Məmməd Araz dünyasına səyahət

Zəlimxan Yaqub Xalq şairi

 

Borçalıdan Bakıya təzə gəlmişdim. Azərbaycan mətbuatına təzə-təzə ayaq açırdım. Çağdaş Azərbaycan şairlərini görmək, tanımaq, duymaq istəyirdim. Sevdiyim adlar içərisində bir ad da var idi. Məmməd Araz! Əvvəllər Məhəmməd İbrahimov olan, adında və soyadında iki peyğəmbərin - İbrahim peyğəmbərin və Məhəmməd peyğəmbərin adlarını daşıyan şairimiz Məmməd Araza çevrildi, Məmməd Araza döndü. Arazı özünə təxəllüs götürdü. Araz bizim üçün göz yaşı, hıçqırıq, ayrılıq, həsrət, hicran olduğuna görə bu çay Məmməd Arazın taleyinə yazıldı. "Gələcəyə inam sarıdan dünyanın ən varlı adamı" görmək üçün fürsət axtarırdım. Bu fürsəti mənə Bakıda qarşılaşdığım ədəbi mühit verdi. O mühit ki, orada Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, Məmməd Araz, Xəlil Rza, Söhrab Tahir, Nəriman Həsənzadə, Tofiq Bayram, Cabir Novruz kimi istedadlı şairlər nəsli yazıb yaradırdı.

Məmməd Araz öz halal ilhamının ilkini, əzəlini Naxçıvandan, Şahbuzdan, Nursdan, Batabatdan, Zor bulaqdan, ata yurdundan, anasının şairənə dünyasından, atası İnfil kişinin nəfəsindən və taleyindən almışdı. Halal ilham həmişə dediyini deyir, təmiz, pak, saf bir dünyası var halal ilhamın. Məmməd Araz ilhamı kimi!

Məmməd İbrahimovun Məmməd Araz olması çox da uzun çəkmədi, Arazı təkcə çay adı kimi götürmədi. Azərbaycanın tarixi kimi, yararlanmış və paralanmış torpağımızın taleyi kimi, o taylı-bu taylı vətənimizin dərdləri kimi "Gülüstan" və "Türkmənçay" anlaşmasına münasibət kimi götürdü.

 

Sahilində küləklər,

Gəzməyib mənim kimi.

Sularında ördəklər

Üzməyib mənim kimi.

... O mənim mürəkkəbim,

Mən onun qələmiyəm.

O mənim telli sazım,

Mən onun Dilqəmiyəm.

...Yox, Araz deyəndə mən,

Təkcə çay düşünmürəm.

...Mən Arazın səsiyəm,

Mən onun yatağıyam.

Mən onun sahiliyəm,

Mən onun ləpəsiyəm.

 

- dedi, Araz çayının onun üçün nə olduğunu poetik bir dillə xalqa bəyan etdi, mənasını, məzmununu açdı. Araz şair üçün dərdli insanın tərcümeyi-halı, Vətənin vəziyyəti, torpağın həsrəti, millətin ağrılı-acılı günləri, "bir gəlin hörüyü, bir ana yuxusu, Qıratın yalmanı, Bozatın tərliyi, dilsiz çöllərin nəğməkar dilidir" deyib, Arazın yatağı kimi qəmli suları canına çəkdi, Arazın səsi kimi qəmli-qəmli oxudu, Arazın sahibi kimi həm o taya, həm bu taya yana-yana baxdı, Arazın ləpələri kimi həsrətli nəğmələr oxumağa başladı.

Şeirlərin adına fikir verin: "Araz yadıma düşüb", "Mən Araz şairiyəm", "Oxuyan Təbriz", "Bu gecə yuxumda Arazı gördüm", "Araz dili", "Araz axır". Bu əsərlərin hansını oxuyursan oxu, hamısında xalqın taleyi, Vətən torpağının tərcümeyi-halı, millətin dərdi var. Araz şairin Vətən haqqında yaratdığı, ümumiləşmiş poetik obrazıdır.

 

Arazımla yol yoldaşı olmadım,

Bu da belə bir ömürdü, yaşadım.

 

- deyən şair əsl sənətkar ömrü yaşadı, qitələr, ölkələr dolandı, Viktor Hüqo qitəsindən keçdi, "Eyfel qülləsi"ni nişan verdi, "Nazimə Türkiyə sovqatı" gətirdi, yaddaşlara səs kimi yazıldı, vətəninə oğul oldu, "Qalx ayağa, Azərbaycan" deyib milləti ayağa qaldırdı, Mirzə Cəlil yanğısından, Sabir kəsərindən yazdı, dünyanı düzəltmək uğrunda vuruşdu, şeirin səngərində həqiqət uğrunda döyüşdü, Xəzərin dərdindən Gülə məktub yazdı, Vətənin daşına, torpağına çevrildi, başının üstündə çaxan ildırımlara "dağların çibini" kimi baxdı, ocaq keçəndə, budaq qırılanda, bulaq susanda, düzlərdən ceyran azalanda özünü günahkar saydı, ölə-ölə yazmadı, yaza-yaza öldü. "Haqqın var, Məmməd Araz!" haqqını qazandı, ənənə ilə müasirliyi birləşdirdi. Şair, qayalara, dağlara söykən, mənim də arzumu sən yaşat bir, - dedi, qələm dostu Musa Yaqubu əbədiyyətə harayladı. Qaya obrazını yarada-yarada özü də qayaya çevrildi. Daş altda yanan suda şair varlığını göstərdi, "Üç oğul anası"na layla çaldı, müharibəyə nifrət yağdırdı. "Atamın kitabı"nda Nizamini fikir dağına bənzətdi, Bethovenə, Üzeyir bəyə, Qara Qarayevə, Fikrət Əmirova simfoniya verən, "Qatar" verən dağlarla üz-üzə gəldi. Homer, Dante, Puşkin zirvələrinə əl atdı, atasının çəkdiyi əziyyətləri zəhmət əlifbası kimi şeirə gətirdi, su ilə söhbət elədi, torpaqla danışdı, "anadan-bacıdan gizlətdiyini, kağızdan, qələmdən gizlətmədi", qəbirlər önündə diz çökdü, xatirələr yaza-yaza özü də xatirələşdi, Məmməd Araz oldu!

Məmməd Araz deyiləndə bir də mənim gözlərimin önünə qayalar gəlir. "Qayalara yazılan səs", "Daş qartal", "Ağlayan qayalar", "Məmməd Araz qayası", "Qanadlı qayalar", "Daş harayı", "Ərimgəldi qayası" şeirləri təsadüfən yazılmayıb. M.Araz zirvəsi, M.Araz dağı, M.Araz kürsüsü, M.Araz ucalığı, M.Araz bulağı gəlir xəyalıma. Qaya Məmməd - Məmməd qaya olmaq da hər şairə qismət olmur.

"Mən duyuram sən olmağın ağırlığını. Ey mən qaya, mən olmaq da asan iş deyil", - deyən şair qayaların taleyini insanlaşdırır, daşların-qayaların nə çəkdiyini insanlara xatırladır. Daş - ağlaya-ağlaya yol gözləyən daşa dönmüş anadır, daş - dünyanın taleyini düşünən insandır, daş - daşlaşan dilimizdir, daş - "daşlaşan, torpaqlaşan ulu babam"ın harayıdır. Daş - bir qayaya söykənib daşa dönmək istəyən bir şairin ölümsüz obrazıdır. Daş - beli sınan, tağı uçan körpülərin, ağrı-acrısıdır. Çünki "o da elə bir gün idi, igidlərin yaşaması daş olmaqla mümkün idi". Çünki "Qaya kimi dayaq olub, yumruq olub, ox olublar, qayadöşlü qəhrəmanlar qayalıqda yox olublar". Qaya-daş obrazı Məmməd Araz üçün canlı həyatdır. Ona görə də Vətənin özünü də qayalaşdırır şair.

 

Azərbaycan qayalarda bitən bir çiçək,

Azərbaycan çiçəklər içində qaya

 

- deməklə vətəni bir daha müqəddəsləşdirir şair.

 

Bir qayanın dibindəcə süfrə açdıq,

Kürsümüz də, mizimiz də daşdan idi.

 

Məmməd Arazın havasında, suyunda, süfrəsində, çörəyində, təbiətində, xarakterində bir qaya təbiəti var. Məmməd Araz yaradıcılıqda neylədisə, "Vətəni sevmək naminə, ucaltmaq naminə" elədi. Sözlə həm vətəni ucaltdı, həm də özü ucaldı.

Məmməd Araz istedadlı, "ağıllı ürəkdən, ürəkli ağıldan" doğuldu. Onun poeziyası qələmə qardaş, varaqlara şumlanmış torpaq dedi, yazı masasını Mil-Muğan, Qarabağ düzünə bənzətdi, yaradıcılığı sirdaş bacı, həmdəm qardaş bildi, ürəyin yarpaq dilini, bənövşə nisgilini duydu, ürəksiz başlardan, başsız ürəklərdən uzaq oldu. "Bir zərrənin işığına milyonlar şərik olan dünyada, Yüz il qoşa atılsaq da qoşa düşmərik" - şeirdən bir dünya yaratdı.

Füzulidən Allah nişanı, Səməddən vurğunluq aldı. Sevgi nəğməsi oxudu. İlham pərisi ilə həmişə dost oldu. Babək qılıncına söykəndi.

Məmməd Araz olmaq üçün nurlu suda yuyunmalısan, şeirin çətin yollarında addımlamalısan, torpağın dilini bilməlisən, kotandan, xışdan yapışmalısan, holavar oxumalısan, ana ürəyinin qubarından, ata əlinin qabarından doğulmalısan, bir qayaya söykənib qayaları, daşları daş dilində dilləndirməlisən, səndən-məndən ötüb vətənə dəyən zərbələri öz üzərinə götürməlisən, "Günəşi ittiham edənlər"ə cavab vermək üçün çox sualları cavablandırmalısan, qara sazın tellərində "bəlkə bu yerlərə bir də gəlmədim" deməlisən, eyni zamanda sən bu dünyadan getsən də, dərələr, dağlar, meşələr, çəmənlər, qarlı zirvələr, əsən yellər, ötən dillər səndən deməli, səndən danışmalıdır. Ürəksiz bir kəlmə də olsun yazmamalısan. Dünəni döşdən asmamalısan, dünəninə qəbir qazmamalı, tarixi tarix kimi göstərməlisən. Ürək elə deməlidir ki, əl öz yazdığını dəyişməsin. Budur Məmməd Araz olmağın çətinliyi!

Məmməd Arazın yolu Nizamidən başladı, Füzulidən keçdi, Aşıq Ələsgərdən, Səməd Vurğundan qüvvət aldı.

 

Hər külək ağzında bir səmtə varsam,

Açılmaz şeirimin qızıl dan yeri.

Əgər yer üzündə Nizami varsa,

Fikir dartımıdır fırladan yeri.

 

- dedi, Nizamiyə söykəndi. Yolunu heç çaşmadı, fikrini, əqidəsini parçalamadı, dar cığırları böyük yollara qovuşdurdu.

 

Bu yollarda öləcəyəm, özüm bilirəm,

Bu ölümü ən şərəfli ölüm bilirəm.

 

- deyib şeirin-sərvətin yolunda yeni bir işıq yandırdı. Elə bir işıq ki, o heç vaxt sönməyəcək.

Məmməd Araz əkinçi ömrü yaşadı:

 

Bir ömür yaşadım - əkinçi ömrü,

Öz ömrümü şum elədi öz əlim.

 

Varaqları qara şum elədi. O şumda Məmməd Araz karandaşı göyərdi. Varaqlara söz toxumu səpdi, bərəkət göyərtdi, sünbül yetişdirdi, unu, dəni, çörəyi evləri, süfrələri, könülləri bəzədi. Onun söz süfrəsində hər cür nemət oldu.

 

Mən gözəl bir süfrə açdım,

sözdən əhli-aləmə,

Onda bir zövq artıran

hər dürlü nemət düzmüşəm.

- deyən babası Füzuli kimi, sözün süfrəsində dürlü-dürlü nemətlər düzdü. Oxucuların ürəyinə hopdu. "Gündoğandan günbatan mənzilim" deyən şairin vətəni Azərbaycan qədər böyüdü, dünya qədər genişləndi, türk dünyası qədər ucaldı, ən uca zirvələrlə baş-başa dayandı.

Gənc qələm yoldaşlarına:

 

Dünyada bir damla olmaq istəsən,

Dünyaya bir ümman həvəsiylə gəl

 

- deyib onları yaradıcılıq sevgisinə çağırdı. "Şəhriyar gəlmədi" şeiriylə ayrılığa, həsrətə, hicrana qəzəbini, nifrətini bildirdi, silləsini vurdu, yumruğunu endirdi.

 

Güllər güllüklərdə dərili qaldı,

Çiçəklər yollara sərili qaldı.

 

"Şəhriyar gəlmədi" - deməklə həm də o tayın qələm adamlarına tükənməz məhəbbətini ifadə etdi.

Sevdiyi şairlər çox olsa da, ən çox Füzulini, Aşıq Ələsgəri və Səməd Vurğunu sevdi, Füzuliləşdi. "Nədənsə, şairim, adın gələndə çox şairin adı yadımdan çıxır", - deyib Füzuliyə əbədi sevgisini, şirin-şəkər qoşmaları ilə Ələsgər yoluna sədaqətini dilə gətirdi.

 

Sazına Vaqifin səsimi gəldi,

Səsindən baharın nəsimi gəldi.

Alqışa Füzuli, Nəsimi gəldi,

Eşqə gətirəndə qəzəllər səni

 

- deyib, Səməd Vurğuna vurğunluğunu göstərdi.

 

Bilirsən, təzə bir əsər yazıram,

Eh, nələr düşünüb, nələr yazıram.

Hər sözü incidir, hər sözü haqdır,

Adımı göylərə qaldıracaqdır.

 

- deyən şair dostluqdan yazdı, dostdan yazdı, dünyanı dostluğa çağırdı. Dilinə yalan qonan dostları dilindən salıb itirdi, "dərdini öz dərdi bilən dostları" sevdi, əzizlədi. Onu ölməyə qoymayan dostlarını minnətdarlıqla yad elədi.

 

Ömründə bir kəsə dost olmayan kəs,

Hansı bir dostluqdan əsər yazır bəs?

 

- deyib, sualları ilə insanı düşündürdü. İnsan sevgisinə böyük önəm verdi. "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" hökmünü də Məmməd Araz imzaladı.

Məmməd Arazın şeirləri - indi də bir çox parçalarını əzbər bildiyim "Üç oğul anası" poeması gündəlik söhbətlərdə, dost məclislərində, oxucularla görüşlərdə, ədəbi müzakirələrdə həmişə səslənirdi, təhlil olunurdu, yüksək qiymətləndirilirdi.

 

Üç oğul böyüdən oğul anası,

Özgələr çiynində gora gedirdi.

 

- deyən şair,

 

Qəlbimin bu sadə şeiriyyətindən,

Bir ana heykəli qoyulsun bu gün.

 

- deyib ananın ölməz ruhuna bir poetik abidə qoymuşdu.

Məmməd Arazın dostları çox olsa da, iki ziyalının adını çəkməyi özümə borc bilirəm. Biri xalq şairi, hamımızın çox istədiyimiz, "əmi" dediyimiz Söhrab Tahirdi ki, o, Məmməd Arazın gənclik, cavanlıq dostu olub. Söhrab Tahir o taydan gələndə Məmməd Araza yazmışdı:

 

Sən məni bir axşam qonaq saxladın,

Yaramı yaranla yayıb bağladın.

Mənim gözlərimlə bəzən ağladın,

Qoymadın gözlərim dola, qardaşım.

 

Toyuna gəlmişəm, hər yan xonçadır,

Boş əlim bükülmüş qanlı qonçadır.

Bircə ürəyim var, parça-parçadır,

O sənə çatacaq, ala, qardaşım.

 

Məmməd Araz Söhrab Tahirdən, onun şairliyindən, insanlığından, dostluğundan həmişə ürəklə danışdığı kimi, Söhrab Tahir də Məmməd Arazın böyüklüyündən həmişə ürəklə danışır. Ömrünün müdrik çağlarını yaşayan Söhrab Tahir bu gün də Məmməd Araz deyir, Məmməd Araz eşidir. Bir də Cəfər Quliyevi (xalq arasında ona Cəfər həkim deyirlər) böyük sevgilərlə xatırlayıram. Mən həmişə Cəfər həkimi Məmməd Arazla görmüşəm.

Məmməd Arazın gərəkli, lazımlı günlərində Cəfər həkim həmişə onunla bir yerdə olub. Sevincinə, dərdinə şərik olub. Məmməd Araza həsr olunan şeirlərdən ibarət bir kitab da nəşr elətdirib. "Haqqın var yaşamağa" adlı bu kitab oxucuların stolüstü kitabına çevrilib.

Məmməd Arazın vətəndaşlığı çox yüksək səviyyədə idi. Vətən Məmməd Araz üçün kitablara sığışmayan bir mövzu idi. Onun əbədi ünvanının adı Vətən idi:

 

"Vətən mənə oğul desə nə dərdim",

"O, dərman istəmir, Vətən istəyir,

Dərdli, yoxsul olsun, tək vətən olsun!"

 

"Bir-iki yarpaqlı sözüm vardısa,

Vətəndən almışdım, Vətənə qaldı",

 

"Vətən daşı olmayandan,

olmaz ölkə vətəndaşı",

 

"Sənə inanıram, keşikdə duran,

Ayıq Vətən oğlu, Vətən əsgəri",

 

"Bu gün gərək hər anımız Vətən desin".

 

Vətənlə bağlı bu cür misallar Məmməd Araz yaradıcılığında çoxdur. Nə qədər desən misal gətirmək olar. Ancaq söhbət ondan gedir ki, bütün yaradıcılığı Vətən yanğısı üstündə köklənib. Vətənin torpağı da, daşı, qayası da, ağacı, yarpağı da, qarışqası, arısı, kəpənəyi, böcəyi də, canlı-cansız təbiət də Vətən deyir, Vətənlə nəfəs alır. Bu da şairin yaradıcılığında ən işıqlı səhifələrdən biridir - deyib, yanılmadıq.

Məmməd Araz insan kimi də böyük idi. Bütün qələm dostları onu insan kimi çox yüksək qiymətləndirir, xətrini həmişə əziz saxlayırdılar. Mən onu dostların əhatəsində, oxucularla görüşlərdə, ayrı-ayrı insanların taleyi ilə bağlı işlərdə çox müşahidə eləmişəm. Çox diqqətcil, xeyirxah, alicənab, qayğıkeş idi. Heç nə gözündən yayınmırdı. Yaxşılıq eləmək, qayğı göstərmək, sahib durmaq onun üçün ən böyük mükafat idi. Unudulmaz sənətkarımız Mikayıl Mirzə onun şeir və poemalarını çox ilhamla, ehtirasla oxuyurdu. "Mikayılın oxuduqları yalana, böhtana, riyakarlığa, nadanlığa qarşıdır. Onları daşıyanlara qarşıdır, onlara sillədir, qılıncdır Mikayılın şeirləri. Onları dinləməmək mümkün deyil", - deyən Məmməd Araz öz nəfəsindən, ilhamından Mikayıla pay vermişdi. Mikayıl da Məmməd Arazın şeirlərini, poemalarını oxuyanda göydə ildırım kimi çaxırdı. Əmi hər dəfə Mikayıla qulaq asdıqca cavanlaşır, qartal kimi uçmaq istəyirdi. Məmməd Arazın Mikayıl Mirzəyə yazdığı şeirlər şair ürəyinin çırpıntıları, döyüntüləridir.

Səsi salonları titrədən, zalları ayağa qaldıran Məmməd Araza görüşlərdə çox qulaq asmışam. Coşqun, havalı, sinəsi sözlə dolu olan Məmməd Arazı bu gün də həmin duyğularla xatırlayıram. İlk dəfə onu APİ-də (indiki Pedaqoji Universitet) görüşdə Söhrab Tahirlə birlikdə görmüşəm. Sonradan çoxsaylı görüşlərimizdə şairi həmişə ilhamlı, çılğın, ehtiraslı görmüşəm.

Bir dəfə Astaraya gedirdi. Məni də özü ilə götürdü. Onda orada İnşallah adlı bir dostu işləyirdi. O dəvət eləmişdi. Mən Məmməd Arazın böyüklüyünü, insanlığını, geniş ürəkli bir insan olduğunu, dostluğunu, sədaqətini onda kəşf etdim ki, mən adi bir insanla yox, böyük Azərbaycan şairi ilə yola çıxmışam. Aradan otuz ildən çox vaxt keçsə də, o görüşləri, Astarada keçirdiyimiz Məmməd Arazlı günləri böyük ehtiramla xatırlayıram.

 

Bir xatirəm köçəcəkmi xatirələrə,

Min xatirə köçəcəkdir mənimlə, əfsus.

 

- deyən ustad şairimiz bu gün xatirələrdə, ürəklərdə, yaddaşlarda yaşayır. Şeirimizdə, şeiriyyətimizdə, poeziyamızda yaşayır.

 

Ana yurdun hər daşına üz qoyum,

Hər dərəndə çaldığım saz yaşayır.

...Sıx gözünü, hansı daşda su yansa,

O daş altda Məmməd Araz yaşayır.

 

- deyən ustad sənətkarımız yaşayır və yaşayacaq nə qədər söz var, Azərbaycan xalqı var, Məmməd Araz da var olacaq!

Əziz oxucu! Bilirsən, Məmməd Arazı duyursan, sevirsən, tanıyırsan, oxuyursan, öyrənirsən. Ancaq indi onu "Bir Şuşa bürcü", "tamaşa bürcü", şeirimizin "Məmməd Araz bürcü" kimi yenidən oxu, sev, əzizlə, yaddaşlara yaz, ürəklərdən ürəklərə, gözlərdən-gözlərə köçür, sözlərini el-el, kitablarını əl-əl dolaşdır.

Ürək xəzinəndə "Bu da belə bir ömürdü yaşadım", "Dünya sənin, dünya mənim, dünya heç kimin", "Vətən mənə oğul desə nə dərdim", "Şair, qayalara, dağlara söykən", "Bəlkə, bu yerlərə bir də gəlmədim", "Ya Rəbbim, bu dünya sən quran deyil", "Sən kimə gərəksən, mən kimə gərək", "Fillərin ömrünü qoruyun", "Nobel mükafatı", "Anamdan yadigar nəğmələr", "İki ömür yolu, bir dəmir yolu", "Atamın kitabı", "Məmməd qaya, qaya Məmməd", "Nə günah", "Tək səni özümlə aparacağam", "Unut məni, aldat məni, at məni", "Professor Gülə məktub", sevgi nəğmələri, Araz dünyası ilə bağlı əsərlərindən ibarət bir Məmməd Araz dünyası yarat! Qoy bu dünya səni həmişə işıqlı yollarla gələcəyə doğru aparsın. Elə bir gələcəyə ki, orda Məmməd Araz var!

 

Məmməd Araz deyiləndə

ayağa dur ki,

Ana yurdun ürəyinə

toxuna bilər.

Ədalət.-2013.-29 oktyabr.-S.4.