HƏR ŞAGİRD BİR ÜMİDDİR

 

Ağdamda təhsilə bu prizmadan baxırlar

 

 (Əvvəli ötən sayımızda)

Ağdamda həyatın digər sahələri ilə yanaşı, təhsilə verilən önəmin xüsusi yeri var. Çünki təhsilin sabahımıza bir özül, bir mayak olduğunu hər kəs yaxşı bilir. Ona görə də təkcə müasir avadanlıqlar, kompüter vasitələri deyil, həm də təhsilin sirrini bilən, həmin avadanlıqların açarını uşaqlara çatdıracaq müəllimlərin də olması əsas məqamlardan biridir. Bax, bu mənada Ağdam Rayon Təhsil Şöbəsində müəllimlərə qarşı xüsusi bir tələbkarlıq mövcuddur.

Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova bizimlə söhbət zamanı vurğuladı ki, əsas məqsədimiz savadlı, bilikli uşaqların yetişdirilməsi olsa da, bu məqsədə çatmağın da yolu təbii ki, savadlı müəllimlərdən, peşəkarlardan keçir. Ona görə də biz müəllimlərimizin elmi-nəzəri və peşəkarlıq səviyyəsini yüksəltmək üçün ardıcıl aparırıq. Həmin görülən işin bir variantı da Azərbaycan Müəllimlər İnstitutu ilə bağlamış olduğumuz müqavilədir. Müqaviləyə əsasən müəllimlərimiz ayrı-ayrı ixtisaslar üzrə ixtisasartırma kursları keçir, yeni təhsil proqramını mənimsəyir. Bu ilin avqust ayında bizim müəllimlər kurikulum təlim kurslarını müvəffəqiyyətlə başa vurub dərs ilinə uğurla başlamışdılar. Bu da müəllimlərimizə imkan vermişdi ki, müasir texnologiyadan istifadə etməklə öz fənlərini uşaqlara daha yaxşı mənimsətsinlər. Həmin kursları seçən müəllimlərimiz I və II dərəcəli sertifikatlar almışlar. Şöbəmizin metod kabinetinin rəhbərliyi həmin kursların keçirilməsinə, müəllimlərin öz üzərlərində işləməsinə həmişə xüsusi diqqət yetirir.

Ağdam məktəblərində keçirilən açıq dərslər, eləcə də ayrı-ayrı müəllimlərin dərslərinin müzakirəsi, məktəblər arasında müsabiqələrin, yarışmaların təşkili də bu gün təhsilə rəhbərlik edən şəxslərin diqqət mərkəzindədir. Həmin müsabiqə və yarışların mövzuları da ölkəmiz üçün əlamətdar olan tarixi hadisələrə, Azərbaycanın görkəmli şəxslərinə aiddir. Belə ki, görkəmli alim Zərifə xanım Əliyevanın 90 illiyinə, Ulu öndərimizin yubileyinə həsr edilmiş yazı müsabiqələrində Ağdam məktəbliləri əsl yaradıcılıq nümunəsi göstərə bilmişdilər. Elə ona görə də bizim şagirdlərimiz və müəllimlərimiz müxtəlif mükafatlara layiq görülmüşdülər.

"İlin ən yaxşı müəllimi" müsabiqəsində iştirak edən Ağdam müəllimləri də həmişə öz bilik və bacarıqları ilə seçiliblər. Son illərdə rayonda hamının hörmətlə yanaşdığı, savadına yüksək qiymət verdiyi fizika müəllimi Leyla Quliyeva, xarici dil müəllimi Hüzurə Ağayeva, kimya müəllimi Aynur Zülfüqarova, dil-ədədiyyat müəllimi Firəngiz Abdullayeva keçirilən həmin müsabiqələrin qalibi olmuş və ölkə prezidentinin sərəncamı ilə 5000 manat pul mükafatına layiq görülmüşdülər.

Hər il olduğu kimi, cari tədris ilində də rayon ərazisində yerləşən hərbi hissələrlə məktəb kollektivlərinin görüşlərinin təşkili bayram günlərində onlara sovqatlar aparılması ənənəsi davam etdirilmişdi. Təkcə əsgərləri sevindirmək yox, həm də sabahın əsgəri kimi böyümək üçün rayon məktəblərində "Cəsurlar" və "Şahin" hərbi idman oyunları çox böyük maraqla keçirilir. Həmin yarışmalarda rayonun 52 və 106 saylı köçkün tam orta məktəblərinin komandaları qalib gələrək növbəti zona mərhələlərində də iştirak etmişlər.

Ağdam məktəbliləri təkcə rayon müsabiqələrində deyil, həmçinin ümumrespublika müsabiqələrində də çox fəal iştirak edirlər. Cari ildə keçirilən fənn olimpiadalarında Ağdamdan olan 5 məktəbli respublika turunda iştirak etmək hüququ qazanmışdı. Onlardan 23 saylı köçkün tam orta məktəbinin 9-cu sinif şagirdi Musazadə Sadiq Mübariz oğlu riyaziyyat fənnindən yüksək nailiyyət əldə edərək respublika müsabiqəsində 3-cü yeri tutmuşdu.

Respublikamızın digər bölgələrinin təhsil müəssisələrində olduğu kimi, Ağdamda da məktəblərin kompüterlə təminatında xeyli işlər görülmüşdür. Təkcə son illərdə rayonda 490 ədədə yaxın kompüter dərsləri quraşdırılmışdır ki, bu da şagirdlərin kompüterdən, bütövlükdə internetdən istifadə etməsində çox uğurlu bir addımdır. Onu da xatırladaq ki, ölkəmizdə həyata keçirilən "Bir şagird - bir kompüter" müsabiqəsində də Ağdam məktəbliləri də yaxından iştirak edirlər.

Yeni dərs ilinin ən sevincli anlarından biriAğdam məktəblilərinin, daha doğrusu, builki məzunların ali məktəblərə qəbul olunmasıdır. Yəni respublika üzrə ən yüksək bal toplayan şagirdlər arasında Ağdamdakı 37 saylı məktəbin məzunu Fəridə Radəf qızı Gərayeva da var. O, 685 bal toplamışdır. Həmçinin Üçoğlan kənd tam orta məktəbinin məzunu Səkinə Tahir qızı Nəcəfova da 680 bal toplayaraq prezident təqaüdçüləri sırasına adını yazdırmışdı. Göründüyü kimi, builki məzunlar arasında tələbə adını qazananlardan 11 nəfəri 600 baldan çox, 38 nəfəri 500 baldan çox toplayaraq rayonun adını ön sırada yazmışdılar. Bu da onu göstərir ki, həqiqətən də Ağdamda təhsilə, elmi biliklərin mənimsənilməsinə böyük diqqət və qayğı göstərilir.

Biz Ağdamda olarkən onun da şahidi olduq ki, burda hər kəs, xüsusən də təhsil işçiləri ölkə rəhbərinin, Təhsil Nazirliyinin cəbhə bölgəsində işləyən müəllimlərə, oxuyan şagirdlərə xüsusi qayğısından çox məmnundular. Bizimlə həmsöhbət olan pedaqoji kollektivlərin nümayəndələri birmənalı şəkildə göstərilən qayğıdan məmnunluq ifadə etdilər. Hətta rayon Təhsil Şöbəsinin müdiri qazanılan uğurlarda ölkə prezidentinin qayğısının xüsusi önəm daşıdığını dilə gətirdi. Onu da dilə gətirdi ki, Ağdamın təhsil işçiləri 9 oktyabrda öz doğru qərarları ilə gerçək seçim etdilər və onların hamısı yekdilliklə İlham Əliyev cənablarına səs verdilər. Çünki prezidentimizə inanır və onun əməli fəaliyyətinin bəhrəsini öz həyatımızda həmişə hiss edirik. Ona görə də cənab prezidentimizi yenidən ölkəmizin rəhbəri seçilməsi münasibəti ilə ürəkdən təbrik edironu əmin edirik ki, Ağdamın təhsil işçiləri həmişə onun yanında olacaqlar.

 

Ceyhun RÜSTƏMOV

Ədalət.-2013.-23 oktyabr.-S.7.