MƏMMƏD ARAZIN XEYİR-DUASI İLƏ

(Söhbət şair Gülhüseyn Kazımın yaradıcılığından gedir)

 

Keçən əsrin yetmişinci illəriydi. Poeziyaya yeni bir nəsil gəlirdi və bu nəslin içərisində qaraşın bir oğlan da seçilməyə, fərqlənməyə çalışırdı. Bu oğlan Cəbrayıldan gəlmişdi Bakıya. Şeirləri ilə mətbuat səhifələrinə təzə-təzə yol açırdı, yaxşı bilirdi ki, şeiriyyət meydanında duruş gətirmək çox çətindir. Amma inadından da dönmürdü. İlk şeirlərini oxuduğu institutun (o zamankı Lenin adına APİ-nin) qəzetində ("Gənc müəllim") çap etdirmişdi. Günlərin bir günü o, şeirlərini bir şair kimi şöhrətinin zirvəsinə qalxan, ədəbi ictimaiyyətdə nüfuzlu bir şəxsiyyət kimi tanınan Məmməd Araza təqdim elədi. Məmməd müəllim o zamanlar "Ulduz" jurnalı redaksiyasında işləyirdi. Məqsədi bu idi ki, Məmməd Araz onun tərəddüdlərinə son qoysun. Ürəyində gəzdirdiyi, hərdən dilində səsləndirdiyi "Mən şairəmmi?" şübhəsinə, gümanına son qoysun. Məmməd Araz o şeirləri oxudu və günlərin bir günü o cavan oğlan "Gənc müəllim" qəzetində bir "Şeirin dayaq nöqtəsi" adlı bir yazıyla qarşılaşdı.

Bu yazı indi haqqında söz açacağımız Gülhüseyn Kazımın şeirləri barədəydi. Məmməd Araz yazırdı: "Gülhüseyn Kazımın hansı fakültədə və neçənci kursda oxuduğu ilə maraqlanmamışam. Bunun bəlkə də əhəmiyyəti yoxdur. Yadımdadır, o, keçən il "Ulduz" redaksiyasına bir xeyli şeir gətirmişdi. "Şeir gətirmişəm" - deyə, təqdim etdiyi bir top yazının hamısını özünə qaytardıq. Hətta klassikmüasir ədəbiyyat nümunələrindən misal gətirib, ona bir xeyli "dərs" də dedik. Başını aşağı salıb dinmədi. Təşəkkür eləyib getdi.

Sonralar institutdabaşqa görüş gecələrində Gülhüseynin bir qədər təkmil, quraşdırmadan uzaq, səmimiyyətə meyl edən şeirlərinin alqışlandığını gördüm.

Əlbəttə, "uğurlu yolla", təqdimatla heç kəsi mənzil başına aparmaq mümkün deyil. Bəzən belə bir "pasport" imzalamaq məsuliyyətini boynuna götürənlərin yaxası əldə qalır etimad özünü doğrultmur. Cavan müəllif "qaçıb aradan çıxır", "Uğurlu yol" müəllifi ədəbi mühitinya da öz vicdanının qarşısında cavab verməli olur.

Gülhüseyn Kazım hələ çox gəncdir. ... O, poeziyanın vəzifəsini başa düşür, ona yiyələnmək üçün elmi, ədəbi, həyati biliyini artırmağa çalışır. Hətta təqdim etdiyi şeirləri də "çap üçün deyil, fikir-rəy üçün gətirmişəm" - deyir.

Arzu edirik ki, onun özündən narazılığı, təvazökarlığı, özünə qapanıb qalmağa deyil, ağır zəhmətə, yüksək poetik düşüncələrə xidmət eləsin.

Poeziyanın yüksələn xətti həmişə zamanın dərin ictimai məsələlərindən, xalqımıza, Vətənimizi xidmət edən maddi və mənəvi həyat xəzinəsindən keçir.

Poeziyanın yüksələn xəttinin ilkson nöqtəsi öz istedadında, öz qəlbində dayaq tapır".

Ustad şairin o zaman çox cavan bir yazara belə qayğı, həm də tələbkarlıqda yanaşması təsadüfi deyildi. Məmməd Araz neçə belə cavan, istedadlı şairin yoluna uğur diləmişdi. Gülhüseyn Kazım da ustadın bu poetik nəsihətlərini, xeyir-duasını yaradıcılığı üçün bir tövsiyə kimi qəbul elədi.

Yetmiş-səksəninci illərdə onun "Vətən sevgisi" (1978), "Yollarda ömür" (1981), "Mənə inan" (1983) şeir kitabları çap olundu. İndi həmin kitablardakı şeirləri oxuyanda Gülhüseynin bir şair kimi necə yetkinləşdiyinin şahidi olursan. Mövzuca rəngarəng olan (Vətən, təbiət, insan, ana məhəbbəti, yurd sevgisi, məhəbbətin tərənnümü və s.) bu şeirlərdə Gülhüseyn Kazımın poetik axtarışları ilə rastlaşırsan. İndi də həmin şeirlərdəki obrazlı ifadələri, maraqlı, orijinal təşbihləri, metaforları, düşüncə tərzindəki yeniliyi təqdir edirsən, Budur, "Ürəyim" şeiri: Ürəyim yağışdan təzəcə çıxmış, Payız meşəsinə bənzəyir hərdən. Mənim ürəyimdə səhər gümanı, Bir də günəş dolu arzular yaşar".

İnstitutu, sonra Bakı Ali Partiya məktəbini bitirib Cəbrayılda, rayon partiya komitəsində işlədiyi illərdə kəndi, təbiəti, doğma insanları daha çox sevdi, dərk elədi ki, poeziyanın ən ulu qaynağı elə təbiətdir. İnsandır. O, "Kənd müəllimi", "Köhnə dəyirmanda keçən bir gecə", "Ana görüşünə gedək", "Şuşaya o qədər yağış yağmışdı", "Dağlar yatır", "İlk payızİlk durna qatarı", "Payızın qızıl sacı", "Kavdar kəndi" şeirlərində İnsanı və Təbiəti vəsf elədi. Həm də çalışdı ki, şairlərinin əksəriyyətinin müraciət etdiyi bu mövzularda təzə söz desin. Və dedi. Budur, Şuşa haqqında şeir:

Təzə açılırdı düzlərdə səhər,

Duman asılmışdı yolların üstə.

Qalaya atılmış qədim bir şəhər,

Yatırdı dağların qolları üstə.

 

Zirvələr alışır, qara od düşüb,

Çaylar necə yanır dərə dibində.

Bu səhər günəşdən hara od düşüb?

Ovçu da yuxlayır bərə dibində.

 

Bu səhər dağ yolu elə hamar ki,

Hər qaya gözümdə kəhərə döndü.

Bu yollar, cığırlar dolanıb axır,

Bir qaya ovcunda şəhərə döndü.

 

Qəfil günəş doğdu, gözüm qamaşdı,

Yolları yoxuşdu, enişdi Şuşa.

Şuşaya o qədər yağış yağmışdı,

Yuyulub şüşəyə dönmüşdü Şuşa.

 

Başqa bir şeir: "Dağlar yatır". Dağların yuxusunu görmək, onları yatmış kimi zənn etmək... təbii ki, metaforik düşüncə tərzi tələb edir.

 

Bulaqlar -

Dağların büllur nəğməsi,

Kəkliklər, əliklər yatışmır burda.

Elə bil dərindən heyrət etməyə,

Adamın heyrəti çatışmır burda.

 

Bürünüb dumana, itib zirvələr,

Sərkərdə qayalar yenə sal durub.

Elə bil dumanda bitib zirvələr,

Ya da zirvələri duman qaldırıb.

 

Təbiətə, onun gözəlliklərinə bir belə vurğunluq Gülhüseynin bütün şeirlərinin romantik pafosunu təşkil edirdi. O illərdə çox təəssüf ki, tənqidçilərdən kimsə Gülhüseyn Kazımın şeirlərindəki naturfəlsəfəni açıqlamadı. Onun təbiətə üz tutduğu şeirlərdə poeziyamız üçün səciyyəvi olan bir xüsusiyyət bariz nəzərə çarpırdı. İnsan bu Təbiətin içindəydi, Təbiət İnsanın içindəydi. Gülhüseyn Kazım da ona xeyir-dua diləyən ustadı Məmməd Araz kimi təbitədən cəmiyyətə, cəmiyyətdən təbiətə onların hər ikisindən İnsana boylanırdı.

 

Bir parça şum yeri, bir parça həyat,

Arzular, ümidlər isindiyi yer.

Bir parça şum yeri, bir əkinçinin,

Ən çox öyündüyü, güvəndiyi yer.

Ora tər qarışar, gül ətri gələr,

Ora qayğı düşər, taxıl cücərər,

Bayatı cücərər, nağıl cücərər.

Tutar dodağını buluda doğru,

İçər damla-damla yağışı, nuru.

Bir parça şum yeri..

 

Gülhüseyn Kazım Moskvada, İctimai Elmlər Akademiyasının mədəniyyət tarixi nəzəriyyəsi kafedrasında təhsil almış, elə orada namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmlər namizədi olmuşdur.

Onun "İnsanın dərki" monoqrafiyası da dissertasiyası əsasında qələmə alınıb. Bu əsər ədəbiyyatda İnsan konsepsiyasının elmi-nəzəri həllini açıqlayır. O, qəhrəmanın mənəvi ziddiyyətlərinin açılmasında əxlaqi baxımdan kamilləşməsində daxili konfliktlərin xüsusiyyətlərindən I fəsildə, müasir əxlaqi toqquşmaların dərinləşməsi vasitəsi kimi əsərlərin strukturunda zaman əlaqəsindən II fəsildə söz açır. Kifayət qədər elmi-nəzəri səciyyə daşıyan bu əsərdə müəllif ayrı-ayrı milli ədəbiyyatların nəsr prosesini izləyir, İnsan obrazının daxili təkmilləşməsini, ziddiyyətlərini təhlil hədəfinə çevirir. Yusif Səmədoğlunun "Qətl günü", Mövlud Süleymanlının "Dəyirman", Q.Pançikidzenin "Spiral", A.Bitovun "Puşkin evi" əsərləri səksəninci illər Azərbaycan, rus gürcü nəsrinin ən maraqlı nümunələri kimi diqqəti cəlb etmişlər. Müəllif bu əsərlərin qəhrəmanlarını birləşdirən oxşar cəhətləri ön plana çəkir, milli xüsusiyyətlərini unutmayaraq insani, bəşəri cəhətləri üzərində dayanır. Məsələn, müəllif qeyd edir ki, A.Bitovun "Puşkin evi" Y.Səmədoğlunun "Qətl günü" əsərindən on il əvvəl yazılsa da, həyatın yazıçı qavrayışı izahı mənasında bu iki əsərdə oxşar cəhətlər qabarıq nəzərə çarpır.

Gülhüseyn Kazımın haqqında söz açdığım bu əsərlər onun sonuncu kitabında - "Seçilmiş əsərləri"ndə cəm olub. Bu, onun sayca yeddinci kitabıdır.

Otuz beş il ədəbi-bədii elmi yaradıcılıqla məşğul olan Gülhüseyn Kazımı olsun ki, indiki nəsil oxucuları yaxşı tanımırlar. Amma bu, dərd deyil. Çünki Gülhüseyn Kazımın ədəbiyyatımızda az da olsa, izi var. Yetmiş-səksəninci illər poeziyasının araşdırıcıları mütləq Gülhüseyn Kazımın şeirlərinə müraciət etməlidirlər.

Onun yaradıcılıq imkanları isə hələ tükənməyib bu mənada Gülhüseynin bir şeiri ilə söhbəti bitirək:

 

qədər əlimdə qələm tutmuşam,

Şeirin yollarını azmamışam mən.

qədər əlimdə qələm tutmuşam,

Ən yaxşı şeirimi yazmamışam mən.

 

Dünya çevriləcəe nur dənizinə,

Tutacaq yolları neçə toy-düyün.

İnsanlar, ürəyim, qəlbim sizindir,

Ən yaxşı şeirimi yazacağım gün.

 

Ən böyük bayramım, ən böyük andım,

Ən böyük sevincim olacaq o gün.

qədər günlərim şam kimi yandı,

Ömrümdə əbədi qalacaq o gün.

 

Küləklər əsəcək, həzin küləklər,

Ey bahar, ey gənclik, ey ilk məhəbbət.

Ey sevən ürəklər, sevən ürəklər,

Sizə xoş gələr o şeir əlbət.

 

VAQİF YUSİFLİ

ədalət.-2013.-24 oktyabr.-S.5.