ŞEİRİMİZDƏ
QARABAĞ
ƏDƏBİ
HƏYAT
(VIII məqalə)
"İnsan ağır bir itkiylə üzləşəndə, tüstüsü təpəsindən çıxanda, içərisi yananda, qəzəbi başdan aşanda, dərindən ah çəkib dünyanı silkələyəndə çırpınır, döyünür, düşünür və düşündürür, "niyələr", "neyçinlər" sinəsini para-para eləyir. Mən də bu əsəri yazanda həmin hissləri keçirmişəm. Pənah xanı, Xan qızı Natəvanı, Aşıq Ələsgəri. Səməd Vurğunu üz-üzə, göz-gözə, diz-dizə dayandığımız məqəddəs ruhları, şəhidlərimizin varlığını gözümün önünə gətirib onları köməyə çağırmışam.
Çünki bu şəxsiyyətlər Qarabağla nəfəs alıb, onunla ölüb-dirilib, onunla yaşayıblar...gQarabağ dünya gözəli olduğu üçün həmişə başıbəlalı olub, əldən-ələ keçib... Sərkərdələrimiz, ordumuz, qoşunumuz, xalqımız, hər bir nəfərimiz Qarabağ uğrunda, Şuşa uğrunda hərəkətə gəlməliyik. Qanlı hadisələr baş verəndə, dar gün gələndə xalq öz ümidini böyük şəxsiyyətlərə bağlayır. Böyük insanlar da öz gücünü xalqından alır, onunla birləşir, vətəni xilas edirlər. Bizim də xilas yolumuz birlikdədir; söz və əməl birliyində!"
Xalq şairi Zəlimxan Yaqubun "Şuşa şikəstəsi" poeması ("Azərbaycan" jurnalı, 2013, № 8) bu kiçik qeydlərlə başlayır. Şair poemanı qələmə almaqda məqsədini, məramını bildirir və elə bu sətirlərdən Zəlimxanın Qarabağ məhəbbəti və Qarabağ həsrəti yüksək poeziya diliylə şərh olunur.
O, Qarabağın tacı, Azərbaycan mədəniyyətinin ana laylası, dahilər məskəni və beşiyi hesab edilən Şuşanı vəsf edir:
Dörd fəslin dördü də əzizdir mənə,
Qoynu bahar fəsli-Şuşa mənəm, mən!
Sənətkarı uca, insanı qədim,
Xan nəsli, bəy nəsli-Şuşa mənəm, mən!
Ulu Pənah xanam, İbrahim xanam,
Vətən damarında qaynayan qanam.
Başam,
düşüncəyəm, ürəyəm, canam,
Tükənməz Xan səsli-Şuşa
mənəm, mən!
"Ölürəm" desə
də ölməz Natəvan,
Başının üstündə göy adlı tavan.
Özü də, sözü
də həmişə
cavan,
Üzeyir
nəfəsli-Şuşa mənəm,
mən!
Canımdı, qanımdı alışıb
yanan,
Hələ ayaq tutub yeriyir
yalan.
Həsrətlə Vətənə sarı
boylanan,
Vətənin həsrəti-Şuşa mənəm, mən!
Bundan sonra nostalji hisslərin təsirilə poemada bir bədbinlik havası yaranır.
Bu da təbiidir. Şuşa kimi
gözəl bir incinin, torpağından nəğmə, muğam,
Xarı bülbül bitən əvəzsiz xəzinənin düşmən
tapdağı altında
olması ağlasığmaz
deyilmi?
Şuşanın yolu bağlı,
Sağıyla solu bağlı.
Uçmağa imkanı yox,
Qanadı, qolu bağlı.
Bayatıdı, bəstədi,
Gülü dəstə-dəstədi.
Şuşam hanı deyənlər,
Dərd əlindən xəstədi.
Poemanın başlanğıc hissəsində
əsas diqqət Şuşanın keçmişi
ilə indisi arasında xəyali bir bağlılıq yaratmağa yönəlib.
Şair bir anlığa Vaqifi, Vidadini yada salır, onların ruhu qarşısında baş
əyir. Sonra Şuşanın gözəlliklərini
bircə-bircə sadalayır:
bu Sarıbaba yaylağı, bu Xəlfəli çayı,
bu Ballıca çayı.
Sonra Turşsu, Aydın bulaq, Qoşa bulaq, Damcı bulaq, Cökəbulaq, Hovlu bulaq, Şırşır
bulaq, Dam bulağı,
Lilpar bulaq, Çarıq bulaq, Dərəbulaq, Buz bulaq, Kor bulaq,
Bədəl bulağı...
Sonra daşların, qayaların təsviri gəlir: "Qara daş, Sarı daş, Qızıl daş, Ağ daş, Xəzinə qayası, Qız qayası.
Sonra Şuşanın muğam
dahiləri, musiqi dünyası yada düşür: "Oxumur
Seyidi, ötmür Cabbarı, Dərdinin səsini dinləyir Şuşam".
Təkcə Şuşa deyil əlimdən gedən,
Şərqin də, Qərbin də görən gözüdür.
Dahi Üzeyirin, böyük Vurğunun
Şuşa haqqındakı uca sözüdür.
Təkcə Şuşa deyil, əlimdən gedən,
Zülfünün avazı, Xanın səsidir.
Mirmövsüm Nəvvabın ilmələridir,
"Mahur"du, "Qarabağ
şikəstəsi"dir.
Dərdi
pul-pul olmuş "Zəminxarə"dir,
"Şahnaz"ım, "Şüştər"im, "Çahargah"ımdı.
Günəşin fövqünə qalxan
sevincim,
Göyə bülənd olub çıxan ahımdı.
Zəlimxan Yaqub Şuşa
obrazını Vətən-Azərbaycan
obrazı səviyyəsində
dərk edir və poemada da bunu qabarıq
nəzərə çarpdırır.
Şair yazır ki, Şuşa
təkcə Xan bağı, Topxana meşəsi, Bağrıqan
dağı demək deyil. Şuşa həm də
qızılı, gümüşü,
misi, zəriylə dövlətli olan Kəlbəcərdir, neçə
səngəri, neçə
dağı olan Laçındır, çinarlı
Zəngilandır, palıdlarıyla
şöhrət tapan
Qubadlıdır. "Şuşa Ağbabadı,
Şuşa Göyçədi,
Şuşa Zəngəzurdu
təbiətiylə. Şuşa
Ordubadım, Naxçıvanımdı,
Şuşa Təbrizimdi, Ərdəbilimdi,
Şuşa Dərbəndimdi,
Şuşa Borçalım.
Zəlimxan Yaqub ilk şeirindən ta bu günə
qədər heca şeirinin "ərazisində"
çadır qurub və necə deyərlər, bu ərazidə məskən
salmağı onun mənsub olduğu ədəbi mühitin, qaynaqlandığı aşıq-saz
dünyasının, Borçalı
elatının sınırlarından
gəlir. Mən heç cür
təsəvvür eləmirəm
ki, Zəlimxan günlərin birində bu ərazini tərk edə, ondan biryolluq üz döndərə.
Yox, Tanrı özü onu bu əraziyə,
bu məskənə göndərib ki, Ələsgərin, Qurbaninin,
Tufarqanlının, Dədə
Şəmşirin ruhları
onun şeir lisanında dilə gəlsin.
Bu gün Zəlimxan
Yaqub müasir heca şeirinin yeni bir pilləyə
qalxmasında, yeni bir mərhələ yaşamasında mühüm
rol oynayan şairlərdən biridir. "Şuşa şikəstəsi"
poemasında Zəlimxan
bu məharətini nümayiş etdirə bilir.
Poemada xalq şeirinin müxtəlif formalarından, hecanın da müxtəlif ölçülərindən istifadə
olunmuşdur. Xüsusilə, orijinal bayatılar poemanın emosional təsirliliyini xeyli gücləndirir:
Ağlar,
bayatım ağlar,
Ömrüm, həyatım ağlar.
Qara geyən Şuşasız,
Hər bir saatım ağlar.
İsti
ocağım Şuşa,
Dolu bucağım Şuşa.
Məndən ayrı düşəli,
Xəstəm, naçağım Şuşa.
Axıbdı qanım, Şuşa,
Çıxıbdı canım, Şuşa.
Bu zülümə dözərmi,
Xanımım, xanım, Şuşa.
Gülün dərəydim, Şuşa,
Saçın hörəydim, Şuşa.
Səndən gələn dərdlərə,
Sinə
gərəydim, Şuşa.
Şikəstə-fars sözüdür, mənası
qırılmış, sınmış,
üzgün, incimiş,
qəlbi qırılmış
deməkdir. Bir də muğamat
adıdır ("Şikəsteyi-fars").
Zəlimxanın "Şuşa şikəstəsi"
də bu adın ehtiva elədiyi mənalarla səsləşir. Ona görə
də poemada bədbinlik, pessimizm ruhu hakimdir. Amma poemada ümid,
gələcəyə inam
çalarları da yox deyil:
Ağlar,
duzum ağlar, çörəyim ağlar,
Görən gözüm ağlar, ürəyim ağlar.
Çəmənim yaş tökər,
çiçəyim ağlar,
Yeriyər üstümdən qəm
basa-basa,
Bayrağım Şuşada dalğalanmasa!
Sızıltı ürəkdə, ağrı
candadı,
Ocaq sinədədi,
alov qandadı.
Vətən dar gündədi,
imtahandadı,
Xeyrim də, şərim də dönəcək yasa,
Bayrağım Şuşada dalğalanmasa!
Bəs Şuşanı
necə geri qaytarmaq olar? Təbii ki,
bu müşgülü
publisistika diliylə çox asan ifadə etmək olar. Nəsr əsərində də cavab vermək
çətin olmaz.
Amma poeziya dili, şeir lisanı fərqli yozum tələb edir. "Gecə də, gündüz də alışıb-yanan,
Bir oda sönməyən
ocaq gərəkdi.
Öz haqqı uğrunda ayağa qalxan, Su gərək, daş gərək, torpaq gərəkdi, Şuşanı
geriyə qaytarmaq üçün. Savalan, Şahdağı,
Dəlidağ, Kəpəz,
Kirsə sahib çıxıb,
yar olmalıdı.
"Qələbə" kəlməsi, "Qələbə"
sözü, Ən şirin, ən dadlı bar olmalıdı,
Şuşanı geriyə
qaytarmaq üçün".
Poemanın sonu şikəstədən
qalibiyyət marşı
təsiri bağışlayan
məqama keçir. Bədbinliyi, şikəstə xatirliyi nikbin çalarlar əvəz edir. Göz yaşları quruyur və qulağımızda
sanki gələcək
zəfər marşının
ilkin sədalarını
eşidirik.
Şuşanın-bu gözəlliklər diyarının,
Azərbaycanın nəğmələr,
mahnılar beşiyi, dahilərin vətəni olan bir məkanın
düşmən tapdağında
olması ilə barışmırıq. Və
biz də Zəlimxan Yaqubun misralarındakı qələbə sorağına
qoşuluruq:
Ayağa
qalxacaq bir gün Kəlbəcər,
Hər qayası
qılfınc, hər
daşı xəncər.
Ayağa
qalxacaq Laçın dağları,
Silaha dönəcək
şah budaqları.
Ayağa
qalxacaq qədim Zəngilan,
Yenə haqq olacaq qələbə
çalan.
Ayağa
qalxacaq bütün Qarabağ,
Bütöv Azərbaycan, bütöv
bu torpaq.
Durub bir tərəfdə qısılmayacaq,
Yaxşılıq olacaq işi-peşəsi.
Bəd olan niyyətə qarışmayacaq,
Ancaq mütiliklə, nökərçiliklə,
İşğalla, tamahla, güc ilə, zorla
Şər adlı kəmfürsət
bir gorbagorla
Heç
vaxt Azərbaycan barışmayacaq,
Heç
vaxt Azərbaycan basılmayacaq!
Vaqif YUSİFLİ
Ədalət.-2013.-26 oktyabr.-S.13.