HƏRBİ
TƏHSİL DALINCA
Bizim keçmişdə başqa
xalqların qibtə etmələrinə layiq böyüklərimiz
çoxdur. Əgər biz istəyirik ki, gələcəkdə
bizim xalqımızdan böyük şəxsiyyətlər
yetişsin, həmin böyükləri müasirlərimizə,
gənclərimizə yaxşı tanıtmalıyıq.
Keçmişə məhəbbət gələcəyə
xidmətdir.
Əkrəm Cəfər,
professor
...1871-ci ildə Mehmandarovlar ailəsində şadlıq keçirilirdi. Sadıq bəy oğlunun orta təhsil alması münasibətilə Bakıda yaxın dostlarından ibarət bir məclis düzəltmişdi. Qarabağdan adlı-sanlı bəylər, yaxın qohumlar, Lənkərandan qulluq yoldaşları Sadıq bəyin sevincinə şərik olmağa gəlmişdilər. Şuşadan gələn qonaqlar özlərilə müğənni də gətirmişdilər. Müğənni füsunkar Qarabağın igidlərini, türfə gözəllərini vəsf edib məclisi əyləndirirdi. Gecədən xeyli keçənə qədər davam edən məclisdən hamı deyə-külə dağılışdı. Uzaqdan gələn yaxın qohumlar ailəvi söhbəti hələ də davam etdirirdilər. Xanı bəy sağ yanında əyləşmiş Sadıq bəyə yanakı baxıb:
- Əmioğlu, yaxşı, Səməd bəy Ədadiyə məktəbində təhsilini ikmal elədi. Biz də yığışıb onu təbrik elədik. Bəs sonrası, indi hansı ali məktəbə hazırlaşır?
Kefi kök, damağı çağ Sadıq bəy bığlarına ötəri əl gəzdirib:
- Ötən il, - dedi, - özü ilə söhbətimiz belə olub ki, gimnaziyaya getsin, müəllim olsun, onu da istəməz, bəyənməz doxtur, mühəndis... Bunların hansını istərsə...
- Yaxşı, bu ötən ilin söhbəti, bəs indi, bu il nə fikirləşib?
- Bu nə sözdü canım, fikirləşmək də ilnəndi? Nə fikirləşəcək, kişinin sözü bir olar! Nə bilim, ay qadan alım, əgər sən deyən kimidirsə, bu ilin qərarını yəqin ki, özü vermiş olar. Çağır özündən soruş. Əmi, qardaşoğlu - siz ki, köhnə dostsunuz.
Sadıq bəy oğlunun boy-buxunu, ədəb-ərkanı ilə fəxr edirdi. İstəyirdi ki, yaxın qohumlar da onun yarlı-yaraşıqlı oğul olmasını yaxından görsün.
Xanı bəy çaydan bir neçə qurtum alıb atasının yanında naz-qəmzə ilə şıltaqlıq edən Rüxsarənin saçlarını tumarladı.
- Qızım, - dedi, - get, qardaşın Səməd bəyi çağır gəlsin bura.
Səməd bəy ədəb-ərkanla salam verib stolun aşağı ucunda, qohumlarının hüzurunda müntəzir dayandı. Şuşadan gələn ağsaqqal qonaqlar olmasaydı, ötəri zarafatı olan əmisi Xanı bəylə öpüşüb görüşərdi. İçkidən xumarlanan Xanı bəy şad-xürrəm halda gülümsünür, gözünü Səməd bəydən çəkmirdi.
- Bura bax, əyə - dedi, - yaxın gəl, bir əmin səni təbrik etsin, öpsün.
- Sadıq bəy təəccüblə:
- Bay, balam, hələ görüşməmisiniz?
Xanı bəy gur səslə:
- Yox, - dedi, mən gələndə soruşdum, dedilər evdə yoxdu. Xanı bəy zarafatla şəhadət barmağını silkələyə-silkələyə: - Qırışmal gör heç əmisi ilə görüşməyə can atır? Dirsəyi ilə əmisi oğlu Sadıq bəyə yüngülvarı toxunudu: - Ona izin ver yaxın gəlsin.
- Nə izin verəcəm, bura kimi gəlib, qoy bir-iki addım da atsın. Gəl, əminlə görüş, oğul. Xanı bəy hər iki əlilə onun başından yapışıb alnından öpdü.
İgidin alnından öpərlər, sən ki, Ədadiyəni əla bitirdin, demək, igidsən.
Səməd bəy qollarını əmisinin boynuna dolayıb qulağına pıçıldadı:
- Mən də elə bildim qız kimi üzümdən öpəcəksən.
Xanı bəy bərkdən qəhqəhə çəkərək:
- Əyə, - dedi. - Lənkəranda dünyaya gəlsən də, vallah, Qarabağlısan ki, Qarabağlı... Eşq olsun sənə, qardaşoğlu!..
Səməd bəy şəhadət barmağını dodaqlarının ucuna toxundurdu. Yəni ağartma, atama, qonaqlara demə işarəsini verdi.
Sadıq bəy üzə vurmasa da, onun özünə də xoş gəlirdi ki, Xanı bəy oğlu ilə böyük kimi rəftar edir. Aralarında səmimi zarafatları var. Bir-iki dəfə elə-belə ehtiyata əmisi oğluna demişdi ki, çox da dərinə gedib uşağı üzdən salma. Zarafatın şiti-şoru çıxanda, aradan pərdə götürülür, hörmət-izzət itir, axırı yaxşı nəticə vermir.
Sadıq bəy qəlyanını doldura-doldura:
- Yenə başladınız. Xanı, o sənin qulağına nə dedi ki?..
Ağır-ağır yerinə əyləşən Xanı bəy:
- Heç, özümüz bilərik, - dedi. - Gözünü Səməd bəydən çəkmədən: - Yaxşı, qardaşoğlu, Ədadiyəni bitirdin, yəni möhtəşəm bilik məbədinə gedən pilləkənin birini çıxdın, bəs sonrası, indi fikrin nədir, hara oxumağa gedəcəksən?
Səməd bəy susurdu. Dinmək istəyirdi, ancaq atasından ehtiyat edirdi. Axşamdan özlüyündə fikirləşmişdi ki, arzumu əmimə təklikdə deyərəm, o da bəlkə atamı yola gətirdi. Bir ilə yaxın idi ki, qəti qərara gəlmişdi: oxumağa hərbiyyə məktəbinə gedəcək.
- Hə, dillən oğul, qonaqları, əmini
intizarda qoyma. Hara istəyirsən? Tiflis gimnaziyasına, Xarkov Tibb
institutuna, yoxsa Peterburqa?.. Maşallah,
özün daha böyük oğlansan. Bəlkə
mühəndis olmaq istəyirsən, bəlkə təbabət
elmi fikrindən keçir?
Ata demək olar bütün sənətləri saydı,
bircə Səməd bəyin bir ilə yaxın havası ilə
uçduğu hərbi kəlməsini dilinə gətirmədi. Bu qədər ağsaqqalların
yanında susmağı nəzakətsizlik sayan Səməd bəy
özünü toplayıb bəy oğluna məxsus təmkinlə:
- Ata,
Peterburqa, amma hərbiyyə məktəbinə getmək istəyirəm.
Sadıq bəy hərbiyyə sözünü eşidib
yerində qurcalandı. Təəccüb və heyrətlə:
- Hara dedin, oğul?
- Hərbiyyə
məktəbinə getmək çoxdankı arzumdur. Mən
ora hazırlaşmışam, ata!
Səsinin
tonu dəyişmiş Xanı bəy:
- Baho,
qardaşoğlu, bu nə çətin oldu? Deyilişindən
hiss olunurdu ki, əmi də onun hərbçi olmasına
narazıdır. Bu dəfə lap ciddi: - Gələcəyin
yolu yaman enişli-yoxuşlu oldu, qardaşoğlu. Bəri
başdan yaxşı fikirləş haa...
- Bu, mənim
qəti qərarımdır, əmi! - deyib
Səməd bəy utancaq baxışlarını yerə
dikdi. Ani olaraq gözaltı atasına baxdı.
Kişinin sərt sifəti qara qayış kimi
tarıma çəkilmişdi. Sinəsi
körük kimi qalxıb enirdi. Otaqda tam
sakitlik hökm sürürdü. Xanı bəy
bikef halda stəkanı götürüb bir qurtum içdi.
Özü də hiss etmədən stəkan əlindən
sürüşüb nəlbəkidə şaqqıldadı.
Əyilib diqqətlə stəkana yandan baxdı:
- Bay sənin,
- dedi, çatladı ki... - Üzünü Səməd bəyə
tutub: - Qardaşoğlu, kəl bunu mətbəxə apar.
Səməd
bəy otaqdan çıxanda Xanı bəy üzrxahlıq
edib Sadıq bəyə təsəlli verdi:
-
Əmioğlu, - dedi, gördün, şüşə qab
sındı, fikir eləmə, bəlkə xeyir elə
bundadır. Uşağın arzusuna qarşı
çıxma, hiss olunur ki, hərbiyyə işinə
çox həvəsi var. Səməd bəy qanacaqsız
uşaq deyil. Özün məndən
yaxşı tanıyırsan. O sənəti sevməsə,
bu qədər ağsaqqal hüzurunda deməzdi ki, bu mənim
qəti qərarımdır. Allah xeyir versin...
Sadıq
bəy hirslə:
- Yava-yava
danışma, mənim on beş oğlum
yoxdur ki, birinin də başından keçib rusa verəm. Böyük oğlum Ələkbər bəy iyirmi
bir saylı Qafqaz hərbi taborunda xidmət edir, bəsdir.
- Rusa niyə
verirsən, oxuyub qayıdacaq. Bakı, Gəncə, Tiflis
qarnizonlarından birində xidmət edəcək. Xalqımızın bir silah tutan oğlu da artacaq.
- Xanı bəy ayağa durdu, stulu döndərib Sadıq bəylə
üzbəüz oturdu. İçkinin nəşəsindən
sərməst olan Xanı bəy cəsarətə gəlmişdi.
İlk dəfə idi özündən böyük əmisi
oğlunun hüzurunda dil-dil ötürdü: - Ay canım,
közüm, Mirzə Sadıq bəy, - dedi, niyə belə
danışırsan ey, bir de görüm, sən özün
Peterburq Universitetinin Hüquq fakültəsini bitirməmisən?
İngilis, firəng və alman dillərini də
orda oxuyanda öyrənməmisən? Sən
- şuşalı Hüseyn bəyin oğlu,
qatırçı Muradın nəvəsi - Rusiyada oxuyub gələndən
sonra Muğanda pristav, Şamaxıda sahə
iclasçısı, indi də Lənkəranda quberniya katibi
deyilsən? Əşi, sevin ki, sənin gedib-gəldiyin
yolu oğlun da gedir...
- Bəs
o, gecə-gündüz Nizami, Füzuli oxuyurdu. Vidadi,
Vaqif şerlərini əzbərləyirdi. Fars, türk dillərinin qrammatikasını öyrənirdi.
Mən də sevindim ki, oğlum müəllim
olacaq, xalqına gərək olan maarif işində
çalışacaq. - Sadıq bəy hirslə
qızı Rüxsarəyə:
- Get, onu
çağır, bura gəlsin! - dedi. Səməd
bəy pörtmüş halda içəri girdi.
Bilmirdi baxışlarını hara diksin. Yenə
bayaqkı yerdə böyüklərin hüzurunda müntəzir
dayandı.
Sadıq
bəy sərt və ötkəm səslə:
-
Oğul, bu sənin qəti qərarındır?
- Bəli,
ata...
- Axı
sən onu bilirsənmi ki, sənin atan Sadıq bəyin indiyədək
nə hökumət qulluğunda, nə dostlar arasında, nə
də ki, evdə bir sözü iki olmayıb. Heç
kəs onun sözünün qabağına söz deməyib.
Bu mənasız fikir haradan sənin
ağlına gəlib? Get, fikirləş, qərarını
dəyiş! - kinayə ilə: - Hərbçi
olacaq, yox bir yaranal olacaq... Elə bilirsən
asandı gecə-gündüz çöllərdə qalmaq?
Bu nə sənətdi? Qızmar
günəşdə, sərt ayazda, dizə çıxan
palçıqda günlərlə, aylarla çöllərdə
qalacaqsan. Səni kimsə yoldan çıxardıb, yəqin
ki, yaranal olmaq iştahın var... Dəyiş qərarını...
On yeddi yaşın var, özünə sənət
seçib, gün ağlaya bilmirsən.
- Əziz ata, ilk dəfə sözünüzdən
çıxdığım üçün üzr istəyirəm. O ki, qaldı yaranal
olmağa... yaranal qızlardan olmur. Yaranal elə mənim kimi
oğullardan olur...
Anası
Böyüknənə dözə bilməyib oğluna qahmar
çıxdı:
- A kişi, uşağı bu qədər danlama,
özün də boş yerə hirslənib əsib coşma. Uşaqdı, indi deyib, bəlkə səhərə,
o biri günə fikrini dəyişdi.
Sadıq
bəy hirslə stulunu qabağa çəkib:
-
Görmürsən deyir ki, bu mənim qəti qərarımdır.
Oğul, eşit və bil, mənim də qəti
qərarım ondan ibarətdir ki, səni heç yerə
göndərməyə - nə hərbiyyə məktəbinə,
nə də başqa yerə bir qəpik belə pulum yoxdur.
Xoş gəldin, get otur evdə, un
çuvalına tay ol...
- Ata, mən
kor qız deyiləm ki, un çuvalına
tay olam. Sizin yardımınızdan imtina edib,
Peterburqa hərbiyyə məktəbinə oxumağa gedəcəm...
- deyib çıxdı.
1871-ci ildə ata sözündən
"çıxan", bir daha onun üzünü görməyən
keneral Səməd bəy Mehmandarov ilk hərbi təhsil
almağa belə getdi. Kaş, bütün gənclər ata
sözündən belə "çıxaydı".
***
Səməd bəyin atası Mirzə Sadıq bəy
Hüseyn bəy oğlu Mehmandarov 1812-ci ildə Şuşada
anadan olmuşdu. O, ibtidai mədrəsə təhsili aldıqdan sonra
Şuşanın nüfuzlu müctəhidi Əbdürrəhman
ağa Molla İsmayıl oğlunun şəxsi məktəbində
kamil biliyə malik olmuşdu.
Bu gün
əlimizdə 1864-cü il sentyabrın
29-da Sadıq bəy Mehmandarova məxsus rəsmi sənəd
var: "Əlahəzrət imperatorun fərmanına görə
attestat"ı həmin ili Bakı quberniya idarəsinin
dövlət möhürü ilə təsdiq olunmuşdur. Sənəddə göstərilir ki, titulyar
müşavir Mirzə Sadıq bəyin əlli iki yaşı
var. Müsəlman dininin şiə təriqətinə mənsubdur,
mənşəcə bəy rütbəsindədir və
keçmiş Zaqafqaziya missionerlərindən təhsil
almışdır.
Mirzə Sadıq bəyin ata babası Mirzə Əli bəy
Qarabağ xanlığında mehmandar vəzifəsini icra
edirdi. Nəslin övladları ulu babalarının vəzifəsinə
hörmət əlaməti olaraq Mehmandarovlar soyadını qəbul
ediblər.
Sadıq
bəy Talış xanlığının rəhbəri
general-mayor Karl fon Karloviç Krabbenin icazəsi
ilə 1833-cü il iyunun 9-da tərcüməsi, 1840-cı il
noyabrın 1-də Lənkəran qəza rəisinin sahə
iclasçısı vəzifəsində
çalışmışdır.
1849cu il iyunun 27-də Sadıq bəyin əla xidmətini
qiymətləndirən dövlət onu tunc medalla təltif
edir və Muğana pristav vəzifəsinə göndərir.
Altı il bu vəzifədə qüsursuz
xidmət edən Sadıq bəy 1855-ci il oktyabrın 24-də
Lənkəran polis komissarı vəzifəsinə təyin
olunur.
Dövrünün
qabaqcıl ziyalısı, maarifpərvər Mirzə Sadıq
bəy 1840-cı ilin yayında Şuşadan Lənkərana
gedərkən Qaradonlu gömrükxanasında
Şamaxılı şair Mirzə İsmayıl Qasirlə
(1805-1900) görüşüb tanış
olur. Qasirin söhbətinə və biliyinə
aludə olan Sadıq bəy onu Lənkərana dəvət
edir. Öz mülkünün bir neçə
otağını ona verir. "Üsuli-Cədid"
məktəbi açması üçün əlli nəfər
uşaq toplamağa da köməyini əsirgəmir.
İki dost az sonra məktəbin nəzdində
"Fövcül-füsahə" ("Səlis
danışanlar") adlı ədəbi-bədii məclis də
təşkil edirlər.
Rəsmi dövlət idarələrində
çalışmasına baxmayaraq Mirzə Sadıq bəyin
maarifə, poeziyaya xüsusi marağı vardı. Şeir sənət
vurğunu olan Mirzə Sadıq bəyin yazdığı bir qəzəl
bu günümüzə qədər gəlib
çatmışdır.
Ey bəndeyi-şümşadın
sərvi-səhi qamətlər,
Durma ki, düşər dursan dünyaya qiyamətlər.
Bu qamətü hüsnilə tərk eylə çəmən seyrin,
Şümşadu güli-bağə artırma xəcalətlər.
Ey gözləri bütxanə, gər Kəbə degil kuyin,
Eşq əhli neçün eylər kuyində ziyarətlər?
Hüsnun güli tək olmaz gülbərki-bəharəfruz,
Səbbaği-qəza versə yüz rəng ilə zinətlər.
Sənəddə göstərilir ki, generalın atası Sadıq bəy Mehmandarov (1812-1911) uzun ömür yaşamışdır. Doxsan doqquz yaşında dünyadan köçən Sadıq bəyin Tutu xanımdan on övladı olmuşdur. Mehmandarovlar ailəsi nüfuzlu Talışxanovlarla qız verib, qız olmaqla yaxın qohum olmuşlar. Qardaşı Nağı bəy Mehmandarov (1844-1910) Mir Əbülfət xan Talışxanovun qızı Bikə xanımla evlənib. Övladı Sona xanım Səlimxanova idi.
Səməd bəyin bacısı Mehparə xanım (1870-1943) Mir Musaxan Talışxanovun (1852-1904) ikinci arvadı olub.
Balaxanım Mirzə Sadıq bəy qızı Mehparə xanım Mir İsabəy Talışxanovun (1825-1884) ikinci arvadı idi.
Məryəm xanım Mirzə Sadıq bəy qızı (1870-1944) Mir Rzaqulu xan Talışxanovun (1863-1932) həyat yoldaşı idi.
1864-cü il sentyabrın 29-da Sadıq bəy Mehmandarova verilən attestasiya sənədində general Səməd bəyin təvəllüd tarixi səhvən 1850-ci il göstərilir. Moskva və Sankt-Peterburq hərbi arxivlərində saxlanan rəsmi "Zabitin xidmət" kitabçasında və 1920-ci il iyunun 4-də Bakıda bolşeviklər Səməd bəyi həbs edəndə öz əlilə doldurduğu "Həbs vərəqi"ndə generalın təvəllüd tarixi 16 oktyabr 1855-ci il göstərilir.
Sadıq bəyin və Tutu xanım Mehmandarovların sonrakı övladlarının yaşlarının ardıcıllığı belədir: Ələkbər bəy 26, Əlihacı bəy 20, Baba bəy 15, İbrahim bəy 12, İsa bəy 8, Yunis bəy 3, qızları; Bəsti xanım 21, Həslə xanım 16, Ağanənə xanım 9 yaşındadırlar. Oğlanlarından Ələkbər bəy iyirmi bir saylı Qafqaz hərbi taborunda xidmət edir. Əlihacı bəy Züvan sahə idarəsində kargüzar işləyir. Baba bəy və İbrahim bəy isə yüksək dərəcəli Bakı məktəbində oxuyurlar. Sadıq bəy, arvadı Tutu xanım və uşaqları dinin şiə təriqətinə inanırlar.
(ardı var)
Şəmistan Nəzirli,
İstefada olan olan polkovnik-leytenant
Ədalət.-2013.-30
oktyabr.-S.7.