Yaşar nə vatxsa mənə zəng
vuracaq...
Bu günkü
müsahibim gözəl aktrisa, mehriban insan, səhnəmizin
xalq artisti Firəngiz Mütəllimovadı.
-Firəngiz
xanım, dərzi, jurnalist və aktrisa olmaq istəmisiniz? Necə
oldu ki, üçüncü sırada yer alan sənət
sizin həyatınızda birinci oldu?
- Haqlısınız. Mən bu üç sənətin üçünün də vurğunu olmuşam. Çünki, hər biri özlüyündə yaradıcılıq tələb edən sahələrdi. Şuşada dərzi Validə alı bir qadın vardı. Anam rəhmətlik həmişə onun yanına gedəndə özümü öldürürdüm ki, məni də aparsın. O vaxtı da hazır paltarlar çox az olurdu. Həmin dərzi də mənim pal-paltara olan marağımı görüb mənə həmişə zərli və müxtəlif parça kəsikləri verərdi. Mən də onları evə gətirib özüm üçün gəlinciklərimə cürbəcür paltarlar tikərdim.
Ümumiyyətlə, mənim ürəyimdə tutduğum üç peşənin hər biri özlüyündə yaradıcılıq tələb edən sahələrdi. İndinin özündə də evdə özüm-özümə dərzilik edirəm. Bir paltarı bəzən bir neçə formaya salıram.
Jurnalist ola bilməsəm də, jurnalistlərə
çox yaxın təmasdayam. Bu sahədə
yaxın dostlarım çoxdular. O ki qaldı
aktrisalığa... Mən bu sənəti
artıq özümü anlayan gündən seçmişdim.
Sadəcə olaraq evdə etiraf eləməkdən bir az qorxmuşam. Bakıya da gələndə
ilk dəfə sənədlərimi birbaşa İncəsənət
Universitetinə vermişdim.
-
Müsahibələrinizdə vurğulayırsınız ki,
çox utancaq, kövrək bir qız olmusunuz. O zaman əyalətdən
gələn bir qız kimi sənət yoldaşlarınız,
dostlarınız arasında sizə münasibət necə
oldu?
-
Çox utancaq xarakterim vardı. Hətta o
vaxtı bu xasiyyətimi bilən ixtisas müəllimim
Böyükağa Məmmədov mənə bir neçə
dəfə başqa universitetə keçməyi məsləhət
görmüşdü. Mən də öz ürəyimdə
deyirdim ki, indi görərsiniz mən necə aktrisa olacam(gülür).
Ancaq bir məsələ də vardı ki, mən
özüm deməyənə qədər ki, mən
şuşalıyam, hamı elə bilirdi ki, mən paytaxtdanam. Şuşada
böyüsəm də müasir geyinirdik, velosiped
sürürdük, həddindən artıq turistlərlə
rastlaşırdıq. Buna görə də mən
Bakıya gələndə heç kim məni
şəhər qızlarından ayırmırdı. Ləhcəsiz danışırdım. Geyimim də çox müasir idi. Hətta bir dəfə çox qısa yubkanın
üstündən jaket geyinmişdim. Rəhmətlik
Adil İskəndərov da bunu mənə irad tutub demişdi
ki- qızım sabahdan o yubkanı geyməzsən elə
üstündəki jaketlə dərsə gələrsən.
O gündən sonra mən həyatda çox qısa paltarlar
geyinməkdən əl çəkdim. Hətta Adil müəllimin
sözləri bir az mənə
toxunmuşdu. O, da bundan duyuq düşüb mənim
könlümü alıb dedi ki, -qızım incimə məndən.
Siz incəsənət Universitetində
oxuyursunuz. Buranın adı onsuz da çox
ağırdı. Gərək geyiminizlə,
nizam-intizamınızla başqa universitetlərdən fərqlənəsiz.
- Ekrandan çox səmimi, mehriban
insan təsiri bağışlayırsınız. Hətta
özünüz də bir az xəyalpərəst
olduğunuzu deyirsiniz. Cəmiyyətin belə
qaynar vaxtında çətin deyil bu cür xarakterlə
yaşamaq?
-
Çox qəribə də olsa, bəzən mən
ağlayanda da gülürəm. Yaşayış
çətin olsa da, olmasa da mən belə doğulmuşam.
Düzdü indi əvvəlki kimi xəyallar
qura bilmirəm. Əvvəllər daha çox xəyalpərəst
idim... Əslində qururam. Ancaq
nədənsə özüm üçün yox,
qardaşımın nəvəsi üçün,
bacımın uşaqları üçün xəyallar
qururam. Bəlkə də öz qurduğum xəyalların
hardasa səksən faizinə çamışam bundandı...
Bəlkə də daha qurulası xəyallarım yoxdu... Bilmirəm...
Ancaq hər necəyəmsə o cür
yaşamağı sevirəm.
- Valideynlərinizi də çox erkən
yaşınızda itirmisiniz. Evinizin
böyük övladı olaraq bu gün öz ailə üzvlərinizə
böyüklük etmək çətin deyil?
-
Atamı itirəndə, məndən qabaqda anam vardı deyə
nəsə bir az təsəlli
tapırdım. Elə bilirdim ki, atam harasa gedib
qayıdacaq. Lakin, anamı itirəndə
çox sarsıldım. Elə təsəvvür
edin ki, evimizdə bir ordu vardı və bu ordu bir anın
içində yoxa çıxdı. Anamdan
sonra mən elə bil ki, on, iyirmi yaş böyüdüm,
yaşlaşdım. Bacılarım,
qardaşım həmişə mənimlə idilər. Amma bir tərəfdən də mən onlara valideyinlərimi
əvəz etməyə məcbur idim.
Biz ümumiyyətlə bir-birimizə hədsiz
bağlı övladlarıq. Elə gün ola
bilməz ki, bir-birimizdən xəbər tutmayaq. Hal-hazırda xəstəliyimlə əlaqədar
olaraq üç aydır ki, bacım Nərgiz mənimlədi.
Evinə elə-belə qonaq kimi gedib gəlir.
Bu yaxınlarda qardaşım əməliyyat
keçirtdi. Biz onunla birgə bir aya
yaxın gedib Minsk şəhərində qalıq. Yəni ki, bizdə ailə bağları çox
sıxdı. Bunları da bizə təbii
ki, valieyinlərimiz aşılamışdı. Bunun üçün də mənim borcumdu ki, öz
ailə üzvlərimə böyüklük edim. Təbii ki, çox çətindir. Amma başqa çıxış yolum yoxdu.
- "Qanlı Nigar”
tamaşanızdakı rolunuzdan necə razı
qaldınızmı?
- Bəli
çox razı qaldım. İyirmi iki il
bundan əvvəl mən həmin tamaşada Qanlı
Nigarın qızını oynamışdım. Əsərin müəllifi Sadıq Şəndil
Türkiyədə çox klassik imzalardan biridi. Türkiyədə bu əsər on altı dəfə
səhnələşdirilib, altı dəfə isə
ekranlaşdırılıb.
Bir aktrisa kimi bu tamaşada oynamağımdan zövq
alırdım.
Əvvəllər bizim teatrda bu rolu Amaliya Pənahova
oynamışdı. Mən isə istəmirdim
nə ona, nə Türkan Şoraya, nə Fatma Giriyə bənzəyim.
İstəyirdim ki, öz Qanlı Nigarım
olsun. Məsələn, tamaşada bir
monoloq var. Yadıma gəlir, Amaliya xanım o monoloqu deyəndə
ağlamışdı. Mən isə dedim ki, yox mən
həmin vaxtı güləcəm. Çünki,
mən fikirləşdim ki, obrazın başına gələn
hadisələr keçmişdə olub və artıq Nigara bu
hadisələr olduqca gülməli gəlir.
Tamaşaçılarımdan da yerdən göyə qədər
razıyam. Çünki, üç nəsil üçü də
məni çox sevdi. Bu böyük
xöşbəxtlikdir.
- On beş, iyirmi
ildən sonra özünüzü səhnədə necə təsəvvür
edirsiniz?
- On beş, iyirmi ilə yəqin ki, qalmaram... Amma qalsam, görsəm ki, fiziki səhnədə
dayanmağa gücüm çatmır, o zaman heç vaxt
özümü məcbur etmərəm. Qoy,
tamaşaçının yaddaşında necə varamsa, elə
də qalım. Səhnəni çox
güman ki, tərk edərəm.
Hal-hazırda universitetdə dərs deyirəm. Aktrisalığı
bacarmasam gedib dərs deməyimə davam edərəm. O
daha faydalıdı ki, nəinki, səhnəyə
çıxıb gülməli vəziyyətdə qalmaq.
Ümumiyyətlə tək aktrisa üçün yox,
bütün insanlar üçün qocalıq
uşaqlaşmaq deməkdir. Amma uşaqlara daha həvəslə,
daha ümidlə baxırlar. Qocalara isə bir az əksinə. Çünki, hamı bilir ki,
onlar dünyadan gedəsidi...
- Bu
yaxınlarda beyin əməliyyatı keçirtdiniz. Həm
fiziki, həm mənəvi cəhətdən çox
ağır günlər yaşadınız...
- Bu xəstəlik
məndə anadangəlmə olub. Yanağımdakı
xalın biri də beynimin sağ hissəsində əmələ
gəlib. Sadəcə o vaxtlar mən bunu
bilməmişəm. 1998-ci ildə mənim
ayaqlarım tutuldu. Burdakı həkimlər
dedilər ki, sinirlərə soyuq olub. Beş
aya yaxın müalicə aldım. Sonra
dedilər ki, belində yırtıq var. Hətta o vaxtı
gedib Kiyevdə də yoxlandım. Heç nə
çıxmadı..
Bu yaxınlarda mənim ayaqlarım yenidən tutuldu. Onda çox
qorxdum. Gecəylə evə nevropatoloq
çağırdım. O, məni yoxlayandan sonra dedi ki,
siz mütləq başınızı müayinə elətdirin.
Mən də şəhərimizdəki xəstəxanalardan
birində işləyən məşhur bir həkimin
yanına getdim. İndi həmin həkimin
adını çəkmək istəmirəm. Yetərincə tanınan bir həkimdi.
İlahi,
həmin həkim xəstəliyimlə bağlı mənə
nələr demədi... Axırda da son
sözü bu oldu ki, "səni "sklada” göndərmək
lazımdı”. Sözün
açığı mən də onun sklad sözünü
başa düşməmişdim. Elə bildim ki, nəsə
dərman almaq lazımdı, yəqin bunun üçün məni
ora göndərir... Sonra bu sklad məsələsini
özü mənə xırdalamağa başladı.
Belə məlum oldu ki, əsgərliyə gedə bilməyən
adam necə yararsızdırsa, mən də
eləyəm. Yəni bir sözlə ara-bir gəlib
şüa qəbul etməklə gedib evdə oturub öz
ölümümü gözləməliyəm. Halbuki sonradan Türkiyədə dörd klinikaya
getdim. Hamısında mənə əməliyyat
məsləhət gördülər. Və
mənə ümumiyyətlə mənə şüa verilsəymiş
mən qısa müddətdə həyatla vidalaşa bilərdim.
İndi mən
burdan sizin qəzetiniz vasitəsilə ona demək istəyirəm
ki: onun özünü qablaşdırıb dediyi həmin
"sklad”a göndərmək lazımdı.
Birincisi
lap məndə ağır xəstəlik vardısa da,
heç bir həkim xəstənin üzünə elə
sözlər deməməliydi. İkinci bir tərəfdən
də həmin xəstəxanada mənim qollarımı,
damarlarımı elə hala salmışdılar ki, indi fikirləşirəm
yaxşı ki, mənim orda beynimə qan sızmayıb.
- Bəs sonra nələr baş verdi?
- Sonra
allaha qurban olum. O özü bağlı qapıları bir-bir
mənim üzümə açdı. Mən əməliyyat
olunduğum xəstəxana Türkiyədə bir həftəydi
ki, açılmışdı. Həmin xəstəxanadan
bura nümayəndələr gəlmişdi. Mən həmin
həkimlərlə tanış oldum. Sonra Türkiyəyə gedib, orda müayinə
olundum. Ordakı həkim də məni elə
siz deyən toy-bayramla qarşılamadı. O da dedi ki, -
mən sizi əməliyyat etməyinə edəcəm. Ancaq yenə də hər şey allahın əlindədi.
Əməliyyatdan
sonra həkim dediyi kimi sağ tərəfim bir az
key kimi oldu. İndi şükür allaha ki,
yavaş-avaş onlar da keçib gedir. Ayağıma da beş aya qədər vaxt qoymuşdu. Artıq üç ay keçib yeriyirəm.
Özümü günü-gündən yaxşı hiss edirəm.
- Təkbaşına bu qədər
yükün altına girməyi bacarmaq böyük ürək
tələb edir. Bəs özünüz, əməliyyatdan əvvəl
hansı hissləri keçirdiniz?
-
Açığı əvvəl mən əməliyyata
razı olmaq istəmədim. Fikirləşirdim ki, nə qədər
yaşayaram, yaşayaram... Amma insanıq da nə qədər
olmasa hamımız yaşamaq istəyirik... Xəstəxanada
olanda mən min altı yüz dəfə salavat
çevirmişdim. Bacım isə iki min
dörd yüz dəfə. Sonra mən əməliyyata
girdim.
Ancaq necə
girdim onu bir mən bilirəm, bir də allah...
Çünki, mən orda elə bir kağıza imza
atmışım ki, bunu çox az adam
bacarardı. Bacım Nərgiz həmin kağıza imza
atmadı, qaçıb xəstəxanadan getdi... Mən isə
həmin kağızda yazılanların hamısını
oxumağa məcbur idim... Yaddaşım itə
bilərdi, komaya da girə ilərdim, şikəst olmaq
ehtimalım vardı. Yəni
ağlınıza gələcək hər bir pis hadisə əməliyyatdan
sonra mənim üçün qaçılmaz idi.
Əməliyyat olunub qurtarandan sonra ilk ağlıma gələn
bacım Nərgiz oldu. Onu soruşdum. Çünki,
o, orda tək idi. Fikirləşdim ki, indi
ağlaya-ağlaya qalıb... Sonra tibb
bacıları da mənə dedilər ki, "kardeşiniz,
sizi nasıl da seviyordu. Beş saat
ağladı” (gülür).
Amma qurban olduğum özü mənə yol
açdı.
Mən xəstəxanada bir neçə həkimin
içindən məhz mənim həkimim olan Hakan
Oruckapdanı seçdim. O heç bilmirdi mən
aktrisayam. Özünə çatacaq
bütün əməliyyat xərcini götürməkdən
imtina etdi. Burda mənim əməliyyatıma
maddi cəhətdən kömək edən insanlar oldu ki, bu
günkü gündə mən həmin insanlara da dərin təşəkkürümü
bildirirəm. Allah onların mənə elədiklərini
onların balalarının, əzizlərinin
qarşısına çıxartsın.
- Amma əməliyyatınız
barədə heç kimə xəbər verməməyə
üstünlük verdiniz....
- Məndən
əvvəl qardaşım ürəyindən əməliyyat
olundu. Onun həyəcanlanmaması
üçün mən öz əməliyyatımı
hamıdan, eləcə də mətbuatdan gizli saxlamağa
üstünlük verdim.
Bir gəlinimiz, bacım Nərgiz və bir neçə
nəfər də yaxın ətrafımdan olan adamlar bildilər. Bir də Sənubərə
(Sənubər İskəndərli) demişdim ki, yoxlanmağa
gedirəm. Ancaq o, nədənsə hiss eləmişdi
ki, mən əməliyyat olunacam. Çünki,
mən əməliyyatdan çıxan günü Sənubər
mənə zəng vurmuşdu. Əməliyyatdan sonra mən
özüm də onunla danışanda, dedim ki, müalicə
alıram. Bakıya gələn kimi ona zəng vurub dedim ki, əməliyyat
olunmuşam. Sənubərin də ilk
sözü bu oldu - mən sənin əməliyyat
olunacağını hiss eləmişdim.
- Həyatda
ən ağır itkilərinizdən biri də böyük
aktyorumuz Yaşar Nuri oldu. Firəngiz Mütəllimova
üçün o, kim idi?
- Ən
yaxın ailə dostu, sirdaşım, sənət
çiyindaşım...
Bəzən Yaşarın həyat
yoldaşı Rəhimə xanım da müsahibələrində
deyir ki,- Yaşar Firəngizi sevridi, Firəngiz onu sevmirdi. Amma
mən hiss edirdim ki, Yaşar Nuri mənə xoş getsin deyə
efirdən demişdi ki, Firəngizi sevirəm. Bu sözü mənim
özümə heç vaxt deməmişdi
Məni qısqandığını, başqalarından qoruduğunu da hiss eləmişdim. Amma aramızda konkret sevgi söhbəti heç vaxt olmamışdı.
Bir söz də deyim ki, mənim idealım təmiz
başqa kişi olub. Yəni
o, mənim idealımdan çox uzaq bir adam
idi. Lakin, dost olaraq, həmişə onun köməyinə
ehtiyac duymuşam. Bu dünən də belə
idi, bu gün də belə olub. Ailəsi
ilə çox yaxın münasibətim olub.
Onun ağır xəstə oluğunu bilsəm də,
onun ölümü zamanı çox sarsıldım. Amma sizə
bir söz deyim ki, mən Yaşarın yoxluğunu hiss eləmirəm.
Birgə çəkdirdiyimiz şəkillərə,
filmlərinə, tamaşalarına baxıram. Elə bilirəm ki, o, yaşayır. Hətta telefon nömrəsi də telefonumdan silinməyib.
Axır vaxtlarında xəstəxanada
yatırdı. Həkimlər tez-tez onun vəziyyətinin
pisləşdiyini deyirdilər. Rəhimə
xanım da mənə zəng vurub deyirdi ki, bəs heç
kimə demə, amma Yaşarın vəziyyəti çox
pisdi. Aradan bir az keçirdi telefonuma
zəng gəlirdi. Danışanda Yaşarın
səsini eşidirdim. Ona görə də indi elə
bilirəm ki, Yaşar nə vatxsa mənə zəng vuracaq...
- Sizə məşhurluq qazandıran
"Bağışla” tamaşası "mənim
axırıma çıxdı” demisiniz. Bu
fikrin alt qatlarında nələr gizlənir?
-
Bilirsiniz, o tamaşa məni bir gecənin içərisində
məşhur elədi. Hamı məni
Gülnarla sevdi. İnsanlara inamım
azaldı. Firəngizi də sevəndə
elə bilirdim ki, Gülnarı sevirlər. Bu baxımdan özümə ailə qura bilmədim.
Düzdü bir dəfə ailəli olmuşam.
Amma bilirsiniz ki, alınmadı. Çünki, xeyli vaxt teatrdan ayrı
düşdüm. Yəni ailə həyatı
ilə aktrisalıq baş tutmur. Bu
çox nadir hallarda alınır. Bu
baxımdan da hərdən fikirləşirəm ki, bəlkə
heç həmin tamaşaya çəkilməsəydim, bu qədər
də məşhur olmazdım. Yəni ailəm
olardı. Ancaq birinci evliliyimdən sonra
özüm də istəmədim, ki, yenidən ailə qurum.
Çünki, gərək ya sənin xarici aktrisalar kimi şəraitin,
qulluqçuların ola ki, səndən
sonra evinə rahatlıq yaradıb, məişət problemlərini
həll edələr. Yoxsa hansı kişi
götürər ki, qadını gecə saat on birdə
teatrdan çıxıb evə gləsin, xörək
bişirib, uşağa baxsın. Və yaxud da üç ay
get hansısa filmə çəkil. Buna kim
dözər. Heç kim. Doğurdan
da incəsənət qurban tələb edir. Və mən həmin qurbanı artıqlaması ilə
vermişəm.
Ətrafımdakı, evimdəki insanlardan, məni sevənlərdən
ancaq və ancaq mənə qarşı sevgi, diqqət,
qayğı istəyirəm. Adi bir zəng, adi bir
söz mənim qəlbimi qıra bilər. O qədər
qəlbim qırılıb ki, daha
qırılmağını istəmirəm.
Ədalət.-2013.-30 oktyabr.-S.8.