Diqqətin alternativi məsuliyyətdir,
inkişafdır, uğurdur
Azərbaycan Prezidenti İlham Əliyev
indiyə qədər Hacıqabul rayonuna 6
dəfə səfər etmişdir
(əvvəli ötən
sayımızda)
Su həyatdır, kanalizasiya
təmizlik
Yayı quraq və çox isti keçən Hacıqabul rayonunda suyun nə demək olduğunu izah etmək artıqdır. İndi daha bu problem həll edilməkdədir. Hacıqabul şəhəri ekoloji baxımdan təmiz olan içməli su ilə təmin olunmaq ərəfəsindədir. Ötən il Hacıqabulda təməli qoyulmuş Şirvan-Muğan su kəmərindən Hacıqabul şəhərinə içməli suyun ötürülməsinə rəmzi mənada start verilmişdir. Qeyd edək ki, Hacıqabul şəhərinin 1 günlük su tələbatı 248 min litrdir.
Şirvan-Muğan su kəmərinin uzunluğu isə 170 kilometrdir. Bu su kəmərindən 470 min nəfər yararlana biləcək. Nəzərdə tutulmuşdur ki, bu su kəməri 121 kəndi içməli su ilə təmin etsin.
"Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi" əsasında öz axarı olan 2,4 kilometr uzunluğunda magistral kəmər çəkilmişdir. Yüksəklikdə olacaq tutumu 5000 min kub metr anbarın inşası isə sürətlə aparılır. Hacıqabul şəhərində uzunluğu 115 kilometr olan müxtəlif ölçülü su, 105 kilometr kanalizasiya xətti yaradılmışdır. Hal-hazıra kimi 30 kilometr su və 20 kilometr kanalizasiya xətti çəkilmişdir. Layihənin 2014-cü ildə başa çatmasından sonra bütün şəhər əhalisi fasiləsiz və keyfiyyətli su ilə təmin olunacaqlar.
Qərara alınmışdır ki, layihəyə uyğun olaraq Hacıqabul şəhərinin şərq hissəsində, çökək ərazidə kanalizasiya - nasos stansiyası quraşdırılsın. Çirkab suları Şirvan-Kürdəmir avtomobil yolunun kənarında inşa ediləcək sutəmizləyici qurğuya ötürülsün. Burda çirkab su təmizləndikdən sonra bu ərazidən keçən Baş Şirvan Kollektoruna axıdılsın.
Bura aparılan tikinti işlərinin sürəti göstərir ki, çox yaxın vaxtlarda - 2014-cü ildən gec olmayaraq Hacıqabul şəhərində içməli su problemi aradan qaldırılacaq. Təmizliyə, sağlamlığa xidmət edən kanalizasiya xətti də vaxtında hazır olacaq.
Yollar qovuşdurar
neçə arzunu
Hacıqabul rayonu ərazisində müqəddəs ziyarətgahlar, tarixi abidələr, qədim tikililər çoxdur. Onların hər biri maddi və mənəvi dəyərlər kimi çox yaxşı qorunur.
"Pir-Hüseyn" Xanəgahı Tarix-Memarlıq Qoruğu da onlardan biridir. Bura yeni çəkilmiş ümumi uzunluğu 18 kilometr, eni 6 metr olan bu yolda bütün yol nişanları qoyulmuş, dayanacaqlar inşa edilmişdir. Əsas magistraldan Rəncbər kəndinədək olan hissə 6,5 kilometr, Rəncbər kəndindən Qubalı Baloğlan kəndinə 5,5 kilometr, burdan isə "Pir-Hüseyn" Xanəgahı Tarix-Memarlıq Qoruğuna qədər olan məsafə 6 kilometrdir. Bu rahat yoldan 6500 yerli sakin istifadə edəcək. Yolun inşaat işlərini "Azəryolservis" ASC həyata keçirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 05 dekabr 2012-ci il tarixli sərəncamı ilə Hacıqabul-Paşalı-Tağlı avtomobil yolunun təmir işlərinə ayrılmış 5 milyon manat vəsait hesabına yolda xeyli işlər görülmüşdür. Ümumi uzunluğu 37 kilometr olacaq bu yolda təmir işlərinə 2012-ci ilin avqust ayında başlanmışdır. Bu avtomobil yolunun 10 kilometr hissəsi artıq istifadə üçün hazırdır. Yolu sel sularından qorumaq üçün burda müxtəlif ölçülü 28 su ötürücü quraşdırılmışdır. İstifadəyə verilməsi bu ilin avqustunda nəzərdə tutulan bu yol 7 yaşayış məntəqəsini birləşdirəcək və 6 mindən çox sakinə xidmət edəcək.
Azərbaycan Prezidentinin ölkə yollarının təmirinə, tikintisinə ayırdığı diqqətin nümunələrindən biri olan Hacıqabul rayonundakı bu layihələr heç şübhəsiz insanların sosial şəraitlərinin yaxşılaşdırılmasına hesablanmışdır. Yaşayış məntəqələrini birləşdirən yolların abad və rahat olması başlıca şərtdir. Çünki bərbad yollardan kimlərinsə istifadə etməsi absurtddur.
Azərbaycan Prezidenti İlham Əliyev
Hacıqabul və hacıqabullular haqqında
"Hacıqabulda gözəl abadlıq-quruculuq işləri aparılır, parklar salınır, yeni sənaye müəssisəsələri yaradılır, küçələr abadlaşır. Bir sözlə, rayonun inkişafı əminəm ki, bundan sonra yalnız və yalnız sürətlə davam edəcəkdir. Beləliklə, ölkə iqtisadiyyatına hacıqabullular öz dəyərli töhfələrini bundan sonra da verəcəklər". Bu sözlərin müəllifi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Bəlkə Hacıqabul rayonu yeganə məkandır ki, Prezident bu rayona 6 dəfə səfər etmişdir. Heç şübhəsiz ki, diqqətin alternativi məsuliyyətdir, inkişafdır, uğurdur. O sonuncu dəfə - 15 aprel 2013-cü ildə Hacıqabul rayonunda olarkən bir sıra obyektlərin rəmzi və real açılışlarına xeyir-dua vermişdir. O sonuncu səfərini Hacıqabul rayonundakı yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanışlıqla başlamışdır. Sonra Prezident Rəncbər-Qubalı Baloğlan-"Pir Hüseyn" Xanəgahı avtomobil yolunun istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Ölkə Prezidenti Şirvan-Muğan su kəmərindən Hacıqabul şəhərinə içməli suyun verilməsi tədbirində də çıxış etmiş, ürək sözlərini söyləmişdir. Daxili Qoşunların "N" saylı hərbi hissəsində yenidənqurma işlərinin gedişi ilə tanış olan prezident Hacıqabul Seramik plitələr istehsalı zavodunda da eyni sevinc və fərəhlə nitq söyləmişdir.
Aylar, illər hələ qabaqdadır. Yəqin ki, ölkə prezidentinin Hacıqabula səfərləri çox olacaq. Bu səfərlərin hər biri isə uğurların tarixidir.
Səxavət Məmmədli
ədalət.-2013.-12 iyun.-S.7.