BU, RAMİZ NOVRUZOVDUR...

 

Zahirən, onunla oturub söhbət edəndə, yol gedəndə, ünsiyyətdə olanda o qədər də hiss eləmirsən bu, aktyordur, özü də istedadlı, sənətdə özünün dəst-xətti olan, öz SƏSİ və NƏFƏSİ ilə seçilən aktyor-XALQ artisti Ramiz Novruzov.

Zahirən onunla dünyanın cürbəcür işlərindən söhbət edəndə, o söhbəti üsulluca ədəbiyyat müstəvisinə gətirəndə hiss eləmirsən ki, bu, həm də içi sözlə dolu bir hekayəçi, bir dramaturqdur - "Ulduz" jurnalında vaxtilə bir neçə maraqlı yazısı çap olunub, iki pyesin müəllifidir, hər iki pyes səhnədə oynayılıb və uğur qazanıb.

Amma... bütün bunlar sənət təcəssümü anında dəyişir, başqalaşır. Səninlə üzbəüz oturub söhbət edən Ramiz Novruzov bu adilikdən sıyrılıb çıxır, səhnədə obrazlar yaradan gözəl bir aktyora çevrilir. Görünür, sənətdə elə bir sehr var ki, o sehri yalnız TƏCƏSSÜM MƏQAMINDA hiss edə bilərsən. Bəxtiyar Vahabzadənin "Hara gedir bu dünya" pyesində Laçın obrazı səni həyatda gördüyun Ramiz Novruzovdan düşünən, fikirlər dünyasına baş vuran bir insana çəkir. Ramiz öz içindəki, duyğusundakı filosofluğu laçına bağışlayın və Laçınlaşır.

Bir televiziya tamaşasına baxmışdım vaxtilə: "Antoni və Kleopatra" (rejissoru Rövşən Almuradlı idi). O tamaşada boy-buxun, cəngavərlik qaməti və qətiyyəti Antoniodan gəlir, amma bu Antonio elə Ramizin öz dünyasında yaratdığı Antonio ilə qoşalaşır.

Elçinin "Mənim sevimli dəlim" pyesində Ramiz Baş Redaktor rolunu oynayırdı. Cəmiyyətin bu xaotik mənzərəsində hər şeyin dəliləşməyə, kütləvi dəlilik sindromuna düçar olduğu bir mühitdə Baş Redaktorun səbr və təmkinini saxlaya bilməyib ozü də o cərgəyə qatılmağı və Dəli olmamağın mümkünsüzlüyü Ramizin yaratdığı obrazda çox parlaq ifadə olunub. Və Ramiz bəlkə də öz səbri və səbirsizliyini, təmkini ilə dözümsüzlüyünü, yəni ən çətin anlarında birinci halın ikinciyə keçidini o rola "ötürə" bilib. Yəni Ramiz bütün yaratdığı obrazlarda özünün daxili aləmindən hissəciklər qoparır o rollar üçün.

Təbiəti etibarilə Ramiz çox həlim, gülərüz, qılıqlı insandır. Üzü gülür həmişə. Ancaq kim bilir bu gülər üzün arxasında, ÜRƏK deyilən o mənəvi generatorun içində nələr yatır.

Ramiz Novruzov üçün aktyorluq özünü ifadədir. Pul qazanmaq-filan deyil. Çünki bu günün aktyorları ilə bütün bəşəriyyəti məsud və xoşbəxt etmək istəyən pulsuz-parasız Oqtay Eloğlu arasında heç bir fərq yoxdu. 150-200 manatla Ramiz kimi aktyorlar (buna Xalq artisti olmasına, şəkillərinin hansı reklamasa bəzək olmasına baxmayaraq) xoşbəxt və məsud ola bilməzlər. Ramiz Novruzov tipli sənətçilər bu sənət meydanında özlərini ancaq taleyin haçansa onlara bəxş etdiyi parlaq və uğurlu rollarda xoşbəxt hesab edə bilərlər...

Ancaq belə xoşbəxtliklər hər zaman olmur...

Hər zaman "Pompeyin Qafqaza yürüşü" kimi pyes yaranmır və o pyesdə Ramiz qrimsiz-filansız Pompeyi oynamır. Və o tamaşada Ramiz müstəbid bir insan obrazı ilə sənət tərcümeyi-halında yeni bir səhifə açmır.

Hər zaman "Mənim sevimli dəlim" yaranmır və Ramiz orda - o tamaşada əzabkeş rolunda mücəssəm olmur.

Hər zaman Həzi Aslanov haqqında film yaranmaz və o filmdə Ramiz bu böyük sərkərdənin obrazını heç kimin oynaya bilməyəcəyi tərzdə ifa edə bilməz.

Hər zaman "Xanuma"dakı Knyaz rolunu oynamaq olmur.

Amma bütün bunlar nə yaxşı ki, sənət hadisələridir və Ramiz Novruzovu gördüyümüzdən və düşündüyümüzdən daha önəmli görsək və düşünsək belə, bu sənət taleyinə şükürlər olsun!

Ramiz Novruzov üçün bu rollar onun tale məsələsini, sənətdə seçilmək və fərqlənmək şansını həll edən uğurlu hadisələrdir.

Ramiz Novruzovun sənətdə bir Şəxsiyyət kimi baş əydiyi, ustad sandığı insanlar çoxdur. Ancaq onun taleyində silinməz izlər buraxan bir insanı burada xatırlamamaq ədalətsizlik olardı.

ADİL İSKƏNDƏROV. Bəlkə də 100 il keçəcək, dünyaya yeni sənəti duyanlar gələcək, onlar bu böyük sənətkar haqqında nəsə təzə söz deyəcəklər, onun sənətdəki yerini bizdən artıq qiymətləndirəcəklər, amma Adil İskəndərov obrazını onlar Adil İskəndərovun tələbəsi Ramiz Novruzov kimi canlandıra bilməyəcəklər.

"Mən 1978-ci ildə indiki N.Tusi adına APİ-nin filologiya fakültəsinə daxil oldum. Lakin dünyada hər şey məni səhnəyə-teatr aləminə çəkirdi, valideynlərim isə bu haqda düşünməyi belə mənə qadağan etmişdilər. Ancaq bu sonsuz sevgi qarşısında gücsüz idim, ona görə APİ-nin tələbəsi ola-ola teatr institutunda azad dinləyici idim. Adil müəllimin kursundaydım və o mənim qarşısıalınmaz eşqimi duyub məni instituta cəlb etdi. APİ-ni tərk etdim və təbii ki, valideynlərim də istər-istəməz bu sevgimin qarşısında təslim oldular.

Adil İskəndərov zahirən zəhmli bir insan idi-amma bu zəhmli kişininsifəti arxasında körpə bir uşaq gizlənmişdi. O, çox güclü və parlaq danışa bilmirdi, amma onun danışığında elə qüvvətli bir biotok vardı ki, sehrlənirdin. Adil müəllim Azərbaycanlı vətəndaş kimi aktyor-rejissor obrazının tam təcəssümü idi. Nizam-intizam, qayda-qanun, ölçü-biçi... bu sözlər onun həyat və fəaliyyətində Dispetçer rolunu oynayırdı. İntizamsız tələbə, intizamsız aktyor onun gözünün düşməniydi. Özündən razılıq, iddia və təşəxxüs - bu cür naqis cəhətlərə də dərhal kəskin reaksiyasını bildirirdi. Deyirdi: "Qadam, bu sənətdə heç bir zirvə yoxdu. İstənilən vaxtda səndən də güclü bir sənətçi meydana gələ bilər. Ona görə də hansı gün o tamaşada oynamağa gəlirsənsə, elə hesab elə, birinci dəfə oynayırsan".

Adil İskəndərov Şəxsiyyət idi və təbii ki, hər hansı bir şəxsiyyəti də qiymətləndirməyi bacarırdı. Deyirdi: "Vaqif" pyesini Səməd Vurğunla bir yerdə hazırlayırdıq. Pyesdə ayrı-ayrı parçalar vardı ki, təzədən yazılırdı. Balkona, siqaret çəkməyə çıxırdım. Gəlib görürdüm ki, Səməd bir neçə dəqiqənin içində kağızları doldurub. Heyrətlənirdim və deyirdim: "Qadam, bu qədər sözlər hardan çıxır belə?"

Bəli, Adil İskəndərov Azərbaycan rejissura sənətində bir məktəb yaratdı. Onun tələbəsi olmağımla fəxr edirəm".

Əlbəttə, sənətdə Ustadlıq, Müəllimlik kultu vacibdir, ancaq sənətçinin bu ustaddan nə öyrəndiyi, onun sənət dərslərindən necə faydalandığı da əsas şərtdir. Və bir də ən başlıcası, sən özün bu sənətdə nə iz buraxmısan və nə yaradacaqsan? Bu mənada Adil İskəndərovun çox-çox tələbəsi onun sənətindən, ustadlığından qədərincə faydalanıb özləri əsl sənətkar oldular. Ramizlə bir kursda oxuyan Nurəddin Mehdixanlı indi xalqın sevimlisi olan aktyorlardandır. Bəxtiyar Xanızadə, Şəfəq Əliyeva, Səidə Quliyeva haqqında da bu sözləri demək olar. Ramiz Novruzov da o məktəbdən keçdi.

1981-ci ilədək - Akademik Teatra gələnə kimi o, bir il Sumqayıt teatrında işlədi. N.Həsənzadənin "Qoy bütün Şərq bilsin" tamaşasında general Əliağa Şıxlınskinin obrazını yaratdı. Və bu roldakı uğuru Hökümə Qurbanovanın xoşuna gəldi. Onun köməkliyi ilə 1981-ci ildən taleyini Baş teatrımızla bağladı.

Mən Ramiz Novruzovun o teatrda oynadığı rolların əksəriyyətini görmüşəm. Üstəlik televiziya tamaşalarındakı oyunlarını da. İndi o rolların bir çoxu mənim də xatirimdə deyil. Ancaq elə rolları var ki, onlar yaddaşlardan silinən deyil.

Ramiz deyir ki, aktyorun parlamasında və özünü təsdiq etməsində heç şübhəsiz, rejissorun böyük xidməti var. Məni bir aktyor kimi kəşf edən ilk rejissor Namiq Ağayev oldu. O, içimdə mürgüləyən potensialı aşkara çıxardı. İkinci belə rejissor Bəhram Osmanov oldu. Bəhram, əgər belə demək mümkünsə, aktyoru içəridən görə bilir. Diqqət etmisinizmi, onun tamaşaya qoyduğu pyeslərdə hər bir aktyor öz yerindədir. Ancaq mən həm də öz rejissorumu və öz böyük rolumu gözləyirəm.

Günlərin bir günündə, bəlkə də Tanrının diqtəsilə Ramiz Novruzov "At ilinin birinci ayı" adlı bir pyes yazdı - 90-cı ilin Qanlı Yanvar hadisəsi hamımız kimi Ramizi də sarsıtmışdı və o, yazdığı pyesdə məmləkətimizin o qara günündən doğan hissləri, duyğuları səhnəyə gətirmişdi. Pyesi Gəncə teatrına apardı və əsər ixtisar olunsa da, Gəncədə komendant saatı günlərində oynanıldı.

Sonra ikinci pyes doğuldu. Onu ilk dəfə aktyor dostu Mikayıl Mirzəyə oxudu. Mikayıl bəyəndi, sonra Həsən Turabov. Və bir də afişalarda gördük ki, "Hələ sevirəm deməmişdilər" ("Şeytan günahı") tamaşaya hazırlanır (quruluşçu rejissor Bəhram Osmanov).

Getdik, tamaşaya baxdıq Və aktyor Ramiz Novruzov bir anda gözlərimiz qarşısında dramaturq Ramiz Novruza çevrildi.

Əsər günümüzün ən vacib bir mövzusuna həsr olunub. Qarabağ problemi Ramiz Novruz təfsirində səhnəyə gəlir, tamaşaçıları hədsiz dərəcədə həyəcanlandırır, sarsıdır və düşünməyə məcbur edir. "Əgər bu tamaşa 1992-1993-cü illərdə yazılsaydı və həmin illərdə oynanılsaydı, tamaşa zalında oturan cavanlar birbaşa teatrdan çıxıb döyüşə gedərdilər" - o zaman böyük aktyor Həsən Turabovun tamaşaqabağı söylədiyi bu sözlərin həqiqiliyinə biz də inandıq.

Səhnədə mühasirə vəziyyətinə düşən bir rayonun dəlixanası canlandırılır. Ancaq bu dəlixanada həm də yaralı xəstələr var. Dəlixana görünüşü heç bir effekt yaratmır, doğrudan da ağıldan kəm olan bu insanların söhbətləri, zarafatları, isterik vəziyyətləri elə bir dramatik situasiya, konflikt təsəvvürü oyatmır. Bircə həmin xəstəxanada yatan yaralı əsgər (Nurəddin Mehdixanlı) narahatdır, tez-tez televizoru açır, xəbərləri dinləyir, həmişə də məyus olur. Tibb bacısı Sona da (Münəvvər Əliyeva) qayğılıdır, ermənilərin hücumu gözlənilərsə, bu zavallıları necə xilas etmək olar?

Nəhayət, gözlənilən hücum. Ermənilər-Andronik (Rəşid Səməndər), Minas *(Pərviz Bağırov), Aram (Rövşən Kərimduxt), 2-ci Sona (Vəfa Zeynalova) gəlir. Əsl, dramatik və fəci situasiyalar bu məqamdan başlanır. Erməni murdarlığı və vəhşiliyi köməksiz və gücsüz insanlara münasibətdə bir daha bütün iyrəncliyilə meydana çıxır. Bu məlum. Ancaq dəyişən təkcə hadisənin doğurduğu situasiya deyil, həm də dəli olanların Dəlilik örtüyündən çıxmalarıdır. Dəlilərdən biri-Şou-Zəli (Əsgər Məmmədoğlu) Andronik adını eşidən kimi: "Bəs sənin iki qulağın var ki? O biri bəs nə vaxt bitdi?" - deyir və dərhal öldürülür. Beləcə, dəliliyin ağıllılığa, şüurlu formaya keçidi hər dəfə bir güllə ilə susdurulur. Erməni qızı Sona bu vəhşətə dözməyib gözlənilmədən avtomatını qaldırır, silahdaşlarını öldürür. Pyesdə erməni qadınının bu gözlənilməz hərəkəti lazımi dərəcədə əsaslandırılıb və heç bir təəccüb doğurmur.

Pyes azərbaycanlı qızı Sonanın monoloqu ilə bitir və bu monoloq təkcə səhnəyə, tamaşa zalına deyil, həm də Azərbaycan adlı məmləkətə ünvanlanır: "Qalxın, gəlin, bacınızı qoruyun. Unudun gündəlik cılız qayğıları. Əl-ələ verin, çiyin-çiyinə dayanın, bir olun! Bizi qurtarın, torpağı sevindirin, sonra istəsəz yenə nəyin üstündə istəyirsiniz mübarizə aparın. Amma indi dizinizi açın! Qəddinizi düzəldin, başınızı dik tutun! Gəlin, xilas edin bizi".

Bu çağırış bu gün üçün də ucadan səsləniləndir. Və bunu şəhidlərin ruhu tələb edir.

Ramiz Novruz-Xalq artisti indi yenə sevilir. Onun hər çıxışı təqdir olunur. Hərdən onu təzə seriallarda da görürük. Ramiz orda da öz təmkinini saxlayır, öz məharəti ilə tamaşaçıları o seriyala cəlb edə bilir.

Mən onun bir pərəstişkarı kimi sənət yollarına yeni izlər yazacağına əminəm...

 

Vaqif YUSİFLİ

Ədalət.-2013.-23 oktyabr.-S.7.