POEZİYA - 2011-2012

ƏDƏBİ HƏYAT

 

 (əvvəli ötən şənbə sayımızda)

Ağasəfanın "Göydələndən baxan uşaq" və "Bir dəqiqəlik sükut" poemalarında onun şairlik təbiətinin başqa bir xüsusiyyəti də diqqəti cəlb edir. Bu da onun ictimai mövqeyidir, şair rastlaşdığı, üz-üzə gəldiyi, müşahidə etdiyi həyat hadisələrinə, neqativ hallara münasibətini bildirir, bəzən ironiya ilə, bəzən lap açıq şəkildə tənqidə keçir.

"Bir dəqiqəlik sükut" ("Azərbaycan", 2012, №1) poeması 20 Yanvar olayı ilə bağlı düşüncələri əks etdirir. Bu mövzuda onlarla poema, yüzlərlə şeir yazılıb və əksəriyyəti də kədərli əhval-ruhiyyə ilə diqqəti cəlb edir. Təbii ki, bu kədər hissi bundan sonra yazılacaq şeirlərdə, poemalarda da öz əksini tapacaq, çünki nə yazırsan-yaz, 20 Yanvar şəhid qanı ilə, anaların fəryadı ilə yoğrulub. Ancaq illər keçdikcə, bu hadisəyə yeni baxış bucaqları formalaşır. Ağasəfanın poemasında "bir dəqiqəlik sükut" bir çox mətləblərə baş vurmağa kömək edir. Bu "bir dəqiqəlik sükut"da məzar başında lal olan Şəhid anasını görürük, Vətənə arxa, gələcəyə ümid şəhid balası ilə görüşürük. Belə bir etiraf səslənir ki: "Mən şəhid olan deyiləm. Mən qorxağın birisiyəm. Mənim burda yerim yox, Mənim burda üzüm yox. Mən qorxağın biriyəm, Göz yaşıma inanma, Vətən, sən məni unut". Əlbəttə, bu məqamda biz müəlliflə razılaşmırıq, Şəhidlər Xiyabanında qorxaqlıq barədə etiraf nəyə xidmət edir? Burada ruhi ucalıqdan söz açmaq lazım idi, ruhun sönməsindən yox. Axı, bu etirafdan sonra müəllifin "siyasət meydanında Quyruq bulayan kişi"yə sərt ittihamları gəlir. Özü də haqlı ittihamları. Qorxaqlığını etiraf edən kəs bu sayaq ittihamlar söyləyə bilərdimi?

Sualıma cavab ver:

Varlı kimdir, kasıb kim?

Vətəni qoruyan kim?

Barınan, yarıyan kim?

Sən düşmən qabağında

Hansı dağı yıxmısan?

Hansı üzlə fırlanıb

O kürsüyə çıxmısan?

Sənə son sualım bu:

Kiminkidir bu torpaq.

Azərbaycan-Ana yurd?

Niyə cavab vermirsən,

Ay ac qurd

Yalavac qurd?

V

Yenə V.Q.Belinskiyə üz tuturam. O, A.S.Puşkinin yaradıcılığından söz açan məqalələrinin birində yazırdı: "Puşkin poeziyasına xas olan onu keçmiş ədəbi məktəblərə məxsus şairlərdən fərqləndirən başlıca məziyyətlərdən biri odur ki, Puşkinin əsərləri tamdır, bitkindir, kamil səlisdir. Puşkinin əsərlərində heç bir zaman artıq ya çatışmayan bir şey olmur, hər şey öz həddində, dərəcəsində yerində olur, şeirin axırı əvvəli ilə həmahəng gəlir onun şeirini oxuyarkən hiss edirsən ki, ondan atılası, ona artırılası bir şey yoxdur".

XIX əsrdə söylənməsinə baxmayaraq V.Q.Belinskinin bu fikirləri sanki bu gün üçün deyilib. Yəni "kamil şeir necə olur?" sualına cavab axtarsaq, elə bu fikirdən yapışmalı olarıq.

Sən gəlmədin, yerinə

Qara kağızın gəldi.

Əlçə boyda kağızın

Ömründən uzun gəldi.

Sən yoxdun, yoxluğunda

Soyuq vardı, qar vardı.

Aldığım qan puluqdan

Qazanc umanlar vardıg

Sənsiz çəkdiyimi

Barı bir kərə bilsən.

Aşılmaz yollar aşıb,

Yuxuma girə bilsən.

Yaşın yetmiş birində

İlin-günün bu vaxtı

Yuxuma da gəlmirsən

Yolun çoxmu uzaqdı?!

Sənsiz gedim həyatla

Necə, yola bilmədim.

Övladım oldu, amma

Ata ola bilmədim.

Günəşlə görüşmədi,

Günüm gecəydi, ata.

Heç üstümə düşmədi,

Kölgən necəydi, ata?

"Kölgən necəydi, ata" - bu şeirin müəllifi Məmməd İsmayıldır. Poeziyada atasızlıq kədərini ifadə edən onlarla, bəlkə yüzlərlə şeirlər yazılıb. Poemalar da qələmə alınıb. Amma Məmməd İsmayılın bu şeiri bütün komponentləri ilə əsl poeziya nümunəsidir. Şeirdəki tamlığı, bitkinliyi, kamilliyi səlisliyi biz fikir onun poetik ifadəsinin vəhdətində, şeirin ayrı-ayrı bəndlərində diqqəti cəlb edən bədii təsvir vasitələrinin təzəliyində, metaforik ifadə tərzinin şeirin ruhuna çökməsində görürük. Hiss olunur ki, bu şeir illər uzunu atasızlıq bəlasını taleyində yaşadan bir insanın tərcümeyi-halının bir parçasıdır.

Ümumiyyətlə, kamil şeir anlayışı bir qədər nisbidir mənim Məmməd İsmayılın şeirləri içərisindən seçdiyim bu nümunə olsun ki, həm Məmməd İsmayıla, həm onun heyranlarına görə kamil şeir kimi seçilməsin. Amma söhbət 2011-2012-ci illərin poeziya nümunələrindən gedir biz bu şeiri Məmmədin dillər əzbəri olan neçə şeirinin sırasına qata bilərik.

Bəli, kamil şeir anlayışı nisbidir məsələyə bu baxımdan yanaşdıqda hər bir şairin yaradıcılığında belə nümunələr tapmaq olar.

Mən bir oxucu tənqidçi kimi Vaqif Bəhmənlinin şeirlərini çox xoşlayıram onun yetmişinci illərin "Azərbaycan" jurnalındakı ilk şeirlərindən bu günə qədər bütün yaradıcılığını izləmişəm. Açığını deyim ki, son beş ildə o, çox məhsuldar işləyir, şeirləri həm qəzet jurnallarda dərc edilir, həm kitab halında çap olunur. Bu məhsuldarlığın ziyanı da olur, görürsən ki, hisslərin, duyğuların hələ poetik hisslər, duyğular kimi cilalanmadığı nümunələr diqqəti cəlb edir. Yaxud, görürsən ki, müəyyən bir fikir səliqəli, rahat şəkildə şeirdə ifadə olunur, amma bir şey çatışmır - Vaqif Bəhmənlinin ən gözəl şeirlərinə xas olan fikrin poetik ifadəsi.

Vaqifin "Heyrət", "Belə", "Quyu", "Xoşbəxt yalquzaq", "Cinli adam", "Kişinin göz yaşı", "Sağlığında cəza verin insanlara" şeirlərini son iki ildə yazdığı ən yaxşı poeziya nümunələri hesab edirəm. Bu şeirlərdə yaşının bu çağında da axtarışdan yorulmayan bir qələm əhlinin poetik uğurları ilə qarşılaşırsan. Misal üçün, götürək "Xoşbəxt yalquzaq" şeirini. Burada lirika ilə epik xətt vəhdətdədir: şeirdə şairin bağ səyahətindən söz açılır: "Yaşıl yarpaq içində nar qızarır köz kimi, qumluqda qarağatın kilkəsi saçaq-saçaq. Uca boylu evkalipt naz eləyir qız kimi, deyir: Boyun çatırsa, gəl, belimi quc, qoçaq!" Sonra isə belə bir etiraf: "Beş addım o tərəfə, beş addım bu tərəfə... Xoşbəxtliyin özüymüş demə xırda bir bucaq. Məni yetirdin, Allah, gör boyda şərəfə - nazir var burada, arvad var, uşaq". Çox səmimi bir etirafdır. Bu etirafa görə şairi-lirik qəhrəmanı qınamaq olmaz. O öz tənhalığına, "xoşbəxtliyin özü olan" "xırda bir bucağa" qovuşub. Burada yalquzaq səadəti bir bucaq xoşbəxtliyin rəmzinə çevrilir.

Vaqifin "Kişi ağlayanda Allah ağlayır" silsiləsindən "Kişinin göz yaşı" şeiri isə artıq daşlaşmış bir inanca ("Ağlamaq arvad işidi") tamam əks bir mövqeni ifadə edir. Bu şeirdə fikir təzəliyi var. Şair ailə-məişət söz-söhbətini o çərçivədən çıxarır, bəşəriləşdirir.

Həvvadan cehizdi Adəmə günah

Kişidə qabırğa, cinah ağrıyır.

Arvad ağlayanda sevinir Allah,

Kişi ağlayanda Allah ağlayır.

Vaqif şeir mədəniyyətinə, necə deyərlər, poetik texnologiyaya yaxşıca yiyələnən bir şairdir. Qoşma da yazır, gəraylı da, hecanın müxtəlif ölçülərində sınayır qələmini. Xüsusilə, qoşmada müasir poetik təfəkkürün ifadəsi ilə qarşılaşırsan. Bu qoşmalar XXI əsrin şeir mədəniyyətini özündə əks etdirir qənaətinə gəlirsən. Budur, bir nümunə:

Ömür ki od aldı, əriyir şam-şam-

yağı-yalavaca paylanır cam-cam,

Fələyin qolunda səhəngdi adam-

sonda qopur qulpu, lüləyi belə...

Qafil o kəsdi ki, çörəkdən qaçır,

Eşqin yeri dardı, ürəkdən qaçır...

Mehdə hünər hanı?-

Küləkdən qaçır,

Şəlləmə belinə küləyi beləəə...

Ürəyi a tverdi..Allah, min, dedi-

Çapırsan...

Görmürsən tər içindədi?-

Allahın verdiyi yaman gündədi;

Adam əldən salmaz ürəyi belə!

Sözün şövqü dəyəsə qızıl qanayar,

Kəlməni ləldən çək, qızıldan ayır!

Mürəkkəb ayrı şey, qızıl qan ayrı-

Qandı şax saxlayan lələyi belə...

Can ona sadağa, baş ona peşkəş,

Xas aşiq qul olmaz ötərgi eşqə!

Kimsəyə dil vermə Tanrıdan başqa,

Buraxma evinə mələyi belə!

VI

Söhbət ki, qoşmadan, gəraylıdan gedir, bu xüsusda bəzi mülahizələrimizi də nəzərə çarpdırmaq istərdik.

Vaxtilə belə bir fikir formalaşmışdı ki, qoşma və gəraylı kimi şeir növləri özünün intibah dövrünü XVII-XIX əsrlərdə yaşamışdır, ən gözəl və klassik nümunələri də elə həmin əsrlərdə yaranmışdır. Əlbəttə, bu yanlış fikir idi. Qəzəl və digər klassik şeir şəkillərindən fərqli olaraq qoşma və gəraylının inkişafı üçün həmişə münbit zəmin olmuşdur. Bunu təkcə ayrı-ayrı poetik şəxsiyyətlərin adlarıyla bağlamaq doğru olmazdı. Xalqın milli mentalitetiylə bağlı bir sıra amillərin də burada mühüm rolu olmuşdur, etnik-mədəni amillər xalqın təkcə adət-ənənə, təsərrüfat həyatında deyil, söz sənətində də öz fəal, aparıcı rolunu saxlamaqdadır. Ayrı-ayrı poetik şəxsiyyətlər isə sadəcə olaraq, burada həmin missiyanı uğurla yerinə yetirmişlər. Məsələn, Hüseyn Arifi digər şairlərlə müqayisə etsək deyə bilərik ki, onun poeziyada xidməti xalq şeiri ənənələrini qorumaq, saxlamaq, hifz etmək, həm də bu ənənələri yeni biçimdə inkişaf etdirmək olmuşdur. Lakin xalq şeiri üslubunda qələm çalan, qoşmaya, gəraylıya yeni poetik nəfəs bəxş edən, bu qədim formalara XX əsrin poetik təfəkkürü işığında yanaşan təkcə Hüseyn Arif olmamışdır. Hüseyn Ariflə yanaşı B.Vahabzadə, M.Araz, H.Kürdoğlu, M.Günər, M.Yaqub, M.İsmayıl, Z.Yaqub, R.Rövşən, həmçinin Ağamalı Sadiq, Akif Səməd, Məmməd İlqar, Zirəddin Qafarlı, İslam Sadıq, Əliağa Aslan, Barat Vüsal, Sabir Sarvan, Məmməd Dəmirçioğlu, İbrahim İlyaslı da qoşma və gəraylının gözəl nümunələrini yaratmışlar.

Kimin üçünsə qoşma və gəraylıyla bağlı bu söhbət maraqsız görünə bilər. Deyə bilərlər ki, şeirdən söz açanda onun hansı vəzndə və hansı formada yazılmasının məsələyə bir elə dəxli yoxdur. Amma biz deyirik ki, poeziya tarixini təkcə zamanın ədəbi-mədəni gedişatı, ayrı-ayrı ədəbi şəxsiyyətlərin yaradıcılığı, onların yaratdığı əsərlər deyil, həm də janrların, formaların inkişafı da əks etdirir. Bu baxımdan yanaşdıqda qoşma və gəraylının da şeir formaları kimi inkişafını izləmək vacibdir.

(ardı olacaq)

Vaqif YUSİFLİ

Ədalət.-2013.-20 aprel.-s.13.