BİR ÜMİDİN İŞIĞINDA

 

"Naxçıvan"ın xüsusi buraxılışı

 

Yazı masamın üstündə bir jurnal var. Əslində bu jurnaldan daha çox mükəmməl bir topludu. Çünki buradakı fikirlər, burada təqdim olunan mülahizələr, eləcə bu xüsusi buraxılışın ünvanı olan poeziya çeşməsi Azərbaycan ədəbi fikrinə sanballı bir dayaq, sanballı bir mərhələdir.

"Naxçıvan" ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi Naxçıvan Muxtar Respublikasının Ali Məclisidir. Xüsusi olaraq Xalq şairi Məmməd Arazın 80 illiyinə öz səhifələrini gen-bol açmış jurnalın 27-ci sayı həm tərtibat baxımından, həm Xalq şairini poeziya həvəskarlarına, şeir xiridarlarına təqdim etmək üçün çox orijinal bir qaydada hazırlanmışdır. Yəni jurnalın ilk səhifəsindən sonuncu mündəricatına qədər hər vərəqdə, hər sətirdə Məmməd Arazı görmək, onunla üz-üzə dayanmaq, onu mütaliə etmək mümkündür.

Ulu Öndərimiz Heydər Əliyev cənablarının Xalq şairi Məmməd Araza xitabən dediyi "Öz əsərləri ilə yüksək bədii sənətkarlıq əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür etmək çətindir... Azərbaycan xalqının həyatında Məmməd Arazın yaradıcılığının böyük əhəmiyyəti var".

Jurnalın növbəti səhifələri sərəncamlarla diqqəti çəkir. Xalq şairinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 27 sentyabr 2013-cü il, eləcə Naxçıvan MR-in Ali Məclisinin sədri Vasif Talıbov cənablarının imzaladığı 8 iyun 2013-cü il tarixli sərəncamlarında ədəbi ictimaiyyətə diqqətin, böyük sözə önəmin ifadəsi öz əksini tapıbdır. Həmin sərəncamlarda konkret olaraq yubiley tədbirlərinin əhatəsi, mahiyyəti, məramı ifadə olunmuş, Xalq şairinin bütün yaradıcılığının ölkə ictimaiyyəti üçün ən yüksək səviyyədə çatdırılması istiqamətində tapşırıqlar birmənalı şəkildə ifadə olunmuşdur.

Ümumiyyətlə, bu sərəncamda ifadə olunan göstərişlərin təkcə sırasını gözdən keçirəndə Muxtar Respublikada, eləcə bütün Azərbaycanda Məmməd Araz yaradıcılığı ilə bağlı necə möhtəşəm tədbirlərin nəzərdə tutulduğu açıq-aydın görünür. Üstəlik, Ali Məclis sədrinin sərəncamı ilə Şahbuz rayonunun Nurs kəndində Xalq şairinin ev muzeyinin yaradılması, eləcə Naxçıvan şəhərindəki küçələrin birinə Xalq şairi Məmməd Arazın adının verilməsi barədə imzalanmış sərəncam Məmməd Arazın oxucusu kimi məni ürəkdən sevindirdi.

Böyük maraqla gözdən keçirdiyim "Naxçıvan" jurnalında Akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəylinin "Xalq şairi Məmməd Arazın sənət dünyası: ənənəvi tərənnümdən müasir lirikaya" adlı çox dəyərli elmi məqaləsi, həmçinin əməkdar elm xadimi, filologiya elmləri doktoru Hüseyn Həşimlinin "Ulu Öndər Heydər Əliyevin Məmməd Araz sənətinə böyük qayğısı", AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, filologiya doktoru Adil Bağırovun, Naxçıvan Yazıçılar Birliyinin sədri, şair Asim Yadigarın, əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalovun, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimlinin, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayılın, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın xalq şairi ilə bağlı yazdıqları elmi məqalələr Məmməd Arazın böyük yaradıcılığının araşdırılmasında, təqdimatında uğurlu addımlardan biridir. Təkcə bu yazıların hər biri ilə ayrı-ayrılıqda tanışlıq böyük Məmməd Araza sevgi ilə yanaşı, həm də onun söz dünyasının nə qədər bənzərsiz olduğunu göstərir.

Jurnalın ikinci bölümü "Məmməd Araz yaradıcılığından seçmələr" adlanır. Çox maraqlıdır ki, bu bölmə Məmməd Arazın xalq şairi Bəxtiyar Vahabzadəyə ünvanladığı "Məndən ötdü, qardaşıma dəydi" şeiri ilə başlayır. Onun ardınca "Azərbaycan - dünyam mənim" şeiri gəlir.

Tərtibatçılar şeirlərin ardıcıllığını o qədər dəqiqliklə sıralayıblar ki, istənilən oxucu dillər əzbəri olan bu misraları dərhal öz fəhmi ilə təkrarlayır, onu özü-özünə pıçıldayır.

Bu maraqlı topluda ulu Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının təqdimatında "Naxçıvan albomu" bölümü xüsusilə maraqlıdır. Bu bölümdə şairin Naxçıvanla, doğulduğu torpaqla, Arazla, gənclik illəri ilə bağlı misraları xüsusi yer tutur.

Burada həmçinin şairin poemalarından da parçalar oxuculara çatdırılır. Onların arasında "Atamın kitabı" hər birimiz üçün bir həyat məktəbidir.

"Naxçıvan" ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının böyük Məmməd Araza həsr olunmuş bu buraxılışında şairin publisist yazılarından da, ssenarilərindən də nümunələr oxuculara təqdim edilibdir. Zənnimcə, həmişə olduğu kimi, "Naxçıvan" jurnalı yenə fərqli təqdimatı ilə hər kəsin ürəyinə yol tapacaqdı. Çünki bu topluda hamı və hər şey Məmməd Arazdan danışır.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2013.-23 oktyabr.-S.4.