Həyatın özü
qədər gerçək ömür
Dünya bir pəncərədir - deyənlər doğru deyib. Çünki biz istəsək də, istəməsək də bu pəncərə dünyadan çox boylanırıq, çox baxırıq. Özü də hər baxışımızda nəsə axtarırıq, nəsə tapırıq və axtarıb tapdığımız, xatirələrinə daldığımız, gah da üstündən sükutla keçdiyimiz həmin o "dünən" sözü bütün mənalarında bizi pəncərə önündən çəkilməyə qoymur... Çünki pəncərə adlanan bu dünya o qədər rəng çalarları ilə yüklənib ki, ondan göz çəkmək mümkün olmur. Təəssüf ki, heç kimin doymadığı, göz çəkmək istəmədiyi bu dünyada öz nümunə olacaq qədər gözəl və dəyərli dünyasını yaradanları bəzən ya görmürük, ya gec görürük, ya da onun sahibinin təvazökarlığından çəkinib susuruq. Bundan isə tək bizlər yox, bütövlükdə insanlıq itirir. Görəsən nədən belədir? Ümumiyyətlə bu yanaşmanı dəyişmək mümkündürmü? Məncə mümkündür və gərəkdir. Çünki belə pəncərələrdə görüləcək və götürüləcək çox şeylər var.
Boynuma alıram ki, hələ heç bir vaxt qələmi əlimə götürəndə söz qarşısında, fikir qarşısında bu qədər düşünərək dərindən götür-qoy etməmişəm. Bu an nədənsə ürəyimdə olanları, düşüncələrimi sözə çevirmək üçün çox ehtiyatlanıram. Adətən mən çox yaxşı tanıdığım, sonsuz hörmət bəslədiyim insan haqda məyisə demək istəyəndə məhz həmin o bəlli təlaşları keçirirəm. Bunun da öz səbəbləri var. Birincisi yaxşı tanıdığım insanı gördüyüm əzəmətdə təqdim etməyi düşünürəm. Onla layiq olanları ürək süzgəcindən keçirərək qələmə almaq niyyətində oluram. Səmimi insanı ən uca zirvəyə ucaldıb, qeyri-səmimilərə görk etmək istəyi məni tərk etmir, rahat buraxmır. Yəqin elə buna görə də yaxşılardan çox yazmaq, çox demək, çox anlatmaq istəyirəm ki, yamanlara dərs olsun və təəssüflə "bax belə yaşamaq lazım imiş" desinlər, İkinci və əsas səbəb isə bəlkə haqqında söhbət açmaq istədiyim İNSANın - Ədibə xanım Mir Cəlal qızı Paşayevanın günəş kimi ziya saçan ömrünün, aylarının, illərinin tutumlu olmasından irəli gəlir? Həyatın hər anını mənalı yaşayan, parlaq taleyinin səhifələrinə xeyirxahlıq, qayğıkeşlik, zəhmət və məhəbbət hopmuş bu xanımın davranışından, insanlara münasibətindən, onunla ünsiyyətdə olan hər kəs yetərincə nəticə çıxarıb, kübarlıq və sadəlik öyrənib, yaşayıb - yaratmağa həvəs göstərər. Mənəvi dəyərlərə böyüdüyü ailədə önəm verildiyini hələ lap uşaqlıqdan görüb-götürən Ədibə xanım böyük mənəviyyatı, elə-obasına bağlılığı, sevgisinə sadiqliyi ilə əsl bir vətəndaş və xanım-xatın Azərbaycan qadınının obrazını xatırladır mənə. Elə bütün bu sadaladığım və sadalayacağım məziyyətlərə söykənərək insanlığın ən uca zirvəsini fəth edən Ədibə xanım haqqında səmimi, bər-bəzəksiz, gün kimi aydın və həyat qədər gerçək bu yazıya başladım... Bu qərarı verməklə həqiqətə daha çox yaxınlaşdığımı anladım, həqiqət isə danılmazdır və bu həqiqətdə onu da anladım ki, qəribliyi, niskilləri, ayrılıqları könlünün ən dərin qatlarında qoruyub saxlayaraq məğrur və bütöv bir ömür yaşayan böyük yazıçımız Mir Cəlal müəllimin övladı məhz bu cür şəxsiyyət olmalı idi və oldu da! Uzun illərdir Ədibə xanım atasının dərs dediyi ölkənin birinci Universitetində böyük bir kafedraya başçılıq etməklə auditoriyalarda onun ruhunu sevindirərək qürurla çalışır, gənclərə elmlə bərabər ləyaqət, ədəb-ərkan və qeyrət dərsi verir. Saysız elmi məqalələrin və dərsliklərin altına öz imzasını atır. Ədibə xanımın baxışlarındakı istini, mərhəməti duyan hər kəs onu doğma bilir. Bu xanım insanları bircə kəlməsindən anlayan, yaxşılığını və ülfətini ətrafındakılardan əsirgəməyən böyük ürəkli, mədəni və həlim insandır. Nəzakətli davranışı, gülər üzlülüyü və duyğulu olması ilə Ədibə xanım qadınlığa yaraşıq, müəllimliyə işıqdır. Ona hörmətlə yanaşanlar da, onunla yaxın olmaqdan qurur duyanlar da az deyil. Yaşadığı zəmanədə insanlığın uca Tanrı tərəfindən qoyulmuş haqqına söykənənlərdən və onu özü üçün haqq edənlərdəndir mənim qəhrəmanım.
Yuxarıda qeyd etdiyim kimi təəssüf ki, bəzən yaxşıya uca səslə yaxşı deməkdən ehtiyatlanırıq sanki. Lakin mən az olmayan yaşımda belə qənaətə gəlmişəm ki, bu dünyanın mənası elə onun qoynunda şərəflə yaşayan seçilmişlərin həyat dastanıdır, xarakterilərindəki xüsusiyyətlərdir və bizlər - bütün bunları görə bilənlər bunlardan söz açmalı və danışmalıyıq... Ədibə xanım gözəl bir ailə ortamı yaşamış qadındır. Onun ailə həyatı bütünlüklə əsl örnəkdir, məktəbdir. "Yar yolunda boran olar, qar olar" deyib aqillər və Ədibə xanım bir qadın kimi öz ömür-gün yoldaşının - mübariz, mərd, əyilməz və ailəcanlı Eldarının yolunda həqiqətən çox - çox fırtınalara sinə gərərək yaşayıb və bu gün də həmin ər ömrünün hərarətini qəlbində qoruyub saxlayaraq yaşayır... Ədibə xanım çox təvazökar qadındır hətta təvazökarlığın ən uca zirvəsini fəth edib desəm daha doğru olar. Ədibə xanımın sabit və dəyişməyən xarakteri onu insanlara daha çox sevdirir. 40 illik müşahidələrimdən çıxış edərək onu da deyə bilərəm ki, valideynləri, ailəsi, övladları, eləcə də bütün doğmaları tərəfindən bu qədər çox sevilmək bir insanın səadətidir. Ədibə xanım öz peşəsinin vurğunu, müəllimliyin simvolu, tələbələrinin sevimlisidir. Hamımız kimi Ədibə xanımın da həyatında ağrılı günlər, aylar olub. O, isə hər şeyi köksünün altında qoruyub saxlayıb və yalnız sevincini insanlarla bölüşüb. Çoxlarına dayaq olan və bunu nümayiş etdirmədən gerçəkləşdirən nadir insanlardandır Ədibə xanım. Xırdalıqlarla yaşamayan hər kəsdə və hər şeydə yaxşılıq görən bu təmiz qəlbli və etibarlı xanımdan ömrümün ən çətin anlarında - itkilərimin ağırlığından dünyadan küsüb-inciyəndə, həyatdan qopmaq dərəcəsinə gələndə mən də çox diqqət görüb, təsəlli tapmışam. O üzdən də sevincimdə də, kədərimdə də mənimlə olan, mənə hər zaman dözümlü olmağı tövsiyə edərək könlümü alan bu qeyri-adi insanı - Ədibə xanımı düşünərək, dediklərini yada salaraq keçmişəm fələyin günahlarından.
Bu günlərdə isə Ədibə xanımı sevənlərin qapısını bir müjdə döydü - bu gözəl insan, bu dəyərli ziyalı Azərbaycan Prezidenti hörmətli İlham Əliyev cənabları tərəfindən "Əməkdar müəllim" fəxri adına layiq görüldü. Ömrünün bu gözəl çağında Ədibə xanımın əməyinə dövlət başçısı tərəfindən verilən qiymət onu tanıyanların hamısını sevindirdi. Elə bu sevinc hissi ilə də mən əzizim Ədibə xanımı səmimi qəlbdən təbrik edir, ona Ulu Yaradandan can sağlığı və uzun ömür diləyirəm. Sonda onu da demək istəyirəm ki, doğrudan da bu dünyada insanın əsli-kökü, gözünün-könlünün toxluğu, təmkini, pak adı, bir də əməlləri onun tərcümeyi-halına çevrilir. Təbii ki, pəncərə adlandırlan bu dünyaya söykənib arxada qalan illərə nəzər yetirsək onda ömür-gün yoldaşı Eldar Qasımovun həyatı ilə Ədibə xanımın həyatının təkcə paralelliyinin yox, həm də bütün çalarlarının üst-üstə düşməsinin də şahidi olarıq və görərik ki, bu dünyada ailə bütövlüyünün, iki ürəyin odundan alışan ocağın və həmin ocağın bu gün də yanan işığının kökündə məhz Eldar-Ədibə məhəbbəti, səadəti, gücü dayanır. Dünyanın da, həyatın da gözəlliyi məncə elə bundadır. Bu gözəl ömürdə nə yaxşı ki, onların halal haqları və halal payları var...
SONA
ÇƏRKƏZ
BDU-nun müəllimi
Ədalət.-2013.-29 oktyabr.-S.6.