Bura məskənidir gözəlliklərin...

 

Pöhrələr, şitillər indi körpədir,

Fidanlar on qarış deyil hələlik.

Sabah boy atacaq, görəcəksiniz

Xəzərin qoynunda yaşıl meşəlik

Qumsalı gülüstan edən kəsləri

Nəsillər hörmətlə yad edəcəkdir.

 

Xalq şairi O.Sarıvəlli

 

İyirmi ildir ki, Abşeron arxipelaqının sahəsinə görə ən böyük adası hesab edilən Çilov adasında yaşayır və işləyirəm. Məni bura jurnalistlik taleyim gətirib. Buna görə Ulu Tanrıya minnətdaram.

XVIII-XIX əsr rus mənbələrində adı çəkilən, Jilov alandırılan Çilov adasının tarixi daha qədimə gedib çıxır. X əsrin ərəb səyyahı və coğrafiyaşünası Əbul-İshaq-İbrahim-ibn Məhəmməd əl-Fərəy İstəharinin "Dövlətlər və yollar" kitabındakı xəritədə Xəzər dənizi - Bəhrül Xəzər çevrə şəklində verilmiş və dənizdə yalnız iki ada olduğu göstərilmişdir. Adalardan biri şimal-qərb hissədəki Cəzireyi Siyaku (Kulalı), digəri Cənub-qərbdəki Cəzireyi Əlbab (Çilov) olmuşdur. Orta əsr ərəb səyyahları bu adaya ov heyvanlarının (xüsusən ceyran) zənginliyindən söhbət açırlar. Oronim "çilli", "xalı" mənasını əks etdirir ki, bu da adadakı heyvanların zahiri görünüşünə işarədir. (Mənbə "Elm və həyat" jurnalı, 1965, №2). Qədim yaşayış insan məskənlərindən olan Çilov adasının ilk adı Ronis, sonralar isə Şahilan olub. Sahəsi, sakinləri barədə bir çox tədqiqat əsərlərində bəhs edilsə də bu haqda müxtəlif fikirlər mövcuddur. Bakının Zirə, Türkan kəndlərinin əhalisi buradan balıq tutmaqla yanaşı, otlaq kimi də istifadə etmişdir. Xəzərdəki on doqquz Mayakdan biri də XIX əsrdə əcnəbilər tərəfindən inşa olunmuş Çilov Mayakıdır. XX əsrin əvvəllərindən ortalarınadək burada əsasən Şimaldan sürgün olunmuşlar yaşamışlar. Onların əsas məşğuliyyəti balıqçılıq, suiti ovlamaq olmuşdur. Böyük Vətən müharibəsindən sonra Azərbaycan geoloqları, geofizik alimləri axtarış-kəşfiyyat işlərini genişləndirərək Çilov neft yatağını kəşf etmiş, dənizin dərinliklərinə doğru irəliləyərək əfsanəvi Neft Daşlarının kəşfi zamanı buranı özlərinə qərargah seçmişlər. Çox keçmədən Çilovda Yeni qəsəbə salınmış, əhalinin sayı artmış, tərkibi dəyişərək həm peşə, həm milli, həm də məşğuliyyət, adət-ənənə baxımından zənginləşmişdir. Bu gün ümumi sahəsi 28 kv.km olan, mərkəzi hissəsindəki xiyabanda 70 metrə yaxın hündürlükdə Dövlət Bayrağımızın ucaldığı Çilov adasında min nəfər daimi qeydiyyatdadır. İki min beş yüz nəfərə yaxın işə gedib-gələn insan yaşayır. Ada günü-gündən gözəlləşir, sosial-iqtisadi cəhətdən inkişaf və tərəqqi etməkdədir. Xəzər rayonunun ən yaraşıqlı, işıqlı qəsəbələrindən biri kimi sayılıb-seçilir, turistləri və qonaqları cəlb edir. Böyük potensialı olan neftçilər qəsəbəsi kimi özünün ən parlaq günlərini yaşamaqdadır. Onun aylı-ulduzlu, nurlu gecələri, geniş və abad küçələri, parkı, Şəhidlərin və vertolyot qəzasında həlak olmuş neftçilərin xatirə xiyabanları, bağ-bağçaları, yaşıl massivləri, meşə zolaqları, flora və faunası, yeni texnologiyaya əsaslanan biotəmizləyici, suvarıcı sistemi, gün ərzində 500 kub metr dənizin şor suyunu şirinləşdirən Əks-Osmos-Membran qurğuları və s. barədə geniş bəhs etsək, vaxt aparar. Təkcə onu qeyd etmək lazımdır ki, son dörd-beş ildə əlli hektar neftlə, kimyəvi reagentlərlə çirklənmiş, eləcə də səthi qum, daş, çınqıl olan sahələrdə iməciliklər yolu ilə Ümumdünya ətraf mühitin mühafizəsi günü 50 min müxtəlif ağac, şitil, ting, dekorativ bitkilər əkilmişdir. Minlərlə kvadratmetr sahədə isə yaşıl ot örtüyü salınmışdır. Yaxşı da çıxış (98 faiz) alınmışdır. Bu isə ölkə üzrə ən yüksək göstəricilərdəndir.

Əkilmiş ağacları bəzək kolları, tinglər buranın quru subtropik iqliminə, Abşeron zonasının təbiətinə uyğun seçildiyindən, onlara aqrotexniki qaydada qulluq edildiyindən bu ağac və kolların qayğısına qalmaqdan ötrü yüksək ixtisaslı mütəxəssislər cəlb olunduğuna görə nəticə də ürək açandır. Yaşıllıq təsərrüfatının yaradılmasının da rolu böyük olmuşdur. Bu gün əkilmiş ağacların bəziləri - zeytun, əncir, heyva, xartut, iydə, gilənar, nar bar verir. Ada sakinlərnin bir çoxu bu meyvələri nübar eyləyib.

Bağbanlar qazandıqları nəticələrlə, uğurlarla kifayətlənmir, biomüxtəlifliyi daha da artırmağa çalışırlar. Onlar sübut edirlər ki, əgər tapşırılan bu nəcib işə can yanğısı ilə yanaşaraq, vicdanlı münasibət bəsləsən, neftli-mazutlu göməçələri qurudub, rekultivasiya edərək yararlı etmək, susuz səhranı, qumlaqlı, çınqıllı adanı - eroziyaya uğramış torpağı da gülüstana çevirmək olar.

"28 May" NQÇİ-nin Mənzil-Kommunal Təsərrüfatının rəis müavini, AMEA-nın Mərkəzi Nəbatat bağının dissertantı, alim-aqronom, təbiət vurğunu, şair Xosrov Kərimli deyir: "İki ilə yaxın müddətdə yaradılmasına baxmayaraq "28 May" NQÇİ MKT-nın Yaşıllaşdırma Sahəsinin Çilov adasında 50 hektar ərazidə 50000-dən artıq əkdiyi ağaclar və dekorativ kollar adanın mənzərəsini dəyişməklə bərabər ekoloji problemin məhəlli həllinin bir atributu olaraq ətraf mühitin vəziyyətinə və dayanıqlığına müsbət təsir edən mühüm amildir. Çilov adasında yaşıllıqların salınmasında Azneft İstehsalat Birliyinin, habelə "28 May" NQÇi-nin rəisi R.Qarayevin və idarə rəisinin müavinlərinin, o cümlədən ekologiya şöbəsinin, digər struktur bölmələrin əməkdaşlarının xüsusi diqqəti və əməyi olmuşdur. Adaya əkin materiallarının, qidalı torpaq, üzvi və mineral gübrələrin daşınmasının, qeyri sabit hava şəraitində yeni bağ salınmasının təşkil edilməsi doğrudan da böyük fədakarlığın nəticəsidir və bu səbəbdən, əkilmiş ağac və kolların bitmə faizi 98-dən yuxarıdır. Bu isə təkcə Abşeron zonasında deyil, Azərbaycanda ən yüksək göstəricilərdən biridir.

Çilov adasında əkilən ağaclar və kollar quru subtropik iqlimi olan Abşeron zonasına uyğun seçilərək aqrotexniki qaydada əkilmiş və becərilir. Eyni zamanda adada görülən tikinti və abadlıq işləri, habelə 100 hektara qədər yaşıllaşdırılacaq ərazi bunu deməyə əsas verir ki, Azərbaycanda ada turizminin inkişafı üçün ilkin perspektivlər açılmaqdadır.

Maraqlıdır ki, bağbanlar təkcə bağ-bağça, xiyabanlar, meşə zolaqları salmaqda deyil, həm də yaşıl idman forması geyinərək hər tərəf gül-çiçəkli, yaşıllıqla əhatə olunmuş yeni inşa edilmiş yaşıl meydançada da öz sözlərini, idman şərəflərini qorumağı bacarır, vətənpərvərliklərini göstərə bilirlər. Ulu Öndərin anadan olmasının 89-cu ildönümünə Respublika və Milli Qurtuluş günlərinə həsr olunmuş mini-futbol turnirinin qaliblərindən olmuş Yaşıllıq təsərrüfatının komandası varlıqları ilə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın, təbiətin qorunması, havanın sağlamlaşdırması uğrunda mübarizə apardıqları qədər də yaşıl meydançada gərgin mübarizə aparmağa nail olublar. Onlar qaliblərdən biri kimi "28 May" NQÇİ rəhbərliyi tərəfindən qiymətli hədiyyələrlə, fəxri fərmanlarla mükafatlandırılmışlar. Əlbəttə, bunlar böyük səyin, çalışqanlığın, zəhmətin məntiqi nəticəsidir. Bir də axı ulularımız gözəl söyləmişlər: "El gücü, sel gücü".

...Torpaq halallıq sevir. Çilov adasında yaşayan insanlar öz halal zəhməti ilə yaşayan, torpağa sevgisini sözlə deyil, əməli işlə ifadə edən neftçilərdir. Əksəriyyəti də dəniz neft mədənlərində müxtəlif vəzifələrdə, ayrı-ayrı peşələrdə çalışır, ölkənin iqtisadiyyatının möhkəmləndirilməsində öz töhfələrini layiqincə verirlər. Lakin onlar bununla kifayətlənmir, cəmiyyətdə gedən proseslərə də biganə qalmayaraq "Hərəyə bir ağac əkək" aksiyalarına, ümumxalq iməcliklərinə qoşulur, o cümlədən Çilovda tez-tez keçirilən yaşıllaşdırma işlərində fəal iştirak edirlər. Çünki bu vacib işin əhəmiyyətini dərindən başa düşür, xalqın, millətin gələcəyinə, sağlam nəsillərin davamına xidmət etdiyini gözəl anlayırlar. Xəzərin qoynunda xariqələr yaradan dəniz neftçiləri dəyərli əməlləri, fəaliyyətləri ilə gözəlliklər yaratmağı da bacarırlar. Təbiətə saf münasibətdən, torpağa, vətənə, hüquqi dövlətə həqiqi sevgidən isə insana münasibət yaranır. Ekoloji mədəniyyət ümumi mədəniyyətin tərkib hissəsidir. Təbii gözəlliklərlə mənəvi gözəlliklərin vəhdəti, ekoloji mədəniyyət cəmiyyəti daha mənalı edir, daha da gözəlləşdirir, zənginləşdirir, sağlamlaşdırır, saflaşdırır. Bu məqsədlə ada və qəsəbə sakinləri arasında geniş izahat, maarifləndirmə işlərinə də böyük önəm verilir, təbliği xarakterli tədbirlər həyata keçirilir. Məhz buna görə də dövlətimizin əsas prioritetlərindən biri də təbiəti və cəmiyyəti sağlaşdırmaq, vətəndaşlarının ekoloji təhlükəsizliyinin qayğısına qalmaq məsuliyyətini öz üzərinə götürməsidir. Bu məqsədlə 2001-ci ilin mayında Ulu öndər H.Əliyevin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən 2010-cu il "Ekologiya ili" elan edildi. Bu gün ekologiya və ətraf mühitin mühafizəsinə dair beş Milli və Dövlət Proqrammı respublikamızın bölgələrində uğurla icra edilir. Ölkəmizdə çox möhtəşəm işlər görüldü. Respublika üzrə dörd milyon ağac əkilməsi faktı da bunun əyani təzahürüdür. Ən başlıcası isə insanlarda, cəmiyyətimizdə ekoloji təfəkkürün formalaşdırılması sahəsində, adamların sağlam həyat tərzinin istiqamətində aparılan fərəhləndirici işlərdir. Bütün dünyanın diqqətini cəlb edən Avrovizion mahnı yarışması zamanı Vətənimizin son illərdə yaradılmış gözəl məkanları, əsrarəngiz guşələri ölkəmizə gələn turistləri və iştirakçıları valeh etdi. Əcnəbi turistlər və qonaqlar çox təəssüflər olsun ki, insan zəkasının, qabarlı əllərinin qüdrəti ilə yaradılmış kəndlərin, qəsəbələrin, şəhərlərin, yaşayış məskənlərin ecazkar mənzərələri ilə tam tanış ola bilmədilər. Sadəcə olaraq, bu gözəlliklərin sayı-hesabı, bir də görünür, vaxtları imkan vermədi ki, seyr etsinlər, həzz alsınlar. Öz ölkələrinə daha zəngin təəssüratla qayıtsınlar. Vətənimizin bu cür gözəlliklərinin ünvanlarından biri də Çilov qəsəbəsi ola bilərdi. Əgər əcnəbilər Çilovda olsaydılar ki, əmin olacaqdılar ki, heç Avropanın göbəyində belə möcüzələrlə dolu, abad, geniş səliqə-sahmanlı küçələr, gecəsi-gündüzündən fərqlənməyən, işığı, suyu, qazı və s. fasiləsiz verilən fəhlə qəsəbəsinə, yaşıllıqlar adasına bəlkə də dünyanın az-az yerində rast gələ bilərlər. Özü də dənizin tən ortasında. Bəli, bu gün də akademik Azad Mirzəcanzadənin təbirincə desək, öyünməli, fəxr etməli nələrimiz və kimlərimiz kifayət qədərdir.

Bütün bu gözəlliklər Azərbaycan dövlətinin müstəqilliyinin bərpasının iyirmi ili ərzində yaradılmışdır. Milli sərvətimiz olan neftimizdən gələn gəlirlərin səmərəli surətdə xalqın maddi-mənəvi rifahının yaxşılaşdırılması istiqamətində aparılan ağıllı, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində yaradılmışdır. Ölkə başçısının nitqlərində vurğuladığı "bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" fikri həyatda möhtəşəm işlərlə əməli təsdiqini tapır. Bu gün insanlar təkcə maddiyyat barədə düşünmür, həm də öz estetik zövqü qayğısına qalır, gözəlliklər yaratmağa meyl, təbiətə qayğı göstərir. Dövlətimizin də ali məqsədi insanların mənəvi-əxlaqi kamilliyinə nail olmaqdır. Bu amil isə ana təbiətə münasibətdə özünü daha qabarıq göstərir. Çünki xalq şairi Rəsul Rza demişkən, "biz torpağın qoynunda, ana qucağında gözlərimizi dünyaya açmışıq, torpaq üstündə ayaq tutub yerimişik, dil açıb danışmışıq. O bizim ölümsüz, qocalmayan, yorulmayan anamız, ilk və son beşiyimizdir. İnsan torpağın oğlu, onun hamisı, onun yiyəsi, onun bağbanıdır. Torpaqsız həyat yoxdur. Torpağın insan kimi dostu, havadarı, övladı var. İnsan ən yararsız, quru torpağı çiçəkli, çəmənli bir bağa döndərməyə qadirdir. Torpaqla insanın dostluğu qədim, qırılmaz, əbədidir. Torpağı - anamızı daha dərin, daha qaynar, daha davamlı, böyük məhəbbətlə sevək", - deyərək insanları təbiətə, torpağa münasibətdə müdrikliyə səsləyən xalq şairi Rəsul Rzanı yazıb yaratdığı, yaşadığı dövrdə bəşəri problem olan ekologiyadan çox bəhs edilsə də, tədbirlər görülməsi yalnız söz olaraq kağız üzərində qalırdı. Akademik Həsən Əliyevin "Həyəcan təbili" çalması ana təbiətə ögeyliyin, doğma torpağa laqeydliyin, biganəliyin, ekologiya və ətraf mühitin mühafizəsinə qarşı etinasızlığından irəli gəlmişdi. Keçmiş İttifaqı ancaq neft sərvətimiz maraqlandırırdı. Çilov adasında da torpaqlar tamamilə yararsız hala düşmüş, neftli-mazutlu gölməçələr yaranmışdı. Dəniz sahili boyunca zibilliklər, köhnə avadanlıq, texniki tullantılar qəbiristanlığı yaranmışdı. İndi bunlardan əsər-əlamət belə yoxdur. ARDNŞ və Azneft İB rəhbərliyinin prinsipial, məqsədyönlü ekoloji siyasəti həyata keçirən "28 May" NQÇİ rəhbərliyinin təşəbbüskarlığını əmək kollektivinin ekologiya və ətraf mühitin mühafizəsi sahəsində gördüyü böyük işlərini müsbət nümunəvi təcrübə kimi yüksək qiymətləndirir. Nəcib təşəbbüslərin həmişə dəstəkləməsi də şübhəsiz, kollektivi daha möhtəşəm işlərə sövq və səfərbər edir. Yaxın zamanda Xəzərin Çilov sahili boyunca gözəl bir park salınmasına başlanacaqdır. Çətin vəzifədir. Ancaq şərəflidir. İnsanlara, insanlığa, ana təbiətə xidmət edən, onların qayğısına, qeydinə qalmaq baxımından xeyirxah təşəbbüsdür. Cəmi iyirmi il bundan yaşıllıqları məhv olub getməkdə olan Çilovun boş düzənliklərində son dörd-beş ildə cənnətməkana çevrilməsinə də bir vaxt inananlar çox az idi. Amma yaradıldı. Bu gün bu gözəlliklər artıq reallıqdır, gerçəklikdir. Yaşıllıqlar göz-könül oxşayır. İydə, akasiya çiçəklərinin, qızılgül kollarının ətri insanların ruhuna dinclik, mənəvi rahatlıq gətirir. Bundan gözəl nə ola bilər?

Əsas odur ki, insanda əqidə, görülən işin bəşəriliyinə dərin inam olsun! Çilov adasında gözəllik yaradan insanlarda isə bu əqidə və inamın kökləri dərindədir. Əkdikləri ağac və kolların çinar və palıd ağaclarının kökləri kimi torpağın dərin qatlarındadır...

 

***

Hava sakitdir. Vurğunu olduğum, yay-qış fərq qoymadan görüşünə gəldiyim, həmsöhbətim, könül sirdaşım, böyük loğmanım Xəzərin sahilindəyəm. Xəzərin xəzrisi də, gilavarı da mənim üçün əzizdir. Onunla hər görüşüm mənim qəlbimdə yeni poetik fikirlər, saf duyğular oyadır. Bu saflığı onun təmiz havasında, boy verməyən yerlərdə belə dırnağının göründüyü şəffaf sularından qaynaqlanır. Çilov limanından həm dənizdə öz dəniz həyatını yaşayan irili-xırdalı gəmilərdəki çətin olduğu qədər də romantik olan dənizçilərin yaşam tərzi gözüm önündə canlanır, həm də səhərə qədər oyaq qalan, bir neçə dəniz milli ətrafa işıq saçan qədim Mayakı, uzandıqca uzanan yollar boyu qəsəbəni, adanı nura qərq edən çıraqbanları seyr edirəm. Dönüb ətrafımdaı narın qumlu, balıqqulağılı sahildə bəyaz gül açan ətirli yovşanın yabanı bitkinin sevincini görürəm. Ürəyim dağa dönür, sinəm qabarır, qəlbim fərəh hissi ilə döyünür. Xalq şairi, yüzilliyini qeyd etməyə hazırlaşdığımız M.Dilbazinin misralarını xatırlayıram:

 

Dəniz havalı vətən,

Martda bizim torpaqdan

Bənövşə ətri gəlir,

Apreldə təzə yarpaq

Göy meşə ətri gəlir

Mayda iydə, qızılgül,

Qışda qar ətri gəlir.

Qoynu barlı, bəhərli,

Bizim səfalı torpaq

Çəmən, çiçək ətirli

Dəniz havalı torpaq.

Qoruyacaqlar səni

Sərin dəniz havalı

Qara neftin vətəni

 

Düşünürəm ki, bütün bunlar inkişaf və tərəqqinin aydın təzahürüdür. Dövlət müstəqilliyimizin dövməzliyinə, əbədiliyinə, sarsılmazlığına çıraq tutan amillərdir. Axı bütün bu uğurlar, aydınlıqlar özü aydın siyasətin bəhrələridir. Aydın sabahlarımızın, barlı-bərəkətli günlərimizin gündən-günə cücərən, boy atan, yaşıllaşan intəhasız arzularımızın gerçəkləşməsi, reallığa çevrilməsi deməkdir. Bundan böyük xoşbəxtlik ola bilərmi?

Axı dünən, o biri gün belə deyildi...

... Uzaqlarda əfsanəvi Neft Daşları, beş-on addımlıqda isə Çilov qəsəbəsinin işıqları dənizin lacivərd sularında sayrışmaqdadır. Getməyə hazırlaşıram. Bu zaman Çilov limanına yan alan "Abşeron" gəmisindən həzin musiqinin təranələrini aydın eşidirəm. Müğənni mahnının nəqarətini şövqlə oxuyur:

 

Bura məskənidir gözəlliklərin.

Qəribə aləmi vardır bu yerin.

 

Vahid Hacıyev

 

Ədalət.- 2013.- 31 oktyabr.- S. 6.