Xeyirxahlıq əsl ziyalılıqdır
Əkbər Hüseynzadə
Yumruq boyda bir ürəyin
nələrə qadir olduğunu, dünyanın, bizi
əhatə edən bütöv bir aləmin orada
özünə necə sığınacaq
tapdığını fikirləşəndə bəzən
heyrətə gəlirsən.
İnsanlar da ağaclar kimidir. Bir-birlərinə
bənzəmirlər. Hər ağacın öz
meyvəsi, hər meyvənin öz dadı, tamı,
rəngi olur. Bax, insanlar da eləcə
müxtəlif olur. Yaşadığımız
həyat bizi çox insanlarla qarşılaşdırır.
Hər kəs də qəlbimizdə,
ürəyimizdə, xatirəmizdə bir cür qalır.
İnsan var, onu xatırlayanda ürəyin
gülür, qəlbin işıqlanır, ruhən
yüngülləşirsən. Bəlkə
də dünya elə bu cür mərhəmətli
ürək sahiblərinin çiyinləri üzərində
dayanıb.
Biz dünya qədər qəlbi,
ürəyi olanları da görmüşük. Onlara çox vaxt
seçilmişlər deyirlər. Xeyirxah əməl,
xeyirxah iş, mərhəmət sahibi olmaq
- bu, bir səadətdir. Atalarımızın
sözüdür. O ev varlı deyil
ki, orada çoxlu varidat, daş-qaş var, o ev varlıdır,
zəngindir ki, orada sevgi var, məhəbbət,
mərhəmət var. Böyük ürəyə sahib,
elə varidatı olmaq deməkdir. "Böyük
ağıl qarşısında baş əyir, böyük
ürək qarşısında isə diz çökürəm"
- deyimi də təsadüfdən yaranmayıb:
Gənclik, tələbəlik
illərində Kamran Hüseynovla (vaxtiylə Azərb.SSR
Nazirlər Sovetinin sədr müavini olmuş, müxtəlif
məsul vəzifələrdə çalışmış,
əsil xalq adamı, əsil vətəndaş olan
şəxsiyyət) tez-tez görüşərdim. Atamın dostu
olmuşdu. Mən əsil
ziyalılığı, vətənpərvərliyi,
şəxsiyyət bütövlüyünü bu insanda
görürdüm. Ensiklopedik biliyə,
fövqəl yaddaşa malik olan Kamran müəllimi
tanıyanlar onun xeyirxahlığını, onun
yaxşılığını unuda bilərlərmi? Əsil xalq adamı bax belə şəxsiyyətlərə
deyərdim. Belələri
Azərbaycanın tarixində çox olub və onlar heç
vaxt unudulmayıb. Neçə illər,
qərinələr keçsə də belə insanlar
xalqımızın yaddaşında yaşayacaqlar. Deyirlər, ölməz o adamdır ki, ondan sonra
vətən üçün böyük və faydalı
yadigarları qalır. Onlar bu
əbədiyyəti özləri qazanır. Öz parlaq, nurlu əməlləri ilə. Bir
də ki, axı biz kim üçün
yaşayırıq. Hamı bir ömrə
borcludur. Həyat, dünya isə əbədidir?!. Əgər mənə sual olunsa ki,
həyatda nədən zövq alırsan,
düşünmədən deyərdim: - Xeyirxah olmaq,
kimsəyə əl tutmaq, təmənnasız
yaxşılıqlar etmək, köməyə ehtiyacı
olanların yanında olmaq... Əgər şam
yanması ilə yaşayırsa, insan da
əməlləriylə, etdikləri yaxşılıqlarla
yaşayır. Şair dostumuz Tapdıq Əlibəyli
demişkən: "Bu dünyadan iki şey aparırıq, rəhmət
və lənət".
Həyatda təsadüfi tanış olan, ancaq o tanışlıq
dostluğa, belə desəm, bir doğmalığa
dönən insanlar az deyil. Adil Teymurov, Əlyar Əsgərov,
Azər Hətəmov, Bilman Vəliyev və s. Bu siyahını
uzatmaq da olar, ancaq söhbət kimisə
tərifləməkdən, onun reklamından getmir,
söhbət bu insanların nə xoş ki, bu gün
həyatda olmasından, varlığından gedir. Xeyirxahlıq təkcə o deyil ki, sən kiminsə
ehtiyacını ödəyəsən, kimsəyə əl
tutasan, yardım edəsən. Doğrudur,
yeri gələndə bunlar da gərəkdir, ancaq
xalqının, millətinin rəhbərlik etdiyin kollektivin
dərd-sərinə şərik olmaq, nəyəsə
yarımaq bu, başqadır. Bəzən
bu insanlarla görüşüb söhbət edəndə
sanki dincəlirsən, içərində bir rahatlıq,
təskinlik tapırsan.
Hər kəsin həyatda öz yeri var
və hər kəs öz ömrünü yaşayır. Heç kəs
heç kəsə görə cavabdeh deyil. Bizi yaşadan iki cəhəti - yaxşılıq
və pisliyi də məhz insan özü seçir.
Xeyirxahlıqda bir ziyalılıq,
işıqlıq var. Bu işıq gərək insanın
öz qəlbində, ürəyində, canında, qanında
olsun.
Redaksiyamıza vaxtı ilə müxtəlif
vəzifələrdə çalışmış, çox
hörmət, izzət sahibi olmuş bir qələm sahibi
gəlmişdi. Bu gün
isə onun çətinlik içərisində
yaşaması hiss olunurdu. Gündəlik
çörək almağa belə çətinlik
çəkən həmin adamın bircə arzusu vardı -
qoltuğuna vurub gəzdirdiyi əlyazmalarını, nəyin
bahasına olursa-olsun, çap elətdirmək.
Nimdaş
geyimli, yazı-qışı eyni geyimdə keçirən bu
insana yardımçı ola bilmədim. Özümü qınasam da, ancaq neynəyim? Söz yox, indi yazı-pozu zamanı deyil, hər
şeyi hörmətdən salıblar, yerindən duran
yazır. Belələri yazı-pozu
sahiblərini də, kitabı da hörmətdən
salıblar. Ancaq biz
mətbuatımızın, kitabımızın
üstündən xətt çəkə də bilmərik.
Kimə müraciət etdiksə "bəhanə"
eşitdik.g
Əlbəttə, bütün bunlar
xeyirxahlığın tükəndiyindən xəbər
vermir. Ancaq xeyirxahlığımızı
da bezdirməməliyik, biz çox, onlarsa azdılar...
Türkiyə kanallarının birində
"Kimsə yokmu" adlı proqram yayımlanırdı. Çox maraqlı idi,
insanların bir-birinə necə sayğı ilə,
mərhəmət hissi ilə yaşandıqlarını,
bir-birlərinin dərdlərinə neçə
yardımçı olduğunu görəndə ürəyin
dağa dönür ki, kaş bunlar bizdə də olaydı.
Kaş bizdə də onların sayı çox
olaydı. Axı onların bu dünyada
varlığı hər kəs üçün
gərəklidir, desəm yanılmaram.
Tanınmış alim Zərifə
Əliyevanın həyat yolu çoxlarına
tanışdır. Onun xeyirxah, əsil ziyalı olduğunu da
çoxları bilir. Bu yerdə bir tələbənin
xatirəsini oxucularla bölüşmək istəyirəm: -
"Zərifə Əliyeva Moskvada xəstə yatanda belə
soydaşlarımızla maraqlanırdı. Ona baş
çəkən alimlərdən birinə üzünü
tutub: - Uşaqlara kömək et, qoy onlar
müdafiələrin Moskvada etsinlər.
Çətinlikləri olanda kömək elə..."
Eşq
olsun bu böyük ürək, qəlb sahibinə... Dünya
nemətlərinin şahı olan canın ağrısında
belə yaxşılıq etməkdən, kiminsə
dərdinə şərik olmaqdan belə usanmır:
İndi təhsil pulludur. Təbii ki, bu, dünya
prosesinin bizə etdiyi diktədir. Ancaq
gəlin görək hər ödənişli təhsilə
düşən tələbə oxuya bilirmi?
Neçə-neçə savadlı, bəlkə də
gələcəyin ən qiymətli mütəxəssis ola biləcək uşaqlarımız, maddi mkan
ucbatından təhsilini yarımçıq qoyub
uzaqlaşmışlar. Mən özüm də
bu çətin prosesin şahidi olmuşam. Ali məktəbin ödənişli təhsilinə
düşən qızımın təhsil haqqını
heç cürə ödəyə bilmirdim. Ancaq o uşaq oxumalıdır, - deyib öz
mərdliyini, xeyirxahlığını
göstərənlər tapıldı. Söz
yox ki, bu yaxşılıq mənim üçün olduğuna
görə belə deyirəm. Mən,
eləcə də ailəm bu təmənnasız
yaxşılığı unuda bilmərik.
Bu dünyada özünü əbədi
bilib haram varidat əldə edənlər lazımsız, yeri
gəldi, gəlmədi, ətək-ətək pul
xərcləyənlər qoy heç olmasa, bircə
dəfə nəfislərinə "stop!" desinlər. Axı yaşayış tək
bizimlə bitmir...
2000-ci ilin noyabrında Bakıda baş
verən zəlzələ hamımızın yaxşı
yadındadır. Küçələrə qaçıb
canını ölümün pəncəsindən qurtarmaq
niyyətli insanların hamısı eyni görkəmdə
idi, hər kəs evdən əli boş
çıxmışdı. Və hər
kəs üzünü Ulu Tanrıya tutub, ondan imdad
diləyirdi. Mərhəmətlisi də,
mərhəmətsizi də, Alahını tanıyan da,
tanımayan da. Hamı eyni idi...
İnsan var ki, onunla bir binada, bir
həyətdə yaşadığına, hər gün
rastlaşdığına, eyni hava udduğuna görə
təəssüf hissi keçirirsən,
əsəbiləşirsən, özün-özünə
acığın tutur və s.
Neyləmək olar, belələri də
yaşamalıdır. Həm də deyiblər ki, pis olmasa,
yaxşının qədri bilinməz. Bir də
düşünürsən, axı, niyə biz
yaxşıları qoyub, pisləri yada salırıq...
Dünya varının dünyada qaldığını, heç kəsin bu dünyadan heç
nə
aparmadığını yaxşı bilirik, anlayırıq, görürük, dərk edirik. Varidat sahiblərinin sanki varının keşikçisi olduğunu da görmüşük, dünyanı talayıb
əli dünyadan boş gedənləri də... Dünyanı
tərk edən kimi unudulub, yox olanları da.
Həyat yaşamaq, nə qədər gözəl olsa da, ona zinyət verən insandır. İnsan bir-birinin həyatını cənnətə də
döndərər, cəhənnəmə də. Bəzən Bakı şəhərinə
baxıram. Elə ərazi var ki, sanki o yerdə biz nə vaxtsa düşmənə təslim edəcəyik. Adama elə gəlir ki, yəni sabah Bakını boşaldacağıq. Bir insan yeri nə qədər qazar, nə
qədər talayar, yaşıllığı
nə
qədər məhv etmək olar?! Tanrının bəxş etdiyi təbii gözəlliyi korlamağa, məhv etməyə
heç
kəsə haqq verilmir. Ancaq bir qrup simasız məmur var ki, öz
şəxsi məqsədləri, öz acgözlükləri ilə nəinki təbiəti, hətta, insanları da məhv edir, onların yaşam tərzinə zəhər qatır. Özü də bu
şəhərdə yaşayan bu bədbəxt, bədxah insanın ağılı onu kəsmirmi ki, təbii gözəlliyi məhv etmək böyük qəbahətdir. Miras yığmaq, haram varidat toplamaq bu bədbəxtin həyat amalına çevrilib. Sonu isə qızıl teştə
qan qusmaq olur. Heç kəsə,
heç
nəyə yaramayan, vəzifə
gücünə həyatımızı
zəhərləyən bu tiplərə
qarşı
barışmaq olmalıyıq. Belə
tiplər bizim yaşamaq eşqimizi məhv edir, həyatı gözümüzdən salır.
Atalarımız onu da deyib ki, sağ
əlin verdiyini sol əl bilməməlidir. Adam var, hansısa bir kasıba bir kisə un, yaxud 2 kq
şəkər tozu aparanda, reklam xatirinə bütün mediyanı ora dəvət edir...
Bəli, doğma elinə,
obasına, böyüyüb boya-başa çatdığı kəndinə
yardımçı olanlar bu gün də
az deyil. Sökülmüş bir bulağın, uçulub dağıdılmış körpünün, yolun, daha nələrin əzabını çəkənlərin yeri
əl cənnətdir, deyərdim. Elə cənnəti də
gərək bu dünyada qazanasan.
Yaponiya sunamisindən sonra
mağazadan çörək alan qadına "nə
qədər istəsəniz alın" - deyən
satıcıya, "bir dənəsi bəsimdir, axı
məndən sonra da çörək alanlar olacaq"
cavabı çoxlarının yadındadır.
Küçədən tapılan pulları insanlar qaytarıb
banklara, polis bölmələrinə təhvil verirdilər:
Eşq olsun belə xalqa, heç olmasa dünya
gör-götür dünyasıdır. Nəyisə əxs
eləmək lazımdır. Vallah.
Ədalət.-2013.-18 aprel.-S.7.