Ədəbi - bədii jurnalın yeni sayı
Bu günlərdə "Mingəçevir leysanı" jurnalı növbəti 22-ci sayı ilə yenidən oxucuların görüşünə gəlmişdir. Əvvəlki saylarda olduğu kimi bu dəfə də dərgidə çeşidli ədəbi janrlarda qələmə alınan yazılar üstünlük təşkil etmişdir. İlk səhifələrdə istedadlı söz adamı Sabir Şirvanın "Azərbaycan" poemasının bir hissəsi işıq üzü görmüşdür.
Dərginin sonrakı poeziya bölümündə isə tanınmış qələm sahibi İsmayıl İmanzadənin "20 Yanvar etüdləri" poeması, şairlərdən Eldar Elli, Zakir Ağdamlı, Məhəmməd Ələkbərli, Məhyəddin Məhərrəmoğlu, Yaqub Buzovnalı, Bəhman Qənbərov, Qüdrət Məmmədov, Əhməd Məmmədli, Əsəd Talıbov, Səxavət Kəlbəcərli, Əhməd Süleymanov və başqalarının şeirləri dərc edilmişdir. Dərginin əzəlki saylarında olduğu kimi, bu dəfə də ənənəsinə sadiq qalan jurnalın əməkdaşları dünya ədəbiyyatından nümunə kimi Mövlanə Cəmaləddin Ruminin bir neçə rübaisini və klassik rus yazıçısı Anton Pavloviç Çexovun "Dil bəlası" adlı hekayəsini oxuculara təqdim etmişdir. Sonrakı səhifələrdə yer alan tanınmış yazarlarımızdan Nəsib Bayramoğlunun "Üç sağlıq" adlı hekayəsi və Qorxmaz Abdullanın "Hər sözü bir pəhləvandı ki..." başlıqlı novellası da ümumən oxucuların diqqətini cəlb edən nəsr nümunələridir. Mingəçevirli tanınmış qələm sahibi Böyükkişi Təmkinin "Bir millətin beş adı", İsmayıl Mərcanlının "Gələnə çəpik... gedənə təpik", Ramilə Qurbanlının "Qızılgül ömrü", tələbə - yazar Ruslan Ələkbərlinin "Nakam ömrün dastanı", Nurayın "Uzaq eldən gələn soraq" adlı çeşidli mövzularda qələmə alınmış bədii-publisistik yazılarla bərabər, "Yurdun ulu daşları" rubrikası altında işıq üzü görən "Qarabağ rəssamlıq məktəbinin davamçıları" adlı tədqiqat xarakterli elmi yazı da diqqətdən kənarda qalmır.
Ümumən dərginin yeni sayındakı rəngbərəng yazılara istinadən sonda demək olar ki, mingəçevirli yazar dostlarımızın zəhmətinin bəhrəsi olan "Mingəçevir leysanı"nın yeni sayı da çağdaş mili ədəbiyyatımızı, - o cümlədən bölgədə yaşayan istedadlı qələm sahiblərinin yaradıcılıqlarını təbliğ etmək baxımından çox önəmlidir. Məhz elə buna görə də jurnalın əməkdaşlarının zəhmətini yüksək dəyərləndirməklə onlara növbəti addımlarında da uğurlar arzulayırıq.
Əbülfət
Ədalət.-2013.-23 oktyabr.-S.6.