından gələni dedi mənə.

- Lap haqq elədi. Götür bu üzqırxanı, saçını düzəlt. Saqqalını taraş elə. Ona Tahir deyərlər. Ağlı, siyasəti, uzaqgörənliyi olmasa sədrliyə kim qoyar onu. O karopkanı aç, göndərdiyi paltarları geyin əyninə.

- Oho...g o...g o! - Xeyir ola, Baba, tanıya bilmirəm səni. Qulaqlarıma da inana bilmirəm. Noolub! Nə, eşitmisən ki?

- Biz uşaqlıq dostuyuq. Ətini yedirtsəm də sümüyünü atmaram. Billə-bilə, qəsdən üz göstərmədim sənə.

- Başa düşmürəm. Bir saat əvvəl çox sərt, kobud, indi belə?! Mənası nədi bu oyunların?

- Bilirsən nə var? Vurulan kartın yeri zibil yeşiyidi. Bunu bilmirsənsə indi bil. Ən yaxın dostun mənəm, elədimi? Ancaq belə miskin, alkoqolik mənə də lazım deyil! Düşkün, sınmış övlad ananı da bezdirər, qohum-qardaş ondan üz döndərər. Sənə üz göstərmədim ki, bu incəliyi başa düşüb uçurum başından geri qayıdasan. Rayonda hamı səndən üz döndərib. İndi görürəm ki, inama gəlmisən, haqq yola qayıdırsan. Dayan görək! Sən heç içki içənə də oxşamırsan. Qoy bir baxım - deyərək məni qucaqladı. Sinəsinin sümükləri döşümü daladı. Burnunu ağzıma söykədi. - Yoxdu heç nə! Nəfəsində vinni uqar yoxdu. Təlx deyil nəfəsin. Ura. Can ey! Sən heç nə içməmisən. Lentin yerindədi. Belədə sənə can qurban. Görürəm ki, vicdan səni tərpədir. Bu yaxşıdı. Daha dayanma. Götür o paltarları, gey əyninə.

- Yox! Qəti mümkün deyil. Başımı kəsərəm. Sənin qabağında boynu bükük, borclu qalmaram. Tahirin hədiyyələrinə əl dəyməyəcəm, qalacaq burda. İlyas müəllimə verdiyim qonaqlığın haqqı artıqlamasıyla ödənilər. Olarıq əl-ələ, baş-başa. Raşşot!

- Boş-boş danışma. O haqq-hesab sonrakı söhbətdi. İndi raykomun katibi gələcək İlyas müəllimin yanına. Sən də orda abırlı, mərifətli görünməlisən. Araya salıb şeir oxu. Qubalı olduğuna namyok ver. İlyas müəllimdən xahiş eləmişəm, katibə eşitdirsin. Sənə raykomda bir iş verdirsin. Başbilənlərin cərgəsində ol ki, arxa-dayaq durasan mənə də. İşləyərsən, özünü düzəldərsən. Tez ol. Daha yubanma, - dedi Baba.

Baba öz şirinliyi, qayğıkeşliyi ilə mənə dünyaları bağışladı təzədən. Sərvət toplamaq, var-dövdət qazanmaq mümkündür. Amma dost itkisi dözülməzdir. Sap-sağlam bir insanı torpağa basdırmaq kimi bir şeydi. Amma nə yaxşı oldu ki, özünü mənə, məni Babaya qaytardı Tanrım.

Yuxarıda - "kəcavə-köşkün" pilləkənləri başındakı xidmətçilər oturacağı xeyli enli və yumşaq kreslonu aşağı düşürdürdülər. Katib köməkçisinin işarəsiylə kreslo İlyas müəllimin yanında yerə qoyuldu. İlyas müəllim heyrətlə Nazlıya baxdı.

- Ay qızım, axı bu taxt-tac nəyimə gərək? Yerim rahat, ətrafımda da özüm kimi sadə, mehriban dostlarım.

- Yox! Yox! Siz narahat olmayın. Bu kreslo birinci katibimizindi. Sizinlə görüşmək istəyir. Yanınızda oturacaq, - dedi xidmətçilərdən hansısa.

- Əhə, əhə, - Bir az qaba, bir az acı gəldi öskürəkləri. - Nə deyirəm. Amma yerdən çox yer var, harda istəsəniz oturdun.

"Kəcavə-köşk"ün aynabənd qapıları şaqqıltıyla açıldı. Pilləkənlərinin ayaq ucunda farağat duran Baba yuxarı boylanıb bərkdən öskürdü. Ağ döşlüklü qızlar özlərini yığışdırdılar. Nazlı İlyas müəllimə yaxınlaşaraq:

- Odu, kəcavədən çıxdı katibimiz, indi düşəcək aşağı, - pıçıldadı.

Dolu bədənli, enlikürək katib qalın dodaq, fındıqburun idi. Əllərini məhəccərin sürahisinə qoyub qamətini şaxlandırdı. Belə vəziyyətdə o, hərbi parad qəbul edən sərkərdəni xatırlatdı.

Günəşin oynaq vaxtıydı. Yarpaqların arasından süzülən işıq zolaqları katibin sifətini eninə-uzununa kəsir, bu zaman o "Vaqif" dramında Sidqi Ruhullanın yaratdığı Qacarı yada salırdı.

Katib pilləkənləri ehtiyatla, ağır-ağır düşdü. Sonra pencəyinin ətəklərini aşağı çəkdi. Əllərini arxasında çarpazlayıb inamlı, ağır addımlarla stolumuza yaxınlaşdı. İlyas müəllim ayağa durdu. Üzbəüzdəki yumşaq kreslonu göstərərək:

- Əhə, əhə, keçin əyləşin taxt-tacınızda, - dedi.

- Hə, sizi burda görməyimə çox şadam, İlyas müəllim! İgidin adını eşitmişdik, qismət oldu üzünü də gördük. Daha doğrusu dövlət başçısının rəsmi, təntənəli qəbullarında tez-tez olursunuz. Partiya və dövlət işçisi kimi biz də qulluğunuzda durmağa hazırıq. Bu mənəvi-etik normadı. Bəs yanınıza adam göndərdim, ismarış elədim, - katib yana çevrildi. Yarı aralı yekə ağzında dişləri ağaran köməkçisinə baxdı. Köməkçi gödək əllərini yanlarına sığıb farağat durdu. Qorxa-qorxa:

- Bəli, yoldaş Ömərov, mən İlyas müəllimdən çox xahiş elədim ki, yuxarı qalxsın.

- Bəli, dəvət etmisiniz. Diqqətin özü ən böyük hörmətdi. Amma mən də sizin istirahətinizi pozmaq istəmədim. - Bunu sakitcə dedi İlyas müəllim. - Həm də ətrafımdakı doğma, mehriban yoldaşlardan necə ayrılım? Onlar mənim başıma toplaşıblar. Biz bir-birimizi yaxşı başa düşürük.

- Hə, çox gözəl, - deyərək süfrəyə göz gəzdirdi yoldaş Ömərov. Sonra da - amma bir az təşkilati düzəliş olmalıdı burda - deyib, yan-yörəsinə boylandı. - Baba hanı bəs? - qeyzləndi katib.

Baba:

- Mən burdayam. Nə lazımdı, yoldaş Ömərov? - deyə, vələsin qaranlıq kölgəsindən çıxıb boğazını irəli uzatdı, - Nə çatmır? Nə düz deyilsə düzəldək.

- Bu kreslonu başda bir yerə, bir az açıqlığa qoyun. Burda sıxılaram. Qlobal düşüncə sahiblərinə qlobal meydan gərək. Partiya xadimi yüksək diapozonda danışmalı və iş aparmalıdı.

Kreslo aparanların ardınca gedə-gedə kötüklərin üstündə, kolların arasında oturub şirin-şirin yeyib-içənləri ikrahedici nəzərlərlə süzə-süzə arxaya çevrildi. Əlini başının üstünə qaldırıb tez də endirərək:

- Baba, İlyas müəllimin qabağındakı priborları da, süfrəni də tez-təcili dəyişdir! Abırlı, mərifətli, bol-bol yemək gətirsinlər! Sümüksüz balıqlardan varınızdımı?

- Hər cürəsindən. Özü də svejisi. Sizin tapşırığınızla hovuzumda bəsləyirəm.

- Ən axırda kababı, soyutması verilər. Fransız konyakı necə, varındı?

- Bəli, yoldaş Ömərov, özü də Fransa prezidentinin qəbul etdiyi "Lama-Lanşen" firmasınınməhsulu. Allah canınızı sağ eləsin. Vkusunuza bələd olmuşuq, yoldaş Ömərov.

Yoldaş Ömərov süfrə arxasındakı qonaqlarıla qeydcəsinə, gözucu süzüb mənə çatanda duruxub fikrə getdi biran. Sonra: - Hımm, - mızıldanıb İlyas müəllimə: - O yanınızda oturan yaxşı geyim-keçimli simpotiçni oğlan mənə çox şirin gəlir. Hımm... Harda görmüşəm, bəlkə yadıma sala bildim?!. Hə, tapdım. Televizorda görmüşəm. Səhv eləmirəmsə o da yazıçıdı. Adı da deyəsən Nəsrəddindi.

- Bəli, gözəl şairdi. Adı da Nəsrəddin yox, Sədrəddindi. Qubalıdı, sizin yerlinizdi. Bakıda, məsul vəzifədə çalışıb.

- Yox, İlyas müəllim, mən yerliçilik, qohumbazlıq prinsiplərindən çox uzacam. Yaxşı, məsuliyyətli başla, oddu-alovlu ürəklə partiya proqramlarını yerinə yetirən vətəndaşlara hörmətim var.

- Sədrəddin çox mərd, qeyrətli şairdi. Yaxşı təşkilatçılığı var. Sizin sağ əliniz ola bilər. Bir qulluğa qoyun. Lazım gəlsə Yazıçılar İttifaqından rəsmi bir məktub da gətirər.

- Bəs o Yazıçıar İttifaqı niyə bir iş vermir ona?

- Axı siz də gərək yaxşı biləsiniz ki, partiya və hökumətimiz mədəniyyət, maarif işlərinin ucqarlarda yayılmasına çalışır. Mən istərdim ki, bu çağırışa siz birinci qoşulasınız.

- Hımm...g - mızıldandı yoldaş Ömərov. Daş qayaya rast gəlmişdi. İlyas müəllim xahişini siyasi motivlərlə əsaslandırırdı. - Hımm...g - Kresloya yayxanıb başını geri atdı katib - Yaxşı, qoy bir şeir oxusun. Görək yolu, məsləki nədi bu şairin? - dedi.

Fürsət düşmüşdü. İndi bütün imkanlarımla katibin rəğbətini qazanmalıydım. Vəzifə tutmaq, nüfuz, hörmət, sayılmaq, seçilmək pilləsinin başındaydım. Təzə kitablara meydan açılacaq. Maşın almaq, ev tikdirmək, yay aylarında kurortlara getmək su içmək kimi asan olacaq. Yerimdən sıçrayıb qalxdım. Üzümü katibə tutdum. Yox, rəsmi dövlət qulluqçusuna yox! Atama, böyük qardaşıma, mənə canı yanan bir xilaskara baxan kimi baxır, oxuyacağım şeirimlə işıqlığa, aydınlığa necə can atdığımı göstərməliyəm.

 

Mənə işıq verin - elə bir işıq,

Dişim, dırnağımla ona sarmaşıb,

Keçim fələklərin yeddi qatından

Göylərə nur saçım insan adından.

 

Katib əlindəki çəngəli boşqaba çırpıb ayağa durdu:

- Dayan! Elə burda saxla! Bu şeir deyil. Bu absurddu. Siz bu işıqlı dünyamızı görmürsünüz. Göyləri fəth edir Sovet adamları. Sizin də uçmaq, qanadlanmaq vaxtınızdı. Amma ilham pəriniz zülmət pərdələri arasında çırpınır. Yox, bu bizim yolumuz deyil! Siyasətimizə səs vermir. Öz yolunuzu düzgün müəyyənləşdirin, cavan oğlan, - deyib üzünü turşutdu. Sonra da İlyas müəllimə tərəf çevrilərək - Əziz İlyas müəllim, siz əsl Xalq yazıçısı, partiya və hökumətimizin görkəmli idioloqusunuz. Mən birinci badəni sizin sağlığınıza qaldırmaq istəyirəm. Nə içəcəksiniz? - Əlini qaldırıb - Ə...g ə, Baba, hardasan? - deyə bir çırtma şappıldatdı.

Baba İlyas müəllimə yaxınlaşdı.

- Hansından içəcəksiniz? - soruşdu katib. - Konyak, viski, brenda, rom, bəlkə daha təbii - tut, zoğal, çiyələk arağı?

Üzünü Babaya tutub sərt, amiranə səslə:

- Baba, nəyə məəttəlsən? Zirək ol, bir az! Napoleon konyakıyla doldur o qədəhi. Hə, di qaldırın, İlyas müəllim. Sizə cansağlığı, ilhamınıza dağ çaylarının coşğunluğunu arzulayıram.

- Bağışlayın, - dedi İlyas müəllim. Çöhrəsində xəfif bir qızartı göründü. - Hörmətə, diqqətə görə çox sağ olun. Sağlıq sözünüz səmimi, ürəkdən gələndi. Amma içkiylə heç aram yoxdu. Buna görə məni üzürlü hesab edin. Hələ ömrümdə bir dəfə də olsun spirtli içki içməmişəm. Buna görə məndən incimək lazım deyil.

- Hımm...g- mızıldanıb ətrafa göz gəzdirdi katib. Qırmızısifət prokuror kömür kimi qaralmışdı. Barmaqlarıyla stolu döyəcləyir, dınqıldadırdı. Təklənmiş, sözü yerə düşən katibə qəhmər çıxmaq istədi:

- Hə, hə, İlyas müəllim, konyakın ürəyə xeyri çoxdu. Damarları genişləndirir. Qanı yaxşı işlədir. Gözləri itiləşdirir. İştahanı açır. Götürün, içək. Bir az ətə-qana dolarsınız. Biz də açılışaq da. Bulaq başına həmişə gələ bilmirik. Katib məclisi ələ düşmür heç! Sonra yoldaş Ömərov yoldaşın sağlığına sözü də mən deyəcəm!

Bir sözü iki dəfə deməyi xoşlamayan İlyas müəllim prokuroru tərs-tərs süzüb yerində qurcalandı. Katib onunla qarşı-qarşıya oturmuş yekəpər, bazburudlu qonağa baxdı. Bu qonaqdan onun təklifinə qüvvət verə biləcək bir söz eşitmək istədi.

Burnu hinduşka pipiyi kimi salxaq Sumqayıtdakı Kauçuk zavodunun müdiri:

- Hə, hörmətli katib, həmən sağlığa, - deyərək dolu fujeri başına çəkib duzlu xiyardan bir dişləm aldı. Sonra da alnında puçurlanmış tər damlalarını yaylığıyla qurudub İlyas müəllimin üzünə gülə-gülə - Əlbəttə birinci dəfə deyil ki, biz İlyas müəllimlə badə-badəyə vurmaqdan ləzzət almışıq, şərəf duymuşuq! - Sonra yan-yörəsinə boylanıb. - Tamada, ayaqüstü kimdi, bu fujeri bir də doldursun, - deyə əlavə etdi.

Zavod müdirindən bir havadarlıq görməyən katibin qaş-qabağı sallandı.

Onun tutulduğunu görən İlyas müəllim:

- Hə, neynək? Durum gəlim, badələrimizi toxunduraq bir-birinə. - Əhə, əhə...g- astaca öskürdü İlyas müəllim. - Sizi bax, bu oğlum kimi - deyə, başının işarəsiylə yanında oturan Timuçini göstərərək - Hə, sizi bu balam kimi bağrıma basaram. Ancaq mən içməyəcəm. Bu yaşa çatmışam, amma içməmişəm.

İtaətlərə, "baş üstə"lərə vərdiş katibin sözünü yerə salmaq istəyirdilər. Yoldaş Ömərov çiyinlərini oynadıb, başını dikəltdi:

- Başa düşdük. Demək ən ağır məclislərdə də içki içməmisiz. Amma bu dəfə içərsiniz. Mən elə bir sağlıq deyərəm ki, siz badəni son damlasına qədər içərsiniz, - dedi katib.

İlyas müəllim susurdu. Katibin yersiz, mənasız inadı onu hədəqədən çıxarmışdı.

Dodaqları büzülmüş katibin gözləri böyüyüb ağardı birdən. Alın qırışları üst-üstə təpildi. Axı onun təklifi bəyənilməmişdi.

- İlyas müəllim, görün nə deyirəm. Sovet İttifaqı Kommunist partiyasının şərəfinə, böyük Leninin şərəfinə qaldırıram bu badəni! Bu təklif rəddolunmazdı, götürün içək!

İlyas müəllim diksindi birdən. "Kommunist partiyası", "Böyük Lenin" ifadələri qəfil şillələr kimi toxundu ona. - Əhə...g əhə...g - bir-iki ağız öskürdü. Həmişə təbəssüm dolu sifəti sərtləşdi. O, həyatının ən təhlükəli, şantaj, məkr dolu anlarını yaşayırdı. Burda başqa seçim, yol-iz görünmürdü. Ancaq İlyas müəllim özünün Sovet İttifaqını, partiyanı saymayan, tanımayan, Leninə hörmət qoymayan birxalq düşməni kimi damğalanmağına da yol verə bilməzdi. Vaxtıyla onu cəhənnəm qapısından geri götürən Əli Vəliyev düşdü yadına. Hardadı indi Əli? Sol tərəfdən dirsəyinə toxundu kimsə. Dönüb baxdı. Övladı idi. O başının hərəkətiylə atasını sakitləşdirib ayağa qalxdı.

- Hörmətli Ömərov yoldaş, - deyə gülümsünəndə yanaqlarında, çənəsinin ortasında yaranan çökəklər yağlı çöhrəsinin şirinliyini bir az da artırdı. - Sizə böyük hörməti var atamın. O, əsərlərində şanlı kommunist partiyasının, ölməz Leninin ideyalarını tərənnüm edir. İlyas müəllim canıyla-başıyla sovet ideoloqudur. Amma dediyiniz sağlığa içmirsə, deməli, burda nəsə düz deyil.

- Siz kimsiniz, nəçisiniz axı? Məclisimdə sözümün üstünə söz qoyan olmayıb hələ! Sizə söz verməmişəm. İlyas müəllimin vəkilə ehtiyacı yoxdur.

- Mən İlyas müəllimin oğlu Timuçinəm. Harda danışmağı, harda susmağı atam öyrədib mənə. Bayaq atam dedi ki, içmirəm. Amma nə üçün içmədiyini soruşsaydınız belə gərginlik yaranmazdı.

- Nə soruşmalıyam ki? Allaha şükür, süfrəmiz zəngin, xörəklərimiz təzə!

- Ancaq burda çox vacib bir nemət çatmır.

Katib süfrəni gözucu nəzərdən keçirib qanlı-qanlı Babaya baxdı. Baba yazıq-yazıq:

- Nə çatmır? Yerin deşiyindən çıxardım bu saat!

- Çox sağ ol, Baba dayı, - dedi Timuçin. - İnanıram. - Sonra üzünü katibə tutdu, - Biz Kislovodskidən qayıdırıq. Bu gün səhər Xudat şəhərinə çatdıq. Bizi Xaçmazın birinci katibi, atamın dostu Balakişi əmi qarşıladı. Yaxşı süfrə açdırdı.Təsərrüfatınbütün növləri üzrə keçici bayraqlar aldığından danışır, arada şaqqanaq çəkir, bizi də güldürürdü. - Timuçin danışdıqca üzümə baxıb göz vurur, bütün bunların yalan, uydurma olduğunu nişan verirdi. İlyas müəllim olmayan şeyləri danışan Timuçinə qəzəblənsə də susur, söhbətin nəylə bitəcəyini gözləyirdi. Timuçin danışdıqca qızışırdı: - Hə, bəli, Balakişi əmi qədəhləri doldurdu. Mən butulkanın etiketinə baxdım. "Kremlovskaya zvezda" yazılmışdı qırmızı kağıza.Marağımı gizlədə bilmədim. Soruşdum - Balakişi əmi, belə etiketli araq heç vaxt, heç yerdə görməmişəm, bu nə araqdı belə?

- Götürün, içək. Bu suala sonra cavab verərəm - dedi.

Atam:

- Ay Balakişi, bilirsən ki, mən içki içən deyiləm. Amma bu butulka da qeyri-adidi axı.

- Mən bu badəni Xaçmaz zəhmətkeşlərinin şərəfinə qaldırıram, - dedi Balakişi əmi. - Moskvadan, keçici bayraqlar verilən Kremildən çoxlu qiymətli hədiyyələrlə bir yerdə bir qutu da bu araqdan göndəriblər bizə, - dedi Xaçmazın birinci katibi. Bəli, ömründə içki içməyən atam o Kreml arağından böyük həvəslə içdi. Əlbəttə, hörmətli Ömərov yoldaş, biz Qubaya tez-tez gəlirik. Gələn il təssərrüfatın bütün növləri üzrə planları doldurub, keçici bayraqların hamısını alarsınız, bax, onda sizin də rayonunuza Kremldən belə hədiyyələr gələr. O zaman atam İlyas Əfəndiyev dediyiniz sağlığa içər.

- Bəs bizim süfrəmizdə niyə yoxdu o "Kremlovski" araqdan? - yumruğunu stola çırpıb Babanın üzünə dirəndi katib.

- Qulaq asın, əsəbləşməyin, - dedi Timuçin. - Baba neyləsin? Satışda olmur belə araqlar. Mən maraqlandım, Balakişi əmidən bir də soruşdum ki, bu arağı hardan alıb. Balakişi əmi söylədi ki, belə araqlar satışda olmur. Bizim rayona Kremldən göndəriblər. Sosializm yarışında bütün növlər üzrə keçici bayraqların hamısını alan o raykom katibinəbelə araqlar göndərirlər.

- Yoldaş Novruzov, bəs biz təsərrüfatın bütün növləri üzrə keçici bayraqların hamısını almamışdıq?

- Bir-ikisinə gücümüz çatmadı. Yerinə yetirə bilmədik bəzi planları - deyə başını aşağı saldı Novruzov.

- Ayağı qalx! Gedək təcili aktivi yığaq. Məsələylə şəxsən özüm məşğul olmalıyam. İlyas müəllim kimi qonaqlardan məhrum etməyin məni, - deyərək kreslosunu kənara itələyib iri addımlarla doqqaza tərəf irəlilədi.

Hava qaralmışdı. Biz getməliydik. Babanı çağırtdırdım.

- Nə qulluğun, şair? - soruşdu.

- Biznən haqq-hesab çək! - dedim.

- Stolunuzun şotu çoxdan çatıb, özü də artıqlamasıyla.

- Necə çatıb? Kim verib?

- İlyas müəllimin oğlu, bu bir, - deyə barmağını bükdü, - sonra morskoy kapitan, sonra qara qoçu gətirən Şahnaz xanım, sonra Xaçmazın prokuroru, sonra Sumqayıtdan gələn o hinduşka burun zavod direktoru İlyas müəllimin stolunun haqqını veriblər.

- Bəs sən də hamısından almayaydın da - deyə, gülümsədi İlyas müəllimi.

- İndi bu pullar sizə çatır, - dedi Baba.

- Mənə heç nə lazım deyil. Qayda belədir ki, gərək səxavət göstərənə sən də bir hörmətnən cavab verəsən. Baba, burda hər şey gözəldir. Gör mehmanxanaya isti su çəkdirə bilərsənmi, - dedi İlyas müəllim və maşına tərəf addımladı.

 

YUSİF HƏSƏNBƏY

Ədalət.-2013.-23 oktyabr.-S.6.