"Ömrün qatarı" yola
düşdü, gecikdim
mən...
Çatlayır nar kimi sinəmdə ürək,
Qədrini vaxtında biləydim gərək.
Kaş külək olaydım, dəli bir külək,
Əsəydi üstündə sözüm
yurdumun.
Bu sətirlər şairə
Nəzakət xanımın
"Yurd həsrəti"
şeirindəndir. Yenicə işıq
üzü görən
"Ömrün qatarı"
kitabında təqdim olunmuş bu şeirdə sanki iyirmi ildən artıq Vətən niskili sinəsini döyənək eləyən,
Yurd həsrətiylə
qovrulub yanan mən və mənim kimi yüzlərlə, minlərlə
qaçqın-köçkünün
hiss və duyğularını
dilə gətirib Nəzakət xanım.
Bu ruh, bu ab-hava onun digər
şeirlərində də
dolğun, qabarıq, məzmunlu şəkildə
öz əksini tapıb.
Lap düzü, "Araz"
nəşriyyatında çap
olunan bu şeirlər toplusu barədə düşüncələrimi
onun müəllifini şəxsən tanımadan
qələmə almış
olsaydım, çox güman ki, kitabdakı poetik nümunələri birər-birər
saf-çürük edərək
ümumi rəy söyləyəcəkdim. Ancaq məsələ
burasındadır ki, mən Nəzakət xanımı yaxından tanıyıram, yaradıcılığına
bələdəm. Ümumiyyətlə, şairi tanımdan onun haqqında söz söyləməyi
məqbul saymıram.
Ona görə, səmimi söhbət edəcəyəm.
Çünki bu xanımın,
bu şairənin özü olduqca səmimi bir insandır və onun poeziyası da daxili dünyasıyla
sintez təşkil etdiyindən yapışıqlı,
ürəyəyatımlı, bir sözlə, səmimidir. Bu "qatar" səmimiyyət yüklüdür.
Çağdaş ədəbiyyatımızın görkəmli nümayəndələrindən
biri olan Musa Yaqub deyir: "Mən Nəzakət xanımın şeirlərində
səmimiyyəti daha çox xoşlayıram.
O, sözün keşiyində
dayanır. Buna görə də, yaradıcılığına böyük
məsuliyyətlə yanaşır".
Eyni zamanda kitabın redaktorunun "ön söz"ündəki fikirlər
Musa Yaqubun düşüncələriylə
üst-üstə düşür
və tarın qoşa simi kimi köklənmişdir.
Şair Zülfüqar
Şahsevənlinin fikirləri
isə belədir:
"Duyduğu, hiss elədiyi,
yaşadığı anlara
poetik don geyindirən,
onları əzizləyə-əzizləyə
ürəyinin güvənər
yerində qoruyub saxlayan və günlərin bir günündə gizli bir sirri açırmış
kimi dostlarına pıçıltıyla oxuyan
Nəzakət xanımın
şeirlərində qəribə
bir səmimiyyət
var. Bu səmimiyyətin haləsi,
aurası, şüaları
uzun müddət səni yaman gözdən, yaman sözdən qoruyur. Poeziyanın qüdrəti, poeziyanın
sehri də elə budur. Öpüb gözümüzün üstünə
qoyduğumuz çörək
müqəddəs olduğu
kimi yaxşı söz, yaxşı şeir də eləcə gözümüzün
üstündə, ürəyimizin
başındadır". Nəzakət xanımın şeirləri
buna bariz nümunədir. Çünki bou-buxunu, biçimi, danışığıyla büsbütün
Nəzakət xanıma
oxşayan bu şeirlər həmişə
gözümüzün üstündə,
ürəyimizin başındadır.
Nəzakət xanım həzin
duyğulu şairə
olmasına rəğmən
həm də vətənpərvər şairədir.
Və bütün bunların hamısından öncə
Azərbaycan qadını,
azərbaycanlı ana olduğu üçün
kövrəkdir. Görün
şəhid anasının
dərdinə necə
şərik olur, ona necə ürək-dirək
verir, ağrıları
canından-qanından necə
keçir:
Oğlunun qəbrinin üstünə
gedən,
Ananın harayı dərdin səsidir.
Tanrı
dərgahında uca sayılan
Oğlunun yetdiyi şəhid
zirvəsi, -
Ananın yeganə təsəllisidir.
Əslində bu təsəllini şəhid anasına Nəzakət xanım özü verir, onu sakitləşdirir, dərdini məzar daşına söyləyən,
qəbir daşına
sığal çəkən
anaya toxtaqlıq verir, onu səbirli,
təmkinli olmağa çağırır. Bəzən
isə Qarabağ itkisindən hikkələnir,
Tomris varisi kimi, bu torpağın
mətin, üsyankar qızı kimi haray çəkir:
Baxışları gül-çiçəyi kəsirdi,
Gəzməyəndə dağı-daşı küsürdü.
Yurd yerləri, aman Allah, əsirdi,
Vətən, bizi bağışlama!
Nəzakət xanım eyni zamanda səbrini basıb bu qisasın
qiyamətə qalmayacağından
əmindir. Əminliyi isə səbəbsiz
deyil; gündən-günə
güclənən Milli
Ordumuz var və öz oğlu Ramil bu qüdrətli ordunun zabitidir.
Şükür, sənin yanında
alnım açıqdır,
Vətən!
Bir cəsur,
bir qəhrəman
oğul böyütmüşəm
mən.
Bir qarış torpaq üçün
canını fəda
edən
Bayrağına,
himninə,
şərəfinə and içən
zabit anasıyam mən!
... Kitabın üz qabığına baxıram. Sanki payız
yağışı "Ömrünqatarı"nın pəncərəsindən
süzülür. Narın yağışın
döyəclədiyi bu
pəncərədən isə
ətrafa müxtəlif
təbiətli, müxtəlif
düşüncəli insanlar
baxırlar. Onların
arasında fərəhli
olanı da, qüssələnəni də,
yarıyolda enəni də, sona qədər
gedəni də, talesiz minəni də, həmişəlik
əlvida deyənləri
də var. Və ən maraqlısı odur ki, "Ömrün qatarı"nın sükanı arxasında əyləşən
Nəzakət xanım
bu sərnişinlərin
hər biri haqda düşünür,
xəyalən onların
hər birinin yanındadır.
O, yol boyu geridə
qoyub gəldiyi zamanın, taleyin acılarını-şirinlərini udquna-udquna həzm eləyir. Heç nəyi unutmayır Nəzakət xanım:
Boylanıram dünənimə
yana-yana.
Hər nə varsa mənə
yaxın,
mənə doğma.
Təkcə məndən ayrı
düşən,
xatirimdən,
gözlərimdən silinməyən
uşaqlıqdır,
bir də əziz ata,
ana.
Şairə ata-anasını da, taleyinə acıdığı
bacısını da
(həm də hər kəsdən çox!), Vişnyovka bağlarındakı uşaqlığının
ən şirin, unudulmaz anlarını - İradəni, Afəti, Aidəni və sair onlarla insanı...
bu "Ömrün qatarı"nda bir-bir gözünün önünə
gətirir. Xatırlamaq istəmədiyi şeyləri
belə xatırlayır.
Nəzakət xanım belə
anlarda - ağın qaradan seçilmədiyi, həsrətin əlində
ruhunun göynədiyi
bu dünyadan inciyir. Özü də lap çox!..
Yaş olub gözümdən düşənə kimi,
Əlindən nə çəkdim,
biləydin barı.
Bir gün üz döndərib, üzündən
sənin
Çıxıb gedəcəyəm göylərə
sarı.
Dünyadan gileylidir Nəzakət
xanım!
Şair Musa Yaqub da deyir
ki, mən heç bu dünyadan
razı qalmadım. Yeri gəlmişkən,
Nəzakət xanımın
şeirlərini oxuduqca
adama elə gəlir ki, bu şeirlərin mayasına Musa Yaqub poeziyasının ruhu hopub.
Mən qələm
dostumun müasir şeiriyyət dənizinə
axıb tökülən
özünəməxsus poetikasının
bu çirkab içərisində dupduru
şırım açdığından
əminəm. Ona görə, ürəyimdən
keçsə belə,
mən Nəzakət xanımın bütün
yaradıcılığını təhlil etmək fikrində deyiləm.
... "Ömrün qatarı"
artıq yola düşüb. Hər
gün səfərdə
olan bu qatar ömrün günbatanına tələsmir.
Eyni zamanda, ümidlə yola çıxır və yolunun üstündə acı ruzigarın əsməsini
istəmir. Və
mən "ərköyün
uşağa dönən,
bir kəlmə deməmiş gözləri
dolan" göylərdən
yağışın, çisəyin
ələndiyi bir vaxtda "Ömrün qatarı"na yenə gecikdim. Qatar baş alıb
getdi, mən isə arxasınca baxa-baxa qaldım. Payız,..
yağışlı bir gün... Belə bir gündə
Nəzakət xanımın
"Payız" şeirini
gərək heç oxumayaydım...
De, gözlərin yol çəkir
niyə...
nədən...
həmişə?!
Küskün baxan o gözlər
söylə, kimi gözləyir,
... gələcəkmi görüşə?!
Dayanmısan nitqi lal,
baxışların məlallı,
hüsnün məsum
bənəfşə, -
Hüsnün qardı, yağışdı...
Söylə, o nə baxışdı ?!
Ağaclar aram ilə
yaşıl donun soyunur,
Saralmış yapraqları
sanki ölümqabağı
bu yağışda
yuyunur.
Sən də fikrə getmisən,
diksinirsən...
mürgülü
xatirələr oyanır;
Ananın
məzarını
ziyarətə gedəndə
qəlbin odlanır,
yanır,
Bacının ağ telində
həzin, kövrək,
niskilli
duyğun, hissin döyünür...
Bəlkə də ona görə
çöhrən naxış-naxışdı.
Söylə, o nə baxışdı?!.
Eh, mən isə bayaqdan,
titrəyirəm sazaqdan...
yağış vurur, qar vurur.
Külək qarı, yağışı
elə bil ki acıqla
gözlərimə sovurur.
Bu gün hər yan qar-boran...
Sanki cəhənnəmdəyəm,
məni yoxdur qurtaran.
Səngimir bu yağış
da,
Baxa-baxa
qalmışam
dayanaraq "çıxış"da.
Belə
bir gündə
sən də
dayanmısan tənha,
tək,
Payız kirpiklərindən
ələnir ləçək-ləçək.
Hüsnün çiskin,
çən,
çisək...
Hüsnün qardı, yağışdı.
Xanım, o nə baxışdı ?!
Nəzakət xanıma yaradıcılıq uğurları arzulayıram.
Sabir Arazlı Özgün,
AYB və AJB üzvü,
"Yaddaş" Milli
mükafatı,
"Araz", "Qızıl qələm"
Ali Media
mükafatı laureatı
Ədalət.- 2013.- 31 oktyabr.- S. 8.