HƏRBİ TƏHSİL DALINCA
Şəmistan
Nəzirli,
İstefada olan olan polkovnik-leytenant
(Əvvəli ötən
sayımızda)
1988-ci ildə Xırdalan qəsəbəsində yaşayan səksən iki yaşlı generalın qohumu Nadir Teymurzadənin söhbəti: "Məşhur sərkərdə Səməd bəy Mehmandarov anamın dayısıdır. Atam Teymur Peterburq mühəndislik institutunu bitirmişdi. O, milyonçu Musa Nağıyevin zavodunda işləyirdi. 1917-ci ildə Bakıda kor bağırsaq xəstəliyindən vəfat etdi. Ailəmiz 1928-ci ildə Gəncəyə köçdü. Məni anam yeddinci nümunə məktəbinə qəbula apardı. Məktəbin müdiri Paşa Hüseynov dedi ki, uşağı Mehmandarov familiyası ilə məktəbə qəbul edə bilmərik. Bu familiya həm uşağa, həm də bizə xeyir gətirməz. O vaxtlar bizim Mehmandarovları bir ucdan həbs edib Sibirə göndərirdilər. Paşa müəllim xeyli fikirli-fikirli dayanıb dedi ki, icazə verin atasının adını familiya edək. O vaxtdan mən Teymurzadə familiyasını daşıyıram.Səhv eləmirəmsə 1930-cu ilin yay ayı idi. Anam Bəyimağaya xəbər göndərmişdilər ki, dayın Səməd bəy xəstələnib. Ona baş çəkməyə Bakıya gedən anam məni də özü ilə apardı. İndiki İstiqlal küçəsindəki evinə gəldik, kişi bərk qocalmışdı. Evdə tək idi. Otaqlar demək olarki, boş idi. Kasıb bir ailə yaşayışı açıq-aydın hiss olunurdu. Yadımdadı, böyük otaqdakı iki şkaf kitabla dolu idi. Mənim stolun üstündəki şəkilli kitabı maraqla vərəqlədiyimə diqqətlə baxan Səməd baba dərslərimi soruşdu. Söhbət arası anam deyəndə ki, mən Teymurzadə familiyasını daşıyıram. Bərk hisləndi, anamı danladı:
- Famili niyə dəyişibsən? Heç bilirsən ki, Mehmandarov nə deməkdir? - Özü də əsəbi-əsəbi cavab verdi - Qonaqsevər, qonaqsevər... Bizim nəsl bu familiya ilə tanınır.
Bu mənim anamın dayısı, şöhrətli generalımız Səməd bəy Mehmandarovla birinci və axırıncı görüşüm idi".
UZAQ ŞƏRQDƏ
Tam artilleriya generalı Səməd bəy Mehmandarov haqqında yazmağı düşünəndə qeyri-ixtiyari Əli ağa Şıxlinskini xatırladım. Tez-tez Şıxlinskinin "Xatirələrim"dəki ayrı-ayrı epizodlar yadıma düşürdü. Mənə elə gəlir ki, Səməd bəy Mehmandarovun sonrakı ömür yolunu Əli ağa Şıxlinskidən yaxşı bilən ikinci şəxs olmayıb. Ona görə də Şıxlinskinin əvəzsiz xatirələrinə müraciət edəcəyəm. Onlar ilk dəfə 1888-ci ildə tanış oldular. Bu dostluq 1931-ci ilin fevralına kimi - Mehmandarov dünyadan köçən günə qədər davam etdi. Həmyerlilərin bu dostluğu bir neçə müharibə alovundan, inqilab tufanından keçib nəsillərə nümunə oldu.Çox təəssüf ki, Səməd bəy Mehmandarov da Əli ağa Şıxlinski kimi hərbi memuar yazmayıb. Buna otuzuncu illərin sərt ab-havası günahkardır. Onda Heydər Hüseynov kimi məşhur, xeyirxah alim ədəbi ictimaiyyətə təzə gəlmişdi. Bizə əziz miras kimi qalan "Xatirələrim"in bəxti onda kəsdi ki, müharibə başlananda milli Azərbaycan diviziyasının yaradılması ilə bağlı məsləhətə gələn Heydər Hüseynov generalın xatirələrinin dəyərini qiymətləndirərək onu qələmə aldı. Ömrünün son künlərini yaşayan Şıxlinski də qürbətdə, səngərlərdə, palçıq və qanqarışıq cəbhə meydanlarında Səməd bəy Mehmandarovla keçirdiyi günlərini unutmayıb müəyyən epizodları ona diktə etdi.
Bir hərbçi xadim kimi, Səməd bəyin xidmətləri əvəzsizdir. Xüsusilə onun artilleriya atəşinin avtomatlaşdırılmasında və səhra toplarının yüngülləşdirilməsindəki xidmətləri hərb elminə layiqli töhfə olmuşdur. Hərbi sərkərdə kimi, rus hərb tarixçiləri, yazıçıları onun artilleriya sahəsindəki böyük nüfuzundan, qorxmazlığından, istedadından iftixarla yazırlar. Özümüzdə isə, inqilabdan əvvəlki generallarımızdan söz düşəndə ən az məlumata malik adam belə Şıxlinskinin və Mehmandarovun adını çəkə bilir. Etiraf etməliyik ki, son illərə qədər hər bir azərbaycanlının tanıdığı yalnız bu iki əfsanəvi general olub. Təəssüf ki, onların da adını çox vaxt qorxa-qorxa çəkmişik. Rəsmi dairələrdə isə onların adının yanında həmişə bir neçə ağ ləkə olub: "çar generalıdı", "müsavatın hərbiyyə naziri olub", "bəy nəslinin nümayəndələridir" və s. Bu minvalla, yersiz damğalarla görkəmli sərkərdələrimizi unutmuşuq, az, lap az tədqiq etmişik. Amma qonşularımız praporşik rütbəsində olan oğlunu elə tərifləyir, haqqında o qədər yazır ki, az qala gözündə generaldan da uca olur. Halbuki, yadların fəxrlə söhbət açdığı bu iki generalımız Port-Arturda yaponlara, Birinci dünya müharibəsində almanlara, 1918-20-ci illərdə erməni daşnaklarına qarşı vuruşaraq ulu babalarımızdan gələn döyüş ənənələrini bütün dünyaya yaymışlar. Birinə "artilleriyanın allahı" fəxri adı, o birinə isə "Müqəddəs Georgi" ordeninin üçüncü və dördüncü dərəcəsi verilib. Böyük imperiyanın minlərlə generalları arasında onların da öz yeri olub.Əli ağa Şıxlinskinin aydan arı, sudan duru xatirələrindən bizə məlum olur ki, podpolkovnik Mehmandarov ilk dəfə 1900-cü il avqustun üçündə çinlilərə qarşı vuruşmada ad-san qazanmışdı. Uzaq Şərqə hərbi xidmətə gələn gənc zabit Əli ağa Şıxlinski həmin ili Nerçinsk şəhərində düşərgə salmış Zabaykal topçu divizionunda həmyerlisi ilə görüşünü sevinclə qeyd edir: "Divizion iki batareyadan ibarət idi: birincisinə podpolkovnik Enqelman, ikinci batareyaya isə mənim həmyerlim və köhnə tanışım podpolkovnik Səməd bəy Mehmandarov komandanlıq edirdi".Əli ağa Şıxlinskinin xatirələrindən aydın olur ki, o, həmyerlisi ilə fəxr edirmiş. Bu da təsadüfi deyildi. Axı, hərbin sərt qanunlarında ciddi nizam-intizama baxmayaraq, kinayə ilə "aziat" deyilən bir millətin cavan zabit oğlu az müddətdə Rusiyanın ikinci və üçüncü dərəcəli "Müqəddəs Stanislav", ikinci dərəcəli "Müqəddəs Anna", üçüncü dərəcəli "Müqəddəs Vladimir", sərkərdələrə məxsus "İgidliyə görə" (qızıl qılıncla birgə) ali ordenləri ilə təltif olunmuşdur.1875-ci ildə Peterburqdakı Konstantin yunkerlər məktəbini bitirən Səməd bəy hərbi biliyə olan güclü marağı və fitri istedadı sayəsində bir il keçməmiş podporuçik rütbəsi ilə təltif olunur. Xidmətdə çox sürətlə irəliləyən Mehmandarov, yeni əsrin başlanmasına iki il qalmış podpolkovnik idi. Bir az əvvələ qayıtsaq görərik ki, cəmi iki il Varşava hərbi dairəsində xidmət edən mayor Səməd bəy Mehmandarov şəhər hərbi məhkəməsinin üzvü seçilib.Əli ağa Şıxlinski bunları bilirdi və həmyerlisinin Uzaq Şərqdə çinlilərlə döyüşdəki məharəti ilə haqlı olaraq fəxr edirdi.Zabaykal topçu divizionun batareya komandiri Səməd bəy Mehmandarov tapşırıq almışdı ki, Kiçik Xinqan dağ silsiləsini düşməndən müdafiə etsin. Komandir üç sıra səngər qurdurdu. Silsilənin coğrafi şəraiti çılpaq təpələr olduğuna görə batareya düşmənin atəşi altında özünə mövqe tutmalı idi. Özgə çıxış yolu yox idi. Bura topların qurulması, topçuların əl-qol atması üçün münasib deyildi. Batareya döyüşə hazır olan anda Zabaykal vilayətinin rəisi, general-mayor Rennenkampf əmr verdi ki, çinli əsgərlər Sisikara şəhərindən çıxır. Onlara atəş açın. Bu vaxt silahsız, hərbi paltarda olan iki dəstə düşmən əsgəri təntənə ilə şəhərdən çıxmağa başladı. General nə qədər qışqırıb bağırdısa, Mehmandarov silahsız adamlara atəş açmadı.
Bu əhvalatın canlı şahidi Əli ağa Şıxlinski olub. O, yazır ki, bu hadisəyə görə general Rennenkampfla Mehmandarov arasında ciddi münaqişə oldu. General Rennenkampf Mehmandarovu hədələyərək dedi ki, əmri yerinə yetirmədiyinə görə, batareya komandirliyindən çıxarılıb məhkəməyə veriləcəksən. Səməd bəy Mehmandarov isə silahsız adamlara atəş açmağı qəti rədd etdi. O, şəhərdən çıxan çinlilərin başı üstündən atəş açdırıb onları geri qaytardı. Sisikara şəhərində bir nəfərin belə qanı axıdılmadan Mehmandarovun batareyası tərəfindən alındı....Polkovnik Səməd bəy Mehmandarovun artilleriya divizionu 1902-ci ildə Mancuriya ərazisində öz xidməti borcunu yerinə yetirirdi. Komandanlıq ona mühüm bir tapşırıq vermişdi: Siyan-Sin rayonunda yapon agentlərinin - xunxuzların quldur dəstələrini ləğv etmək. Az bir müddətdə quldur dəstələrini ləğv edən polkovnik Mehmandarovun divizionu onların başçısı, xunxuz generalı Çembeyinin özünü də əsir aldı. Həmin əməliyyatlardakı əla döyüş xidmətlərinə görə komandir - Səməd bəy Mehmandarov üçüncü dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə təltif olundu.
1903-cü ilin əvvəllərində Səməd bəy Mehmandarov altı aylıq məzuniyyət alıb Peterburqa qayıdır. Jitomirli Yelizaveta Nikolayevna Teslavla ailə həyatı qurur. Yeddi aylıq topçu zabitləri məktəbində təhsilini davam etdirir.
Əli ağa Şıxlinskinin xatirələrindən:
"Mehmandarov bizdən ayrı olduğu bu müddətdə batareyaya mən komandanlıq edirdim. O, hissəmizə qayıdanda həyata keçirdiyim bütün tədbirlərlə tanış oldu, çox razı qaldı... Mehmandarov batareyanı qəbul etdi. Bütün dəftərlərdə pulun qəbul edilməsi aktına qol çəkdi. Amma pulları saymadı. Mən təəccüb edərək, pulları niyə saymadığını soruşduqda, gülümsəyərək:
- Siz ki, saymısınız, - dedi, - mənim saymağıma ehtiyac yoxdur.
Səməd bəy Mehmandarov həmişə kefi saz olanda etdiyi kimi, indi də papağını yan qoyaraq, açarı cibinə qoydu və evinə getdi. Kiçik rütbəli yoldaşlarım bu işə çox təəccüb etdilər. Çünki onlar komandirimizin dövlət pulu üçün necə can yandırdığını yaxşı bilirdilər. Mən onlara başa saldım ki, Mehmandarov kimi şəxslər, adama bir dəfə inandılarmı, hər cəhətdən inanarlar. Məni isə Səməd bəy Mehmandarov 1888-ci ildən tanıyır".
PORT - ARTURUN AZƏRBAYCANLI QƏHRƏMANLARI
Zaqafqaziya müsəlmanlarının başçısı Şeyxulislam Əbdülsalam Axundzadə Rus- Yapon müharibəsinin başlanması ilə xalqa xüsusi bir müraciətnamə ünvanlandı. Orada müsəlmanların xəyanətkar yaponlara qarşı müharibədə iştirak etməyə hazır olduqları göstərildi.
Azərbaycan burjuaziyası müharibə fonduna çoxlu vəsait verdi. Bakı Bələdiyyə idarəsi müharibə fonduna 15 min manat, Gəncə şəhər duması 2 min manat. Neft sənayeçilərinin qurultay şurası 150 min manat, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev və başqa iri kapitalistlər 10 min manatdan çox pul vermişdilər. Müharibə fonduna vəsait toplanmasında varlılarla bərabər məmurlar, mürtəci zabitlər də can-başla iştirak edirdilər. Azərbaycanın bəy-mülkədar dairələrindən çıxan bir sıra azərbaycanlı zabitlər də Port-Arturun müdafiəçiləri sırasında idi.
"Azərbaycan
tarixi" II cild, səh. 548,
1964-cü
il nəşri
1904-1905-ci illərdə Uzaq Şərqdə Port-Artur qalası uğrunda döyüşlərin iştirakçısı iki
sərkərdənin - Əli ağa
Şıxlinski və Səməd bəy Mehmandarovun olduğu oxuculara məlumdur. Təəssüf ki, onların
da həmin
illərdəki döyüş yolları
indiyədək xalqımıza çatdırılmamışdır.
Hərb
tariximizin bu açılmamış səhifələrində
arxiv sənədləri əsasında tədqiqat
aparanda məlum oldu ki, indiyədək adı və
xidməti
unudulmuş tam süvari
generalı Hüseyn xan Naxçıvanski, Şahzadə-general
Əmirkazım Mirzə Qacar, Əsəd bəy
Talışxanov, Şahzadə-podyesaul (kazak qoşunlarında kapitan) Feyzulla Mirzə
Qacar, Şahzadə-podpolkovnik Əliqulu Mirzə Qacar, polkovnik İlyas bəy
Ağalarov, ştabs-kapitan
Gəray
bəy
Vəkilov,
xoruncuy (kazak rotasında ilk zabit rütbəsi)
Əbdürrəhman Qurbanov, Cəmaləddin
Musayev, poruçik Ağababa Sadıqov, podporuçik Zülfüqar
bəy
Bağırbəyov
və
başqaları Port-Artur
müharibəsində mərdliklə vuruşmuşlar.
Gecə keçirdi, istirahət etməyə hazırlaşırdım. Birdən telefon zəng çaldı. "Belə
bivaxt, kimdi görəsən?" - deyə
fikirləşib
dəstəyi qaldırdım. Zərif səsli
bir qadın üzxahlıq edib:
- Mənə filankəs
lazımdır, - dedi.
- Mənəm, eşidirəm
Sizig
- Gec olduğu üçün bağışlayın,
sizi narahat edən
Qalina Semyonovna Səfərovadır. Telefonunuzun nömrəsini
indicə
çətinliklə öyrənə bildim. Tərtib etdiyiniz general Əli ağa Şıxlinskinin
"Xatirələrim" kitabını mən də
maraqla oxudum. Bilirsiniz, Sizi niyə
narahat elədim? Bizdə 1905-ci ildə
nəşr
olunmuş "Niva"
jurnalının bir illik nömrələri
saxlanılır. Orda Əli ağa Şıxlinski
və
Səməd bəy
Mehmandarov haqqında yazılar var, şəkilləri də
dərc
olunub. Amma nədənsə Şıxlinski
kitabına yazdığınız
"İzahlar və qeydlər"
bölməsində bu barədə oxuculara heç bir məlumat
verməmisiz.- Qalina Semyonovna,
- dedim, - mənim o mənbədən xəbərim yoxdur.
Çox sağ
olun ki, bu barədə məlumat
verdiniz. Günü sabah kitabxanaya
gedibg- Kitabxanaya niyə,
- deyə
Qalina Semyonovna etiraz etdi, - məmuniyyətlə jurnalı
müvəqqəti istifadə
üçün Sizə verə
bilərəm.Ertəsi gün Q. Semyonovanın Bəşir
Səfəroğlu küçəsindəki mənzilində görüşüb jurnalı
birqə
vərəqlədik. "Niva"
jurnalı 1905-ci il dördüncü nömrəsinin
yetmişinci səhifəsində Əli ağa Şıxlinskini
altı nəfər döyüşçü
- zabit və iki qadınla birgə çəkilmiş foto şəklini dərc edib. Şəkilaltı yazıda
oxuyuruq:
"Port-Artur müdafiəsində artilleriya divizionun komandiri Əli ağa
Şıxlinski Suişin
kəndinin yaxınlığındakı
Drakonovıy Xrebet dağına atəş açaraq yaponların hücumunu dəf etmişdir. Podpolkovnik Əli ağa Şıxlinski
göstərdiyi rəşadətə görə "Müqəddəs Georgi" ordeninin dördüncü dərəcəsinə təqdim
edilmişdir". Şəkildə ortada artilleriya
komandiri Əli ağa Şıxlinski,
zabit Mixaylov, Şişkin, Karamışev,
Qyunter, Şuleykin və
başqaları". Üçüncü
istehkamda olan bu hadisəni
illər
keçəndən sonra Əli ağa
Şıxlinski belə xatırlamışdır:"Tamamilə
açıqda duran toplarımın atəşi, hücum edən yapon piyada qoşununu geriyə
oturtdu. Atışma səsini eşidən polkovnik
Mehmandarov general Nadeinin yeraltı qazmasından çıxaraq
yanıma gəldi.
Fikirləşdim ki, ehtiyatsızlığıma görə hirslənəcəkdir.
Vəziyyətlə tanış olduqdan
sonra dedi:
- Yaxşı eləmisiniz.
Birinci batareyanın bir
vzvodunu da Sizə
köməyə göndərirəm.
Mehmandarov tədbir və sərancamları bəyəndiyini söyləyib, öz məntəqəsinə qayıtdı. Bu əməliyyata görə mən, köhnə orduda qəhrəmanlıq ordeni olan Georgi Pobedonessov ordeninə təqdim edildim".Jurnalın həmin səhifəsində həmyerlimiz Səməd bəy Mehmandarovun da şəkili verilib. Haqqında isə belə bir məlumat yazılıb:"Yeddinci Şərqi-Sibir artilleriya briqadasının general-mayoru Səməd bəy Sadıq oğlu Mehmandarov Port-Artur müdafiəsindəki qəhrəmanlığa görə dördüncü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunub". "Niva"nın yetmiş birinci səhifəsində gözəl, zərif naxışlarla işlənmiş bir buynuz şəkli də verilib. Port-Artur döyüşlərinin komandanı Anatoli Mixayloviç Stesselə Zaqatala şəhər cəmiyyəti tərəfindən hədiyyə olunan bu buynuz gümüşlə işlənib. Şəklin altında oxuyuruq: "Zaqatala şəhər sakinlərindən general-adyutant A. M. Stesslə dağ keçisi buynuzunu hədiyyə edirik".
(ardı var)
Ədalət.-2013.-31
oktyabr.-S.7.