Düşmənlə göz-gözə,
erməni qarının arabada gülməyi, cəhənnəm
dəqiqələri...
Qarabağ
müharibəsinin gerçək hekayətlərini Lent.az-a və
"Ədalət"ə kəşfiyyatçı Rey Kərimoğlu
yazır
Layihə: "Kəşfiyyatçının xatirələri"
Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.
Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...
Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...
27-ci yazı
Canyataq, Gülyataq döyüşü...
Qeyd: Canyataq, Gülyataq bizə qədər bir dəfə Qatır Məmmədin (Yaqub Rzayevin), Ağdam Milis İdarəsinin tərkibində yaradılan OMON-un qüvvələri və o ərazidəki yerli döyüşçülərimiz tərəfindən alınmışdı. Bu sözügedən kəndlərə sayca ikinci hücum idi.
İyunun sonları idi. Bizi əməliyyat adı ilə Ağdam rayonunun Qalayçılar kəndinə apardılar. Orada məktəbdə Bakıdan, Şəkidən və Ağdam mədəniyyət evindən gələn musiqiçilər, sənət adamları konsert verirdilər. Elə konsert yenicə başlamışdı ki, ermənilər kəndi ağır artilleriyadan atəşə tutdular. Qarışıqlıq düşdü. Bizim kəşfiyyat dəstəsinin əsgərləri ilə batalyonun əsgərləri toplaşdıq. İndi unutmuşam, digər bir batalyon da bizimlə orada idi. A.Qəmbərov bizə bildirdi ki, ermənilərin məskunlaşdığı Canyataq və Gülyataq kəndlərini ermənilərdən təmizləmək üçün əməliyyat olacaq. Rasim Edilovun komandir olduğu və digər rotalarla birgə Canyataqla Gülyataq istiqamətinə irəliləməyə başladıq...
Rasimin qardaşı Şəfa Edilov da bizimlə idi. Elə də
hündür olmayan dağın başında ermənilər
mövqe tutmuşdu. Canyataq və
Gülyataq o dağların arxasında yerləşirdi.
Ermənilərin postuna xeyli yaxınlaşdıq və
Şirin Mirzəyevsiz ilk ağır döyüşə
başladıq...
Hücuma keçdiyimiz kəndlərin önündə
səngər kimi dayanan dağların əksəriyyəti
çılpaq dağlar idi. Yəni ağac yox idi,
eləcə kol-kosdan ibarət idi. İyun
ayının adamı yandırıb yaxan bir günü idi.
Havanın istiliyinə mərmi atəşlərindən od alan kol-kosun da istiliyini əlavə eləsək,
vəziyyətin necə ağır olduğunu təsəvvür
edin. Əsl cəhənnəm idi...
Bu azmış kimi biz üzərimizdəki güllələr,
qumbaralar və silahlarla dağ yuxarı qalxmalıydıq. Adi vaxtlarda bir
neçə dəfə yolboyu dayanıb asta-asta
çıxılan dağı indi birnəfəsə,
özü də qaça-qaça qalxmalıydıq. Biz dağın başındakı erməni postuna
yaxınlaşdıqca onlar atəşi daha da sürətləndirir,
erməni artilleriyasının atdığı mərmilər
sağ-solumuzda partlayırdı. Bəzən mərminin
düşəcəyini hiss etsək də, macal tapıb yerə
uzana bilmirdik. Çünki indi vaxtında
atılan hər addımın hədəfə çatmaq
üçün əvəzsiz dəyəri vardı. Rasim Edilovun gənclərdən ibarət
rotasının uşaqları cərgə ilə
düzülüb sağımızla üzü dağa, dağın
yanındakı dərəyə tərəf irəliləyirdilər.
Artıq ilk yaralılar var idi...
Erməni
səngərində...
Dağın başındakı erməni postunu heç
cür susdura bilmirdik. Rasim uşaqlardan kiməsə qumbaraatanla
posta yaxınlaşıb oranı vurmağı
tapşırdı. İndi adlarını
unutmuşam, iki nəfər dağın sağ tərəfi
ilə yuxarı sürünüb erməni postuna
yaxınlaşmağa çalışırdı. Onlar posta daha da yaxın olmaq üçün bir qədər
də süründülər. Biri dizi
üstə dayanıb qumbaraatanı çiynində
rahatladı və atəş açdı. Atəşi hədəfə dəymədi. Əvəzində ermənilər onları hədəfə
götürdü. İndi kol-kosla yanaşı yayın
bu istisində dağın yamacındakı otlar da od tutmuşdu... Adam nəfəs
ala bilmirdi.
Uşaqlar imkan tapan kimi ikinci dəfə qumbaraatanla erməni
postunu tərəf atəş açdı. Bu dəfə
hədəfi vurdular.
Artıq gözləmək olmazdı, təcili hücuma
keçib postu tutmaq lazımdı. Bu sətirləri yazarkən
xatırlayıram ki, batalyonumuzun minaatanlar dəstəsinin
uşaqları da çox vaxt olduğu kimi o gün də
bizimlə çiyin-çiyinəydilər... Faxını,
Şamili, Əlini, Amili xatırlayıram...
İrəli atılıb dağ yuxarı irəli
qaçmağa başladıq. Daha həmin postdan bizi
atəşə tutmurdular. Dağ yuxarı
elə sürətlə qaçırdıq ki, adi vaxtda yəqin
ki bunu bacarmazdıq.
Arada hiss
elədim ki, nəfəsim çatmır...Öz-özümə
əmr verirdim ki, dayanaq olmaz, yalnız irəli! O zaman
bütün diqqətim öndəki erməni postu-səngəri
idi. Ha qaçırdıq, zəhrimara qalmış posta
çata bilmirdik. Elə bil biz qaçdıqca
postu da kimsə geri çəkirdi.
Nəhayət
çatdıq... Özümü aypara şəkilində
qazılmış səngərin bizə tərəf
qalaqlanmış sarı torpaq topasının üstünə
atdım. Əslində birbaşa səngərin
içinə atılmaq istəyirdim, amma gücüm buna
yetdi... Qumbaraatan öz işini görmüşdü, erməni
səngərində bir neçə meyit var idi...
Amma mən
bayaqdan can atdığım erməni səngərini ancaq
halsız şəkildə seyr edirdim. Çünki
dayanmadan dağ yuxarı qaçmağım nəfəsimi kəsmişdi,
üzüqoylu necə düşmüşdümsə, eləcə
də qalmışdım. Heysiz, halsız
ağzıüstə uzandığım yerdə sinəm elə
qalxıb enirdi ki, sanki ürəyim yerindən
çıxacaqdı. Hiss elədim ki, nəfəs
aldıqca torpaq ağzıma dolur... Amma başımı
qaldırmağa da taqətim qalmamışdı,
boğazımı torpaq tutmasın deyə, üzümü
yana-sola çevirdim. Ürəyimin
döyüntüsü qulaqlarıma havası
boşalmış nağara səsi kimi gəlirdi.
Erməni
əsgəri ilə göz-gözə...
Üzümü sola çevirəndə bir saqqalı
erməni ilə göz-gözə gəldim. Onunla
üz-üzə uzanmış vəziyyətdə biz-birimizə
baxırdıq. İri, yumru saqqalı sifəti
toza-torpağa bulaşsa da, üzündə qan yox idi. Nədənsə
hələ müharibədən çox illər qabaq-uşaq
vaxtı kəndimizdə Qarqar çayında çimib sonra
uşaqlıq dostum Sadayla baş-başa, üz-üzə
uzanmağım yadıma düşdü...
Erməni
hələ ölməmişdi... Əli
silahında eləcə baxırdı. Mənim
avtomatım isə yanımda idi. Əgər
sağ olsaydı, mən onu vurana qədər o məni o
dünyalıq edə bilərdi. Qəfil
gözünün qapaqlarının
bağlandığını gördüm, sonra göz
qapaqları yenə açıldı... Artıq
uşaqların bir neçəsi də erməni səngərində
idi. Onsuz da can üstə olan o ermənini
öldürmədim, açığı heç onu vurmaq
halında deyildim. Amma uşaqlardan kimsə onun canının əzablı
ağrılardan qurtardı...
R.Edilov və
əsgərləri sol tərəfdə meşənin içərisində
daha bir erməni postunu aldılar...
Özümüzə gəlib erməni səngərində
yaxşı mövqe tutduq. Artıq Canyataq tərəfdən
ermənilər əks hücuma başlamışdılar.
Onların sıraya düzülüb bizə tərəf
necə gəldiklərini ovuc içi kimi aydın
görürdük. Bir neçə güllə
atdıq, amma onlar hələ dəqiq nişan
almaq üçün güllə məsafəsindən
aralı idilər. Ona görə də elə
saymazyana gəlirdilər ki, elə bil harasa gəzməyə
gedirlər. Bu onların sırasından
bir neçəsini yerə sərənə kimi davam elədi.
Onlar gizlənə-gizlənə kəndin
dağa tərəf olan ağaclıq hissəsinə (bizim sol
tərəfimiz idi) və dağın çılpaq olan səmtinə
(bizim sağ cinahımız) tərəf irəliləməyə
başladılar. Dağın
başındakı erməni səngərində bir neçə
əsgər qoyub irəliyə doğru hərəkət
etdik.
İsti nəfəsimizi kəsdiyindən sərinləmək
üçün bir üsul tapmışdıq. Xəsarət
alarkən ilkin tibbi yardım məqsədi ilə bizə
verilmiş (Futbolçular meydanda ağır zədə alanda
həkimlər zədələnən əzanı keyitmək
üçün ağrıyan yerə
fışqırtdıqları maddə. R.K.)
25-30 qramlıq ampuldakı keyidici dərman
dadımıza çatırdı. Bu
ampulların əyri lüləyini qıran kimi oradan təzyiqlə
buz kimi hava-maye çıxırdı. Biz
həmin mayeni pambığın üstünə töküb
üzümüzü, sinəmizi,
boynumuzu-boğazımızı sürtürdük. Bununla da bizi qarsan istiyə qarşı müvəqqəti
müdafiə olunurduq.
Bu dəfə üzüaşağı gedirdik deyə,
işimiz bir qədər rahat idi...Bizim sürətlə
üzü aşağı yendiyimizi görən ermənilər
əvvəlcə dayandılar. Onlar bizim kəndə
daxil olmaq istəyimizin qarşısını almağa
çalışırdılar. Təxminən
25-30 nəfərlik bir dəstə açıq kolluq və
qaratikanlıq olan yerdə ilişib qaldıq. Erməni də bunu görüb bizi atəşə
tutmağa başladı. Biz nə irəli
gedə bilirdik, nə geri çünki sıx qaratikan
kolları paltarımıza ilişərək bizi elə tutub
saxlayırdı ki, tərpənə bilmirdik. Geri qayıtsaq daha açıq bir mövqeyə
keçmiş olardıq bu isə ermənilərin bizi daha
asan vura bilməsi demək idi.
Belə bir qeyri-müəyyən və təhlükəli bir vaxtda yanğın bizim əraziyə də keçdi. Qaratikan və adi kol-koslar od tutub yanırdı, tüstü aləmi bürüdü...Biz bunu tanrının bizə verdiyi fürsət kimi dəyərləndirib irəli atıldıq. Bu dəfə qaratikan kollarının üstündən tullanaraq sürətlə kəndə tərəf irəliləməyə başladıq. Balaca bir çaya çatıb, (Sonralar bildim ki, bu Cirgiz çayı imiş) keçərək Gülyatağın ilk evinə çatdıq... Amma uzun bir binada (çox güman ki, sovxozun idarə binası idi.) mövqe tutan ermənilər bizi kəndə girməyə qoymadılar. Burada xeyli üzbəüz vuruşsaq da ermənilərin mövqelərini ələ keçirdə bilmirdik. Axırda uşaqlar qumbaraatanla iki dəfə atəş açmaqla o binadan atəş gələn yerləri vurduq. Ermənilərin öləni öldü, sağ qalanlar da yaralılarını götürüb geri çəkildilər.
Artıq Ermənilər Canyatağa tərəf çəkilmişdilər. Gülyatağı ermənilərdən təmizlədik. Açığı, indi həmin döyüşdə bizim və ermənilərin nə qədər itki verdiyini xatırlamıram, xatırladığım odur ki, bir neçə nəfər erməni əsir düşmüşdü.
Erməni qarını arabada apardılar
Onların arasında güclə yeriyən bir qoca erməni qarı da var idi. Onu evlərin birində çarpayının altından tapmışdılar... Tutulan andan ağlamağını kəsməyən bu qarını geri aparmaq çətin olacaqdı. Buna görə də uşaqlar onu kənddən tapdıqları əldə düzəlmiş təkərli bir balaca arabaya (çox güman ki, ermənilər onu heyvanlar olan pəyəyə yem daşımaq üçün düzəltmişdilər) qoyub apardılar. Uşaqlar arabanı sürətli sürüb aparırdılar. Arabanın hər iki tərəfindən bərk-bərk yapışan qarının sifətində qoxu, vahimə var idi, arada onun sifətinə bir uşaq təbəssümü çöküb tez də yox oldu. Çarəsiz qarı bilmirdi ağlasın, yoxsa gülsün... Onu arabayla çaydan keçirdib apardılar...
Yenə də fotolar...
Uşaqlardan bir dəstəsi Gülyataqda bəzi evləri yandırmağa başladılar. Kəndin içərisində yolların kənarı evlərdən çıxarılmış əşyalarla dolu idi. Ermənilərin illər əvvəl Sərsəng su anbarında, Şuşada, Kəlbəcərdə, Laçında, Turşsuda, İstisuda və Qarabağın digər yerlərində, hələ dünyanın düz vaxtında, xoşbəxt anlarını xatırladan yüzlərlə fotolar diqqətimi çəkdi. Əyilib onlardan bir neçəsini götürüb cibimə qoydum. Bununla bağlı bir müddət əvvəl Lent.az yayılan "Müharibə fotoları" adlı (http://news.lent.az/news/109509) yazıda fikirlərimi qələmə almışam.
Sovxoz binasının qarşısında gümüşü rəngli bir büst var idi, uşaqlar büstü vurub yerə saldılar...
Sonra Canyatağa tərəf qayıtdıq. Ermənilər Canyataqda əvvəlcə əməlli-başlı müqavimət göstərsələr də, sonra geri çəkilməyə məcbur oldular. Biz hər iki kənddə postlar qoyub gözlədik.
Bu döyüşdə bir daha Şəfa və Rasim Edilov qardaşlarının, Alış müəllimin və adlarını çəkə bilmədiyim digər uşaqların qəhrəmanlıqlarının şahidi oldum.
Qarşıda bizi mövqe döyüşləri, həyatımı dəyişən kəşfiyyat əməliyyatı gözləyirdi...
reykerim@gmail.com
Ardı var
Ədalət.-2013.-7 may.-s.7.